İyulun 22-də “Yeniləşən Akademiyada rəqəmsal inkişaf və süni intellekt strategiyası: problemlər, həllər və vəzifələr” mövzusunda AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib.
Xeberler.az bildirir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi katibləri, elmi müəssisə və təşkilatların direktorları, müavinləri, elektron xidmətlər şöbələrinin məsul əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu gün süni intellekt, rəqəmsal texnologiyalar cəmiyyətimizin ən müxtəlif sahələrinə sirayət edib və onların tətbiqi günü-gündən genişlənməkdə davam edir. Prezident İlham Əliyevin süni intellekt və rəqəmsal inkişaf məsələlərinə xüsusi önəm verdiyini deyən akademik İsa Həbibbəyli dövlət başçısı tərəfindən bu istiqamətdə ardıcıl olaraq “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərman və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladığını diqqətə çatdırıb. Həmçinin ölkə başçısının “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanının dövlətimizin elektronlaşma işinə verdiyi önəmin məntiqi davamı olduğunu söyləyib.
Bundan əlavə qeyd edib ki, iyulun 19-da Xankəndidə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən III Şuşa Qlobal Media Forumunun “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr edilməsi, dövlət başçısının bu istiqamətdə suallara cavab verməsi və bir sıra vəzifələr qoyması gələcək tədqiqatlarımıza yön verəcəkdir.
Prezident İlham Əliyevin çağırışları və tapşırıqlarını, eləcə də dünyada bu sahədə gedən tendensiyaları nəzərə alaraq, Milli Elmlər Akademiyasında da süni intellekt və rəqəmsal inkişafla bağlı mühüm işlərin görüldüyünü deyən akademik İsa Həbibbəyli AMEA-da bu işləri həyata keçirmək üçün “Elektron Akademiya” şöbəsinin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, ötən müddət ərzində AMEA-nın Ümumi yığıncaqlarında, Rəyasət Heyətinin iclaslarında, bir sıra müşavirələrdə akademik İsa Həbibbəyli, akademik Rasim Əliquliyev, akademik Əli Abbasov, AMEA-nın müxbir üzvü Kamil Aydazadə tərəfindən süni intellektlə bağlı məruzələr geniş ictimaiyyətə təqdim olunub, aparılan tədqiqatlar və gələcək gözləntilərlə bağlı məlumat verilib.
AMEA rəhbəri qeyd edib ki, süni intellektin humanitar və ictimai elmlərə tətbiqi başlıca hədəflərdəndir və bu gün süni intellekt şeir, hekayə, ssenari yazır, tədqiqatlar aparır, müxtəlif çətin əməliyyatları icra edir və onun yeniləşən Akademiyada da tətbiqi və inkişaf etdirilməsi olduqca vacibdir. Akademik İsa Həbibbəyli bu il “Elm günü” ilə bağlı AMEA-nın tədbirində akademik Əli Abbasovun İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları tərəfindən süni intellekt vasitəsilə hazırlanmış, Xalq yazıçısı Anarın səsləndirdiyi videonu təqdim etməsinin böyük maraqla qarşılandığını söyləyib.
AMEA-nın elmi müəssisə və təşkilatlarında elektron xidmətlərlə bağlı şöbələrin fəaliyyət göstərdiyini, artıq bu prosesin ikinci mərhələsi olaraq süni intellektlə bağlı şöbələrin yaradıldığını bildirən akademik İsa Həbibbəyli Dilçilik İnstitutunda Süni intellekt və kompüter dilçiliyi, Fəlsəfə İnstitutunda Süni intellekt və rəqəmsal inkişaf, Şərqşünaslıq İnstitutunda Rəqəmsal şərqşünaslıq, Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz kimi şöbələrin fəaliyyət göstərdiyini, digər müəssisələrdə də bu prosesin davam etdiyini vurğulayıb.
Akademiyada elektronlaşma işinin sürətlə davam etdiyini deyən akademik İsa Həbibbəyli “Elektron Akademiya” şöbəsi tərəfindən AMEA-da işıq üzü görən jurnallardan artıq 21-nin elektron bazasının yaradıldığını, məqalələrə DOİ identifikatorunun verildiyini, Akademiyanın 3 jurnalının TÜBİTAK-ın DərgiPark bazasına daxil edildiyini, həmçinin milli DərgiPark şəbəkəsinin yaradıldığını söyləyib.
Bu günlərdə AMEA-da aparılan elektronlaşma işinin məntiqi davamı kimi AMEA-nın Mərkəzi Elmi Kitabxanasında yenilənmiş elektron kitabxananın təqdimatının keçirildiyini bildirən AMEA rəhbəri qeyd edib ki, elektron kataloqa 127 000 yeni resurs əlavə olunub və bununla da elektron kataloqda resursların sayı 827 000-ə çatıb, istifadəçilərin rahatlığı üçün uzaqdan əlçatımlılıq təmin olunub. Bundan əlavə, inklüziv xidmət resursları hazırlanıb, “Danışan kitablar” və s. ilk dəfə Akademiyada oxuculara təqdim edilir. Eyni zamanda kitabxananın girişində quraşdırılmış avtomatlaşdırılmış sistem vasitəsilə oxucuların kataloqlara əlçatımlığı və sürətli kitab sifarişi kimi məsələlər təkmilləşdirilib.
Süni intellekt və rəqəmsal inkişaf istiqamətində AMEA-da gedən prosesin sürətlə davam etdiyini deyən akademik İsa Həbibbəyli elmi müəssisələrin bu prosesə daha aktiv qoşulmasının ümumi işin inkişafına təkan verəcəyini bildirib.
Sonra AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov “Elektron Akademiya” şöbəsinin fəaliyyətinin mövcud durumu və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Bildirib ki, “Crossref Publishers İnternational Linking Assosation, İnc.” tərəfindən AMEA (ANAS) adı altında DOİ prefiksi təsis edilib və AMEA nəşrlərinə (jurnallar, konfrans materialları və s.) rəqəmsal obyekt identifikatoru (DOI) ödənişsiz təmin olunur.
Hazırki dövrdə ümumilikdə 29 elmi jurnal DOİ identifikatoru ilə təmin edilir. 2025-ci ilin ilk 6 ayı ərzində 16 elmi jurnalın 17 nömrəsində dərc olunmuş 315 məqaləyə DOİ identifikatoru təmin edilib.
AMEA dövri elmi jurnallarının nüfuzlu beynəlxalq elmmetrik bazalara daxil olunmasını dəstəkləmək məqsədi ilə WoS tələblərinin öyrənilməsinə önəm verilib. Şöbənin əməkdaşı Aida Tağıyeva tərəfindən nümunəvi sayt platforması və AMEA elmi jurnallarının Açıq Jurnal Sistemi - AMEA Dərgi Parkı yaradılıb. Bu günədək AMEA-nın 21 elmi jurnalının nümunəvi saytı yaradılıb, domen və hostinqlə təmin edilərək AMEA Dərgi Parkına daxil edilib. 4 jurnal müraciət edib, onlara müvafiq formalar təqdim olunub. Hazırda AMEA Dərgi Parkında 21 jurnalın 154 (99) nömrəsinin 2386 (1705) məqaləsi yerləşdirilib.
2024-cü ildə AMEA Dərgi Parkına daxil olan 3 jurnal - “Azərbaycan Riyaziyyat Jurnalı”, “Müqaisəli ədəbiyyatşünaslıq” və “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” jurnalları Türkiyənin TÜBİTAK ULAKBİM DergiParkına daxil edilib, Türkiyədə yayımlanır və xülasələndirilir.
AMEA əməkdaşlarının AMEA Dərgi Parkı-na daxil olan jurnallarda nəşr olunmuş məqalələrinin AMEA İnsan Resursları və Elmmetrik Məlumatlar Bazasındakı (AMEA İREMB) müvafiq profillərinə inteqrasiya edilməsi izlənilir. Həmçinin AMEA Dərgi Parkı-na daxil olan jurnalların AMEA Rəqəmsal Elmi İnformasiya Sisteminə (AMEA REİRS) inteqrasiya olunması nəzərdə tutulur.
Məruzəçi bildirib ki, AMEA-da elmi tədqiqat prosesinin rəqəmsal informasiya mühitinə inteqrasiyasının genişləndirilməsi məqsədilə AMEA Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi (REİRS) işlənilir. AMEA MEK balansında olan server təmir edilərək işlək vəziyyətə gətirilib, sistem bu server üzərinə quraşdırılıb və sınaq rejimində istismar olunur. Sistem, həmçinin TÜBİTAK ULAKBİM APERTA və TÜBİTAK ULAKBİM HARMAN sistemlərinin funksionallığına analoji inkişaf etdirilir. Fondların təsnifatlandırmasında Şpringer kimi nəhəng bazaların təsnifatlandırma sistemləri ilə
uyğunlşma nəzərə alınır.
Vikipediya Ensiklopediyasında fəaliyyət barədə məlumat verən F.İmranov 2025-ci ilin ilk 6 ayı ərzində AMEA əməkdaşları tərəfindən ümumilikdə 1601 yeni məqalənin yaradıldığını bildirib. Hazırda “Vikipediya”da Azərbaycan dilində 206.130 məqalə var,
redaktələrin sayı isə 8.234.405-dir. Azərbaycandilli vikipediya ümumilikdə 55-ci yerdədir. Vikipediyada məqalələrin sayından fərqli olaraq, dərinliyi (xüsusi keyfiyyət göstəricisi) daha önəmlidir. Bu səbəbdən Azərbaycanca Vikipediya özündən qabaq
sıralarda olan 27 fərqli dildəki vikipediyalardan dərinliyinə görə üstündür.
F.İmranov vurğulayıb ki, AMEA Microsoft şirkəti tərəfindən akademik qurumların fəaliyyətinin dəstəklənməsi layihələrinə qoşulmaq imkanı əldə etmiş və dərhal şirkətin təqdim etdiyi akademik bonuslardan istifadə edilməyə başlanmışdır. Anas.az domeni üzərindən AMEA əməkdaşlarına 2000 korporativ e-mail ünvanlarının təmin edilməsi, korporativ e-mail ünvanlarının üzərindən lisenziyalı Microsoft Ofis və digər proqram təminatının onlayn istifadəsi, lisenziyalı TEAMS və digər komunikasiya vasitələrinin istifadəsi və s. həyata keçirilmişdir.
Şöbə müdiri süni intellekt və robot texnologiyalarının inkişaf etdirilməsi, Azərbaycan dilində Sözlərin Universal Funksionallıqla İşlənilməsi (AMEA SUFİ) və s. istiqamətlərdə görülmüş işləri də diqqətə çatdırıb.
“AMEA İnsan Resursları və Elmmetrik Məlumatlar Bazasının (İREMB) yenilikləri və inkişaf istiqamətləri” mövzusunda çıxış edən “Elektron Akademiya” şöbəsinin müdir müavini texnika üzrə fəlsəfə doktoru Həsən Nağıyev bildirib ki, İREMB bu il server üzərinə quraşdırılıb və istifadəyə verilib. Bazada ümumilikdə AMEA, ayrı-ayrı müəsssisələrin və ayrı-ayrı əməkdaşların elmmetrik göstəriciləri WoS, Scopus, Google Scholar, TÜBİTAK DERGİPARK, ORCHİD və s. qeydə alınır, təhlil olunur, ranqlaşdırılır, strukturlaşdırılır və vizual nümayiş etdirilir.
O, qeyd edib ki, AMEA İREMB-in fəaliyyəti TÜBİTAK ULAKBİM əməkdaşları tərəfindən təhlil edilib, mahiyyətinin özünəməxsusluğu yüksək dəyərləndirilib və birgə əməkdaşlıq layihəsi çərçivəsində daha da genişləndirilməsi tövsiyyə olunub. AMEA İREMB yaradılan AMEA Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi – AMEA REİRS-lə inteqrasiya olunur. Hazırki dövr ərzində AMEA-nın 1498 əməkdaşının 1062
Google Scholar profilinin 890-ı aktivdir. Bu profillərdə 371 əsər və 577 istinad Google Scholar tərəfindən qeydə alınıb. Ümumilikdə Google Scholar-da AMEA əməkdaşlarının 26630 (25597) əsəri qeydə alınıb, əsərlərə 39997 (37457) istinad olunub. Əməkdaşların əsərlərinin sayına, əsərlərinə edilmiş istinadların sayına, h-indeksinə görə ranqlaşdırılması icra olunur.
“Beynəlxalq reytinqlərdə yüksək nəticə əldə etmək strategiyaları” mövzusunda çıxış edən “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Aygün Əliyeva bildirib ki, əsas beynəlxalq reytinq sistemləri olan Scopus - bütün sahələr üzrə nəzərdən keçirilən jurnalları, kitabları və konfrans materiallarını əhatə edir, Web of Science (WOS) - ən qədim və ən prestijli akademik sitat məlumat bazalarından biridir, Google Scholar -
müxtəlif mənbələrdən olan elmi məqalələri, tezisləri, kitabları və konfrans sənədlərini indeksləşdirən sərbəst əldə edilə bilən veb axtarış motorudur, Zentralblath - Yalnız riyaziyyatla bağlı nəşrlər daxildir. O qeyd edib ki, Scopus, Web of Science, Google Scholar və Zentralblatt kimi təşkilatlar tərəfindən indeksləşdirilmək və onların daxilində yaxşı istinadlar AMEA-nın akademik nüfuzunu və təsirini əhəmiyyətli dərəcədə artıra bilir. AMEA üçün Qlobal Reytinqin Yaxşılaşdırılması Strategiyasını təqdim edən məruzəçi beynəlxalq görünürlüyün gücləndirilməsi, tədqiqat mükəmməlliyinin artırılması, rəqəmsal mövcudluğun və bilik transferinin yaxşılaşdırılması kimi və s. bir sıra təkliflərini səsləndirib.
“Jurnallar, hesabatlar və data dəstləri açıq girişlə daha geniş istinad imkanları yaradır. Tədqiqatçıların elmi profilləri (Google Scholar, ORCID) aktiv şəkildə qurulmalıdır.
Akademik şəbəkələrdə aktiv olmaq bizə daha geniş çevrə qazandırır. Məqalələrimizi nüfuzlu jurnallarda dərc etdirmək önəmlidir. Akademik qurumların qlobal reytinqdə yüksək yer tutması üçün strateji planlama olduqca vacibdir. Bu uzunmüddətli yanaşma reytinqləri yaxşılaşdırmaqla yanaşı, həm də AMEA-nın qlobal elmə və innovasiyaya verdiyi töhfəni gücləndirəcək”, - deyə məruzəçi söyləyib.
Daha sonra məruzələr ətrafında çıxışlar dinlənilib. Akademik Rasim Əliquliyev, akademik Arif Həşimov, akademik Adil Qəribov, akademik Əli Abbasov, AMEA-nın müxbir üzvü Kamil Aydazadə, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli çıxış edərək dünyada və ölkəmizdə, eləcə də Akademiyada rəqəmsal inkişaf və süni intellekt istiqamətində aparılan tədqiqatlarla bağlı fikirlərini bölüşüb, görülən işləri yüksək qiymətləndirib, fikir və təkliflərini səsləndiriblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları