Test üsulu ləğv oluna bilərmi ?

25-08-2017 / 16:22

Test imtahanlarının ləğvi yenidən gündəmə gəlib. Belə ki, günlərdir mediada Dövlət İmtaha Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadənin buraxılış və qəbul imtahanlarında yeni model tətbiq edilməsi ilə bağlı çıxışı ətrafında müzakirələr davam edir.

M.Abbaszadənin gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəyi ilə bağlı açıqlaması cəmiyyətdə birməmanlı qarşlanmayıb.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz ilə ətraflı söhbət etdik.

Osman Gündüz deyir ki, açıqlamalardan duymaq olar ki, DİM və Təhsil Nazirliyi arasında kurikulum əsasında biliyin qiymətləndirilməsində tətbiq olunacaq metodla bağlı ziddiyyətlər pik həddinə çatıb:

“Əslində bu, gözlənilən idi. Çünki bu il ilk dəfə olaraq kurikulum əsasında təhsil alan 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri bütün təhsil ictimaiyyətini şoka saldı. Belə ki, 30 ballıq sistemlə 1-ci mərhələnin nəticələri Riyaziyyat 0 -18 bal ( 95 % ), Ana Dili 0 -18 bal ( 82 %) olub. Bu, anlaşıqlı formada o deməkdir ki indiyədək ya kurikulum olmayıb ya, da qiymətləndirmə metodikası düzgün olmayıb.Güman ki, DİM məktəblərdə tədrisin zəif olması, Təhsil Nazirliyi də qiymətləndirmənin doğru olmadığı qənaətindədir”.

Ekspert hesab edir ki, ola bilər kimlərsə indiki məqamda məhz bu cür nəticələrdən, mövcud ziddiyyətlərdən istifadə edib yenidən test imtahanlarının ləğvinə nail olmaq istəyir. 

Əgər doğurdan da DİM bu qaydada qiymətləndirməyə davam etsə təbii ki, 2 il sonra kurikulum əsasında ali məktəblərə qəbul və elə buraxılış da iflasa uğrayacaq.

Nə etməli?

Forum prezidenti qeyd edib ki, bununla bağlı həqiqətən də ciddi problem var:

“Lakin fikrimcə, problemin həlli üçün test imtahanlarının ləğvindən, imtahanların mərkəzləşdirimiş qaydada keçirilməsinin ləğvindən söhbət gedə bilməz. Bunlar indiki halda yolverilməzdir. Düşünürəm ki, şəffaf və ədalətli imtahan mühiti üçün, ictimai və dövlət nəzarəti üçün ciddi təminatlar olmadan nəhəng bir korrupsiya maşının işə düşməsinə şərait yarada biləcək yeni bir sistemin yaradılmasına siyasi rəhbərlik də heç bir halda imkan verməz. Eyni zamanda düşünürəm ki, DİM biliyin qiymətləndirlməsi istiqamətində son illərdə apardığı işləri daha da təkmilləşdirməlidir. Bu prosesə TN ekspertləri cəlb edilməlidir. Yeni proqramlara uyğun ədəbiyyatlar, testlər və metodiki vəsaitlər hazırlanmalıdır.Həm TN-də, həm də elə DİM-də yeni proqramlara uyğun vəsaitlərin, testlərin hədsiz azlığı hiss olunur”.

Eskpert deyib ki, son dövrlərdə DİM tərəfindən açıq tipli testlərin, mətn tipli testlərin və digər bu kimi mütərəqqi texnologiyaların tətbiqini qiymətləndirmədə irəliyə doğru addım kimi dəyərləndirmək olar:

“Təhsilin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməlidir, tədris prosesi təkmilləşdirilməlidir.Yeri gəlmişkən, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son zamanlarda TN tərəfindən atılan müsbət addımları da dəyərləndirmək lazımdır. Fikrimcə, müasir texnologiyalar qiymətləndirmədə insan amilinin minimuma endirilməsinə, istənilən məntiqi prosesin avtomatlaşdırılmasına yetərincə imkan verir və test texnologiyalarını maksimum təkmilləşdirməklə bu prosesi ədalətli və şəffaf formada təşkil etmək mümkündür. 

Ümid edirəm ki, DİM və TN arasında hazırda müzakirə mərhələsində olduğu bildirilən yeni qiymətləndirmə modeli də məhz mövcud sistemin ləğvini deyil, onun daha da təkmilləşdirilməsini nəzərdə tutur”.

Qeyd edək ki, test sisteminin ləğv oluna biləcəyi ilə bağlı məlumatların yayılmasından sonra bəzi maraqlı tərəflərin fəallaşması müşahidə edilir.

Osman Gündüz məsələyə münasibət bildirib:

“Bu proseslər bir müddət öncə də baş verən oxşar bir hadisəni xatırlatdı. Məlum olduğu kimi, bir neçə ay öncə “Təhsil haqqında” qanuna dəyişiklik edildi. Bu dəyişiklik ali təhsil sistemində ödənişli hazırlıq qruplarının yaradılmasını nəzərdə tuturdu. Məqsəd də ölkədə ali məktəblərə daxil ola bilməyən gənclərin xaricə axınının qarşısını almaq idi. Bu dəyikliyə görə hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar. Xatırlayıram ki, bu dəyişiklik ciddi müzakirələrə səbəb oldu, xüsusən də test sisteminin əleyhinə olanlar bunu gündəmdə saxlamaq üçün ciddi səylər göstərirdilər.Amma birdən birə sanki hər şey dondu. Bu mövzu bir anda unuduldu. Bilirsiniz niyə?. Çünki qanun qəbul olunandan dərhal sonra prezident bu qanunun tətbiqi və DİM Nizamnaməsinə dəyişikliklərlə bağlı bir Fərman verdi. Bu Fərmana görə, hazırlıq qruplarında buraxılış imtahanlarının keçirilməsi mövcud qəbul qaydaları çərçivəsində DİM-ə tapşırıldı. Bununla da bəzi maraqlı tərəflərin gözləntilərinə son qoyuldu və mövzu bir anda bağlandı”.

Ekspert əlavə edib ki, bu o deməkdir ki, baxmayaraq ki , imtahanlardan kəsilən xeyli sayda abituriyentlərimiz xaricə üz tuturla. Ona görə də bizim ali təhsil müəssisələrimiz bu prosesdə resurslar itirirlər, buna rəğmən ali hakimiyyət hazırkı oturuşmuş qəbul sistemini, mərkəzləşməni dəyişmək istəmədi:

“Təbii ki, bu zaman ölkənin təhsil sahəsində milli maraqları əsas götürülüb. Odur ki, düşünmürəm ki, yaxın perspektivdə test üsulu ləğv edilsin. Güman ki, DİM və TN mövcud test sisteminin daha da təkmilləşdirilməsində vahid bir mövqeyə gələ biləcəklər”.

Osman Gündüz hesab edir ki, yeni model adlandırılan, ictimai maraq kəsb edən bu platformanın dar çərçivədə deyil, ekspertlərin və mütəxəssislərin iştirakı ilə müzakirəsinin keçirilməsi daha faydalı olar.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə