İlk Avropa Oyunlarının qalibi telekommunikasiya, İnternet və sosial media oldu

07-07-2015 / 13:48

İlk Avropa Oyunları  başa çatsa da onunla bağlı müzakirələr hələ davam edir. Oyunlar keçirilən ərəfədə Azərbaycan telekommunikasiya və İnternet sektorunda, İnternet mediada və sosial mediada  nə kimi proseslərin getdiyini öyrənmək üçün Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə danışdıq.

-Osman müəllim, Oyunların telekommunikasiya və İnternet  təminatını necə dəyərləndirirsiniz ? Hər hansı problemlər oldumu ?

-Fikrimcə, texnoloji  təminat yüksək səviyyədə idi. Həm də İlk Avropa Oyunlarının telekommunikasiya, İnternet və mobil rabitə xidmətləri, televiziya yayımı, informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsində başlıca səbəbi dövlət və özəl sektorun əməkdaşlığının, eyni zamanda beynəlxaq əməkdaşlığın yetərli olmasında  görürəm.

Bu prosesdə BAOƏK-in beynəlxalq və yerli əməkdaşlardan ibarət komandası ilə bərabər RYTN,  BTRİB, DRİ, Aztelekom, Azərkosmos, mobil operatorlar - Azercell, Bakcell, Azerfon,  DeltaTelecom, Eurodesign şirkətləri yüksək fəallıq və peşəkarlıq göstərdilər.

Bu arada İT ictimaiyyətə daha az tanınan Eurodesign qurumunun nəhəng bir yarışmanın telekommunikasiya və İT təminatını yüksək səviyyədə yerinə yetirməsi də diqqət çəkən məqamlardandır. Qurum beynəlxaq mütəxəssisləri də cəlb etməklə böyük bir komanda ilə bütün oyun məkanlarında İKT infrastrukturunun dayanıqlı və effektiv fəaliyyətini təmin  edə bildi.
Dövlət və özəl sektorun əməkdaşlığı yaxşı mənada özünü göstərdi. Gələcək beynəlxalq səviyyəli tədbirlərdə bu əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər aparılması, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu əməkdaşlığı davam etdirməsi və özəl sektor üçün daha münbit bir şəraitin yaradılması arzuolunandır. 

-Xeberler.az-ın oxucularına maraqlıdır, kifayət qədər geniş həcmli, lakin bir-biri ilə əlaqəli işlərin müxtəlif qurumlar arasında bölünməsi özünü necə göstərdi ?

-Xatırlayıram ki, “Eurovision” yarışları bitdikdən sonra İKT infrastrukturunun yarışma zamanı özünü necə göstərməsi, problemləri və s. haqda yazı hazırlamışdıqBu yazıda  Eurovision zamanı baş verən problemlər (rəsmi saytın işləməməsi, əlaqəli saytların da dayanması, yayımda baş verən problemlər, mobil rabitə problemi və s.) əsasən məsuliyyətin düzgün müəyyən olunmaması ilə bağlı idi.
Avropa Oyunlarında diqqət çəkən məqam telekommunikasiyanın, İnternet infrastrukturunun qurulması üçün konkret sahələrin və ona uyğun məsuliyyətin bir neçə yerli qurum arasında bölüşdürülməsi idi.
Eurovision müsabiqəsində olduğu kimi İnternet də, sayt da, təhlükəsizlik də bir quruma tapşırılmamışdı.
Fikrimcə, konkret sahəyə konkret məsul şəxs və ya qurum ayırmaq düzgün yanaşmadır.
Əlbəttə, bütün bu proseslərə Təşkilat Komitəsinin  düzgün koordinasiya və effektiv nəzarət mexanizmlərinin qurulması da  öz sözünü deyib.
Eyni zamanda, vaxtında profilaktik işlərin, güclü monitorinq sisteminin qurulması da öz təsirini göstərdi.  RYTN-nin infrastrukturda və otellərdə İnternet təminatı ilə bağlı apardığı monitorinqlər, Delta Telecom-un İnternet və  təhlükəsizliklə bağlı monitorinqləri, Təşkilat Komitəsinin, Eurodesign qurumunun telekommunikasiya və İT problemləri ilə bağlı qabaqlayıcı stimulyasiya tədbirləri əvvəlcədən problemləri müəyyən etməyə və zamanında tədbirlər görməyə imkan verdi.

-Bəs  İlk Avropa Oyunları zamanı informasiya təhlükəsizliyi ilə bağlı məsələlər özünü necə göstərdi? Hansı boşluqlar var idi? Müasir texnologiyalardan istifadə hansı səviyyədə idi?

-Bütün bu tip beynəlxalq tədbirlərdə həm əsas İnternet resursa, həm də əlaqəli saytlara hücumlar qaçılmaz olur. Bunu nəzərə alan təşkilatçılar hücumların qarşısını almaq üçün də beynəlxaq qurumlarla birgə ciddi təhlükəsizlik tədbirləri görmüşdü.

Bir daha vurğulamaq istərdim ki , Eurovision müsabiqəsi keçirilən zaman rəsmi saytda ciddi problemlər oldu. Bir neçə dəfə saytın fəaliyyətində çətinliklər yarandı. Eyni zamanda, həmin ərəfədə mobil operatorların fəaliyyətində problemlər müşahidə olunurdu. Həmçinin, yayımla bağlı televiziyaların ciddi problemləri ortaya çıxdı. Bir sözlə, həmin dövrdə Azərbaycan təhlükəsizliklə bağlı müəyyən  problemlərlə qarşılaşmışdı. Bütün bunların Avropa Oyunlarında olmamasının əsas səbəbi informasiya təhlükəsizliyi, kiberhücumlarla bağlı önləyici tədbirlərin görülməsi oldu. Delta Telekom şirkəti beynəlxalq qurumlarla işbirliyi həyata keçirirdi və Azərbaycana olunan kiberhücumların bir qisminin  qarşısı elə əvvəlcədən, ölkəyə daxil olmadan alınırdı.
Yeri gəlmişkən qeyd edim ki, ilk Avropa Oyunlarının rəsmi saytı ilə bağlı işlər də tam ayrı bir quruma tapşırılmışdı. Burada  BULUD texnologiyasından effektiv istifadə edilmişdi. Saytın video, audio, kontent imkanları zəngin idi və yenilənməsi də olduqca sürətli idi. Həmçinin, elektron bilet satışı da rəsmi veb sayt üzərindən aparılırdı. Və bilet alışı zamanı heç bir yükləmə, donma halı baş vermədi. 

-Oyunlarla bağlı sizin bir neçə dəfə toxunduğunuz məsələ həm də nəqliyyatın intellektual idarəetmə sistemi ilə bağlı olub. Bu informasiya sisteminin fəaliyyəti sizi qane edibmi ?

-Xeyr, fikrimcə, nəqliyyatın işi intellektual formada deyil, ənənəvi üsullarla tənzimləndi. Daha açıq desək,  problemlərin həllində, texnoloji məsələlərə, mövcud informasiya sisteminin çevikliyinə, texnologiyalardan istifadəyə diqqət yetirilmədi.

Düşünürəm ki, bu proses zamanı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) özünü təşkilatlanmış formada göstərə bilmədi. Nəqliyyat axını, yollarda olan hərəkət, nəqliyyatın tənzimlənməsi NİİM tərəfindən deyil, digər qurumlar tərəfindən ənənəvi üsulla həyata keçirildi. Ona görə də hesab edirəm ki, gələcəkdə NİİM-in texnoloji təminatı, texnoloji idarəetməsinə diqqət yetirilməlidir. Bu haqda artıq bir neçə dəfə fikrimi bildirmişəm ki, bəlkə də bu qurumun idarəetməsinin ASAN və ya DYP, texnoloji təminatının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilməsi daha düzgün addım olardı.

-Oyunlar zamanı sosial mediadan istifadə nə səviyyədə idi? İnternet media və sosial media sahəsində vəziyyəti necə dəyərləndirmək olar?

-Oyunlar bir daha göstərdi ki, ictimai rəyə, xüsusilə də beynəlxalq ictimai rəyə təsir imkanları İnternet mediada çox güclüdür. Və bəlkə də ilk dəfə Azərbaycan sosial mediası, İnternet media bu imtahandan çox yaxşı, təşkilatlanmış formada çıxdı.

Məlumdur ki,  Oyunlardan qabaq bu tədbiri boykot etmək istəyənlər, sosial şəbəkələrdə eventlər hazırlayaraq Oyunları siyasiləşdirmək istəyən beynəlxalq qurumlar da vardı. Və onlar da bu məqsədlə sosial mediadan, xüsusilə də beynəlxalq ictimai rəyə təsir imkanları daha güclü olan Twitter-dən istifadə edirdilər.

Fikrimcə, Oyunlardan öncə təşəbbüs bəlkə də onların tərəfində idi, yəni, sosial mediada Azərbaycana qarşı bir pressinq vardı. Qeyd edək ki, Oyunlar başlamazdan öncə #Baku2015, #EuropeanGames həştəqi ilə tvitlər yazılırdı və bunların da sayı elə də çox deyildi.

Twitter-in Azərbaycan seqmentinin analizi, trendlərin və statistikanın müəyyən olunması ilə məşğul olan  Aztwi-nin  araşdırması göstərir ki, Oyunlar başlamazdan öncə sosial şəbəkə istifadəçiləri daha az fəallıq göstərirdilər.

Amma Oyunlar başladı və hər şey bir anda dəyişdi. Twitter-də əsl “həştəq müharibəsi” başladı.

-Bəs bu “həştəq müharibəsi” necə yekunlaşdı ? Azərbaycan sosial mediası özünü necə göstərdi?

Həqiqətən də Oyunların açılışı və bağlanışı, təşkilatçılıq o qədər güclü oldu ki,  ölkəmizin imici məsələsi o qədər  qabardı ki, Azərbaycan istifadəçiləri vahid bir mövqe ortaya qoydular. Aztwi hesabatı göstərir ki, Oyunların keçirildiyi 17 gün ərzində #Baku2015 #EuropeanGames #RealBaku #HelloBaku #BakuGames2015 kimi həştəqlərdən istifadə edilərək yüz minlərlə tvit yazılıb. Oyunlarla bağlı sosial mediada on minlərlə foto və video materialalr  yayıldı.

Açılış mərasimində #baku2015 həştəqi nəinki Azərbaycanda, eləcə də bir sıra xarici ölkələrdə trendə çevrildi. Bu çox önəmli fakt idi.

Güman edirəm ki, ilk Avropa Oyunları Azərbaycanın İnternet mediasına, xüsusilə də sosial mediaya olan münasibəti birdəfəlik dəyişəcək. Belə ki, bəzən biz bir sıra məmurların bəyanatlarında bu sahəyə qarşı bir mənfi münasibət müşahidə edirdik. Məhz İnternet media qurumları, sosial media beynəlxalq ictimai rəyə təsir etdi

Odur ki, bu baxımdan bir daha qeyd etmək istərdim ki, hökumətin qəzetlərə yardım ayırmasındansa, İnternet mediaya, sosial medianın inkişafına diqqət yetirməsi daha doğru addım olardı. Çünki biz gördük ki, Azərbaycana qarşı məqsədli hücumların, infromasiya hücumlarının qarşısını məhz sosial media, İnternet media aldı.  Faktiki olaraq ənənəvi media – qəzetlər xarici auditoriyaya heç bir təsir edə bilmədi. Nəzərə alsaq ki, qəzetlərin tirajları da çox yüksək deyil, onların heç daxili ictimai rəyə də ciddi təsir etdiyini deyə bilmərik.
O baxımdan hökumətin müvafiq qurumlarının bu durumu yaxşı təhlil etməsi, İnternet medianın, sosial medianın inkişafına dəstək verməsi, SMM mütəxəssislər hazırlığına diqqət etməsi çox faydalı olardı. 

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə