Xeberler.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktor müavini İnarə Vəliyevanın "APA-Economics"ə olan müsahibəsini təqdim edir.
– Elektron imza şəxsiyyət vəsiqələrində nə zaman aktivləşdiriləcək? Bu xidmət üzrə xüsusi tariflər tətbiq olunacaqmı?
– Yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imzanın (e-imza) yazılması prosesi davam etdirilir. Bu günə kimi verilən bütün yeni nəsil şəxsiyyət vəsiqələri elektron imza ilə təmin olunub. Lakin hüquqi tənzimləmələrə görə, bu imzalar hələlik aktivləşdirilməyib. Hazırda müvafiq istiqamətdə qanunvericilik layihəsi hazırlanır.
Bununla belə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən elektron imzanın əlçatanlığının artırılması üçün alternativlər üzərində iş aparılır. Hədəfimiz ən son texnologiyalara əsaslanaraq rahat, əlverişli, eləcə də rəqabətədavamlı xidmət göstərməkdir.
– Yerli banklarla əməkdaşlıq çərçivəsində “Kapital Bank”la elektron imza sahəsində bir neçə il öncə əməkdaşlığa başlanıldı. Bank sektorunda əməkdaşlıqla bağlı tərəfdaşların sayı artırılıbmı?
– MHM-nin elektron imza üzrə bir sıra təşkilatlarla, o cümlədən banklarla uğurlu əməkdaşlıq təcrübəsi mövcuddur. Proses bundan sonra da davam etdiriləcək. İmza sertifikatının daha da təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində daima iş aparılır. Məlumat üçün bildirim ki, elektron imzanın üztanıma texnologiyasına əsaslanan yeni məhsulu mövcuddur. Bu məhsulla bağlı artıq bir neçə maliyyə təşkilatı ilə ilkin razılaşma əldə olunub, bir neçəsi ilə artıq əməkdaşlığa başlanılıb. Azərbaycandakı bir neçə bankla görüşlər keçirilib və deyə bilərəm ki, sadalanan bu banklar tərəfindən də məhsulumuza böyük maraq göstərilir.
Qeyd edim ki, üztanıma və “açıq açar” texnologiyasını özündə birləşdirən yeni məhsulumuza maraq çox yüksəkdir. Bu texnologiyadan istifadə edərək, elektron imza tələb olunan istənilən əməliyyatı məsafədən, onlayn formada aparmaq mümkündür. Biometrik texnologiyaya əsaslanan bu həll vasitəsilə aparılan bütün əməliyyatlar avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bu da istifadəçilərə operativlik qazandırır. Həllin təhlükəsiz, avtomatlaşdırılmış və operativ olması istifadəçilərlə yanaşı, xidmət təklif edən qurumlar üçün də böyük üstünlüklər yaradır. Belə ki, bu həll tərəfdaşlara öz xidmətlərinin inkişaf etdirilməsi üçün aşağıdakı imkanları verir:
- real vaxt rejimində müştərinin elektron imza sertifikatı əldə etməsi;
- məkandan və zamandan asılı olmadan xidmətdən istifadə;
- saxtakarlıq hallarının qarşısının alınması (şəxsin xəbəri və iştirakı olmadan onun adına əməliyyat aparılması mümkünsüzdür);
- sistemin istənilən cihaza inteqrasiyası;
- real vaxt rejimində məlumatların əldə edilməsi.
– E-imzanın transsərhəd əməliyyatlarında istifadəsi ilə bağlı bildiyimiz qədər Türkiyə ilə qarşılıqlı tanınma təmin olunub. Qeyd olunan istiqamət üzrə hansı digər dövlətlərlə əməkdaşlığa başlanılıb?
– Ölkəmizin rəqəmsal transformasiyasının təşviqi, beynəlxalq iqtisadi əlaqələrin əlçatanlığının artırılması üçün elektron imzaların sərhədlərarası tanınması istiqamətində intensiv iş aparılır. Bu prosesin genişləndirilməsi və daha əlçatan olması üçün Etibarlı Üçüncü Tərəf (EÜT) xidməti hazırlanır.
Belarus Respublikasının EÜT-i ilə Azərbaycan EÜT-in qarşılıqlı inteqrasiyası texniki baxımdan artıq icra edilib. Hazırda Türkiyə və Rusiya ilə bu istiqamətdə danışıqlar aparılır. İlkin razılaşmalar əldə olunan bəzi ölkələrlə qarşılıqlı sınaq testləri həyata keçirilir.
Qeyd edim ki, qısa zamanda EÜT xidmətinin veb-portalı da istifadəyə veriləcək.
– Bir çox ölkə artıq biometrik ödənişlər üzrə pilot layihələr icra edir. Bu sahədə nə kimi işlər nəzərdə tutulur?
– MHM tərəfindən davamlı olaraq beynəlxalq təcrübənin öyrənilərək ölkəyə gətirilməsi, rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və bu xidmətlərə əhalinin əlçatanlığının artırılması məqsədilə strateji layihələr, eləcə də ardıcıl işlər həyata keçirilməkdədir. Biometrik məlumatlar bu sahədə bizə geniş imkanlar açır və yeni texnologiyaların inkişafı “bioPOS” terminal (bioekvayrinq) funksionallığının tətbiqini əlçatan edir. Bu səbəbdən tərəfimizdən üztanıma texnologiyası vasitəsilə ödənişlərin edilməsi texnologiyası işlənib hazırlanır. Bununla da biometrik məlumatları bank kartına və ya hesaba bağlayıb kamera vasitəsilə üzünüzü skan edərək ödəniş həyata keçirə bilərsiniz. Bu xidmət müştərilərə daha tez ödəniş etməyə, xidmət sahələrinə isə xərclərini azaltmağa imkan verəcək.
Qeyd edim ki, müvafiq xidmətin gələn ilin ilk yarımilində təqdim olunması nəzərdə tutulub.
– Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təhlükəsizlik sertifikatlarının (SSL) verilməsi nə zaman təmin olunacaq? Bildiyimiz qədər, bununla bağlı Mərkəz “WebTrust Program for Certification Authorities” proqramı üzrə auditdən keçib.
– Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) funksiyası ölkədə fəaliyyət göstərən sertifikat xidmətləri mərkəzlərinə nəzarəti həyata keçirmək, onların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərdiyini, düzgün proqram təminatından istifadə etməsini və s. yoxlamaqdan ibarətdir. Bu baxımdan, MSXM təhlükəsizlik sertifikatlarının (SSL) verilməsi hüququna sahibdir. Lakin bu sertifikatların verilməsi üçün vahid prosedur mövcud olmalıdır, normalar müəyyən edilməlidir. Mərkəz tərəfindən bu istiqamətdə işlər aparılır, bir sıra beynəlxalq şirkətlərin təcrübəsi öyrənilir.
Rəqəmsal transformasiya fonunda e-imzalara olan marağın daha da artacağı gözlənilir. Əlbəttə ki, belə olan halda təhlükəsizlik məsələləri də aktuallaşacaq. Hesab edirəm ki, təhlükəsizlik sertifikatlarının (SSL) verilməsi ilə bağlı yaxın zamanlarda müsbət nəticələr əldə olunacaq.
– IMEI kodların qeydiyyat sistemi üzrə nə kimi yeniliklərin tətbiq olunacağı gözlənilir?
– Yaxın zamanlarda surəti köçürülmüş cihazlarla mübarizə sahəsində işlərə başlanılması planlaşdırılır. Bu, ilk növbədə mobil cihaz istifadəçiləri üçün önəmli məsələdir. Nəzərinizə çatdırmaq istərdim ki, IMEI surəti köçürülən mobil cihazlar kiberhücumlara qarşı daha həssas olur. Eləcə də bu yolla vətəndaşlara orijinal adı ilə saxta telefonların satılması da mümkündür.
Hazırda biz Mobil Cihazların Qeydiyyat Sisteminin (MCQS) ümumi yenilənmə planını hazırlayırıq. Sistem üzrə onlayn xidmətin təkmilləşdirilməsi nəzərdə tutulub. Bu təkmilləşdirmədən sonra onlayn qeydiyyat daha rahat və əlçatan olacaq. Digər təkmilləşdirmə işləri xarici ölkə vətəndaşlarına qeydiyyat üçün nəzərdə tutulmuş vaxt proseduru ilə əlaqədardır.
MCQS-lə bağlı daha bir yenilik Naxçıvan Muxtar Respublikasının bu sistemə inteqrasiyası ilə əlaqədardır. Qeyd edim ki, inteqrasiya üzrə işlər yekunlaşmaq üzrədir.
– IMEI kodların klonlaşdırılmasının qarşısını almaq məqsədilə, bildiyim qədər, Türkiyənin təcrübəsi öyrənilirdi. Bununla bağlı son bir ildə hansı addımlar atılıb?
– IMEI kodlarının surətinin köçürülməsinin qarşısının alınması ilə bağlı bir neçə istiqamətdə iş aparılır. Qeyd etdiyiniz kimi, bununla əlaqədar dünya təcrübəsi, o cümlədən qardaş Türkiyə Respublikasının təcrübəsi öyrənilib. Bizim texniki heyətlə Türkiyənin texniki heyətinin təklif etdiyi metodlar, kiçik fərqləri nəzərə almasaq, eynidir. Əsas fərqlər iki ölkənin qanunlarından qaynaqlanır. IMEI kodlarının surətinin köçürülməsinə qarşı mübarizənin aparılması üçün bizdə də bəzi hüquqi tənzimləmələrə ehtiyac var. Hazırda bununla bağlı təkliflər hazırlanır.
– Elektron ödənişlər sahəsində “SmartPay” üzərindən təmassız ödənişlərin tətbiqi nəzərdə tutulurmu?
– “SmartPay” ödəniş təminatçılarına NFC ödənişlərini yerinə yetirmək imkanı verir. Yəni sistem üzərindən təmassız ödənişlər etmək texniki baxımdan mümkündür və ödəniş təminatçısının istəyindən asılı olaraq elektron xidmətə inteqrasiya edilə bilər. Artıq bir neçə tərəfdaş üçün NFC xidməti reallaşdırılıb.
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, ödənişlərin əlçatanlıq səviyyəsini yüksəltmək üçün “SmartPay” ödəmə sisteminin mobil versiyası da istifadəyə verilib. “Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri “Play Store”da “SmartPay Wallet” yazıb axtarış etməklə tətbiqi mobil qurğularına yükləyib ödənişlərini edə bilərlər.
Məlumat üçün bildirim ki, “SmartPay” 400-ə qədər ödəniş təminatçısını özündə birləşdirir. Azərbaycanın bütün ərazisini əhatə edən bu xidmət vasitəsilə 1500-ə yaxın poçt şöbəsindən və “Azərpoçt” terminallarından ödəniş etmək mümkündür.
Vətəndaşlar ödəniş sisteminin xidmətindən istifadə etməklə dövlət qurumu, sığorta, bank, kommunal, TV, internet provayderləri və digər istiqamətlərdə olan xidmətlər üzrə ödənişlərini həyata keçirə bilərlər.
– Bildiyimiz kimi, Şamaxıda ictimai nəqliyyatda bank kartları ilə gediş haqlarının ödənişi tətbiq olundu. Bu layihənin paytaxtda da tətbiqi gözlənilirmi?
– Ötən il MHM-nin texniki operatorluğu ilə Şamaxı şəhərində sərnişindaşımada nağdsız ödənişlərlə bağlı ən son yeniliklərin tətbiq olunduğu pilot layihəyə başlanıldı. Bu layihə çərçivəsində Şamaxı şəhərində bir neçə avtobusda təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem quraşdırıldı. Geniş imkanlara malik sistem NFC texnologiyası, QR kodla ödəmə, sosial kateqoriyalar üzrə xüsusi endirim, ödənişlərə real vaxt rejimində nəzarət kimi funksionallıqları özündə birləşdirir.
Sualınıza gəlincə, bildirmək istəyirəm ki, aidiyyəti təşkilatlardan paytaxtda bu sistemin qurulması ilə bağlı istək olarsa, biz texniki təminat işini həyata keçirməyə hazırıq.
Bundan əlavə, qeyd etmək istəyirəm ki, bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalandı. Fərmana görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “AYNA” informasiya sisteminin yaradılmasını da təmin edəcək və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İT qurumu olaraq MHM “AYNA” informasiya sisteminin yaradılması, həmçinin inteqrasiyası məsələlərində üzərinə düşən işi icra etməyə qadirdir. Bu sistem avtomobil nəqliyyatı sahəsində sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və innovativ həllərin tətbiqinin genişləndirilməsinə imkan verəcək, eləcə də avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri