“Hərəyə bir kompüter düşmədiyi üçün sərbəst şəkildə işləyə bilmirik”
“İKT UŞAQLAR” rubrikasının növbəti qonağı 2015-ci ildə respublika üzrə keçirilən ALPLogo yarışmasının qalibi Ayxan Ağazadədir. E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb liseyin IV sinif şagirdi Ayxanın Xeberler.az-a müsahibəsini təqdim edirik:
-Ayxan, texnologiyaya marağın necə yarandı?
-Anam informatika müəlliməsidir. Buna görə də mütəmadi olaraq kompüterlə işləyir. Təxminən 8-9 yaşımdan anamın kompüterdəki işləri ilə maraqlanıram, nə edir, necə edir deyə suallar verirəm. Kompüterdə işlədikcə İKT sahəsinə marağım günü-gündən artır.
-Kompüterə aid bilmədiklərini kimdən soruşursan?
-Anamdan soruşuram. Anamın informatika müəlliməsi olması mənim üçün avantajdır (gülür). Bilmədiklərimi ondan soruşur, tətbiq edirəm. Eyni zamanda anamın əhatə dairəsi geniş olduğundan məni müsabiqələrə, yarışmalara o istiqamətləndirir. Anam keçiriləcək müsabiqə elanlarını adətən Facebook-da görür, yarışmanın şərtləri, faydaları haqqında məni məlumatlandırır, cəlb edir.
-Sinfinizdə səndən başqa İT sahəsinə maraq göstərən varmı?
- Hələ ki, proqramlaşdırma ilə bağlı müsabiqələrlə maraqlanan təkcə mənəm. Bəlkə də bu vəziyyət informatika dərslərində kifayət qədər lazımı texnoloji vasitələrlə təmin olunmamağımızdan irəli gəlir. Keçdiyimiz dərsləri kompüterlərdə tətbiq etsək İKT-yə maraq göstərən şagirdlərin sayı artar.
-Məktəbin texnoloji təminatı səni qane edirmi?
-Məktəbimizin texnoloji avadanlıqlarla təchizi o qədər də qənaətbəxş deyil. İki informatika otağımız var, amma kompüterlərin heç də hamısı işləmir. Müəllimlər öz noutbuklarını gətirib dərsi praktik tədris edirlər. Bu da o deməkdir ki, evdə şəxsi noutbuku olmayan müəllimlər biz şagirdlərə dərsi yalnız nəzəriyyə ilə izah etmək məcburiyyətindədir. Bildiyimə görə, yeni dərs ilində məktəbimizə 65 kompüter gətiriləcək. Bu, əla xəbərdir (gülür).
-ALPLogo-ya nə vaxtdan marağın yarandı?
-Anam ALPLogo proqramında işləyirdi, cürbəcür fiqurlar düzəldirdi. Mən də ondan soruşurdum, maraqlanırdım. Artıq özüm sərbəst işləyə bilirəm. Yarışmaya bu il qatılmışam. Keçən ildən proqram üzərində işləyirəm, bildiklərimi təkmilləşdirirəm. Anam 2015-ci il respublika üzrə keçirilən ALPLogo yarışmasına hazırlıq işlərinin rəhbəri, tanınmış informatika müəlliməsi Naida İsayevaya müraciət etdi. Müsabiqənin V-VI siniflər üçün nəzərdə tutulmasına baxmayaraq mən o yarışmada iştirak etdim və I yeri qazandım.
-Gün ərzində ALPLogo-ya nə qədər vaxt sərf edirsən?
-ALPLogo-da işləməyi çox sevirəm, hətta bütün günümü belə bu proqramda işləməyə sərf edə bilərəm. ALPLogo-da bir fiquru 1-2 dəqiqəyə yığıram. Amma anam informatika müəlliməsi olmasına baxmayaraq kompüterdən çox istifadə etməyə icazə vermir. Çünki texnoloji avadanlıqlar insanda asılılıq yaradır. Hər gün mənə icazə verilən vaxtın bir hissəsini ALPLogo-ya, bir hissəsini isə onlayn oyun oynamaqla dəyərləndirirəm.
-Sinif yoldaşlarına İT sahəsində köməyin dəyirmi?
-Bəli, bacardığım qədər kömək edirəm. Sinif yoldaşlarım ən çox informatikadan bəzi suallar soruşurlar. Keçdiyimiz proqramlardan başa düşmədiklərini izah edirəm. Müəllimimiz yerimi tez-tez dəyişir ki, o biri uşaqlara da kömək edim (gülür). Hətta onu da qeyd edim ki, ALPLogo yarışmasında qalib olandan sonra sinif rəhbərim məni təriflədi, digərlərinə nümunə göstərdi.
-Gələcək planların barədə Xeberler.az-ın oxucularına nə deyə bilərsən?
-Gələcəkdə kompüter mühəndisi olmaq istəyirəm. Bu ixtisasa yiyələnənlər bildiyim qədər kompüterin daxili və xarici hissələrini araşdırır. Mən də İT mütəxəssis olmaq, bildiklərimi başqalarına öyrətmək istəyirəm. Texnologiyaya marağım hədsizdir, ona görə də kompüter mühəndisi olmaq istəyirəm.
-İnformatika dərsində müəllimlərin keçdiyi dərs səni qane edirmi?
-Şikayətimiz müəllimlərdən yox, texnoloji təminatdandır. Qalibiyyət yaxşı hissdir. İstərdim ki, dostlarım, yaşıdlarım da müsabiqələrdə iştirak edib uğur qazansınlar. Bunun üçün bizə keçdiyimiz nəzəriyyəni praktiki olaraq tətbiq etmək üçün kompüter, İKT avadanlıqlar lazımdır. Sinif yoldaşlarım istəyir ki, hərəyə bir kompüter düşsün, istədiyimiz kimi sərbəst işləyə bilək. İnformatika dərslərində qruplara bölünmürük. Əslində iki informatika otağımız var. Hərəsində 15 kompüter var, amma işlək vəziyyətdə deyil.
-Sənin üçün informatika dərsində ən yaddaqalan mövzu nə olub?
-İnformasiya hadisələri.
-Hansı sosial şəbəkədən aktiv istifadə edirsən?
-Facebook-dan aktiv istifadə edirəm. Hesabımı keçən ildən açmışam. Burada dostlarımla yazışıram. Xeberler.az-ı izləyirəm, xoşuma gələn xəbərləri bəyənirəm. Saytınızda informatika müəllimlərinin müsahibələrini, kompüterlər haqqında yeniliklərlə bağlı xəbərləri və “İKT UŞAQLAR” rubrikasını izləyirəm.
-İnformasiya təhlükəsizliyini necə qoruyursan?
-Çalışıram ki, hesabıma təyin etdiyim şifrədəki işarələrin sayı çox olsun. Özüm qonşuların şifrəsini sındıra bilmirəm, anam bacarır, amma icazə vermir.
-Bir İKT uşaq kimi evdə, yoxsa küçədə oynamaq sənə daha çox maraqlıdır?
-Evdən kompüteri gətirib həyətdə oynamaq maraqlıdır (gülür). Evdə texnoloji vasitələrlə vaxt keçirmək gözlərimizə ziyandır. Bu avadanlıqlar işimizi asanlaşdırsa da bir o qədər zərərlidir, şüadır. Hətta elə uşaqlar var ki, kompüterə yaxından baxırlar. Bu, yaxşı hal deyil. Həyətdə oynamaq da maraqlıdır, təmiz hava faydalıdır.
-Necə düşünürsən, səncə, çox öyrənmək üçün kitab oxumaq lazımdır, yoxsa internetdə kifayət qədər məlumat var?
-Kitab da oxumaq lazımdır, internetdə də məlumat var. Mən ən çox kitabdan oxuyuram, mənə lazım olan məlumat kitabda olmasa internetə müraciət edirəm. Lakin internetdə məlumatı axtarışa verən zaman lazımsız, xoşagəlməyən hallarla rastlaşırsan. Buna görə də çox vaxt anam internetdə axtarır, hazır materialı bizə göstərir, yaxud da çap edib verir.
-Digər proqramlaşdırma dilləri ilə də maraqlanırsanmı?
-Hazırda Google SketchUp yarışması ilə maraqlanıram. ALPLogo-dan sonra bu müsabiqədə də özümü sınamaq istəyirəm. Youtube-da bununla bağlı dərsləri izləyirəm, tətbiq etməyə çalışıram. Bundan əlavə ofis proqramlarını öyrənirəm.
-Ananın işlədiyi məktəbdə oxumaq necə hissdir?
-Anam işlədiyi məktəbdə oxumaq yaxşı bir şeydir. Amma müəyyən narazılıqlar olanda müəllimlərimizin şikayəti anama tez çatdırılır. O, bizə yalnız dərs oxumağı tövsiyyə edir. Bəzən Facebook-da dostlarımla yazışanda mane olur, bu isə mənim xoşuma gəlmir (gülür). Kompüterdən çox istifadə etməyə də icazə vermir, mən də atam gələndə ondan icazə alıram. Amma çox istəyərəm ki, məktəbdə bizə informatika dərsini anam keçsin.
-Gələcəkdə hər hansı bir qazanc əldə etsən nəyə xərcləmək istəyərsən?
-Bu haqda hələ fikirləşməmişəm, mənim üçün pul maraqlı deyil. Əsas odur ki, dərslərimi yaxşı oxuyum, müsabiqələrdə uğur əldə edim. Amma çoxlu pulum olsa maşın almaq istəyərəm. Atam maşın ustasıdır, onun işi xoşuma gəlir. Atamdan maşınların markasını soruşur, maraqlanıram. Mənə elə gəlir ki, maşın bütün oğlanların arzusudur (gülür).
-İnternetdə əsasən nə axtarırsan?
-İnternetdə məntiqi oyunlar oynayıram. ALPLogo yarışmasının nəticələrini, xəbərlərini, mükafatları, qalibləri izləyirəm. Eyni zamanda informatikaya aid məlumatlarla maraqlanıram. İnformatikadan başqa riyaziyyat fənnini də çox sevirəm, hər ikisindən qiymətlərim əladır. Ona görə də internetdəki məşğuliyyətimin bir hissəsi riyazi hesablamalar, məntiqi testlərə aiddir.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri