Yeni vergi islahatları ölkədə elektron ticarətin inkişafına necə təsir göstərəcək?

15-08-2016 / 10:13

Məlumat verdiyimiz kimi, bir neçə gün öncə ölkə başçısı cari ildə həyata keçirilməsi nəzərdə tutulan vergi islahatları ilə bağlı əhəmiyyətli bir sərəncam imzaladı.

Belə ki, son günlər sərəncamın icrası ilə bağlı  Vergilər Nazirliyinin ciddi aktivliyi müşahidə olunur.

Buna baxmayaraq  bəzən müzakirələrin tam fərqli istiqamətdə getdiyi müşahidə olunur. Daha çox elektron ticarətin, rəqəmsal iqtisadiyyatın  vergiyə cəlbi istiqamətində müzakirələr nəzərə çarpır. Hansı ki hələlik ortada bu sahənin yetərli bir inkişafı gözə dəymir.

Bu yaxınlarda isə  prezidentin sərancamının icrası ilə bağlı Vergilər Nazirliyində  keçirilən iclasda qeyd edildi ki, Azərbaycanda rəqəmsal ticarətin vergiyə cəlb olunması və transfert qiymətləri ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi məsələsi 3 ay müddətinə öz həllini tapacaq”. Yəni, artıq bütün rəqəmsal xidmətlərə görə müəyyən vergi faizi tətbiq olunacaq.

Qeyd edək ki, bu yaxınlarda  Türkiyə Böyük Millət Məclisinə təqdim edilən yeni qanun layihəsində bu məsələ öz əksini tapıb.

Belə ki, artıq qonşu ölkədə Twitter, Instagram, Facebook, YouTube kimi sosial media platformalarından məhsul təqdimatı  və yaxud reklamlara  görə qazanc əldə edən şəxslərdən vergi alınacaq. Artıq bu xidmətlərlə bağlı vergi faizi də müəyyən edilib.

Xeberler.az olaraq son vaxtlar ölkədə vergidə ediləcək yeniliklərin nəyə işarə  olunduğunu dəqiqləşdirməyə çalışdıq.

Ümumiyyətlə,  həmişə ekspertlər qeyd edir ki, Azərbaycanda vergi faizləri çox yüksəkdir. Əslində bu günə qədər mütəxəssislər vergi faizlərinin sadələşdirilməsinin vacibliyini vurğulayır.

Xüsusən də kiçik biznes şirkətləri, gənc sahibkarlar üçün vergilərin daha yumşaq tətbiq edilməsi məsələsi gündəmdədir.

Belə olan məqamda maraqlıdır ki, gözlənilən vergi islahatlarında nələri nəzərdə tutulur? Rəqəmsal xidmətlərin vergiyə cəlb edilməsi necə həyata keçiriləcək? Bunun ölkəmizin inkişafı, gəlirlərinin artmasına hansı formada təsiri olacaq?

Məsələ ilə bağlı İT mütəxəssis, rəqəmsal xidmətlərlə məşğul olan  şəxslərlə söhbət etdik.

Biznesin İnkişafı üzrə mütəxəssis Nicat Manafov deyir ki, bu sahədə ümumi  xidmət sahəsinin hamısı vergiyə cəlb olunacaq. Yəni, internet üzərindən  alınan və satılan bütün xidmətlərə görə fiziki və hüquqi şəxslər vegi ödəyəcək:

“Məsələn, siz internet üzərindən onlayn kurslar təşkil edirsiniz və yaxud da SMM xidmətləri təqdim edirsiniz. Bu rəqəmsal xidmətlər elektron vergiyə cəlb olunacaq. Yəni, sizin bu fəaliyyətiniz aşkarlanacaq. Vergi ödəyib- ödəmədiyiniz aydınlaşdırılacaq. Əgər bu xidmətlərə görə vergi ödəməsiniz, cəzalandırlacaqsınız”.

Nicat Manafovun sözlərinə görə,  bunun üçün xüsusi mütəxəssislər cəlb olunacaq ki, rəqəmsal dünyada fəaliyyət göstərib, pul qazanan şəxsləri və şirkətləri aşkarlaya bilsin:

“Yəni, bir növ vergi yoxlaması səyyar formada həyata keçiriləcək.  İnternet üzərindən müştəriyə satılan mala faktura kəsilməyibsə, bu məsələ araşdırılacaq”.

Mütəxəssis xatırladır ki, bir çox dünya ölkəsində artıq bu təcrübə var:

“Xaricdən hostinq xidməti alanda vergi ödəyirik.  Google-dan hər hansı cloud servis xidməti alanda da vergi  veririk. Bu xidmətləri aldığınız saytlarda sizə məhsulun qiymətdən əlavə verginin qiymətini də göstərir. Bir çox xarici ölkədə artıq bu sistem formalaşıb”.

Nicat Manafov qeyd edir ki, bu fəaliyyətin həyata keçirilməsi üçün üçün vergi qanunlarına əlavələr edilməlidir:

“Bu gün e-ticarətlə məşğul olan şəxslər onsuzda vergiyə cəlb edilir. Onlara qanunvericilikdə nəzərdə tutulduğu qaydada ƏDV tətbiq edilir. Əgər sadələşdirilmiş vergi ödəyicisidirsə, ümumi dövriyyədən müvafiq uyğun gələn faiz tutulur. Amma rəqəmsal xidmətlərlə bağlı ƏDV qəbul edilməyib. Yəni, rəqəmsal ticarətdəki fəaliyyətlərlə bağlı vahid vergi faizi müəyyən edilməyib. Çünki ƏDV-də rəqəmsal xidmətlərlə bağlı bənd yoxdur. Azərbaycanın vergi qanunları köhnə olduğu və bu sahənin də yeni olduğu üçün belə qaydalar vergi qanununa əlavə edilməyib”.

Onun sözlərinə görə, hazırda tətbiq, proqram hazırlayıb, internet üzərindən  bu məhsullarını satanlar da vergi ödəmir:

“Bir çox şəxslər var ki, məsələn, oyun şirkəti qurur və məshulunu App Store-da satır.  Onlar buna görə vegi ödəmir. Amma əslində bunlara görə də elektron komissiyalar tətbiq edilməli, ödəmələr olmalıdır. Bu da ƏDV-yə əlavə olunacaq yeni bəndlərdə öz əksini tapa bilər”.

Elektron Ticarət İcmasının  (ETİ)  rəhbəri Rəşad  Camal isə deyir ki, istənilən halda Azərbaycan Respublikası sərhədləri daxilində  fəaliyyət göstərən, biznes üzərindən pul qazanan fiziki və ya hüquqi şəxslər vergi verməlidir.

O hesab edir ki, ümumiyyətlə, vergi məsələləri üçün mütləq bir hesablanma mexanizmi olmalıdır:

“Əslində bizdə vergilər dünya ilə müqayisədə çox aşağıdır. Məsələn, digər Avropa ölkələrinin təcrübəsinə baxanda ƏDV-nin 18 faiz olması, bizdə isə daha az olmasını müşahidə edirik. Amma biz hələ də qeyri-nağd ödənişlərdə  vergi faizlərinin bir az yumşaldılmasının təşviqatını aparmaq istəyirik. Vergilər Nazirliyinin rəsmisi də qeyd edib ki, e-ticarətdə ƏDV 9 faizə qədər endiriləcək. Məncə, qeyri-nağd ödənişlərdə 9 faiz yenə çox böyük rəqəmdir. Dünyada belə təcrübə var: az vergi faizi  və çox vergi toplamaq, çox vergi faizi, az vergi toplamaq. Yəni, vergi nə qədər çox olacaqsa, sahibkar ondan qaçmağın yollarını axtaracaq. Məlumdur ki, indi də böhran davam edir. Ona görə də vergi nə qədər az olarsa, dövlətin vergi toplaması bir o qədər də artacaq”.

Rəşad Camal hesab edir ki, şirkət və pul qazanan hər hansı şəxs  hansı ölkədə fəaliyyət göstərirsə, mütləq həmin dövlətə vergi ödəməlidir:

“Buna misal olaraq Amazon və eBay-ı göstərmək olar. Məsələn, siz Londonda yaşayıb Amazon-dan bir məhsul alıb-satırsınısa, bunun üçün bir cür vergi ödəyirsiniz, Yaponiyadan bunu edirsənsə, bir başqa formada vergi verirsiniz. Oradan məhsul alanda qiymətdən əlavə ekstra vergi faiz göstərir. Hər iki halda vergi ödənilməlidir. Yəni, rəqəmsal xidmətlərlə bağlı da vergi ödənilməlidir. Əgər internet üzərindən hər hansı fəaliyyətə görə gəlir götürürsünüzsə, bunun üçün vergi verilməlidir”.

Şirkət rəhbəri məsələnin başqa tərəfini diqqətə çəkir. Qeyd edir ki, internet üzərindən pul qazanan şirkətlərin və şəxslərin dövlətə vergi ödəməsi məcburidir. Amma dövlət kiçik şirkətlərin, gənc sahibkarların inkişafı üçün nə edir?:

“Biz dövlətə vergi veririk. Amma dövlət şirkətin inkişafı üçün hansı dəstəyi verir?  Ənənəvi biznes metodu çoxdan var. Bu məsələ başqa. Bu sahə ilə məşğul olan  yeni startapçılar, e-ticarətçilər fəaliyyətə başlayır.  Onların ən böyünün heç  4-5 yaşı  yoxdur. Bu qədər az yaşı olan şirkətə birdən-birə vergi yoxlamaları, vergi  faizləri tətbiq etmək , sərt qərarlarla onları sıxmaq düzgün deyil. Bu, onları qorxuda bilər və fəaliyyətlərini dayandırmalarına gətirib çıxara bilər. Çünki bunlar 30 ilin şirkəti deyil ki, belə məqamlarda  həll yolları axtarıb tapsınlar. Elə bil ki, balaca bir uşaqdır. Bir problem yaranır. Biri var o problemə 50 yaşlı insanın münasibəti, bir də 3-4 yaşlı  uşağın münasibəti. Yəni, 4 yaşlı uşağın üstünə qışqıranda başlayır ağlamağa. Onun kimi balaca bir  şirkət sahibinə zəng vurub, vergi işləri maraqlananda belə onun telefonun o biri başında ürəyi gedir.  Ona görə də biz razıyıq- dövlətə vergi veməliyik. Amma dövlət də bizim kimi kiçik şirkətlərin inkişafına güzəştli şərtlərlə dəstək versə, daha uyğun olar. Məsələn, bunun üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir. Bu fond dövlətin bu sahədə çox uğurlu bir stratergiyasıdır. Fond bu qədər startapa, texnologiya yönümlügənc sahibkarlara kömək edir. Amma bu, hələ İKT –nin inkişafı üçün kiçik addımdır. Düşünürəm ki, texnologiyaya ayrılan vəsait dövlətimizin gözəlləşməsinə, yollarının düzəldilməsinə ayrılan digər sahələrdəki qədər olmalıdır. Ölkəmizin beynəlxalq idman yarışları ilə dünyada tanınması çox yaxşı haldır. Əminəm ki, dövlət texnologiyaya da milyonlar ayırsa, o tursitlərin gətirdiyi  qazancdan on dəfə, yüz dəfələrlə çox böyük qazanc əldə edəcək”.

Rəşad Camal deyir ki, son günlər Vergilər Nazirliyinin mesajlarının sosial mediada mənfi qarşılanması ilə razı deyil. O hesab edir ki, pul qazanan insan vergi ödəməyə borcludur. Xərcləri qarşılamaq istəməmək kökündən yalnışdır.

Onun sözlərinə görə, pul qazana bilməyən və az qazananlar vergi veməkdə çətinlik çəkəcək. Rəşad Camal ona görə də bu məsələdə qanunların yumşaldılamasını təklif edir:

“Yaxşı olar ki, Azərbaycanda qeyri-nağd ödənişlərdə ( e-ticarət, rəqəmsal xidmətlə və s.)  ən azı 5 il ərzində ƏDV tutulmasın və yaxud da ƏDV minuma qədər endirlisin. Mənfəət vergisi də 20 %-dən 10 -na  qədər endirlisn. Dünyanın bir çox ölkəsində bu təcrübə var. Belə bir qərarın qəbul edilməsi ilə Azərbaycan dünyaya özünü yalnız bir idman ölkəsi yox, eyni zamanda bir startap eksosistemi olan ölkə kimi tanıda biləcək. Türkiyədə 50 mindən çox startap var. Bəzən vergi faizləri aşağı olduğu üçün müxtəlif ölkələrdən gəlib sizin ölkədə startaplarını, şirkətlərini quranlar var. Dünya ölkələrindən qonşu ölkələrə yüzlərlə startapçılar gəlir, öz şirkətlərini orada qurur. Bizdə də vergi məsələsi sadələşdirilsə, yüzlərlə startaplar ofislərini Azərbaycana köçürəcək. Bu da ölkəmizin ekosisteminə müsbət təsir edəcək. Çünki həmin şirkətlər bizim dövlətə vergi verəcək. Sığorta şirkəti inkişaf edəcək. Kiçik bir şirkətin açılması ekosistemə müsbət təsir edəcək. İcarə, dövlətə vergi vergi məsələsi ilə Azərbaycana gəlir gətirəcək. Həmçinin ölkə vətəndaşlarımız da həmin şirkətlərdə işə düzələcək. Ona görə də qeyri-nağd ödənişlərdə ƏDV-ni sıfıra endirsələr, bu, ölkəmizdə turizimdən də qat-qat çox pul gətirər”.

Rəşad Camal  prezidentin son çıxışlarını nəzərə alaraq bu sahədə hələlik çox pozitiv düşündüyünü deyir:

“Hələlik məsələyə pozitiv yanaşıram. Bilirəm ki, dövlət bunun üzərində  ciddi işləyir. Prezident də vurğuladığı kimi artıq neft dövrü bitdi. Dövlətin investisiya etdiyi əsas sektorlar qeyri-neft - texnologiya, kənd təsərrüfatı kimi sahələr olacaq. Bundan əlavə, hazırda minlərlə gənc var ki, bu ekosistemin inkişafı üçün  töhfə verə bilər. Əminəm ki, hazırda xaricdə milyonlarla investisiya almış həmyerlilərimizdən   on dəfə güclü potensiala sahib gənclər  hələ ölkədədir. Vergi güzəştləri, İKT-nin inkişafı üçün atılacaq addımlar gənclərin ölkəyə investisiya gətirməsinə şərait yaracaq”.

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz məsələyə münasibət bildirərkən deyib ki, vergi islahatlarının aparılması özlüyündə müsbət bir tendensiyadır. O bildirib ki,  əgər söhbət elektron ticarətdən, internet biznesdən gedirsə , ilk öncə ölkədə bu sektorun inkişafı məsələsini gündəmə gətirmək lazımdır.

Onun sözlərinə görə, bundan sonra isə  bu sahənin vergiyə cəlb edilməsindən danışmaq olar və bu məqsədlə də  təbbi ki , beynəlxalq təcrübədən yararlanmaq lazımdır:

“ Beynəlxalq praktikada olduğu kimi elektron ticarətin bir müddət tam olaraq və ya qismən vergilərdən azad olunması məsələsinə baxıla bilər. İlk öncə ölkədə bu sahənin inkişafı üçün vergilərdən tam və ya qismən azad olan bir mühit formalaşdırılmalıdır, Bunun üçün  bəlli bir müddət, məsələn 4-5 il vaxt ayrıla bilər. Məsələn, Amerikada elektron ticarət yeni inkişaf etməyə başlayan dövrlərdə  elektron yolla  satışdan vergini götürəndən sonra növbəti ildə elektron ticarət dövriyyəsi oflayn ticarətə nisbətən 5 dəfə artıb”.

O hesab edir ki, onlayn mühitdəki biznes üçün əlavə güzəştlər nəzərdə tutulmalıdır:

“Əksər inkişaf etmiş ölkələrdə məhz bu təcrübədən istifadə edilib.Təsəvvür edin ki, məsələn, Qazaxıstanda  hazırda onlayn biznesdə illik dövriyyə  bir milyard dollardır, Ölkələr var ki, orda adi bir onlayn biznes şirkətinin illik dövriyyəsi bizim ölkənin büdcəsi qədərdir. Bizdə isə elektron ticarətin illik dövriyyəsi hazırda təxminən 10 - 15 milyon manatdır ki, bunun da vergi yükünün artırılmasını müzakirəyə çıxarmaq doğru yanaşma olmazdı. Düşünürəm ki, indiki məqamda biz daha çox bu sektorun inkişafına yönələn kompleks tədbirlərin hazırlanması, bütövlükdə infrastrukturun inkişafı, bəlkə də bu sahədə  dövlət proqramının qəbul edilməsi üzərində işləməliyik, nəinki vergiyə cəlb edilmək istiqamətində…”.

Ekspert vurğulayır ki, internet biznes mühitinin, internet mağazalarımızın, elektron ticarətin inkişafına, populyarlaşmasına yönələn addımlar atılmalıdır:

“İlk öncə qanunvericilik tamamilə yenidən işlənməlidir.Qonşu ölkələrdə də, elə bizdə də  10-15 il öncə, genişzolaqlı İnternet hələ yenicə ayaq açanda  elektron ticarətlə bağlı qanun qəbul edilib. Qonşu ölkələr artıq bu sahədəki qanunlarını tam yeniləyiblər. Bu ölkələrdə internet mağazaların rəqabətə tab gətirməsi üçün internet vasitəsilə satışdan əldə olunan gəlirlərin  ƏDV-dən azad olunmasını müzakirəyə çıxarıblar. Bizdə isə 2005-ci ildə  quş qoymaq üçün qəbul edilən, indiyədək bir maddəsindən də istifadə edilməyən bu elektron ticarətlə bağlı qanun  hələ də dəyişməyib, baxmayaraq ki mühit tamamilə dəyişib. Təsəvvür edin ki, həmin dövrdə elektron ticarətin qurulacağı platformada 1 mb/s  internetin qiyməti 4- 5 min manat idi. İndi ölkəmizdə elektron ticarətin inkişafı üçün zəruri şərt olan auditoriya, yetərli internet istifadəçiləri olsa da, faktiki bazar zəifdir”.

Osman Gündüz deyir ki, Azərbaycana Bank sistemində də islahatlar lazımdır ki,  mobil və elektron ticarətin  inkişafı sürətlənsin:

“Mobil ticarətin, mobil ödəniş sistemlərinin  inkişafına dəstək verilməlidir. Əgər mobil operatorlar  SMS-ödənişlərlərlə xidmət göstərmək istəyən  şirkətlərə olan  hər bir ödənişinin 50%-ni dərhal tələb edirlərsə hansı inkişafdan söhbət gedə bilər?!.  Hələ də mobil telefonla ödəniş problemi həllini tapmayıb. Mobil operatorda hər birimizin hesabımız var. Bu hesabdan ödənişlər həyata keçirilə bilər . Kiçik, mikro ödənişləri biz nə üçün buradan edə bilmərik?.  Bank sisteminin konservatorluğu ucbatından bütün bunlar, birbaşa mobil telefon aparatı ilə ödəmələr də hələ öz həllini tapmayıb”.

Osman Gündüz hesab edir ki, bizim şirkətlərin Aliexpress, Amazon , eBay və digər bu kimi onlayn mağazalarda rahat satış edə bilməsi üçün, yerli startaplarımızın, innovativ qurumlarımızın  regional və qlobal bazara çıxması üçün hökumət ciddi addımlar atmalıdır.

Osman Gündüz  ticarətin elektron müstəviyə keçməsini, ödənişlərin internet üzərindən edilməsini şəffaflıq və və dövlət nəzarəti baxımından da daha üstün olduğunu bildirir. Oflayn biznesdə vergidən yayınma üçün daha çox imkanların olduğunu diqqətə çatdıran ekspert  elektron ticarət sahəsində normal satistika sisteminin yaradılmasını tələb edir:

“Heç kim bilmir ki, Aliexpress , Amazon, eBay-ın Azərbaycan üzrə dövriyyələri nə qədərdir, bizdəki elektron ticarətin sahələr üzrə illik dövriyyəsi nə qədərdir, ümumi dövriyyənin neçə faizdir?. Azərbaycanın internet reklam xidmətlər bazarının həcmi nə qədərdir?. Şirkətlər sosial mediada reklam üçün nə qədər xərcləyirlər?. Neçə faiz büdcə internetdə reklama sərf olunur?".

Ekspert bildirir ki, hər il Azərbaycan internet istifadəçiləri internetdə alış -veriş üçün, müxtəlif xidmətlər üçün milyonlarla vəsait xərcləyir.

“Statistika olmalıdır ki Azərbaycan istifadəçisi internetdə nə qədər pul xərcləyib və onun neçə fazi Amazon, eBay, Alibaba -nın payına düşür?.  Nə qədəri milli internet  mağazalarımızn payındadır?. Google-də, Facebook-da reklam xidmətlərinin bazarı, nağdsız ödənişlərin faizi, plastik kartla ödənişlər, SMS ödənişlər, elektron pulla ödənişlər nə qədərdir?. Hökumət bu istiqamətdə ciddi statistika sistemi formalaşdırmalıdır və bunu açıqlamalıdır. Dövriyyə, tranzaksiyalar, internet-reklamın həcmi və s. Bu cür statistika həm elektron ticarət qurmaq istəyən  yerli sahibkarlar üçün, xüsusilə də bu sahəyə investisiya yatırmaq istəyən  xarici investorlar üçün olduqca əhəmiyyətli bir faktordurr”.

Forum prezidenti hesab edir ki, Azərbaycanın elektron ticarət bazarı bir infrastruktur olaraq tam formalaşmayıb:

“Təcrübə göstərir ki, milli internet seqmentimizdə biznes qurmaq üçün yaradılan qurumların, saytların xeyli hissəsi  2-3 ildən sonra yox olur. Burada problem normal biznes-kontent məsələsində deyil, həm də, ümumiyyətlə, Azərbaycan internetində kommersiya , pul qazanmaq imkanlarının yetərincə inkişaf etməməsidir. Yəni,  internet biznes qurumu mühitin problemləri ucbatından da  pul qazana bilmir. Bunun səbəbləri öyrənilməlidir. Hələ də PayPal ödəniş sisteminin Azərbaycanda tam fəaliyyətini təmin etmək mümkün olmayıb. Onlayn fomada alınan malların effektiv çatdırılma – daşıma  mexanizmləri yaradılmalıdır. Dron nə olduğunu bilməyən Azərpoçt tamamilə yenidən qurulmalıdır”.

Osman Gündüz deyir ki, ölkə başçısının fərmanı ilə qəbul edilən vergi islahatları ilə bağlı sənəddə elektron hesab –fakturanın nəzərdə tutulması çox yaxşı  haldır.

O hesab edir ki, elektron hesab-faktura elektron ticarətin inkişafına ciddi təkan verə bilər. 

Ekspert vurğulayır ki,  əslində Vergilər Nazirliyi təbii olaraq daha çox vergi toplamağa imkan verən mühitin formalaşdırılmasına istiqamətlənən bir qurumdur. O hesab edir ki, Vergilər Nazirliyinin digər aidiyyatı qurumlarla birgə cari ildə elektron ticarət, internet biznes sahəsinin inkişafı və bu sahədə vergi islahatları ilə bağlı maraqlı tərəflərin iştirakı ilə geniş müzakirələr təşkil etməsi faydalı olardı.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə