Media Consulting and Services agentliyinin yönətməni Samir İsmayılla müsahibəni təqdim edirik:
Samir İsmayıl: “Hesabat adı altında cəmiyyətə sırıınan rəqəmlərin saxta olduğunu sübut etdik. Bu gün istər iqtisadi yönümlü media, istərsə də informasiya ilə aktiv işləyən təşkilatlar məhz bizim hesabat və nəticələrə istinad edirlər"
-Media monitorinq bazarında hazırki durum necədir?
-Media monitorinq biznesi spesifik və həcmcə kiçik olsa da, ölkə iqtisadiyyatının bir seqmentidir, ona görə də burada müşahidə olunan tendensiyalar birbaşa və ya dolayısı ilə bizim sektora təsir edir. Şirkətlərin sayı və gəlirləri artıqca onlar bu xidmətdən istifadə etməyə üstünlük verirlər. Bununla belə ölkəmizdə şirkət, dövlət və qeyri dövlət qurumları, məşhur adamlar kütləvi şəkildə bu xidmətdən istifadə etmirlər. Çox maraqlıdır ki, hər hansı bir sektorda və ya şirkətdə maliyyə problem yarananda, ilk növbədə media monitorinq xidmətinin büdcəsini kəsirlər. Bu məqamı bir daha bizim iş adamlarının və biznes qrumlarının informasiyanın əhəmiyyətini tam dərk etməməsi ilə izah edirəm. XXI əsrin ən güclü silahı sayılan informasiya olmadan, biznesi necə idarə etmək, baş verən prosesləri necə təhlil etmək olar, - təsəvvür edə bilmirəm. Media monitorinq biznesi adından göründüyü kimi həm də media ilə bağlı bir sektordur və ondan birbaşa aslıdır. Media qurumlarının sayı, keyfiyyəti, rəngarəngliyi artıqca bizim xidmətə də tələbat artır. Çünki çoxsaylı medianı izləmək, məlumatları təhlil etmək, müqayisələr aparmaq, tapılan məlumatları arxivləşdirmək çətin bir prosesə çevrilir. Təəssüf ki, bəzi təşklilatlar məlumatları belə bir peşəkar şirkətlərdən almaqdansa, öz işçilərini bu işə cəlb edir. İşçinin məlumat tolanmasına cəlb olunması ən səmərəsiz monitorinq növüdür.
- Hazırda bu xidmətdən ən çox kimlər istifadə edir?
- Əsasən banklar, sığorta, tikinti, telekommunikasiya şirkətləri bu xidmətə üstünlük verirlər. Maliyyə bazarında müşahidə olunan böhran bəzi bank və sığorta şirkətlərinin öz xərclərinə yenidən baxmağa vadar edib.Yuxarıda qeyd etdiyim kimi, böhran ərəfəsində qurumlar xərclərinin azalmasını adətən media monitorinqdən başlayır. Ölkədə çoxlu sayda tibbi klinikalar, turizm, ərzaq şirkətləri, otellər olsa da, bu xidmətdən istifadə edənləri barmaqla saymaq olar.
- Media monitorinq xidmətinin orta qiyməti necədir?
- Bu xidmətin qiyməti heç vaxt baha olmayıb. Bu iki səbədən irəli gəlib. Bahalı maşınlar istifadə edən, dəbdəbəli ofislər kirayələyən, bahalı mebel alan şirkət və ya şirkət rəhbərləri informasiyaya pul vermək istəmir. Bu acı bir həqiqətdir, real faktdır. Digər tərəfdən bu bazarda həmişə rəqabət olub. Son iki-üç ildə onlayn medianın sayının kəskin artması, bazara yeni iştirakçıların daxil olması qiymətlərə və keyfiyyətə təsir edib. Konkret olaraq biz qiymətləri sifarişçinin mənsub olduğu sektordan və onun işinin həcmindən asılı olaraq təklif edirik. Qiymətlər əsaslandırılmalıdır, nə baha, nə də dempinq olmalıdır. Media monitorinqin maya dəyəri çox bahadır. Əgər qiymətlər əsassız şəkildə aşağı olarsa, bu biznes yerində sayar, heç vaxt inkişaf edə bilməz.
- Xidmətin maya dəyərinin bahalığı nə ilə izah olunur?
- Monitorinq xidməti üçün tətbiq edilən proqram və avadanlıqlar dinamik sürətdə inkişaf edir. Mənbələrin, informasiyaların sayı və həcmi artıqca tədarük çətinləşir. Yeni həllər tələb olunur. Bu gün aldığın proqram və ya avadanlıq praktiki olaraq 1-2 ilə lazımsız olur. İşlər nə qədər avtomatlaşdırılsa da, məlumat selinin güclənməsi insan resurslarının rolunu azaltmağa imkan vermir. Digər tərəfdən bu iş əqli oldğu üçün daha yüksək maaş tələb olunur. Məsələn biz bu ilin 1-ci yarısında, sistemimizdə ilk mühüm dəyişikliyi başa çatdırdıq. Çap mətbuatının monitorinqini avtomatlaşdırmaq üçün xüsusi proqram tətbiq etdik. Sadə dildə desəm qəzet və jurnalları bundan sonra insan deyil, proqram oxuyub, açar sözlərə uyğun tapıb, müştəriyə müəyyən edilmiş qrafiklə özü göndərir. Çap mətbuatının monitoqinqinin avtomatlaşdırılması keyfiyyəti,operativliyi və sistemin daşıma qabiliyyətini dəfələrlə artırdı. Qeyd edim ki, cəmi iki il ondan əvvəl onlayn resursların monitorinqini avtomatlaşdırmışdıq. Monitorinq sistemində edilən daha bir dəyişiklik, “AGILLI KABİNET”dən bir düymə ilə bütün növ media məlumatlarının o cümlədən onlayn, TV, qəzetlərin tam, sosial şəbəkə məlumatlarının isə bir qisminin idarə edilməsinə, o cümlədən izlənməsinə, emalına, statistikanın aparılmasına imkan verir. Bütün bunlar öz-özünə yaranmır. Bizim orta hesabla qazancımızın 85-90 fazini məhz bu cür xərclər, - proqramlar (sırf müəllif proqram və məhsulları istifadə edirik), avadanlıqlar, işçilər, vergilər və s. aparır.
- Qeyd etdiniz ki, media monitorinq bazarında çoxlu sayda iştirakçı var idi, yeniləri də gəldi. Bəs başqaları nə edir?Ümumiyyətlə, sizin şirkətinizin digərlərindən fərqi nədir?
-Mən öz adımdan danışa bilərəm. Tam məsuliyyətlə deyə bilərəm ki, yerli şirkətlər içində bizim monitorinq sistemi ən yaxşı sistemdir. Sistemi mükəmməlləşdirmək isə davamlı və sonsuz bir prosedir. Əgər iqtisadiyyatda və biznes sektorunda hər hansı arzu olunmayan bir hadisə baş verməzsə, ilin sonuna kimi daha bir təkmilləşdirmə işi müştərilərimizə təhvil veriləcək. Biz zamanın tələbinə cavab vermək üçün yorulmadan hərəkətdə, axtarışlarda və yeni həllərin tətbiqindəyik. Təbii ki, işlərimizdə səhvlər və çatışmamazlıqlar da var. Amma biz onu ört-basdır etmir, əksinə aradan qaldırmaq istiqamətində qəti addımlar atırıq.
- Biz sizinlə görüşməzdən əvvəl internetdə axtarışlar apardıq. Media Təqib Mərkəzi və Nettrends şirkətlərinin də monitorinq apardıqlarını və eyni zamanda onların da öz sistemlərini sizin kimi təriflədiyinə rast gəldik...
- Mən heç vaxt öz müştəri və biznes tərəfdarlarımı aldatmamışam. Sistemimizin yüksək parametrləri və xidmətin keyfiyyəti ilə bağlı yenə öz fikrimdə qalıram. Bu gün istər iqtisadi yöndə fəaliyyət göstərən media, istərsə də informasiya ilə aktiv işləyən təşkilatlar məhz bizim hesabatlara istinad edir. Məgər siz ad çəkdiniz, deməliyəm ki, Media Təqib Mərkəzinin təqdim etdiyi xidmət özünün yox, Türkiyənin Media Takkib Merkezinin xidmətidir. Azərbaycan qəzetləriniTürkiyəyə göndərmək üçün 1-2 skayner və 4-5 kompüter lazımdır. TV və onlayn medianın monitorinqini bildiyiniz kimi internetin üzərindən hətta Afrikadan da rahat aparmaq olar. Beləliklə burada söhbət bir yerli rezidentin digər bir xarici rezidentin məhsulunu satmasından söhbət gedir. Türkiyədə fəaliyyət göstərən Media Təqib Mərkəzinin sistemi doğurdan da yaxşı. Hüquqi incəliklər qalsın bir kənarda, amma Media Təqib Mərkəzi layiqli rəqibdir, keyfiyyətli məhsul təklif edir və bazarda biznes etikasına əməl edir. Azərbaycandakı Media Təqib Mərkəzi Türkiyə müəssisəsinin məhsulunu təklif etməsinə baxmayaraq biz onunla keyfiyyət üzrə rəqabət apara biləcək səviyyədəyik.
Haqqında danışdığınız digər şirkətə gəlincə, isə sözün əsl mənasında o yoxdur.
- Bağlandı?
-Nə olduğunu, mən də dəqiq bilmirəm. Şirkətin təsisçilərindən biri- Elşad Yüsiflinin mətbuata verdiyi məlumata görə, onun bazasını və proqramını qanusuz istifadə edən digər iki həmtəsisçi Anar Cahangirli və Samir Qəniyev Kalibri Media yaradıblar. Bunu mən yox Elşad Yusifli deyir ki, Kalibri saxta şirkətdir, bağlanmalıdır. Hər halda öz işləridir. (Zəruri qeyd: E. Yusifli bəyan edib ki, onun yazdığı proqramlar mənimsənilib və problemi məhkəmə yolu ilə həll edəcək. Bu haqda məlumat linkdə)
Amma deməliyəm ki, istər bugünkü saxta (ifadə Elşad Yusifliyə məxsusdur) Kalibri, istərsə də onun ögey anası Nettrends bazara dempinq qiymətlərlə keyfiyyətsiz xidmət və yalan gətirib. Əmin ola bilərsiniz ki, bu qurumun rəhbərlərinin xidmətlərinin keyfiyyəti ilə bağlı mətbuatda söylədikləri heç vaxt həqiqətə söykənməyib. Misal üçün, 100 il bundan əvvəl icad olunan radionu monitorinq edə bilməyənlər, özünə TV monitorinqi üçün sistem yarada bilməyənlər, potensial müştərilərə sosial medianı monitorinq etiklərini bəyan edirdilər. Buyurub bir nümunə göstərsinlər. Bu qurumun hər şeyi yalan üzərində qurulub, - təsisçiləri, hətta Vergilər Nazirliyinin rəsmi saytında (e-taxes.gov.az ) göstərilən rəhbərlə, özünü faktiki rəhbər təqdim edən şəxs fərqlidir.
- Bəs keyfiyyət yoxdursa necə uğur qazandı?
- Uğur deyəndə ki… Qurduqları təşkilat iki il işləməmiş müəmmalı şəkildə qeyb oldu. Amma Gürcüstanı, Qazaxıstanlı fəth etməkdən dəm vururdular. Onların bazarda müəyyən müştəri bazasının toplamasına gəlincə, bu əsasən, himayəlikdən, tanışlıqdan, tapşırıqdan, şəxsi maraqlardan, müştəriləri aldatmaqdan, bir sözlə qapıdan deyil nəfəslikdən girmələrindən irəli gəlib. Təsəvvür edirsinizmi, bunlar illik dövriyyəsi ən azı 5-6 milyon manat olan müəssisəyə 2 ildir pulsuz məlumat göndərirlər. Mənim müştərim olan təşkilatlara da yararandıqları gündən pulsuz məlumat paylayırlar. Test rejimi 1 ay, maksimum 2 ay olar. Bu qədər müddətə məhsulu pulsuz verən təşkilat yalnız həmin xidməti dəyərdən, hörmətdən salır.Həm də, təbii ki, bazarda ümumi mühiti korlayırlar.
- Yox, bilirsiniz aşağı keyfiyyət, tanışlıq, tapşırıq, bütün bu iddialar subyektiv və qərəzli ola bilər. Təbii ki, Siz rəqibsiniz, bu cür iddia eda bilərsiniz.
- Daha bir rəqib haqqında da danışdım, onu da xarakterizə etdim. Ümumiyyətlə, bazarda media monitorinq və buna yaxın xidmətləri göstərən təxminən 10-a yaxın yerli və xarici şirkət var. Kalibri bu gün bazarda öz keyfiyyəti ilə öyünə bilməyən, onu geniş ictimaiyyətə çıxarmaqdan qorxan, ortalığa bir hesabat qoymağa cəsarəti çatmayan bir qurumdur. Kalibrinin sələfi bir vaxtlar hansısa rəqəmləri analoqu olmayan və heç kimin bunu bacarmadığı iş kimi hesabat adı informasiya cəmiyyətinə sırıyırdılar. Məlumatların sayını natural ədədələrlə ifadə etmədən, bir başa faiz nisbəti ilə (bu da yeni hesabat növü imiş) təqdim etdikləri hesabatların saxta olduğunu 5 cümlə ilə sübut etdik.Sonra guya öz aləmlərində təkmilləşdirib onu yenidən ictimaiyyətə təqdim etməyə cəhd etdilər. Bir Facebook statusundan sonra o "hesabat" yığışdırıldı və bir daha görünmədi. Burası belə.
Tanışlıq və tapşırığa gəlincə, necə ola bilər ki, səndən tam dolğun xidməti alan təşkilat əlavə olaraq daha birisindən, - heç bir performansı, təcürübəsi olmayan, haqqında yalnız qalmaqallar dərc olunan qurumdan da alır? Hansısa bir nüfuzlu xarici şirkətdən almış olsalar idi, bu addımı başa düşmək olardı. Burada məntiq var Sizcə?
- Sizcə necə ola bilər, bu, mümkün deyil axı!
- Mümkün olmamalıdır, amma var. 7 ildən çox bu xidməti bizdən alan bir bankın rəhbərliyi bir gun paralel olaraq bu şirkətə, özü də 2 dəfə baha qiymətə abunə olur. Sonra da öz işçilərini yanına çağırıb deyir: “Yaxşı bir xidmət varmış. Müqavilə bağladıq. İşiniz asanlaşdı”. Ona deyirlər ki, biz bu xidmətdən 7 ildir ki, istifadə edirik, özü də 2 dəfə ucuz qiymətə, aramızda olan müqavilə də hazırda qüvvəsindədir. Görüşürük, xidməti bu cənab rəis müavininə təqdim edirk. Keyfiyyət üstünlüyündən tutmuş qiymət üstünlüyünə kimi hər şeyi sübut edirik..Amma nə olsun, çi fayda.Bununla belə onlardan 2 qat baha almağa davam edirlər. Buyurun bu da sizə əyani misal.
- Maraqlı olardı desəydiniz, bunu məsələn hansı təşkilat edib? Ünvanlı deyə bilərsinizmi?
-Mən həmişə ünvanlı və açıq danışıram. Məsələn DəmirBank -“konfidensial müqavilə”nin təşəbbüskarı və icraçısı isə Bankın sədr müavini Azər Hümbətov!
Oxşar hadisə Unibankda da olub. Mənimlə müqaviləni bu xidmətin daha “lazım olmaması” ilə əlaqədar olaraq vaxtından əvvəl dayandırıblar. Deyirəm, vəziyyəti başa düşürəm, ola bilər ki, sıxıntı və problemlər olsun,- Sizinlə 8 ildir işləyirik, söhbət qiymətdən gedirsə, nəzərə alıb endirim edə bilərik. Deyirlər yox, qiymət söhbəti deyil. Sonra məlum olur ki, bunlarla çalışırlar. Necə deyərlər "sirrin" üstü açıldıqdan sonra Bizdən imtinanın səbəbi xidmətimizin baha olması ilə izah edildi. Sonra məlum olur ki Kalibrinin ögey anası Unibankla müqavilə bağladıqdan sonra 12-13 ay ərzində ərzində qiymət 3 dəfə bahalaşdırıb və 6 aylıq xidmət haqqı əvvəlcədən ödənib. Halbuki, bizim etdiyimiz endirimi nəzərə alsaq, onlar xidməti bu gün 20 faiz daha baha alır.
Oxşar hadisələr Holcim Azərbaycan sement şirkəti və hazırda problemlər yaşayan Bank Technique də olub.
- Açığı cavabınızda ziddiyət var: Bir tərəfdən rəqibinizin dempinq qiymətlər təklif etdiklərini deyirsiz, son iki misalda isə onların Sizdən daha baha təklif etdyini qey etdiniz. Bunu necə başa düşək?
Olduğu kimi, çox sadə. Himayə, tapşırıq olan yerdə bahalı qiymət, rəqabət mühiti olanda dempinq qiymətlər təklif olunur. Potensial müştərini rəqibdən almaq naminə onlara 1-2 il və daha çox müddətə məlumatlar havayı göndərirlər. Belə bir siyasət, monitoqrinq xidmətini ümumiyyətlə gözdən salmağa xidmət edir.
- Amma o biri tərəfdən hər kəs istədiyi tərəfdaşı seçməkdə azaddır. Biz nə deyə bilirik?
- Əlbəttə elədir. Amma həm tərəfdaşdan ayrılmaq, həm də yeni tərəfdaşın seçilməsi üçün müvafiq korporativ qaydalar, ənənələr var. Özünə hörmət edən, öz imicini düşünən hər bir təşkilat ona əməl etməlidir. Sual olunur tərəfdaşı yuxarıda sadaladığım qaydalarda dəyişmək hansı zəruriyətdən yaranır və nəyə xidmət edir? Bu alqı satqıları edən şəxs özünə bir əşya alarkən, yəqin ki, qarşısına çıxan ilk mağazadan, yaxud öz yaxın dostunun istehsal etdiyi keyfiyyətsiz maldan almır.Öz doğma şirkəti üçün alqı-satqıları edərkən də eyni məntiq tətbiq edilməlidir. Sən əgər bu gün elementar alqı satqını düz aparmırsansa, yaxşı pul saxladığna, ədalətli qaydada ipoteka kreditləri verdiyinə və ya yaxşı məhsul istehsal etdiyinə necə zəmanət verə bilərsən? Əgər sən belə kiçik həcmli işlərdə ədalət və şəffaflıq prinsiplərini pozursansa, görəsən böyük alqı satqılarda nə baş verir? Bizi bərabər yaradılan şəraitdə, müsabiqə və tenderlərdə udan şirkətin əlini hər zaman sıxmağa hazırıq. Amma müqavilələri nəfəslikdən alan və ya verənlərin adını media vasitəsilə ictimaiyyətlə ölüşəcəyik.(BizimYol)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri