“Lisenziyasız proqramlardan daha çox fərdi istifadəçilər yararlanır”-Müsahibə

30-08-2016 / 11:10

Son vaxtlar həm dövlət, həm də özəl sektordakı kompüterlərdə istifadə olunan əməliyyat sistemlərinin lisenziya məsələsi ciddi problemə çevrilib.

Məlum olduğu kimi, internetdə ödənşsiz proqramlar çoxdur. Bəzən istifadəçilər lisneziyalı proqram yerinə elə bu ödənişsiz proqramlardan istifadə edirlər.

Bu zaman isə kompüterlərə bəzi viruslar da düşə bilər. Belə ki, pirat proqramlardan istifadə insanların vacib, əhəmiyyətli məlumatlarını təhlükə altında qoyur.

Mütəxəssislər də qeyd edir ki, pirat kompüter proqramları faylların saxlanmasına və oğurlanmamasına cavabdehlik daşımır. Bu baxımdan əksinə olaraq lisenziyalı kompüter proqramları vasitəsilə kənardan əlavə müdaxilənin qarşısını almaq müəyyən mənada mümkündür. Lisenziya olmadıqda proqramların yenilənməsi (update) gəlmir və ya gəldikdə isə proqramın isləməsinə müxtəlif əngəllər yaradır.

Bunun qarşısını almaq isə bir o qədər də asan məsələ deyil.

Qeyd edək ki, Azərbaycanda da lisenziyalı proqramlardan istifadə məsələsində bəzi problemlər müşahidə olunur.

Məsələ ilə bağlı Kaspersky Lab şirkətinin Azərbaycan üzrə regional nümayəndəsi Müşviq Məmmədov ilə söhbət etdik.

 Müşviq Məmmədov ölkəmizdə bu sahədəki vəziyyəti şərh edərək, bəzi təkliflər verib:

-Müşviq müəllim, nə üçün istifadəçilər lisenziyalı proqramlardan istifadə etməlidir? Bunun əhəmiyyəti, üstünlükləri nələrdir? Çünki internetdə pulsuz proqramlar çoxdur. Bəzən istifadəçilər bu kimi proqramlardan istifadə etməyi tərcih edir.

-Lisenziyasız proqram təminatından istifadənin əsas problemi istifadəçinin istehsalçı tərəfindən verilən zəmanətdən məhrum olmasıdır. Bu həm gözlənilməz hallarda texniki dəstəyin göstərilməsinin, həm də təhlükəsizliklə bağlı yeniləmələrin quraşdırılmasının qeyri-mümkün olmasına təsir edir. Sirr deyil ki, hər hansı bir proqram insan tərəfindən yazılır və burada müəyyən boşluqlara yol verilə bilər. Ancaq bir qayda olaraq bu cür boşluqlar qısa zaman ərzində istehsalçı şirkət tərəfindən aşkarlanır və proqramın növbəti yenilənməsində avtomatik quraşdırılan “patch” vasitəsilə aradan qaldırılır. Təbii ki, bu imkandan məhrum olan istifadəçi vaxt keçdikcə öz kompüterində daha çox “qapanmamış” boşluqlarla rastlaşır. Cinayətkarların isə bu cür boşluqlar vasitəsilə öz qurbanlarının kompüterlərinə giriş imkanı verən bir sıra proqramları var.

Bundan əlavə proqramların pirat versiyaları və ya lisenziya müdafiəsindən yan keçmək üçün olan əlavələr də zərərverici proqram təminatının daşıyıcısı ola bilir. Beləliklə, istifadəçi onları yüklədiyi zaman öz qurğusuna nəinki istədiyi proqramı, həmçinin troyan virusunu yükləmə riski ilə qarşılaşır.  Təcrübə göstərir ki, lisenziyasız proqram təminatından daha çox fərdi istifadəçilər yararlanır. Şirkətlər isə potensial riskləri anladıqlarından bu cür əhəmiyyətli məsələlərdə qənaət etməməyə çalışırlar. Çünki bu cür qənaət korporativ müştərilər üçün daha təhlükəli ola bilər. Belə ki, məxfi məlumatların itkisi maliyyə problemləri yaratmaqla yanaşı, həmçinin şirkətin imicinə ciddi zərbə vura bilər. Məhz buna görə kompüterin təhlükəsizliyinin təminatı ilə bağlı başlıca tövsiyə verərkən biz hər zaman lisenziyalı proqram məhsullarından istifadənin və onların mütəmadi yenilənməsinin vacibliyini qeyd edirik.

-Ümumiyyətlə, Kasperksy şirkətinin dünyada antivirus ilə bağlı mövqeyi necədir?. Pirat proqramlarından istifadəyə qarşı şirkət hansı addımları atır?

-Təbii ki, Kaspersky Lab leqal proqram təminatından istifadənin qəti tərəfdarıdır. Bununla belə piratçılıq bizim üçün böyük problem sayılmır. Bunun iki başlıca səbəbi var: İlkin olaraq böyük tirajda buraxılmış lisenziyaların bloklanması üçün bizim sadə alətimiz var. Onun köməyi ilə biz aktivasiya sayları normanı keçdikdə məhsullarımızın pirat nüsxələrinin açar və kodlarını kilidləyirik. İkinci səbəb isə bazarda pulsuz olan leqal müdafiə proqram təminatlarının mövcudluğudur ki, onlar da pirat açarların potensial istifadəçilərinin böyük hissəsini öz üzərinə götürür.

Proqram təminatlarına qeyri-leqal giriş imkanı verən veb-saytlara gəldikdə isə biz onlarla işləmirik, ona görə də internetin “təmizlənməsinin” nə dərəcədə mümkün olacağını deyə bilmərəm. Ancaq piratların fəaliyyətini qanunvericilik tədbirləri ilə əngəlləmək, onların qarşısını almaq mümkündür və lazımdır. Ümumilikdə piratçılıq problemlərinə yanaşmada Kaspersky Lab-da sadə prinsip gözlənilir: məhsul o dərəcədə keyfiyyətli olmalıdır ki, ona görə pul ödəməyə heyifsilənməsinlər.

-Bir mütəxəssis olaraq sizcə, Azərbaycanda bu sahə ilə bağlı vəziyyət nə yerdədir?

-Təəssüf ki, Azərbaycanda fərdi kompüter istifadəçilərinin böyük hissəsi cihazlarının müdafiəsi üçün lisenziyasız proqram təminatından istifadə edir. Bu da əhalinin potensial təhlükələr barədə məlumatlılıq səviyyəsinin aşağı olmasından irəli gəlir. Sözügedən məsələnin həlli istiqamətində biz fəal şəkildə istifadəçilərin kibertəhdidlər haqda biliklərinin artırılmasına yönəlmiş müxtəlif tədbirlər təşkil edir və bu cür tədbirlərdə yaxından iştirak edirik.

Korporativ sektora gəldikdə isə Azərbaycan şirkətlərinin heç də az olmayan hissəsi, o cümlədən bir sıra iri şirkətlər kommersiya əhəmiyyətli informasiyanın qorunması üçün lisenziyasız proqram təminatından istifadə edir ki,  bu da onlar üçün ciddi fəsadlara səbəb ola bilər. Lakin əminliklə demək olar ki, informasiya təhlükəsizliyinin təminatı üçün leqal proqramlardan istifadə edənlərin sayı ildən-ilə artır.

-  Kaspersky Lab lisenziyalı proqramlarla bağlı hansı şirkətlərlə əməkdaşlıq edir? Şirkətin  lisenziyalı proqramlarını necə əldə etmək olar?

-Fərdi kompüterlər sektorunda biz demək olar ki, kompüter texnikasının satışını həyata keçirən bütün şirkətlərlə əməkdaşlıq edirik və təklif etdiyimiz məhsulları ölkənin bütün mağazalarında, o cümlədən iri mağazalar şəbəkəsində əldə etmək olar.  Həmçinin Kaspersky Lab həllərindən Azercell abunəçiləri mobil telefondan müvafiq sorğu göndərməklə faydalana bilərlər. Korporativ məhsullara gəldikdə isə onlar adi mağazalarda satılmır. Şirkətlər korporativ həlləri əldə etmək üçün tərəfdaşlarımıza  - Azərbaycanda fəaliyyət göstərən İT şirkətləri, iri İT inteqratorlarına müraciət edə bilərlər. 

- Kaspersky Lab-in təklif etdiyi lisenziyalı proqramların qiyməti necə müəyyən edilir?

-Kaspersky Lab geniş çeşidli korporativ həllər təklif edir və qiymətlər əksər hallarda şirkətdə olan işçi stansiyaların sayına bağlı olur. Belə ki, nə qədər çox cihaz qorunarsa, bir işçi stansiya üçün olan lisenziyanın qiyməti bir o qədər az olar.  Bununla yanaşı, əldə edilən lisenziyanın müddətindən asılı olaraq əlavə endirim tətbiq olunur (məsələn, 1 ildən artıq müddətə). Tibb və təhsil müəssisələri, elmi təsisatlar üçün Kaspersky Lab tərəfindən xüsusi güzəştlər təklif olunur. Fərdi kompüterlər üçün nəzərdə tutulmuş məhsullarımız üçün isə hazırda xüsusi aksiya qüvvədədir. Cari aksiyanın şərtlərinə əsasən istifadəçilər bütün cihazları üçün istənilən növ qurğunun mühafizəsini həyata keçirən geniş funksiyalar dəstinə malik Kaspersky Internet Security məhsulunu Kaspersky Antivirus (baza müdafiəsi) qiymətinə əldə edə bilərlər: 35 AZN (1 illik, 2 cihaz), 25 AZN (1 il uzadılma, 2 cihaz). Bundan əlavə, Azercell abunəçiləri aylıq ödəniş əsasında bütün cihazlar üçün Kaspersky Internet Security (ayda 4,45 AZN), Android platformalı cihazlar üçün Kaspersky Internet Security”(ayda 1 AZN) və internetdə uşaqların müdafiəsi üçün nəzərdə tutulmuş Kaspersky Safe Kids (ayda 3 AZN) həllərini əldə edə bilərlər.  

 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə