“Dostlarımın kompüteri işləməyəndə mən düzəldirəm”

26-08-2015 / 15:45

İKT UŞAQLAR” rubrikasının növbəti qonağı 2014-cü ildə İsmayıllı rayonunda Təhsil Nazirliyi tərəfindən keçirilmiş  “İnformatika və Kompüter bacarıqları” Respublika müsabiqəsində qalib gələrək 1-ci yeri tutan,  2015-ci ildə keçirilən Google Sketch Up 3D -“Ən yaxşı üçölçülü” model yarışmasında  fərəhləndirici yerə layiq görülən, 2015-ci ildə VII siniflər arasında keçirilən “ALPLogo  mühitində proqramlaşdırma” olimpiadasında iştirak edib 2-ci yeri qazanan Misir Cəfərovdur.

Misir İsmayıllı şəhər 3 nömrəli məktəb liseyin VII sinif şagirdidir və İsmayıllının Vəng kəndində yaşayır.

Misirin Xeberler.az-a müsahibəsini təqdim edirik:

-Misir, neçə yaşından etibarən texnologiyaya maraq yaranıb səndə?

-Texnologiyaya maraq 7 yaşımdan yaranıb. Kompüter texnologiyalarına, xüsusilə də proqramlaşdırmaya həvəsim var. Həmişə yeni proqram ideyalarım olub.  Lakin proqramlaşdırma dili bilmədiyimdən bu proqramları hazırlaya bilmirdim. Sonradan Turbo Pascal proqramlaşdırma dilini öyrəndim və ilk proqramımı bu dildə yığdım. Daha sonra Free Pascal, Action Script, Java dillərini də öyrəndim. Artıq bir neçə proqram da yığmışam.

-Valideynlərin texnologiya ilə bağlı sənə hansı məhdudiyyətləri qoyur?

-Valideynlərim texnologiya ilə bağlı çox da məhdudiyyət qoymur. Kompüter gözlərə ziyan olduğundan bir çox valideyn kimi mənim valideynlərim də  vaxtımın çox hissəsinin kompüterə sərf edilməsinə  icazə vermirlər.

-İndiyədək İT sahəsində uğurların olubmu?

-İndiyədək İT sahəsində bir çox uğurlar qazanmışam. Ötən il İsmayıllı rayonunda Təhsil Nazirliyi tərəfindən keçirilmiş “Qunduz informatika və Kompüter bacarıqları” Respublika müsabiqəsində qalib gələrək I yeri tutmuşam. Bu qalibiyyətimə görə NEATS MMC və İSTECH MMC tərəfindən “Fəxri fərman” və İsmayıllı rayon təhsil şöbəsi diplomla təltif edilmişəm. Həmçin DELL inspiron markalı notbuk hədiyyə almışam. 2015-ci ildə keçirilən Google Sketch Up 3D model yarışmasında iştirak etmişəm və sertifikatla təltif  olunmuşam.  Apreldə VII siniflər arasında keçirilən “ALPLogo  mühitində proqramlaşdırma”  olimpiadasında iştirak edib II yer tutduğuma görə Təhsil Nazirliyinin diplomu ilə mükafatlandırılmışam.

 

-Məktəbdə texnologiya ilə bağlı lazımi avadanlıqlarla təchiz olunursunuzmu?

-Məktəbimizdə kompüterlər var. Lakin köhnə model olduğundan zəifdir. Kompüterlər iş zamanı tez-tez “donur”. Belə hallar baş verdikdə isə əlbəttə ki, işləmək çətinləşir. Bu kompüterlərin sürəti az olanda da  onlarla proqram hazırlamaq olmur. Çünki kompüterin gücü çatmır.

-Sənin İT bilik və bacarıqlarından məktəbdə istifadə edilirmi?

-İT bilik və bacarıqlarımdan  məktəbimizdə istifadə edilir. Odur ki, İT ilə bağlı keçirilən bütün müsabiqələrə cəlb olunuram və məktəbimizi bu sahədə layiqincə təmsil edirəm.

-Dostlarına İT sahəsində köməyin dəyirmi?

-Dostlarıma İT sahəsində köməyim dəyib. Belə ki, onların kompüterləri işləməyəndə düzəltmişəm, formatlamışam. Bəzilərinə kompüterdən istifadə qaydalarını öyrədirəm.

-Gününü necə dəyərləndirirsən? Gün ərzində əsasən nə ilə məşğul olursan?

-Gün ərzində əsasən kompüterlə işləyirəm. Riyaziyyat fənnini çox sevirəm və məsələ həll etməyi xoşlayıram. Hər gün yeni proqramlar hazırlayıram. Bundan başqa  dostlarımla da görüşür, onlarla fikirlərimi paylaşıram. Tez-tez meşə gəzintisinə çıxıram. Dostlarla qonaqlıq görüşləri də keçirirəm. Valideynlərimə ev işlərində köməklik göstərirəm.

-Gündə neçə saat internetdə olursan? İnternet sənin üçün nədir?

-Kəndimizdə internet xətti olmadığından istədiyim vaxt internetdən yararlana bilmirəm. İnternetdən hazır proqramların alqoritmini və proqramlaşdırma alətlərini yükləmək üçün istifadə edirəm. Bəzən internetdə oyun oynayıram. Bəzən isə sosial şəbəkələrdə dostlarımla yazışıram. İnternet mənim üçün böyük məlumat mənbəyidir.

-Sizin üçün internetin mənfi və müsbət tərəfləri nədir?

-İnternetin çox xeyri, eyni zamanda da ziyanı var. İnternetdə maraqlı məlumatlar çoxdur. Axtardığım məlumatları tapa bilsəm də, bəzən boşuna vaxt keçirmiş oluram. Bu da məni axtardığım məlumatdan uzaqlaşdırır. İnternetdən yüklənən fayllarda virus da olur. Bu zaman onlar kompüterə ziyan verir və bəzən kompüteri işlənilməz hala salır. Həmin viruslar informasiyanı da oğurlayırlar. Amma internet olmadıqda virusların fəaliyyəti zəifləyir.

-Hansı sosial şəbəkələrdən aktiv istifadə edirsən? Sosial şəbəkələrdən əsasən nə məqsədlə istifadə edirsən?

-Facebook sosial şəbəkəsindən istifadə edirəm, FB-da proqram qruplarına qoşulmuşam. Burada insanlar öz hazırladıqları proqramları nümayiş etdirirlər. Facebook-dan həmçinin uzaqdakı dostlarımla yazışmaq üçün istifadə edirəm.

-Asudə vaxtlarını necə keçirirsən?

-Asudə vaxtlarımda dostlarımla müxtəlif oyunlar keçirirəm. Kitab oxuyuram. Yeni-yeni riyazi məsələlərin həlli yollarını öyrənməyə çalışıram.

-Gələcək planların haqqında Xeberler.az-ın oxucularına nə deyə bilərsən?

-Gələcəkdə proqramçılar qrupu  təşkil etmək arzusundayam. Bununla müxtəlif proqram paketləri qurub satmaq fikrim var.

-Mobil telefonda oyun çoxmu oynayırsan?

-Telefonum yoxdur. Lakin bəzən atamın telefonunda oyunlar oynayıram.

-Facebook-da dostları necə qəbul edirsən? Qruplarda iştirak edirsənmi? Nələri müzakirə edirsən əsasən?

-Yalnız tanıdığım insanların dostluğunu  qəbul edirəm. Bir çox qruplarda iştirak edirəm: “Azərbaycan proqramçıları”, “Bildiklərinizi öyrədin”, “Bilmədiklərinizi öyrənin” və s. qruplar aiddir. Özümün də qruplarım var. Amma az adam bu qruplarda iştirak edir. Qruplarda əsasən məni maraqlandıran sahəni müzakirə edirəm.

-Əsasən hansı saytlardan istifadə edirsiniz?

-Proqram  saytlarından istifadə edirəm. Proqramlarımı Lazarus proqramı ilə yığıram. Buna görə də lazarus-ide.org saytından bu proqramın ən yeni versiyalarını yükləyirəm. Bundan başqa mən sourceforge.com saytından da müxtəlif paketləri yükləyirəm.

-İnternetdə alış-veriş edirsənmi? Haradan edirsən?

-İnternetdən alış-veriş etmirəm. Çünki bunu təhlükəli sayıram. Nə qədər qorunsa da, bir balaca ehtiyatsızlıq etsən hakerlər bu saytlardan bank hesablarına daxil ola bilərlər.

 -İnformasiya təhlükəsizliyini necə qoruyursan? Kimlər bu barədə sənə kömək edir? Olubmu ki, şifrəni unudasan?

-İnformasiya təhlükəsizliyimi qorumaq üçün, daha etibarlı şifrələrdən istifadə edirəm. Lakin bununla şəxsi informasiyalarımım tam qorunduğunu düşünmürəm. Çünki şifrəni nə vaxtsa sındırmaq olur. Şifrəni sındırmaq üçün müəyyən proqramları bilmək kifayətdir.

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə