“İKT UŞAQLAR” rubrikasının növbəti qonağı proqramlaşdırma ilə məşğul olaraq yarışlarda uğur qazanan gənc proqramçı Toğrul Nağıyevdir.
132-134 saylı məktəbin 11-ci sinif şagirdi Toğrul Nağıyev sərbəst şəkildə proqramlaşdırma və kodlaşdırma ilə işləyə bilir.
Toğrul Nağıyevin Xeberler.az-a müsahibəsini təqdim edirik:
-Toğrul, neçə yaşından səndə texnologiyaya maraq yarandı?
-Texnologiyaya maraq 3 yaşımdan başlayıb. Valideynlərimin dediyinə görə, artıq 3 yaşımdan etibarən kompüterlə oynayırdım. Atamın kompüter kursları var. Orada kompüterlə işləmək ən sevdiyim məşğuliyyətlərdən olub.
- İlk dəfə işlətdiyin texnoloji avadanlıq nə olub?
-İlk dəfə işlətdiyim texnoloji avadanlıq kompüter olub. O vaxtlar kompüterdə oynanılan məşhur oyun “Mario” idi. Mən də Mario oynayırdım. Böyüdükcə proqramlaşdırmaya marağım artdı. Ən çox məşğul olduğum proqram Power-Point olub. Bu proqramda fərqli slaydlar düzəldirdim, slayd-şou edirdim. Bununla da məktəbdə uşaqlar arasında seçilməyə başladım.
-Məktəb sənin İT biliklərindən istifadə edirmi?
- İT sahəsindəki biliklərim günü-gündən artırdı və sinif yoldaşlarımdan seçilməyə başlayırdım. Artıq məktəbdə keçirilən tədbirlərdə texnoloji problemlər olanda kömək üçün məni çağırırdılar. Bir dəfə məktəbimizdə “Fransa günü” keçirilirdi və tədbirdə kompüterlə bağlı texnoloji problem yaranmışdı. Həmin problemi aradan qaldıra bilmişdim.
-Ailədə səndən başqa daha kim İKT-yə maraq göstərir?
-Atam və anam proqramçıdır. Kompüter kursumuz fəaliyyət göstərir, ailəlikcə burada işləyirik. Boş vaxtlarımda mən də kursa gəlir, həm proqramlaşdırmaya aid müəyyən məlumatlar öyrənir, həm də bacardığım qədər ailəmə kömək edirəm. İKT sahəsində hər gün yeni bir şey öyrənirəm.
-İKT ilə bağlı ən çox kim kömək edir sənə?
-Ümumiyyətlə, çətinliyim olan zamanlarda heç vaxt ailəmdən kömək istəməmişəm. İKT ilə bağlı problemlərim olanda isə çox vaxt İnternetdən axtarıb tapıram. İnternetdə tapa bilməyəcəyimiz məlumat yoxdur. Youtube, Google kimi axtarış sistemlərində İKT-yə aid maraqlı biliklər əldə etmək mümkündür.
-İnternetdən müstəqil şəkildə nə öyrənmisən?
-Məsələn, son vaxtlar dəbdə olan Wi-Fi şifrəsini sındırmağı İnternetdən öyrənmişəm (gülür). Bunun üçün müəyyən proqramlar lazımdır. Onları İnternetdən yükləmişəm. Həmçinin, boş vaxtlarımızda uşaqlarla yığışırıq və oyun oynayırıq. Hamı hazır oyunlar oynayır, amma bəzilərindən fərqli olaraq biz özümüz oyun yaradırıq. Məsələn, məşhur “GTA” oyunlarının ümumdünya onlayn versiyası olan “MTASA” var. Maşınları, evləri, yolları hər detalına qədər özümüz yığırıq, oynayırıq. Orada biz öz virtual dünyamızı yaratmışıq.
-Dostlarına İT sahəsində hansı köməyin dəyirmi?
-Dostlarıma, sinif yoldaşlarıma bu sahədə kömək edirəm. Bəzi dərslərdə verilən ev tapşırıqlarına görə məndən kömək istəyirlər. Hansısa mövzu, yaxud alim haqqında informasiya yığmaq lazım gəlir. Ya da müəllim bunlar haqda təqdimat hazırlamağı tapşırır. Uşaqların çoxu bunu edə bilmir, mənə müraciət edirlər. Əlimdən gəldiyi qədər dostlarıma kömək etməyə çalışıram.
-İKT sahəsində hansı uğurların var?
-Əvvəllər İKT ilə bağlı məlumatlarla maraqlansam da, yarışmalara qatılmırdım, yalnız dərslərimlə məşğul olurdum. Dərsdə keçdiyimiz mövzular və evdə əlavə məşqlərlə kifayətlənirdim. Sonra 2014-cü ildə The Our of Code layihəsinə qatıldım və diplom qazandım. Olimpiadaya hazırlaşanda çoxlu proqramlar yazmağa çalışırdım. Pascal dilini yazırdım, hansısa riyazi tətbiq üçün yaradılan proqramlarda fiqurların ölçüsünü təyin edirdim və s.
-Ən çox hansı saytlardan istifadə edirsən?
-Proqramlaşdırma ilə bağlı məlumat əldə etmək üçün ən çox Youtube-dan istifadə edirəm. Burada müxtəlif kodlaşdırma videolarına baxır, məlumatlar öyrənir, tətbiq edirəm. Hətta yarışlara hazırlaşarkən belə oxumağa vaxtım yox idi. Bütün yeni bilikləri, bilmədiyim sualların cavablarını Youtube-dan izləyərək öyrənirdim.
-Oxuduğun məktəbin texnoloji təminatı ilə razısanmı?
-Razıyam. Hər sinfin öz kompüteri proyektoru və “Smart Board”-ı var. Amma bəzi kompüterlərin parametrləri çox zəif olduğundan tez-tez donurlar.
-Axırıncı dəfə informatika dərsində nə öyrənmisən?
-Ümumilikdə informatika dərslərində əsasən proqramlar üzrə işləyirik. Axırıncı dəfə vəsiqə və sayt yaratmağı öyrənmişik. Ən çox da Publisher proqramında işləyirik. Müxtəlif proqramlaşdırma dillərində kodlaşdırma ilə məşğul oluruq.
-Məktəbin İnternet sürətindən razısanmı?
- İnternetin sürəti çox yaxşıdır. Amma paylayıcı cihazlar çox zəif olduğundan bəzi kompüterlərdə İnternetin sürətində problemlər yaranır. Amma ümumiyyətlə, yaxşıdır. Onu da deyim ki, həmişə məktəbin Wi-Fi şifrəsini sındırıb uşaqlara verirəm (gülür).
-Proqramlaşdıraya marağın necə yarandı?
-6 yaşım olanda “Xaker” adlı proqramlaşdırmaya aid maraqlı filmə baxmışdım. Filmdə hökumətə qarşı çıxan xakerlərdən bəhs edilirdi. Onlar proqramlaşdırma vasitəsilə sistemləri sındırıb rüşvət alan insanların qarşısını alırdılar. Çünki hər bir məlumatın kompüterin yaddaşında fayl forması mövcud idi. İlk dəfə o filmə baxanda xakerlərin fəaliyyəti ilə maraqlanmağa başladım. İnternetə girdim və çalışdım ki, bu haqda məlumat toplayım. Çox maraqlı idi. Xakerlər haqqında topladığım məlumatlar arasında ən xoşuma gələn frikerlər oldu. Onlar xüsusi cihazların köməyilə bankomatlardan pul çıxarda bilirdilər və yaxud da hansısa sistemi sındırıb bankdan öz hesablarına pul köçürə bilirdilər. Düzünü deyim ki, ilk vaxtlar bu sahə mənə çox maraqlı gəldi. Sonra kibercinayət haqqında eşitdim. Kibercinayətin nə olduğu haqqında heç bir fikrim yox idi, çünki bu sözü ancaq robot sahəsində eşitmişdim. Bu haqda çoxlu məqalələr oxudum və çalışdım ki, xakerlikdən uzaq olum (gülür).
-Gələcəkdə layihəndən hər hansı bir qazanc əldə etsən bunu necə dəyərləndirərsən?
-Hazırda bu haqda fikirləşməmişəm, yalnız diploma, sertifikata yönəlmişəm. Yəqin ki, ödənişli təhsil almalı olsam ona xərcləyərəm. Belə də ki atama verərəm, o məndən böyükdür, pulu hara xərcləməyi daha yaxşı bilir (gülür).
-Gələcək planların nələrdir?
-Qarşıda məni 2 layihə gözləyir: Sabahın Alimləri və İNEPO. Bunlar elmi layihələrdir. Nanotexnologiya üzrə layihə hazırlayıram. Bu layihənin köməyilə insanları xərçəng xəstəliyindən müalicə etmək olar. Lahiyədə mənə elmi rəhbərim fizika-riyaziyyat elmləri doktoru Rasim Cabbarov kömək edir.
-Təhsilini Azərbaycanda, yoxsa xarici ölkələrin birində davam etdirmək istəyirsən?
-Düşünürəm ki, təhsil dedikdə daha böyük fikirləşmək lazımdır. Sadəcə Azərbaycanda yox, bütün dünyada tanınsam daha yaxşı olar. Dünyada barmaqla sayıla biləcək yaxşı proqramçı var, onlardan biri olmaq ən böyük arzumdur.
-Ən çox hansı sosial şəbəkələrdən aktiv istifadə edirsən?
-Əsasən Facebook-dan istifadə edirəm. Amma o qədər da aktiv deyiləm. Yalnız gələn mesajlara baxıram. İnstagram-da varam, şəkillərimi paylaşıram. Twitter-da hesabım var, amma istifadə etmirəm.
-Facebook-da hansı kriteriyalar əsasında dostluğa qəbul edirsən?
-Çoxları sosial şəbəkədən yeni insanlarla tanış olmaq üçün istifadə edirlər, amma mən belə etmirəm. Facebook-a daha çox dostlarımla ünsiyyət saxlamaq üçün daxil oluram. Tanımadığım biri dostluq təklifi göndərəndə çalışıram ki, əvvəlcə onla aramızda olan əlaqəni tapım. Məsələn, mənlə bir məktəbdə oxuyurmu, mənim kimi proqramçılıqla məşğuldurmu, mənimlə eyni olimpiadada iştirak edibmi. Bu cür ortaq nöqtələrimiz yoxdursa qəbul etmirəm.
-İlk dəfə neçə yaşında profil açmısan?
-İlk dəfə Facebook-da hesab açanda 12 yaşım var idi. O zamanlar göndərilə dostluqların kim olduqlarına əhəmiyyət vermədən hamısını qəbul edirdim. Çünki Facebook-a daha çox əyləncə kimi baxırdım. Uşaqlarla yarış keçirirdik ki, bu sosial şəbəkədə kimin daha çox dostu olacaq. Sonra bunun mənasız olduğunu dərk etdim və Facebook profilimi bağladım (gülür). 14 yaşımda yaşımda yenidən hesab açdım. Əvvəllər dostluğumda 300 nəfər var idisə indi 85 nəfər var. Tanımadığım, ünsiyyətdə olmadığım profillərin hamısını sildim.
-İnformasiya təhlükəsizliyini necə qoruyursan? Kimsə sənin şifrəni sındıra bilərmi?
-Yəqin ki, sındıra bilər, bunun üçün heç bir tədbir görməmişəm. Ona görə də çalışıram ki, hesablarımda heç bir şəxsi məlumat saxlamayım, fayllarımı öz daşıyıcılarımda saxlayıram.
-Gününü necə dəyərləndirirsən?
-Dərs olanda 06:30-da, dərs olmayanda isə 07:30-da yuxudan dururam. Dərsdən sonra valideynlərimin iş yerinə gedirəm. Axşam saat 19:00-a kimi orada oluram. Evə gələndən sonra dərslərimi oxuyuram. İnternetdə informasiya axtarıram, dostlarımla ünsiyyət saxlayıram.
-Nə kimi köməkliklər edirsən valideynlərinə?
-Valideynlərimin iş yerinə getməyim proqramçılığımı daha da inkişaf etdirməyimə şərait yaradır. Orada mətn yığıram, slayd-şou düzəldirəm, məlumatları çap edirəm. Boş vaxtlarda da kompüterdə işləyirəm, məşq edirəm.
-Sənə görə, İnternetin mənfi və müsbət tərəfləri nələrdir?
-Fikrimcə, İnternetin mənfi tərəfi odur ki, insanlarda asılılıq yaradır. İnternetlə məşğul olarkən vaxtın necə keçdiyini bilmirsən. Buna görə də müəyyənləşdirmək mümkün deyil ki, sən İnternetdə vaxtını doğru, yoxsa yalnış dəyərləndirdin. Müsbət tərəfi isə odur ki, İnternetdə hər şey haqqında məlumat var.
-İlk dəfə sənə neçə yaşında mobil telefon alıblar?
-İlk dəfə IV sinifdə oxuyanda mobil telefonum oldu, Nokia idi. O vaxt dəbdə idi, amma indi ən pis telefonlardan biri hesab olunur (gülür). Həmin telefonu xatirə olaraq saxlayıram. Texnoloji avadanlıqları çox sevirəm.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri