7-ci sinif şagirdi: “Robotların hissələrini yığanda həzz alıram”

03-06-2015 / 11:22

7-ci sinif şagirdi: “Xərçəng xəstəliyinin müalicəsi üçün alternativ üsullar axtarıram”

“Bu günə kimi iştirak etdiyim olimpiadaların hamısını İnternetdən tapmışam”.

“İKT UŞAQLAR” rubrikasının növbəti qonağı robot düzəldərək bir çox olimpiadalarda, müsabiqələrdə iştirak edib nailiyyətlər qazanan gənc ixtiraçı İkram Qabiyevdir. 

İkram  2014-cü il mayın 3-də Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Məktəblilərin 7-ci informatika Layihə Olimpiadası”nda 3-cü yer tutub.

2014-cü il 2-6 aprel tarixində Bakıda təşkil edilmiş 8-ci İNEPO EUROASİA müsabiqəsində çıxış edib sertifikat alıb.
2014-cü il aprelin 18-də keçirilmiş “Məktəblilərin 8-ci Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında (İNEPO) Enerji kateqoriyası üzrə 1-ci yer tutub. 2013-2014-cü tədris ilinin 1-ci, eyni zamanda 2-ci yarısında təlim-tərbiyədə əldə etdiyi nailiyyətlərə görə tərifnamə ilə təltif edilib.
 2014-cü il oktyabrın 18-də BP şirkətinin nəzdində Azərbaycanda təşkil edilən GəncMİİB (Gənc Mühəndislərin İctimai Birliyi)-də “Promote engineering” layihəsi ilə çıxış edib və sertifikatla təmin olunub.
2015-ci il fevralın 14-də 9-11-ci sinif şagirdləri arasında keçirilən “Sabahın alimləri” 4-cü Respublika müsabiqəsində “mühəndislik” nominasiyası üzrə layihə təqdim edib. 2015-ci il 10-15 may tarixində keçirilən İntel Beynəlxalq elmi-texniki sərginin (İSEF) final mərhələsində “Sabahın alimləri” adını qazanıb.

Bu qədər böyük nailiyyətləri olan İkram Qabiyev Bakı-Ankara liseyinin 7-ci sinif şagirdidir.

Kiçik yaşlarından böyük işlər görən məktəblinin Xeberler.az-a verdiyi müsahibəsini təqdim edirik:

-İkram, neçə yaşından etibarən səndə texnologiyalar maraq yarandı?

-Texnologiyaya marağım 5 yaşımdan başlayıb. Elə kiçik yaşlarımdan da nəsə yaratmaq istəyirdim, ixtiralar, kəşflər məni özünə cəlb edirdi. Əsasən də robotlarla maraqlanırdım. Həmyaşıdlarımdan fərqlənirdim, nəsə bir şey kəşf etmək istəyirdim. İlk ixtiram limondan elektrik almağım olub. Bu necə baş verdi bilirsiniz? Belə ki, limona iki elektrod qoşdum və onu kəsib içərisinə bəzi kimyəvi elementlər əlavə etdim, nəticədə limondan elektrik aldım.

-İlk işlətdiyin texnologiya nə olub?

İlk işlətdiyim texnologiya kompüter olub. Kompüterdə Youtube-da  robotlara, proqramlaşdırmaya baxırdım. Robotların düzəldilməsi, tərkibi, fəaliyyəti, funksiyaları haqqında hazırlanan reportajlar diqqətimi çəkirdi. Youtube-da bu videolara baxır, məlumatlar əldə edirdim.

-Bəs valideynləriniz sizə texnologiyadan çox istifadə ilə bağlı hansısa məhdudiyyətlər qoyurlarmı?

-Elə də çox məhdudiyyətlər qoymurlar. Elmi fəaliyyətimlə bağlı kompüterdən istifadəmə mane olmurlar. Sadəcə sağlamlığıma görə narahat olurlar. Təbii ki, onları başa düşmək olar, çünki hamımız bilirik ki, texnologiyadan çox istifadə sağlamlığa zərərdir. Mənim də valideynlərim öz növbəsində ən çox gözlərimi yora bilər deyə kompüterdən aşırı istifadəyə qarşıdırlar.  Məsələn, robotları düzəltmək üçün “payavik” adlanan lazımi vasitədən istifadə etməyə icazə vermirlər.

-İKT sahəsində ən diqqətçəkən uğurların hansılar olub?

-Qeyd etdiyim kimi müxtəlif ixtira və kəşflərlə lap kiçik yaşlarımdan etibarən maraqlanıram. Çertyojlar çəkməyə başladım, həmçinin deməliyəm ki, işlərimdə mənə ən çox nənəm kömək edirdi. O, bilmədiyim şeyləri öyrədir, çertyoj çəkməkdə köməklik göstərirdi. İlk dəfə 3D modeli formatında stol düzəltdim və başladım o stolu yığmağa. Bundan sonra bu sahəyə marağım daha da artdı və daha böyük işlər etməyə həvəsləndim. Artıq hədəfim böyük idi.
 Robot düzəltməyə qərar verdim. Bunun üçün robotun hissələrini yığmağa başladım. İlk robotum balaca, adi bir maşın olub. Modelin fərqli xüsusiyyəti onun işığa doğru hərəkət etməsi idi. Digər kəşflərimdən biri də günəş batareyaları olub. Bu cihazların xüsusiyyəti o idi ki, onlar günəş olan yerlərdə enerji yığırdılar. Bundan sonra isə yeni alternativ enerji üzərində işləməyə başladım. Onu iki il əvvəl ixtira etmişdim. Alternativ enerji ilə təchiz etdiyim model elektromaqnit dalğalardan elektrik enerjisi alırdı. 

-Bu ixtiranı yaratmaqda məqsədin nə idi?

Robot düzəltmək mənim hobbimdir. Amma hazırda alternativ enerji ilə məşğul oluram və biokompüter texnikası ilə maraqlanıram. Qeyd edim ki, tibb sahəsində də işləməyi sevirəm. Tibbə aid yeni işlər  üzərində çalışıram. Xərçəng xəstəliyinin müalicəsi üçün alternativ üsullar axtarıram. Eyni zamanda görmə məhdudiyyəti olanlar üçün yeni bir texnoloji kəşf etmək planım var. Robotlar sadəcə məşğuliyyətdir, onları düzəldəndə, hissələrini yığanda həzz alıram , yeni ideyalar fikirləşirəm. Bu da fəaliyyətimdə mənə çox kömək olur.

-İxtiralarınla bağlı hansısa qazanc barəsində fikirləşirsənmi?

Robot düzəltmək mənim hobbimdir. Bu işə başlayarkən də heç bir qazanc haqqında fikirləşməmişdim. Bu fikrim digər ixtiralarıma da aiddir. Amma düşünürəm  ki, mən bunu bacarıramsa və mənim işim cəmiyyət üçün maraqlıdırsa bu sahədə fəaliyyətimi daha da genişləndirməliyəm. Əgər bu işdə qazanc əldə edə biləcəyəmsə niyə də olmasın. Qazancımı isə ailəmə kömək üçün sərf edəcəyəm.

-Liseydə texnologiyalarla bağlı hansısa problemlərlə qarşılaşırsanmı?

Robot düzəltdiyim vaxtlar liseyin texnologiya ilə təminatı məni qane etmirdi. Çünki robotu yığmaq üçün müəyyən proqramlar yazdırmaq lazım gəlirdi. Bunun üçün də bir yox, ən azı on kompüterə ehtiyacım var idi. Və həmin proqramı yükləmək üçün məktəbdə yalnız bir kompüter tapa bilmişdim. Amma artıq liseyimiz yeni texnoloji avadanlıqlarla tam təchiz olunub. İstər informatika, istərsə də digər fənlərin tədrisində texnologiyadan, kompüterdən istifadə dərslərin, istəklərimizin tətbiqi prosesində bizə çox kömək olur. Ümid edirəm ki, bundan sonra da ixtiralarımın reallaşdırılmasında, texnologiya cəhətdən problemlərlə qarşılaşmayacağam.

-Lisey özü sənin İT bacarıqlarından istifadə edirmi?

Müəllimlərimin fikrincə, İKT sahəsində göstərdiyim uğurlarla dünya səviyyəli beynəlxalq olimpiadalarda, müsabiqələrdə, yarışlarda liseyimizi kifayət qədər yaxşı təmsil edirəm. Əgər bu gün təhsil sahəsində nailiyyətlər əldə edirəmsə bu, hər şeydən öncə müəllimlərimizin, yüksək təhsil sisteminin nəticəsidir. Bundan əlavə istər informatika dərslərində, istər texnologiya sahəsində sinif yoldaşlarımı, dostlarımı maraqlandıran mövzularda onlara bildiyim mövzularda məlumat verir, proyektlərim, ixtiralarım haqqında danışıram.

-Gününü necə dəyərləndirirsən?

Saat 22:00-da yatıram. Məktəbə getmək üçün 7-də dururam. Dərsdən sonra təbii ki, evə qaçıram, çünki çox ac oluram (gülür). Yeməkdən sonra dərslərimlə məşğul oluram, sonra isə qurduğum proyektlər üzərində işləməyə başlayıram. Təbii ki, hər gün bir-iki saat gəzməyə çıxıram. Təmiz havanı sağlamlıq üçün vacib hesab edirəm. Məncə, hər gün müəyyən qədər gəzintiyə çıxmaq lazımdır, yalnız kompüter arxasında oturmaq olmaz. Bu zərərlidir.

-Gün ərzində neçə saat İnternetdə olursan?

İnternetdən o qədər də istifadə etmirəm. Maksimum bir saat İnternetdə oluram. Boş vaxtlarımı robot düzəltməyə, ixtiralarımı genişləndirməyə sərf etməyə daha çox önəm verirəm. Vaxtımı İnternetdə deyil, praktik tibbi, texnoloji bacarıqlarıma həsr etməklə dəyərləndirirəm.

-İnternetdə əsasən nələrlə maraqlanırsan?

İnternetdə ən çox olimpiadalar axtarıram. Elə bu günə kimi iştirak etdiyim olimpiadaların hamısını İnternetdən tapmışam. Onlayn surətdə elektron qeydiyyatdan keçirəm, olimpiadalarda iştirak edirəm və naliyyətlər əldə edirəm. İnternet həm dərsdə, həm işlərimizdə bizə çox kömək edir. Dərslərimizi edəndə, hər hansı bir informasiya əldə etmək istəyəndə, müəyyən məlumatlar toplayanda ilk müraciət etdiyimiz ünvan elə İnternetdir. İnternetdən istifadəni xırdalayanda isə sosial şəbəkələrdən daha çox şəkillərimi və uğurlarımı paylaşmaq, Google, Youtube kimi portallardan robot və proqramlaşdırma haqqında məlumatlar almaq və s. üçün istifadə edirəm.

-Əsasən hansı İnternet resurslardan faydalana bilirsən?

-Əsasən robot və proqramlaşdırma saytlarına baxıram. Ən çox vaxt keçirdiyim moyrobot.ru və arduino.ru saytlarıdır. Bu saytlarda robotlar və müxtəlif proqramlaşdırmalarla bağlı məlumatlar əldə edir və işimdə tətbiq edirəm.

-Ən çox hansı sosial şəbəkələrdən istifadə edirsən?

-Facebook, İnstagramdan istifadə edirəm.

-Facebook dostlarını hansı kriteriyalara əsasən seçirsən?

-Facebook-da dostluğuma qəbul etdiyim şəxs mütləq tanıdığım adam olmalıdır. Tanımadığım insanların dostluq təkliflərini qəbul etmirəm. Əgər istifadəçinin hesabında yalnış məlumat yoxdursa, profilindəki şəkil öz şəkilidirsə də belə o insaı tanımıramsa dostluğunu qəbul etməyi mənasız hesab edirəm.

-İnformasiya təhlükəsizliyini necə qoruyursan?

-Əvvəla, onu deyim ki , hansısa bir olimpiadada iştirak edəndən sonra işlədiyim informasiyanı silirəm. Əgər o informasiya mənə lazım olacaqsa və silmək istəmirəmsə, onu parola qoyuram ki, innovasiyalar başqa adamın əlinə keçməsin. Çünki bu informasiyalar mənim üçün çox vacibdir və digərlərinin ideyamdan istifadəsi məni narahat edə bilər.

-Elə olubmu ki, şifrəni unudasan? Ya da kimsə sənin şifrəni sındırsın? Bu cür halla rastlaşmamaq üçün hansısa tədbir görmüsənmi?

Şifrəmi unutduğum hallar olmayıb. Amma şifrəmi sındıra bilərlər. Çünki bununla bağlı heç bir tədbir görməmişəm. Qeyd edim ki, mən özüm də şifrə sındıra bilirəm. Bunun üçün Google-dan lazımi proqram yükləmək kifayətdir. Amma doğurdan da təhlükəsizliyin qorunması üçün  müəyyən tədbirlər görməyi vacib hesab edirəm. Çünki bayaq da dediyim kimi informasiyaların başqası tərəfindən oğurlanması xoş hal deyil.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə