“Proqramçı olmaq birinci arzumdur”

12-11-2015 / 12:05

“YouTube-da videoları telefonuma köçürtmək istəyirdim, yalnız belə bir proqram tapmadım və Android üçün proqram yazmaq qərarına gəldim”

İKT UŞAQLAR” rubrikasının növbəti qonağı Eldar Məmmədov adına 3 saylı məktəb- liseyin XI sinif şagirdi, Bebras (Qunduz) İnformatika üzrə beynəlxalq onlayn müsabiqəsinin iştirakçısı, gənc proqramçı Rüstəm Rüstəmovdur.

Rüstəm Rüstəmov Android əməliyyat sistemi üçün sərbəst şəkildə “YouTube video downloader” adlı proqram yaradıb. O eyni zamanda maraqlı oyunlar yaratmağı bacarır.

Məktəblinin Xeberler.az-a müsahibəsini təqdim edirik:

- Rüstəm, neçə yaşından etibarən texnologiyaya maraq yaranıb səndə?

-Texnologiyaya marağım 9 yaşımdan yaranıb. O zamandan İKT avadanlıqlar arasında diqqətimi cəlb edən texnoloji vasitə ilk növbədə kompüter olub. İlk olaraq kompüterlə tanışlığım müxtəlif onlayn oyunlar oynamaqla başlayıb. Daha sonra məktəbdə informatika dərslərində kompüter bacarıqlarını öyrənməyə başladım. Beləcə, məndə kompüter texnologiyalarına, xüsusilə də proqramlaşdırmaya həvəs yarandı. Hazırda Android üçün web brauzer və müxtəlif oyunlar hazırlaya bilirəm.

- Valideynlərin texnologiya ilə bağlı sənə hansı məhdudiyyətləri qoyur?

- İlk dəfə kompüterdən istifadə etməyə başlarkən əsasən oyunlar oynayırdım. Vaxtımın çoxu oyun oynamağa sərf olunurdu. O zamanlar valideynlərim mənə kompüterdən istifadə ilə bağlı qadağalar qoydu. Çünki günümün demək olar ki, yarısını kompüter qarşısında keçirirdim və bu, bir azyaşlı üçün normal vəziyyət hesab olunmurdu. Amma indi artıq XI sinifdə oxuyuram, onlar mənə məhdudiyyət tətbiq etmir.

- Məktəbdə texnologiya ilə bağlı lazımi avadanlıqlarla təchiz olunursunuzmu?

-Məktəbimizin texnologiya üzrə təminatından razıyam. İnformatika otağımıza yeni kompüter avadanlıqları quraşdırılıb. İki kompüter otağımızın hərəsində 12 kompüter var. Bu da dərs zamanı hər bir şagirdin kompüterdə sərbəst işləməsinə imkan yaradır. Dərs prosesində texnoloji  problemlərlə qarşılaşmırıq.

-Texnologiya ilə bağlı məktəbdə hansı problemlərlə qarşılaşırsınız?

-Təmirdən öncə işlək vəziyyətdə olan kompüterlərin az olması problem yaradırdı. Artıq o problem aradan qaldırılıb. Bəzən internet cəhətdən problemlər olur, internətə qoşula bilmirik, şəbəkə tutmur. Bu problemləri də məktəbimizin direktoru aradan qaldırmağa çalışır.

 - İndiyədək İT sahəsində uğurların olubmu?

Riyaziyyat -informatika müəllimimiz Aynurə xanım Bebra (Qunduz) müsabiqəsi üçün məktəbi qeydiyyatdan keçirdi və biz şagirdləri bu müsabiqəyə yönləndirdi. Həvəslə bu oyuna qoşuldum. Tapşırıqlar maraqlı,  bir az da çətin idi. Bizə 15 tapşırıq və bu tapşırıqlar üçün də 45 dəqiqə vaxt verilmişdi. Qunduz müsabiqəsi Azərbaycanda ilk olaraq 2014-cü ildə İsmayıllıda keçirilmişdi. Birinci il iştirak edə bilməsəm də ikinci il iştirak etdim və sertifikat aldım. Keçən il keçirilən Qunduz olimpiadasında iştirak etməklə sertifikat almışam.  Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş “Elektron Təhsil” Respublika müsabiqəsinə hazırladığım resursu təqdim etmişəm.

-Sənin İT bilik və bacarıqlarından məktəbdə istifadə edilirmi?

-Məktəbdə müəllimlərim, sinif yoldaşlarım, ümumiyyətlə hamı bilir ki, İT sahəsinə marağım böyükdür, hər zaman bu sahəni araşdırıram, İKT-yə aid yeni məlumatlar öyrənmək axtarışındayam. İnsan nəyisə öyrənməyə çalışdığı zaman yeni biliklər əldə edir və bu biliklər ətrafdakı insanların problemlərini həll etməyə kömək edir. Mən də  məktəbimizdə kompüterlərdə problemlər yaranan zaman düzəltməyə çalışıram. Sirr deyil ki, indi əksər şagirdlər məktəbdə də telefondan istifadə edir. Onların telefon və planşetlərində problem olanda məndən soruşurlar, bacardığım qədər kömək etməyə çalışır, hansı proqramların yüklənməli olduğunu başa salıram. 

-Yaratdığın mobil tətbiq haqda Xeberler.az oxuyucularına məlumat verərdin.

- Android telefona sahib olduqdan sonra ona marağım artdı və Android haqqındakı bütün sirləri öyrənməyə başladım. YouTube-da videoları telefonuma köçürmək istəyirdim, yalnız belə bir proqram tapmadım və Android üçün proqram yazmaq qərarına gəldim. Öncə Eclipse-də işləyərək “YouTube video downloader” adını verdiyim proqramı yaratdım. Cəmi 2,91 mb olan proqramı telefona yükləyərək YouTube-dakı istədiyimiz videonu mp3, mp4, 3gp və digər formatlarda telefona yükləmək mümkündür. Proqramda ingilis, ərəb, türk, rus dilləri var. Qeyd edim ki, bu proqramı hazırlamaq uzun vaxt tələb etsə də nəticə məni sevindirdi. Hazırladığım tətbiqdən hazırda yaxınlarım və dostlarım istifadə edir, artıq telefonlarına yükləyiblər. Bununla yanaşı bu yaxınlarda bitirdiyim web brauzer var, menyular Azərbaycan dilində olduğu üçün istifadəsi rahatdır. İnternetə sürətli şəkildə daxil olmaq, yükləmələr etmək mümkündür.

-Mobil telefonda oyun çoxmu oynayırsan? Bildiyimizə görə özün də oyun yaratmısan.

Mobil oyunlara çox da marağım yoxdur, vaxtımı əsasən əlverişli işlərə sərf etməyə çalışıram. Lakin bəzən hazırladığım oyunları oynayıram. Bir oyun yaratmışam, artıq hazırdır. Adı “Balloons hit”-dir. Bu oyun rəngarəng elementlərdən ibarətdir. İstifadəçi oyun oynamağa başlayarkən göy qurşağı ilə qarşılaşacaq. Maraqlı oyundur. Bundan əlavə hazırda üzərində işlədiyim bir neçə maraqlı voleybol, basketbol və digər oyunlar var. Gələcəkdə bu oyunları və proqramları Google Play-ə yükləmək və daha böyük layihələr yaratmaq fikrindəyəm. Ona görə də Android üzərindən hər gün yeni bir şey öyrənməyə çalışıram.

-Gün ərzində əsasən nə ilə məşğul olursan?

-Öncə dərslərimi oxumağa çalışıram, daha sonra kompüterdə işləyirəm. İstəyirəm ki, bu bilik və bacarıqlarımı daha da təkmilləşdirim. Müxtəlif proqramlar haqqında məlumatlar toplayır, bildiklərimi genişləndirməyə çalışıram. Bəzən də boş vaxtlarımı dostlarımla keçirirəm.

-Gündə neçə saat internetdə olursan? İnternet sənin üçün nədir?

Evimizdə Wi-Fi olduğu üçün internetdən rahat istifadə edə bilirəm. Gündə 2-3 saat internetdə oluram. Müxtəlif proqramlaşdırma alətlərini yükləyirəm və sosial şəbəkələrdə dostlarımla yazışıram. İnternetdə bütün sualların cavabı var. Müasir dövrümüz üçün internetin varlığını hər bir ev, tədris müəssisəsi, iş yerləri üçün vacib hesab edirəm.

-Sənin üçün internetin mənfi və müsbət tərəfləri nələrdir?

-İnternetin çox xeyri, eyni zamanda da ziyanı var. Burada maraqlı məlumatlar çoxdur. İstədiyimiz hər bir məlumat, proqramlar haqqında olan videolardan istıfadə edirik. Lakin internetə yüklənən fayllarda virus da olur, onlar kompüterimizə ziyan verə bilər və bəzən kompüteri işlənilməz hala sala bilər.

 -İnternetdə alış-veriş edirsinizmi? Haradan edirsiniz?

-İnternet üzərindən alış – veriş etmirəm, bunu etibarlı saymıram. Müdafiə sistemi zəif olan alış-veriş saytlarına hücum edən hakerlər istifadəçinin bank hesablarına daxil ola bilər. Bu da təhlükəlidir.

-Hansı saytlardan çox istifadə edirsən?

-Ən çox proqram saytlarından istifadə edirəm, tətbiqlərin yeni versiyalarını yükləyirəm.  YouTube-da mənə lazım olan proqramların tətbiq edilməsi videolarına baxıram, bilmədiklərimi öyrənirəm. Öyrəndiklərimi tətbiq etməyə çalışıram.

 

-Qonşuların Wİ-Fİ-dan istifadə etdiyiniz vaxtlar olubmu?

-Evimizdə Wi-Fi olduğu üçün internetdən rahat istifadə edə bilirəm. Buna görə də qonşuların internetindən istifadə etməyimə ehtiyac olmayıb. Amma hərdən elə olub ki, internetdə problem yaranıb, vacib işim olduğu zaman istifadə etmişəm. Yəni az hallarda belə olub. Bunu yaxşı hal hesab etmirəm, çünki internet üçün hamı aylıq ödəniş edir, həm də ki kənardan müdaxilə edildikdə həmin qonşuların Wi-Fi-ın sürəti azala bilər. Buna görə də hər kəs özünə aid internetdən istifadə etsə daha yaxşı olar. Bir də onu demək istəyirəm ki, kiminsə internetindən istifadə edən zaman icazə almaq vacibdir.

-Hansı sosial şəbəkələrdən aktiv istifadə edirsən? 

-Facebook və İnstagram-dan istifadə edirəm. Dostlarımla, tanışlarımla bu sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıram. Müxtəlif qruplara qoşularaq məlumatlar əldə edirəm.

-Facebook-da dostluğa necə qəbul edirsən? Qruplarda iştirak edirsənmi? Əsasən nələri müzakirə edirsən?

-Əsasən tanıdığım insanların dostluğunu qəbul edirəm, istifadəçinin şəkillərinə, paylaşımlarına nəzər yetirirəm. Bir çox qruplarda iştirak edirəm, özüm də qrup yaratmışam.

-Öz informasiya təhlükəsizliyini necə qoruyursan? Kimlər bu sahədə sənə kömək edir? Olubmu ki, şifrəni unudasan ?

-İnformasiya təhlükəsizliyimi qorumaq üçün antivirus və şifrələrdən istifadə edirəm. Yalnız yenə də tam müdafiə olunduğumu hesab etmirəm, hakerlər müəyyən proqramlar  və təhlükəli viruslardan istifadə etməklə şifrələri sındırıb şəxsi məlumatlarımızı ələ keçirə bilər. Şifrəmi unutduğum vaxt olmayıb, unutsam belə müxtəlif yollarla qaytara bilərəm.

-Gələcək planların nələrdir?

-Gələcəklə bağlı planlarım çoxdur. Proqramçı olmaq birinci arzumdur. Bu sahədə böyük nailiyyətlər qazanmaq və Azərbaycanımızın adını yüksəklərə qaldırmaq istəyirəm. Və arzuma çatmaq üçün səylə çalışacağıma söz verirəm.

 

 

Ruhəngiz Muradova

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə