14 yaşlı şagird: “Bibiheybət məscidinin proqramda üçölçülü modelini hazırlamışam”
“İKT UŞAQLAR” rubrikasının növbəti qonağı "Google SketchUp proqramında ən yaxşı üçölçülü modelinin hazırlanması" müsabiqəsində 2-ci yeri qazanan gənc proqramçı Şəmistan Kərimovdur.
267 nömrəli məktəbin 8-ci sinif şagirdi Şəmistan Kərimov sərbəst şəkildə maraqlı oyun proqramları düzəldə, kodlaşdırma proqramlarında işləyə bilir.
Kiçik yaşlarından İKT sahəsində böyük işləri bacaran məktəblinin Xeberler.az-a müsahibəsini təqdim edirik:
-Şəmistan, neçə yaşından etibarən texnologiyaya marağın yarandı?
-Valideynlərimin dediyinə görə, texnologiyaya 3 yaşımdan marağım olub. Atam kompüterdə işlədiyi zaman həmişə yanında otururdum. Hərfləri tanımasam da klaviaturanın düymələri ilə oynamağa həvəsim var idi. Hətta kompüterdə atamın iş səhifəsinə daxil olub bilmədən məlumatları qarışdırmışdım (gülür).
-İnformasiya texnologiyaları (İT) sahəsində uğurlarından danış bizə.
-7-ci sinifdə proqram vasitəsilə arxitektur binalar yaratmaq qabiliyyətim hamıya bəlli idi. Xüsusi proqram vasitəsilə tikintilərin proyekti ilə məşğul olurdum. Bu işimizdə informatika müəlliməmiz Sənubər Məmmədova bizi həvəsləndirir, keçiriləcək yarışmalar barədə maraqlanır, bizi ora cəlb edirdi. Dərsdən sonra və evdə onlayn olaraq müxtəlif proyektlər üzərində çalışmamızı təşkil edir, işlərimizə baxır və məsləhətlərini verir. Bu il "Google SketchUp proqramında ən yaxşı üçölçülü modelinin hazırlanması" müsabiqəsi üzrə məktəb turunda keçirilən yarışmada qalib oldum.
Qeyd edim ki, proyektləri işləyəndə musiqiyə qulaq asmağı sevirəm. Bu, mənə ilham verir. 2014-cü ildə "Google SketchUp proqramında ən yaxşı üçölçülü modelinin hazırlanması" müsabiqəsində iştirak etdim və Bibiheybət məscidinin proyektini düzəltdim, həmin il müsabiqədə 3-cü yeri qazandım. 2015-ci il respublika üzrə keçirilən həmin yarışmada isə 2-ci yeri tutdum. Bu zaman isə verilmiş tapşırıq üzrə Ali Məhkəmənin binasını düzəltdim. İndi isə obyektyönümlü proqram mühiti olan Lazarus proqramında kodlaşdırma ilə işləyirəm.
-Bəs oyunlar sahəsində hansı uğurlu işlərin olub ?
-Müxtəlif maraqlı oyunlar düzəltməyə həvəsim böyükdür. Yaratdığım oyunlara misal olaraq “Kalkulyator” oyununu göstərə bilərəm. Adından da bəlli olduğu kimi oyunda xüsusi kodlaşdırılmış düymələr vasitəsilə rəqəmləri hesablamaq mümkündür. Digər düzəltdiyim oyun isə “x-y” oyunudur. Kodlaşdırma vasitəsilə oyunu kağız üzərində deyil, kompüterdə oynamaq olar. Yaratdığım əyləncəli oyun proqramramlarından biri də “Düymə” oyunudur. Oyuna başlayarkən “2 qiyməti almaq istəyirsənmi?” sualı verilir, istifadəçi xeyr cavabı versə quraşdırılmış sistem üzrə oyunun qəhrəmanı qaçır və oyunçu onu tutmağa çalışır. Beləcə, maraqlı əyləncəli oyun proqramları yaratmaq xoşuma gəlir.
Bundan əlavə məktəbimizdə informatika fənninə dair müsabiqələr, breyn-rinqlər, debatlar təşkil olunur və müxtəlif mövzular üzrə təqdimatlar hazırlayıram. Ən birinci təqdimatım “Təqdimat necə qurulmalıdır” olub. Bu il “İnternetin mənfi və müsbət tərəfləri” adlı təqdimat hazırladım və debat dərsdə birinci yeri qazandım, çox bəyənildi.
-Valideynlərin texnologiya ilə bağlı sənə hansı məhdudiyyətləri qoyur?
-Elə də çox məhdudiyyət qoymurlar, sadəcə kompüterdən həddən artıq istifadənin sağlamlığa ziyan olduğunu bildirirlər. Deyirlər ki, kompüterdən çox istifadə etmək dərslərini hazırlamağa mane ola bilər.
-Məktəbdə texnologiya ilə bağlı lazımi avadanlıqlarla təchiz olunursunuzmu?
-Bəli, mənə lazım olan avadanlıqlar məktəbimizdə var. Layihəmlə bağlı dərslərdə də müəllimimizin köməyilə mütəmadi işlər görürük, kodlaşdırma ilə məşğul oluruq.
-Sənin İT bilik və bacarıqlarından məktəbdə istifadə edilirmi?
-Bəli, kompüter elmləri ilə bağlı bütün biliklərimdən məktəb heyəti xəbərdardır. Kompüter, proqramlarla bağlı hər hansı bir problem olduqda bildiyim qədər düzəltməyə çalışıram. Eyni zamanda, məktəbimizin adından öz konstruktiv işlərimlə yarışmalara qatılır, məktəbimizi təmsil edirəm.
-Dostlarına İT sahəsində köməyiniz dəyirmi?
-Dostlarıma texnoloji cəhətdən kömək lazım olanda onlarla biliyimi paylaşıram, kompüterlə bağlı problemlərdə öz köməyimi əsirgəmirəm. Əsasən, kompüterlərin format və ƏS-nin təzələnməsində, proqramların yazılmasında dostlarım məndən kömək istəyir.
-Gününü necə dəyərləndirirsən? Gün ərzində əsasən nə ilə məşğul olursan?
-Səhərlər həmişə tezdən dururam, idman edirəm. İndi dərslər olmadığına görə əsas məşğuliyyətim kompüterdə işləməkdir. Çalışıram ki, İnternetdən kifayət qədər maraqlı, vacib məlumatlar əldə edim. Təbii ki, ən çox layihəmlə maraqlanıram, kodlaşdırma ilə işləyirəm. Axşama yaxın isə dostlarımla futbol oynayırıq və ya gəzirik. Gecə saat 22-də yatıram.
-Gündə neçə saat İnternetdə olursan? İnternet sizin üçün nədir?
-Çalışıram İnternetdən az istifadə edim, düşünürəm ki, bu, sağlamlığıma mənfi təsir göstərir. İnternet mənim üçün bir bilik və informasiya mənbəyidir.
-Səncə İnternetin mənfi və müsbət tərəfləri nələrdir?
-Təbii ki, İnternetin həm mənfi, həm də müsbət tərəfləri var. Mənfi tərəfləri spamlar, viruslardır. İnternetin müsbət tərəfləri də çoxdur, bunun vasitəsilə lazım olan informasiyanı tapa, istədiyimiz musiqi və filmləri yükləyə, ölkədən kənarda, yaxud uzaqda yaşayan qohumlarla əlaqə saxlaya billirik.
-Hansı sosial şəbəkələrdən aktiv istifadə edirsən? Sosial şəbəkələrdən əsasən nə məqsədlə istifadə edirsən?
-Facebook -dan aktiv istifadə edirəm. Facebook lazım olan informasiyanı əldə etmək, gündəmdə olan xəbərləri oxumaq üçün daha rahatdır, dostlarımla və qohumlarımla əlaqə saxlayıram. İnstagram-dan az istifadə edirəm.
-Qonşuların Wi-Fi-dan istifadə etdiyin vaxtlar olubmu?
-Bəli, qonşuların evinə qonaq gedəndə istifadə edirəm (gülür).
-Gələcək planlarından danış bir az da
-Gələcək planlarım instituta daxil olmaq, ölkə xaricində təhsil almaqdır. Mühəndis-texnoloq və ya neft-qaz mühəndisi olmaq istəyirəm. Vətənimə layiqli mütəxəssis kimi yetişmək arzusundayam. Buna görə də İKT sahəsi ilə ciddi maraqlanıram. Gələcək fəaliyyətimi İKT üzrə qurmaq istəyirəm.
-Mobil telefonda çoxmu oyun oynayırsan?
-Oyun oynayıram, amma çalışıram ki, oyun oynamaq üzrə özümə vaxt məhdudiyyəti qoyum. Çünki oyunlar insanda asılılıq yaradır, oynadıqca oynamaq istəyirsən.
-Gün ərzində ən çox hansı saytlara baxırsan?
-Əsasən informasiya mənbəyi olan saytlardan https://www.google.ru/ ; https://ru.wikipedia.org/wiki/ ; http://kinogo.co/; http://www.informatik.az/; http://www.teachvideo.ru/v/6728 vəs. istifadə edirəm.
-Öz informasiya təhlükəsizliyinizi necə qoruyursan? Kimlər bu sahədə sənə kömək edir ? Şifrəni yaddan çıxardığın vaxtlar olubmu?
-Şəxsi hesablarıma çətin şifrələr qoyuram. Çalışıram ki, özümə məxsus informasiyalarımı qoruyam.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri