“Texnologiyalarsız həyat mənim üçün Robinzon Kruzonun insan olmayan adada yaşamasına bənzəyər".
İnformasiya texnologiyaları tanınmışların həyatında” adlı layihəmizin növbəti qonağı millət vəkili, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Cavanşir Feyziyevdir.
-İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?
-İnternetdən ilk dəfə 1995-cı ildə istifadə etmişəm. O zaman Azərbaycanda İnternet haqda anlayış məhdud idi. Həmin illərdə Amerika şirkətinin Qafqaz üzrə nümayəndəliyində çalışırdım. Ofisimizdə cəmi 1 kompüter quraşdırılmışdı və Avropada yerləşən baş ofisimizlə əlaqə həmin kompüter vasitəsilə təmin olunurdu. Məhz Elektron məktubla da ilk dəfə həmin şirkətdə tanış oldum. Şirkətin Avropadakı baş ofisindən nümayəndəliyimizə elektron məktubları daxil olurdu. Kompüter texnologiyaları ilə ilk təmasım məhz həmin dövrlərdən başladı. Şirkətdəki fəaliyyətim zamanı mail ünvanından və kompüterdən gündəlik aktiv istifadəçiyə çevriləndən sonra bu, mənə daha da maraqlı gəldi.
-Elektron məktublaşmadan, mesaj xidmətindən tez-tezmi istifadə edirsiniz? Mailinizi gündə neçə dəfə yoxlayırsınız?
-Müntəzəm olaraq elektron ünvanımı yoxlayıram. Mailim telefonuma bağlıdır. Ümumiyyətlə, kompüterdə olan bəzi elektron xidmətlər mobil telefonumda cəmləşib. Bu, mənim üçün daha rahatdır. Çünki tez-tez səfərlərdə oluram. Dünyanın hansı ölkəsində olmağıma baxmayaraq mailimə daxil ola bilirəm. Mesaj gələndə dərhal poçtama baxıram. Çalışıram, həmin vaxt cavab verim ki, sonra yadımdan çıxmasın. Vacib məsələ ilə bağlı, həmçinin qısa cavab vermək gərəkən maillərə dərhal cavab verirəm. Əgər hər hansı məktuba daha ətraflı cavab vermək gərəkərsə, oturaq şəraitə keçdikdə cavablayıram. Öz domenimə aid şəxsi mail ünvanımdan istifadə edirəm. Ümumiyyətlə, bu sistemlər insan həyatını çox asanlaşdırır. Yadıma gəlir, Sovet dövründə orta məktəbdə oxuyanda Sovet ərazisində şagirdlərin bir-birinə dostluq məktubları göndərməsi dəbdə idi. Məsələn, rayon təhsil şöbəsindən bizim məktəbə, demək olar ki, hər sinfə çoxlu ünvanlar gəlirdi ki, Sovet dövlətinin müxtəlif ərazilərindəki məktəblərin şagirdlərinə məktub yazaq. Sinfimiz adından məktub yazıb göndərirdik. Onlardan cavabı isə ancaq 2 aydan sonra ala bilirdik. İldə cəmi 2 dəfə məktəbimiz belə məktublar ala bilirdi. Həmin vaxtlarla müqayisə edəndə son 30-40 il ərzində dünya o qədər dəyişib ki, bəşəriyyət əvvəlki illərindən ən keyfiyyətli dövrünə keçid edib. Bu inkişaf məhz İT ilə bağlıdır.
-Spamlar alırsınızmı? Onlar sizin işinizə mane yaradırmı?
-Bəli, spamlar alıram. Amma spamlara qarşı kəskin qəzəbim yoxdur. Bunu texniki problem kimi qəbul edirəm. İT o qədər sürətlə inkişaf edir ki, hər zaman vacib dəyişikliklər olduğu zaman müəyyən fəsadlar yarada bilir. Başa düşürəm bu mərhələni. İnformasiya texnologiyaları daimi yenilənən sahədir. İT sahəsində 10 minlərlə insan, mütəxəssislər çalışır. Həmin mütəxəssislər çalışırlar ki, öz məhsulunu tez bazara çıxarsınlar. Bu səbəbdən bəzən yan effektlər, spam kimi fəsadlar meydana gəlir. Bunun üçün narahat olmağa dəyməz. Bilirsən ki, bu, spamdır və həmin dəqiqə onu ləğv edirsən.
-İşdən evə gedəndə, evdə də mobil telefondan , planşetdən və ya kompüterdən istifadə edirsinizmi?
-Əlbəttə ki , evimizdə də onlarsız keçinmək mümkün olmur. Onlar hər an mənimlədir. Başqa cür mümkün deyil. Çünki orta statistik insanın həyatı texnologiyalarsız mümkün deyil. Elə adamlar da var ki, onlar kompüterə yaxınlaşmaqdan qorxurlar və hesab edirlər ki, bu texnologiyalardan istifadə çox çətindir. Xüsusən belə hallar orta yaşdan yuxarı nəsildə daha çox müşahidə olunur. Lakin indi uşaqlar anadan olanda sanki İT qavramı ilə doğulurlar. Sanki İT onların həyatında əvvəlcədən olub. 2 yaşındakı oğlum İnternetdən özünə oyun növləri seçə bilir. Bu, inanılmazdır ki, onları necə tapır? 7 yaşındakı oğlum bəzən elə İT əməliyyatları barədə sual verir ki, mən cavab tapa bilmirəm. O , özü axtarıb tapır və sonra mənə göstərir. Bütün bunlar onu göstərir ki, İT gələcəyin adi həyat tərzdir.
-Bəs kompüterdə, İnternetdə təhlükəsizliyinizi necə qoruyursunuz? Şəxsi hesabınızı başqasına etibar edirsinizmi?
-Hesabıma yalnız köməkçim daxil ola bilir. Amma bu , nadir hallarda olur. Əgər təyyarəyə qalxıramsa və həmin vaxt telefonuma vacib sorğu gəlirsə, o zaman qısaca məktub yazaraq sorğunu köməkçimə yönləndirirəm. Yalnız belə vacib hallarda köməkçimə mailimdən istifadə etməyə icazə verirəm. Çünki təyyarəyə mindikdən sonra mobil telefonumda əlaqə olmaya bilər. Kompüterdə və İnternetdə işləyərkən elementar təhlükəsizlik qaydalarına daim əməl edirəm.
-Hansı sosial mediadan, Facebook, Twitter, İnstagram aktiv istifadə edirsiniz?
-Facebook-da hesabım olsa da, aktiv istifadə etmirəm. Çünki buna vaxtım çatmır. Günüm həddindən artıq məşğul keçir. Milli Məclisdə bir çox layihələrlə məşğul oluruq, həmçinin Mətbuat Şurasının İdarə heyətinin üzvü olduğum üçün orada da layihələrimiz olur. Bu baxımdan Facebook-da kimlərləsə məktublaşmağa və ya paylaşım etməyə vaxtım çatmır. İnsanlarla daha çox mail vasitəsi ilə ünsiyyətdə oluram. Çünki hər kəs fərdi şəkildə ünsiyyət qurmağa çalışır. Yəni mənim ictimailəşdirməyə ehtiyacım olduğu nəyimsə yoxdur, çünki bütün fəaliyyətlərimiz göz qabağındadır. Bəzən adamlar bu xidmətlərdən ictimailəşdirməyə ehtiyac olmayan məsələləri yaymaq üçün istifadə edirlər. Kimsə özünə toy edir, ya səyahətə gedir və bunu Facebook, Twitter kimi sosial şəbəkələr vasitəsi ilə ictimailəşdirməyə çalışırlar. Düşünürəm ki, belə paylaşımların cəmiyyət üçün faydası yoxdur. İctimai əhəmiyyətli məsələlərin sosial şəbəkələrdə paylaşılıb, müzakirə olunmasına müsbət baxıram.
İnsanların şəxsi və bəzən də cılız məsələlərini sosial mediada bu qədər geniş dairədə ictimailəşdirmək istəyi onların psixoloji komplekslərindən irəli gəlir. Bunu edənlər nə yolla olur-olsun, daha çox tanınmaq istəyənlərdir və bunu bəyənmirəm.
-Facebook-da qruplarda varsınızmı?
-Facebook-a az daxil oluram. Statusları oxuyuram, amma rəy bildirib, qarışmıram. Əgər məsələlər ictimai əhəmiyyət kəsb edirsə, onlara daha çox qəzetdə, eyni zamanda televizyada şərh bildirirəm. Bəzən sosial şəbəkələrdə , qruplarda bayağı, bəsit mövzuları adamlar çox qızğın müzakirə edirlər, təəccüb edirəm ki, insanlar bu qədər bekardırlar ki, bəsit mövzu ilə bağlı bir-birləri ilə saatlarca yazışırlar. Görünür ki, insanların bir hissəsi boşluqdan əziyyət çəkirlər. Hesab edirəm ki, onun əvəzinə bir kitab oxumaq daha faydalı olardı. Tanınmış adamın övladının toyu olanda hamı bu barədə danışır, bir-birlərinə şəkil göndərirlər. Axı bu adamların özünə inkişaf baxımınmdan heç nə vermir. Bəzi bəsit düşüncəli şəxslər də fikirləşir ki, mən də belə toy edəcəm. Bu cür çevrədə ünsiyyət etmək mənə xoş deyil. Geniş və üzbəüz auditoriyada müzakirəni daha üstün tuturam.
-Tez-tez şəkil paylaşırsınızmı? Xoşlamadığınız informasiya lövhənizdə qarşınıza çıxarkən reaksiyanız necə olur?
-Bəyənmədiyim mətn çıxanda əsəbləşmirəm və dərhal üstündən keçirəm. Bu , yalnız İT ilə bağlı deyil. Məsələn, Bakının küçələrinə çıxıb gəzsəniz, insanların maraq dairəsini onların davranışını müşahidə etməklə görə bilərsiniz.. Amma İnternetdə onların fikirlərini oxuyanda bir daha özünün vizual apardığın müşahidənin doğru olduğunu görürsən. Mənə maraqlı gələnlər mütailə etməyi xoşlayan, daha çox bilik əldə edən adamlardır ki, onlarla hansısa mövzu ətrafında danışmaq olar. Şəkil paylaşmağı sevmirəm, amma şəkilləri qoruyub saxlamağı sevirəm. Hazırda məndə bütün babalarımın, nənələrimin, valideynlərimin çox uzaq illərdə çəkilmiş onlarla şəkilləri var. Mən onları arxivləşdirib öz övladlarım üçün saxlayıram ki, onlar da öz növbəsində gələcək nəsillərə çatdırsınlar. Bu da məhz İT texnologiyalarının sayəsində mümkündür.
-Dostluq siyahınızda olanlara tez-tezmi əl gəzdirirsiniz?
-Mənə dostluq göndərən insanların böyük əksəriyyətini tanıyıram. Onlar da məni tanıyır. Yeni qoşulmaq istəyənlər də olur. Təkcə Facebook-da yox, mail ünvanıma çoxlu məktublar daxil olur. Adətən ictimai tədbirdən sonra mailimə rəylər gəlir. Elə adamlar yazırlar ki, tanımıram. Bunlar seçicilərim də ola bilir. Bu şəkildə çox məktublar alıram və insanlarla çox təmasda oluram. Bəzən elə hiss edirəm ki, Bakıda yaşayan 3 milyon insandan 1 milyonunu bəlkə də şəxsən tanıyıram.
-Uşaqlarınızın İnternetdən, mobil telefon və ya kompüterdən istifadəsinə nəzarət edirsinizmi? Onlara bununla bağlı məhdudiyyətlər tətbiq edirsinizmi?
-İndi evimizdə 2 yaşından tutmuş mənə qədər fərdi şəkildə hamının müxtəlif kompüter avadanlıqları var. Evimizdə heç kim ümumi bir kompüterdən, planşetdən istifadə etmək istəmir(gülür). İstəyirəm ki, uşaqlar özləri buna qərar versinlər. Amma kiçik yaşlarda uşaqlara istiqamət vermək lazımdır. Hazırda həm tələbə övladlarım, həm də azyaşlı ovladlarım olduğundan tələbələrə artıq qarışmıram, amma kənardan müşahidə edirəm ki, vaxtlarını İnternetdə necə keçirirlər. Zamanında onlara da məhdudiyyətlər qoyurdum. Amma 7 yaşındakı oğlumu bəzən inandırmaq lazım gəlir ki, 2 saatdan çoxdur ki, İnternetdəsən və bu, sənin üçün elə də faydalı deyil. Onu başa salıram ki, vaxtı elə bölmək lazımdır ki, İnternetdən həm faydalı istifadə edəsən, həm də sənə ziyan gətirməsin. Azyaşlı uşaqları, yeniyetmə yaşda olan gəncləri internətdə cəlb edəcək o qədər yeni proqramlar var ki, onlar bəzən hadisələrin axarına düşüb yanlış istiqamatdə gedə bilərlər.
Yeniyetmə uşaqlar Internetdə hər hansı məhdud dünagörüşünü yayan dini ekstremist qurumların və digər qrupların təsiri altına düşə bilir. Ona görə də əminəm ki, kiçik və yeniyetmə yaşında olan gənclərin internetdən necə istifadə etmələrinə nəinki mənim, bu yaşda övladları olan bütün valideynlərin diqqət etmələri çox vacibdir.
-Əgər uşaq artıq küçəyə çıxıb oynamaq istəmirsə, yoldaşları ilə münasibət qurmağa meylli deyilsə, yalnız kompüterə -oyunlara meyl edirsə, bu təhlükəlidirmi?
-Bu artıq uşaqda baş verən psixoloji anomaliyanın siptomlarıdır. Dərhal buna reaksiya vermək lazımdır. Buna isə İnterneti qadağa etməklə müdaxilə etmək doğru deyil. Ümumiyyətlə, onlarla izah edici söhbətlər etmək lazımdır, həm də belə məsələdə həkimlə məsləhət etmək lazımdır. İnsanın depressiyaya qapılması ağır xəstəlikdir. Gənclərin İnternet vasitəsi ilə rast gəlib qoşulduğu hər hansı bir axına qarışaraq depressiya uğraması mümkündür. Bu, ciddi məsələdir. Çox diqqətli olmalı və belə bir hadisə baş verdikdə dərhal müdaxilə etmək lazımdır. Bu heç bir halda qadağaedici, danlayıcı tərzdə olmamalıdır. Çünki belə olan halda , daha pis nəticələr ola bilər.
-Mobil internetdən, rouminq xidmətindən istifadə edirsinizmi? Keyfiyyət və qiymət sizi qane edirmi?
-Bəli istiafdə edirəm və mobil provayderlərin keyfiyyəti yüksək səviyyədədir. Bu xidmətlərdən narazı deyiləm. Xaricdə səfərdə olarkən mobil operatorlarımızın rouminq xidmətindən məmnuniyyətlə istifadə edirəm.
- Whatsapp-dan, Skype-dan istifadə edirsinizmi?
-Whatsapp-dan müntəzəm istifadə edirəm. Bəzi materiallar olur ki, şəkil formasında göndərmək lazım olur. Bəzən çox ötəri məlumatı şəkil formasında dərhal göndərirlər. O zaman həmin adamın maili yoxdursa, ya əlçatan deyilsə, bu vasitə ilə göndərir. Buna görə Whatsapp xidmətini aktivləşdirmişəm. Əslində mailim qane edir və Whatsappa ehtiyac duymuram. Amma elə adamlar var ki, onun əlinin altında mail olmur və bu üsuldan istifadə edir. Övladlarım xaricdə olarkən çox zaman onlarla Skype ilə görüşürük.
-Bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərdinizmi?
-Demək olar ki, həmişə belə olur. Telefon gözümün qabağında olduğundan əgər nahar edirəmsə və ya başqa vacib işim də olsa, telefonuma siqnal gəlirsə baxmalıyam ki, kimdən gəlib. Mesaj nə dərəcədə vacibdirsə , ona uyğun olaraq yeməyimi yarımçıq saxlayıb cavab verə bilərəm, və ya daha sonra cavablayıram. Rəsmi görüşlərdə də istənilən halda səssiz rejimdə telefonumu açıq saxlayıram. Gələn elektron məktubları, zəngləri də görürəm. Çox vacib zəng, mesaj gələrsə, bəzi hallarda görüşü dayandırıb başqa otağa keçib danışmalı da oluram.
-Yazışmalarda, paylaşımlarda etika qaydalarını gözləyirsinizmi? Gözləməyənlərə reaksiyanız necə olur?
-Facebook-da və ya xəbər saytlarında şərhlərə baxıram və hər hansı müzakirənin sonundakı etik prinsiplərdən kənar şərhləri görürəm. Adamların işsizlikdən bu şərhləri yazdıqlarını düşünürəm. Bəzi hallarda çox bəsit və etikadan kənar rəylər olur. Bəzi insanlar etik cəhətdən uyğun olmayan sözlər yazmağa cəhd edirlər.Bu, lazım deyil. İnsanın yazdığı şərhin, cümlənin nə qədər səliqəli tərtib olunmasından həmin adam haqda təsəvvür yaranır. Məsələn, tanımadığım adamın bir məktubunu oxusam, o məktubda yazılan cümlələrə, ifadələrə görə həmin adamın portretini öz gözümdə qura bilirəm. Şərhlərdə etik çərçivədən kənar sözlər görürəm, bəyənmirəm. Adamlar mətbuatda, İnternetdə, həm gündəlik davranışda bəzən etikadan kənar hərəkətlərdən və sözlərdən isifadə edirlər. Bu, arzuolunmazdır və bütövlükdə xalqımızın mədəniyyət dəyərini aşağı salır. Bəzi gənclər bunu müstəqillik əlaməti kimi göstərmək istəyirlər. Əgər böyüklərin yanında qəbahət olan məsələləri danışa bilirlərsə, edilməsi doğru olmayan hərəkəti edirlərsə, bu, bəzən özlərini böyük kimi göstərmək arzularından irəli gəlir. Amma realda elə deyil. Gənclər yaşa dolduqca yanlış etdiklərini görəcəklər. Hamıya belə şeylərdən çəkinmək məsləhətdir.
-Gündəlik iş fəaliyyətinizdə informasiya texnologiyalarından necə istifadə edirsiniz? Texnologiyalar sizin işinizi, fəaliyyətinizi asanlaşdıra bilirmi?
-İnformasiya texnologiyaları faktiki olaraq işimi təmin edir. Çünki hazırda bu vasitələr olmadan fəaliyyət mümkün deyil. Bəzən olur ki, mesaji yazmağa belə vaxt alır. Amma telefona diqtə edirəm və səsim telefonda mətn formasına çevrilərək əks ünvana çatdırılır. Vaxta qənaət edirəm. Texnologiyalarsız həyat mənim üçün Robinzon Kruzonun insan olmayan adada yaşamasına bənzəyər.
-Milli Məclisdə də İT-dən aktiv istifadə edə bilirsinizmi?
-Milli Məclisdə də millət vəkillərinin müzakirə etdikləri və edəcəkləri qanunlar stolüstü kompüterlərdə yerləşdirilib. Həmçinin hər bir adamın öz işi yerində interneti, kompüteri var. Milli Məclisdə də İT-dən aktiv istifadə etmək mümkündür. İmkanım olduqca Milli Məclisdə olanda da müraciətləri cavablandırmağa çalışıram.
-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?
-Nəinki fərdi səviyyədə insan və ya ictimai səviyyədə cəmiyyət, eləcə də qlobal səviyyədə bütün dünya texnologiyalardan aslıdır. Bunu inkar etmək mümkün deyil. Texnologiya elə bir şeydir ki, burada qarşılıqlı asılılıq var. Əgər yüzlərlə elm insanları qərar versələr ki, biz öz fəaliyyətimizi davam etirməyək. Bu zaman texnologiya heç yerə öz-özünə gedə bilməz. Məhz insanlar və insan zəkası texnologiyaları irəli aparır. İKT-ni irəli aparan insanların sayı azdır. Bundan istifadə edənlərin sayı isə dəfələrlə çoxdur. Belə götürsək, insanların çoxluğu həmin texnologiyalardan asılıdır, cüzi bir hissəsi isə texnologiyaları irəli aparan insanlardır. İT-nin inkişafı o insanlardan asılıdırsa, digər tərəfdən qlobal cəmiyyətin 99 faizi bu texnologiyalardan asılıdır.
-Texnologiyalardan asılılığı 10 ballıq şkala ilə qiymətləndirsək, özünüzü harada görürsünüz?
-Elə özümü 10 balda görürəm. Bill Qeytsin ofisində çalışan proqramçı olsaydım, 9-da görərdim. ( gülür)
-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?
-Texnologiyalar bizi idarə etmir. Amma bunlar həyatımızı həm asanlaşdırır, həm həyatımızın keyfiyyətini yüksəldir. Texnologiyalar insanlara xidmət edir və həyatımızı dəfələrlə yaxşılaşdırır. Hesab ediriəm ki, nə iş görməyi planlaşdırırq, nə iş görmüşük və görəcəyik hamısı İT-nin imkanları çərçivəsində müəyyənləşir. Bu gün İT -nin yardımı ilə uzaq keçmişə gedib çıxa bilərik. Bu proqramlar ilk dəfə Avropada yayılanda insanlar üçün böyük surprizlər oldu. Belə ki, onlar öz əcdadlarının əslində kim olduqlarnı tapdılar. Məlum oldu ki, bəzi insanların ulu babası neçə illər əvvəl Afrikadan gəlibmiş. Bu isə onların ağıllarına belə gəlmirdi. Avropada bəzi tanınmış adamlar texnologiyaların köməyi ilə kəşf etdilər ki, onların əcdadları qul olub. Bu da onlar üçün gözlənilməz idi. Bu, onlar üçün şok idi. Amma İT bizi keçmişdə baş vermiş real hadisələrə və faktlara qısa bir anda yaxınlaşdıra bildi və bu günədək dünya ictimaiyyətinə məlum olmayan çoxsaylı tarixi hadisələrin sirrlərini açmaq mümkün oldu. İrəlidə isə İT daha çox gələcəyi proqnozlaşdırmaq və “proqramlaşdırmaq” baxımından olduqca faydalı və zəruri olacaq.
Məltəm Talıbzadə
Fotolar: Tərlan Yusif
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri