"İlin- günün bu vaxtında “Aztelekom” dövlət şirkəti təxminən 30 000 ADSL/VDSL avadanlığı almaq üçün “Huavei Technologies Azerbaijan” şirkətinə sifariş verib. Bu məqsədlə 849 442 manat vəsait ödəyib".
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib:
"Aztelekom-un regionlarda internet problemini qismən də olsa həll etmək istiqamətindəki səyləri alnlaşılandır.
Güman ki, bununla da regionlardakı 30 000 istifadəçi heç olmasa 4 Mb/s sürətində internet ala biləcək. Amma düşünürəm ki, bu tip addımlarla biz ölkədə keyfiyyətli və dayanıqlı internet problemini həll edə bilməyəcəyik. Bu tip addımlar yalnız qısa zaman kəsiyində vəziyyətdən çıxış yolu kimi dəyərləndirilə bilər .
Ümumiyyətlə, dünyanın, Azərbaycanın indiki inkişaf səviyyəsində köhnədən qalma, adi mis telefon məftili üzərində “oturan” bir texnologiyaya dövlət vəsaiti sərf eləmək nə dərəcədə səmərəlidir ?
Bir yandan dövlət vətəndaşlar üçün videoqəbullar servisini işə salır digər yandan da ADSL texnologiyaya vəsait ayırır?
Ekspert bu suala da aydınlıq gətirib:
"Dəfələrlə bu haqda məsələ qaldırmışıq. NRYTN regionlarda, kəndərdə fiber optik internet infrarstrukturunun qurulması üçün proqram hazırlamalı və hökumətə təqdim etməlidir. "Kəndlərə optika" proqramı olmalıdır.
Ölkədə dayanıqlı və keyfiyyətli internet infrastrukturunu Aztelekom və Baktelecom resursu ilə biz heç 20-30 ilə həll edə bilməyəcəyik.
Fikrimcə, 2013/2014-cü ildə hazırlanan Dövlət Proqramına yenidən nəzər salınmalı, proqram yenidən işlənməli və onun reallaşması üçün maliyyə tapılmalıdır.
Burada böyük vəsaitlərdən söhbət gedir. Proqramın ilkin versiyasında onun reallaşması üçün 0.5 milyard manat nəzərdə tutulmuşdu.
Ölkədə postpandemiya dövrünün gözləntilərini nəzərə alsaq düşünürəm ki, hökumətin bu proqramı dəstəkləməsi indiki zamanda doğru olardı.
Qarşıdakı illərdə ciddi rəqəmsallaşma olmadan, dövlət xidmətləri və onları əldə edənlər rəqəmsallaşmadan sürətli inkişafdan danışmaq mümkün olmayacaq.
Bu prosesə özəl provayderlər cəlb olunmalıdır. Ölkədaxili magistral xətlərin çəkilməsini Aztelekom və magistral provayderlər yerinə yetirə bilər, internetin son istifadəçiyə çatdırılmasını isə özəl provayderlər öz üzərinə götürməlidir.
Ümid edirəm ki, NRYTN belə bir Proqramı maraqlı tərəflərin iştirakı ilə hazırlayıb dəstək üçün hökumətə müraciət edəcək".