Nazirlər Kabinetinin son qərarı kəskin etirazlar doğurub.
Ələsgər Məmmədli: “Konstitusiya Məhkəməsinə müraciət olunsa, qərarın qüvvəsi dayandırıla bilər”
Osman Gündüz: “Yeni süründürməçik və bəhanə imkanları yaradacaq”
Mehman Əliyev: “Burada vətəndaşlarla bərabər dövlətin maraqları da pozulur”
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Haqqı ödənilməklə göstərilən informasiya xidmətlərinin siyahısı”nı, “İnformasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş qaydaları”nı, “İnformasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə halları”nı, “Ödəniş zamanı edilə biləcək güzəştin şərtləri”ni və “Müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə şərtləri və qaydaları”nı təsdiq edib. Qaydalara əsasən, informasiya sahibi sorğuçuya aşağıdakı hallarda haqq ödənilməklə informasiya xidmətləri göstərir:
-sorğuçuya artıq müvafiq informasiya verilib və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıb;
- sorğu edilən informasiya irihəcmli olduqda və ya sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaratdıqda və yaxud əsassız böyük məsrəflərə səbəb olduqda;
- sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün olmadıqda;
- sorğunun icrası informasiyanın sistemləşdirilməsi, təhlil edilməsi və ya sənədləşdirilməsi ilə əlaqədar xeyli vaxt tələb etdikdə.
Nazirlər Kabineti qərarını “İnformasiya əldə etmək haqqında qanuna dəyişikliklər edilməsi barədə” qanunun 2012-ci il 20 aprel tarixində tətbiqi ilə əlaqədar qəbul etdiyini bildirir.
Qeyd edək ki, bu il ərzində “Dövlət reyestri”, “İnformasiya əldə etmək haqqında” və “Kommersiya sirri haqqında” qanunlara da gözlənilməz dəyişikliklər edilib.
Bu dəyişikliklər isə jurnalistlərin fəaliyyətini, konkretləşdirsək, informasiya almaq hüquqlarını genişləndirmək əvəzinə, məhdudlaşdırmağa xidmət edib.
Baş verənlər təkcə yerli deyil, xarici media institutlarında da etiraz doğurub.
Nazirlər Kabinetinin qaydalarını şərh edən Rəşid Hacılı bu məsələnin qanuna dəyişiklik edilən zaman tənqidlə qarşılandığını xatırladaraq deyib ki, informasiya azadlığının təminatı qərarın necə yerinə yetirilməsindən daha çox asılı olacaq.
Maraqlıdır ki, bir sıra nazirliklərin nəinki informasiyanın qiymətindən, heç qərardan xəbərlərinin olmadığı məlum olub. Konkret olaraq, vergilər, maliyyə, rabitə və informasiya texnologiyaları nazirliklərinin mətbuat xidmətlərinin rəhbərləri Azadlıq Radiosuna qərardan xəbərsiz olduqlarını bildiriblər.
Hökumət Konstitusiyanı tapdayır
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli ictimai informasiyaların heç bir halda ödənişlə təqdim olunmadığını deyib. O bildirib ki, bu məsələdə təqdim oluna biləcək informasiya növlərinə nəzər yetirilməlidir: “2005-ci ildə “İnformasiya əldə etmək haqqında” qanun qəbul edilən zaman Nazirlər Kabinetinə pullu informasiyaların növlərinə və miqdarına görə təkliflər hazırlamaq tapşırılmışdı. Ancaq düşünürəm ki, bu məsələdə dəqiqliyə ehtiyac var, ictimai dəyəri olan informasiyaları pulla satmaq olmaz. Əks halda ictimai əhəmiyyətli informasiyaları məhdudlaşmaqla informasiya azadlığına ciddi zərbə vurmaq olar.
Bu baxımdan hökumətin bu yolu seçəcəyini düşünmürəm. Məsələ ondadır ki, pullu informasiyalar çox az saydadır və çox dar çərçivədə olan qruplar üçün nəzərdə tutulub. Məsələn, qəzetlər və televiziyalar üçün hər hansı informasiyanı pulla satmaq mümkün deyil. Bu qaydalar mətbuata aid edilməməlidir”.
Ekspert nazirliklərin bu qaydalardan bəhanə kimi istifadə edib informasiyaları gizlədəcəkləri qayğısını bölüşdüyünü dedi: “Onsuz da rəsmi dairələr birmənalı olaraq informasiyanı verməməkdən yana olurlar, nəinki verməkdən. Əgər qaydalarda bu kateqoriya müəyyən olunmasa, bəhanələr üçün əsas ola bilər.
Bütün hallarda problem məhkəmənin üzərinə gəlib çıxacaq, bu aspektdə ombudsmanın üzərinə böyük yük düşür. Çünki bu məsələlərlə məşğul olan qurum kimi nəzarəti ombudsman aparmalıdır. Yəni Nazirlər Kabineti qaydaları doğru müəyyən edib, yoxsa yox? İkinci də məhkəmələr obyektiv olmalıdır, informasiya kasadlığı problemi yaranmasın”.
Hüquqşünas xarici ölkələrdə bu cür təcrübənin olub-olmaması barədə suala belə cavab verdi: “Pulla informasiya verilən ölkələr var, amma ictimai əhəmiyyət daşıyan informasiyalar heç zaman pulla satılmaz. Çünki ictimai informasiya əldə etmək konstitusion hüquqdur və Ana Yasanın 50-ci maddəsində bu məsələ təsbit olunub. Əslində, pullu xidmətin təqdim olunması Ana Yasanın 50-ci maddəsi ilə ziddiyyət təşkil edir. Məsələ ondadır ki, 50-ci maddə hər kəsin informasiya əldə etmək hüququnu təminat altına alır. Qanunla verilən bütün informasiyalar verilməlidir. Qanunla verilə bilməyən informasiyalar məhdud informasiyalardır ki, bura dövlət sirləri, şəxsi həyatla bağlı məlumatlar daxildir. Bu baxımdan Nazirlər Kabinetinin qərarı Konstitusiyanın 50-ci maddəsi ilə ziddiyyət təşkil edir. Ona görə bu çərçivədə Konstitusiya Məhkəməsinə müraciət olunsa, böyük ehtimalla Nazirlər Kabinetinin qərarının qüvvəsi dayandırıla bilər”.
Yeni bürokratik əngəllər
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz isə məsələyə fərqli yanaşdı. O, hesab edir ki, Nazirlər Kabinetinin qərarı bəzi informasiyalara aiddir: “Yəni xəbərin əldə olunmasını təşkil etmək həmin anda müəyyən problemlər yarada bilər, söhbət böyük həcmli informasiyalardan gedir. İkinci, dağınıq formada olan informasiyanı sistemləşdirmək lazım olur, üçüncü, informasiyanı təkrarən istəyirsiniz, amma əsaslandırma yoxdur. Bəli, bəzi ölkələrdə bu cür tələblər var, yəni söhbət “pul ver, informasiya verim”dən, xəbərin mahiyyətindən yox, texniki xarakterli xərclərdən gedir”.
Ancaq Osman Gündüz qaydaların bəzi hallarda bürokratik əngəllərə səbəb olacağını da istisna etmir: “Ona görə Nazirlər Kabinetinin qaydalarında bu məsələlərin detallarına da diqqət yetirilməlidir. Əgər bu məsələ aydınlaşsa, süründürməçiliyin və bəhanənin qarşısını almaq olar. Bu məsələdə söhbət informasiyanın sistemləşdirilməsindən, köçürülməsindən və ötürülməsindən getməlidir. Yoxsa “filan informasiya qiymətli olduğu üçün xərci bu qədərdir” söyləmək doğru deyil”.
Nazirliklərin saytlarını neçə illərdir monitorinq edən AİF prezidenti saytlarda informasiyaların yayılması barədə suala belə cavab verdi: “Bizim təşkilat 6 ildir dövlət orqanlarının saytlarının informasiya açıqlığını monitorinq edir, ümumi tendensiya müsbətə doğrudur. Mərkəzi icra hakimiyyətləri üzrə informasiya açıqlığının göstəricisi inişil 21 faiz, ötən il 27 faiz, bu il 33,5 faiz olub. Bizim metodologiyada 60-a qədər sual var, bu suallar onu tələb edir ki, dövlət orqanının saytında məcburən hansı informasiya olmalıdır. Beləliklə, 33,5 faiz o deməkdir ki, ölkə üzrə mərkəzi icra hakimiyyətlərində hər üç informasiyadan ikisi yoxdur, yəni üçdə biri var. Elə dövlət qurumları var ki, onlarda tendensiya daha müsbətdir, məsələn, Vergilər Nazirliyi, Prezident Yanında Dövlət Qulluğu Komissiyası, Sosial Müdafiə Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytlarında informasiya açıqlığı 50 faizdən artıqdır. Ancaq Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, Müdafiə Nazirliyi, Müəllif Hüquqları və sair dövlət qurumlarında 10-15 faiz informasiya açıqlığı var. Bu o deməkdir ki, 100 şərti informasiyadan 90-ı yoxdur”.
Korrupsiyanı ört-basdır cəhdləri
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə bildirib ki, dövlət təşkilatları büdcədən maliyyələşirlər və maaşları vergi ödəyicilərinin hesabına alırlar: “Düzdür, özləri də vergi ödəyiciləridir, amma Azərbaycanda istehsalçılıqla məşğul olan, kənd təsərrüfatı, xidmət sahələri və o cümlədən enerji mənbələrinin hesabına olan vergilər nəticəsində məmurlar maaş alırlar. Bunların vəzifəsi də ondan ibarətdir ki, onlar vətəndaşların sorğularına cavab versinlər. Bu məsələdə xüsusi xidmət yaradılmır, belə xidmətlər var və onlar üçün də əməkhaqqı ayrılıb”.
M.Əliyevin fikrincə, Nazirlər Kabinetinin qaydaları vətəndaşları sorğu verməkdən çəkindirmək məqsədi daşıyır: “Vətəndaş düşünəcək ki, mən pul ödəməliyəm və bu sorğu nə verəcək? Praktiki olaraq, qaydalar vətəndaşın informasiya əldə etmək və media hüququnun tapdanması deməkdir. Biz bilirik ki, Azərbaycan qeyri-şəffaflığa görə böyük korrupsiyaya uğrayıb. Korrupsiya isə dövləti dağıdır və bunun nəticəsində maaşlarımız da aşağıdır. Korrupsiyanın qarşısının alınması və inkişafa təkan verəcək amil şəffaflıqdır. Ki, bu, informasiyanın azad əldə olunması ilə təmin edilir. İnformasiyanın məhdudlaşması korrupsiyanın total şəkil alması və ölkənin külli miqdarda vəsait itirməsi ilə nəticələnir. Bu məsələlər hesablanmalıdır, nəinki kağıza xərclənəcək 3-5 manat”.
Mütəxəssis Nazirlər Kabinetinin qərarının ciddi müzakirəyə ehtiyacı olduğunu və Konstitusiya Məhkəməsinə müraciət etməyi vacib saydı: “Çünki bu qərar vətəndaşların hüquqlarının tapdanması deməkdir. İkinci, vətəndaş nəyə görə dövlət məmuruna pul ödəməlidir? Bəli, pul müqabilində informasiya xidməti göstərən fərdi təşkilat olur, məsələn, “Turan” İnformasiya Agentliyi... Amma mənə verilən suala görə pul tələb edə bilmərəm, bu, absurd olardı! Xarici ölkələrdə məmurlar yox, müğənnilər pullu müsahibə verirlər, çünki dövlət rəsmiləri cəmiyyət üçün açıq olurlar. Son məhdudlaşdırmalar korrupsiyanın ört-basdır olunmasına xidmət edir. Ona görə bu məsələdə vətəndaşlarla bərabər dövlətin maraqları da pozulur”.
Natiq CAVADLI
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri