Pirallahı Yüksək Texnologiyalar Parkında 3 minə yaxın işçi çalışacaq

13-07-2015 / 11:51

2012-ci il noyabrın 5-də  Prezident   İlham Əliyev Yüksək Texnologiyalar Parkının(YTP)  yaradılması haqqında Fərman imzalayıb.  Fərman ölkənin neft iqtisadiyyatını biliklərə əsaslanan iqtisadiyyata çevirmək məqsədilə “Azərbaycan 2020: Gələcəyə Baxış” çərçivəsində imzalanıb. İKT üçün davamlı inkişaf və rəqabətli mühitin yaradılması məqsədi daşıyan Yüksək Texnologiyalar Parkı Gələcəyə Baxış Konsepsiyasının təməl layihələrindəndir. YTP tamamilə Azərbaycan Hökumətinə məxsus və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumdur. Yüksək Texnologiyalar Parkının istifadəsi üçün Pirallahı Adasında 50 hektar ərazi ayrılıb. 2015-ci ilin əvvəlində Pirallahı Adasında YTP-nın ilkin tikintisi işlərinə başlanılıb və hazırda üç əsas istiqamətlər üzrə işlər aparılır. Ərazidə tikinti işlərinin yekunlaşması və Pirallahı Texno Parkın tam istifadəyə verilməsi 5 ilə planlaşdırılır.

Xeberler.az Pirallahıda tikilən Yüksək Texnologiyalar  Parkının  tikinti işləri və gələcək fəaliyyət   istiqamətləri ilə maraqlanıb.

Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev YTP-nın  inkişaf mərhələləri ilə bağlı Xeberler.az-ın suallarını cavablandırıb:

- Seymur müəllim, Pirallahıda yaradadılacaq  texnoparkın tikinti işlərinə-ərazinin abadlaşdırılması nə vaxtdan başlanılıb?  Bu günə qədər hansı  işlər görülüb?

- Cənab Prezidentin  müvafiq fərmanına uyğun olaraq, Pirallahıda yaradılan Yüksək Texnologiyalar Parkının müvafiq ekosisteminin qurulması  üçün 2013-cü ilin aprelində şirkət quruldu.  Bildiyiniz kimi, Pirallahı yeni yaradılan rayon olduğuna görə  rayonun yeni baş planı və  strategiyasının  müəyyənləşdirilməsi və bizə ayrılan ərazinin də bu strategiyaya daxil edilməsi müəyyən vaxt apardı.
Elə həmin ilin sentyabr ayından müvafiq sənədləşmə prosedurları həyata keçirildi və bir başa praktiki  işlərə başlanıldı. Bu layıhənin gələcək inkişafı ilə bağlı ilk növbədə məsləhətçi şirkətlərlə müzakirələr aparıldı, hərtərəfli planlaşdırma metodları hazırlandı. Elə həmin dövrdə xarici və yerli şirkətlərlə müvafiq danışıqlar apardıq,  eyni zamanda qabaqcıl xarici təcrübəni öyrəndik və biz öz inkişaf planımızı müəyyənləşdirərək davamlı  addım atmağa başladıq. Artıq  ərazidə köhnə kommunikasiya  xətlərinin yerlərinin  dəyişdirilməsi, ərazinin hasara alınması başa çatmışdır. Eyni zamanda, YTP-nın dizayn, layıhələndırmə və memarlıq işləri üçün  də beynəlxalq  tender elan etdik.

-Tenderdə xarici şirkətlər də iştirak etdimi? Tenderin nəticələri bəllidirmi? 

-Bəli, tenderdə yerli və xarici şirkətlər olmaqla 8 şirkətin müraciəti bizə daxil olub. Onlardan 3 şirkət yerli, 5-i isə Amerika , Avropa və Asiya ölkələrindən olan xarici şirkətlər idi. Nəticədə Tenderin qalibi isə  həm  maliyyə şərtlərinə görə, həm də təcrübə imkanlarına görə  yerli şirkət oldu. Hazırda imzalanan müqaviləyə əsasən işlər davam etməkdədir. 

- Bəs növbəti işlər hansılardır və nələr nəzərdə tutulur ?

- Ümumiyyətlə bizim  İnkişaf  planımız 4 mərhələdə davam edəcək.  İlk mərhələdə burada inzibati ofis, təhsil, tədris mərkəzinin və kommersiya mərkəzinin yaradılması nəzərdə tutulur. Burada həmçinin, startupların ehtiyaclarına görə  müasir laboratoriyalar və müəyyən test avadanlıqları da quraşdırılacaq.

- Görünür  texnopark  geniş ərazini əhatə edəcək. Tikinti işlərinin, ümumiyyətlə texnoparkın fəaliyyətinin tam formalaşması üçün nə qədər maliyyə  tələb olunur, bu vəsaiti əldə etmisinizmi?

 - Ümumiyyətlə, 50  hektar ərazinin layihələndirici şirkət tərəfindən xərclər smetası  təqdim olunduqdan sonra rəqəmlər dəqiq  məlum olacaq. İlkin hesablamamıza görə, 50 hektar ərazinin tam müasir formada Yüksək Texnonogiyalar Parkının yaradılmasına təxminən 200 milyon manat vəsait lazımdır.  Lakin,  bu vəsaitin  tam olaraq  dövlət büdcəsindən maliyyələşdirilməsinə əsas görmürük.  Bizim  məqsədimiz Yüksək Texnologiyalar  Parkının gələcəkdə özü- özünü təmin edən bir quruma  çevrilməsinə nail olmaqdır.  Hazırda  potensial investorlarla bu istiqamətdə müvafiq danışıqlar aparırıq. Bunun üçün həmin investorlar üçün   3 əməkdaşlıq modeli hazırladıq.   Bu modellər texnologiya transferi üzrə əməkdaşlıq; vençur fondları bazarının yaradılması və infrastruktur fondları vasitəsi ilə kapital qoyuluşlarıdır.

 - YTP-nın  tikilməsi və istifadəyə uyğunlaşdırılması üçün hansı şirkətlərlə əməkdaşlıq edilir? 

-  Biz Parkın digər binalarının qurulmasına investorlar  cəlb etməyə çalışırıq. Qeyd edim ki, bu yöndə bir neçə şirkət və qurumlarla ilkin danışıqlardan biz artıq daha detallı danışıqlara keçmişik. Danışıqlar apardığmız şirkətlərin adlarını açıqlamaq tez olar, ancaq bildirmək istərdim  ki, biz artıq vençur  və  infrastruktur  fondlarının yaradılması  istiqamətində  müzakirələrə  də başlamışıq. Kapital goyuluşları üzrə  infrastrukturun qurulması üçün artıq Biznes modelimiz də hazırlanıb. İlkin hesablamamıza  görə , YTP-nın əmlakına  qoyulan investisiyalar  çox qısa zamanda geri dönəcək. Eyni zamanda  istehsal yönümlü innovativ texlogiyaların, yerli və xarici innovativ layihələrin Azərbaycanda inkişaf etdirilməsi  istiqamətində  də müəyyən işlərə başlanılıb və hazırda bu işlər davam edir.

 -Parkın yaradılması üçün xarici ölkələrin təcrübəsi öyrənildimi? 

-Bəli,  YTP-nın yaradılması və müasir standartlara uyğunlaşması üçün bir çox ölkələrin bu  sahədəki təcrübəsindən istifadə olunub.  20-dən çox Texnoparkın  iş  fəaliyyəti canlı izlənilib.  Fərqli Texnoparkların təcrübələri  yaxından incələnib.

-Xeberler.az-ın oxucularına maraqlıdır, ilkin olaraq hansı şirkətlərin YTP-da  yerləşdirilməsi nəzərdə tutulub?

- İnkişaf planımıza uyğun olaraq  ilkin mərhələdə kommersiya mərkəzində nisbətən kiçik şirkətlərin yerləşdirilməsi nəzərdə tutulub. Startaplar da həmin binada yerləşdirilə bilər.  Bundan başqa öz sərmayələri ilə rezident olmaq istəyən şirkətlər üçün də yerlər ayrılıb ki, onların özləri öz ofislərinin və ya istehsal ərazilərinin Yüksək Texnologiyalar Parkının rezidenti olaraq  qura bilsinlər.

- Pirallahı Texnoparkında nə qədər işçinin çalışacağı nəzərdə tutulub?

-  İlkin hesablamamıza görə,  bu ərazidə layihə tam fəaliyyətə başlayandan sonra 3 minə yaxın işçi çalışacaq.

- İndiki Biznes İnkubasiya Mərkəzindən fərqli olaraq  Pirallahı  Yüksək Texnologiyalar Parkında hansı yeniliklər olacaq? 

- Ümumiyyətlə gələcəkdə texnoparkda  robotexnika, mexanika, nanotexnologiyalar,  yeni enerji mənbələr istiqamətində, tibb sahəsi üzrə , müdafiə sənayesi və digər sahələr üzrə layihələrin həm nəzəri, həm də praktiki olaraq  yaradılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə bizə ünvanlanan layihələri dəyərləndiririk. 

- Xeberler.az olaraq bizə maraqlıdır ki, Pirallahı adasındakı texnoparkda çalışmağı seçən rezidentlərə hansı imkanlar yaradılacaq və onlar burada çalışmaqdan hansı müsbət nəticələr əldə edəcəklər?

- Texnoparkda prototipi olan layihələrin reallaşdırılması üçün  də müvafiq şərait yaradılacaq. Biz bu gün YTP-nın pilot layihəsi olan Biznes İnkubasiya Mərkəzində çalışan gənclərimizin layihələrində bu potensialı görürük.  Bundan başqa Pirallahı Yüksək Texnologiyalar  Parkının Tədris Mərkəzinin qurulması başa çatdıqdan sonra xarici  ixtisaslaşmış məktəblərdən nümayəndələr dəvət olunacaq, startuplara qısa müddətli kurslar təşkil ediləcək. Hazırda xarici məktəblərlə bu istiqamətdə müvafiq  danışıqlar aparılır. 

- Pirallahı adasına Bakıdan, mərkəzdən bir qədər uzaqda yerləşir. Orda çalışanların işə getməsi necə təmin ediləcək?

- Hər gün işçilər xüsusi servislər vasitəsi ilə işə aparılıb, gətiriləcək. Rezidentlər tərəfindən  ehtiyac olarsa  əlavə müqavilə əsasında qonaq evləri də tikilə bilər.

- Pirallahı Yüksək Texnologiyalar  Parkının  hazır olması nə vaxta planlaşdırılır?

- Layihə 5 illikdir. Bu işlər mərhələ-mərhələ həyata  keçiriləcək.  Artıq  bu il ərzində tikiləcək ilkin binaların təməli planlaşdırılır və bu binalar  gələn ilin sonu  və ya 2017-ci ilin ilk kvartalında istifadəyə veriləcək. Eyni zamanda öz sərmayəsi ilə gələn resident investorlar bu yaxınlarda Parkın rezidenti olmaq üçün təklifləri əsasında  tərəfimizdən dəvət olunacaqlar.

 

 Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə