Bu günlərdə Azərbaycan dövlətinin də payçısı olduğu “Caucasus Ventures” vençur fondu təsis edildi. Ümumi səkkiz payçının olduğu fonda rəhbərlik edəcək Məmməd Kərimov “Report”a müsahibə verib.
O, müsahibəsində hazırda Azərbaycanda və regionda startap ekosistemində baş verən yeniliklər və çağırışlarla, həmçinin rəhbərlik etdiyi fondla bağlı fikirlərini bölüşüb.
Xeberler.az həmin müsahibəni təqdim edir.
- Son illər geniş yayılan startaplar müxtəlif cür anlaşılır. Bəziləri bunu biznes kimi qəbul edir, bəziləri, innovativ ideya hesab edir. Bəs sizin fikrinizcə startap nədir?
- Startap əsas biznesinin tərkibində innovativ texnologiya olan, ilk baxışdan kiçik, amma sürətli şəkildə miqyaslaşa bilən şirkətlər və ya texnoloji təşəbbüslərdir. Yəni burada bir nömrəli fərqləndirici məqam biznesin innovasiya tərkibinin yüksək olması və çox sürətli böyümə potensialının olmasıdır. Ənənəvi müştəridə bu yoxdur.
Startapların tərifinin verəndə edilən ən böyük yanlışlıqlardan biri odur ki, ona kiçik biznes kimi yanaşırlar. Başlayanda kiçik ola bilər, amma potensial olaraq yaxud böyümə sürəti baxımından çox fərqlidir. “Uber”, “Netflix” və başqa layihələri buna misal göstərmək olar. Ona görə də tərif verərkən buna diqqət yetirmək lazımdır və startapa heç vaxt kiçik biznes kimi yanaşmaq tövsiyyə olunmur.
- Bir neçə il öncə Azərbaycanda startap hərəkatı yarandı və nəticədə özəl strukturlarla yanaşı ayrı-ayrı dövlət qurumları da startaplara dəstək verməyə başladı. Amma nədənsə hələ də uğurlu çıxan startap tapmaq çətindir.
- Bu cəhətdən haqlısınız. Mən düşünürəm ki, 2015-ci illdən bəri ən azı sənədlərdə, ən azı ölkə başçısı və nazirlər səviyyəsində çoxlu çağırışlar oldu. Amma sektorda real addımlar son 3-4 ildə atılıb.
Biz bu prosesi iki yerə bölə bilərik - infrastrukturun inkişafı və kontentin tərtib edilməsi.
İnfrastruktur sahəsində ciddi işlər görülüb. Bura istər peyk, istərsə də regionlara sürətli internetin çəkilməsi, həmçinin beynəlxalq ödəniş sistemləri sahəsində atılan ciddi addımlar daxildi.
Amma kontent, məzmun dediyimiz hissədə qabarıq şəkildə önə çıxan, görsənən nümunələr azdır. Bəli, bir neçə “exit” dediyimiz hadisə baş verib, amma rəqəm olaraq çox kiçikdir. Bir məsələni də nəzərə almaq lazımdır ki, innovasiya təşəbbüslərinin uğurunu görmək üçün 7-8 il, bəzən 10 il gözləməli oluruq. Ənənəvi biznesin üstünlüyü odur ki, siz bu il əkirsiniz gələn il məhsul götürürsünüz. Burada risklər azdır, amma uğurun da sayı, kütləsi də azdır.
Amma innovativ təşəbbüslər inkişaf edib özünü doğruldanda nəticə də çox böyük olur. Yəni biz burada milyonlara xitab edən məhsullardan, xidmətlərdən danışırıq. Ona görə də biz bir müddət gözləməyə başlayacağıq. Amma sizə deyim ki, o dönüş başlayıb. Artıq mərkəzlər açılıb və o mərkəzlərdə bəzi startaplar oturub. O startapları böyüdüb xarici şirkətlərə satışı baş verib. Bu o deməkdir ki, artıq bunlara inanan insanların sayı artıb. Əvvəl isə belə insanların sayı az idi. Düzdür, əvvəllər təşəbbüslər, dəvətlər, çağırışlar daha çox idi. Amma kütləvilik baş vermirdi. Bu ancaq tədbirlər şəklində, müzakirələr səviyyəsində baş verirdi. Lakin kütləvilik indi başlayır.
Kiçik bir qrup var idi ki, inkubasiya mərkəzlərini gəzirdilər. Bir müddət orada, bir müddət burada otururdular. Yalançı görüntülər yaradırdılar. Amma indi “İnnoland”, “SabahLab”, ABB-nin innovasiya proqramları var. Hər bir mərkəzdə müxtəlif insanlar var. Bu o deməkdir ki, kütləvilik başlayır və kütlədən də keyfiyətli məhsul çıxartmaq daha rahat olur. Bir sözlə bu vaxta qədər əgər məcburi seçim idisə, indi artıq təbii seçim gedir. İnanıram bundan sonra önə çıxan startapların sayı, uğurlu göstəricilər artacaq.
- Bizdə nədənsə bir çoxları startapa vəsait yatırmaq deyəndə ancaq dövlət vəsaitlərini düşünür. Bəzi hallarda isə ancaq kredit əldə etməyi nəzərdə tuturlar. Startapçılar, yeni biznesə başlayanlar paylarının bir hissəsinin verilməsi qarşılığında investisiya əldə edilməsində o qədər də maraqlı olmurlar.
- Doğrudur. Çünki bizdə kiçik pay şəklində hansısa layihədə kiçik investor olmaq ənənəsi heç vaxt olmayıb. Adətən bizdə investorlar startaplarda ciddi, hiss olunacaq dərəcədə pay sahibi olmaq istəyirlər. Bu birinci məqamdır və deyim ki, bu startaplardada keçici deyil. Əsas motivasiya edici hissə, pay təsisçilərdə qalmalıdır. İnvestorlar başa düşməlidir ki, biz ilk turdakı sərmayədarıq. Bunun davamı gələcək. Bura “Toxum mərhələsi”, “Toxumdan sonrakı mərhələ”, “Seriya A”, “Seriya B” dediyimiz turlar daxildir.
Bu mərhələlərdə startapın payları azala-azala gedir. Ona görə də daha böyük biznesin balaca hissəsi olmaq lazımdır ki, layihə böyüsün. İnvestor əvvəldən daha böyük bir hissəyə sahib olsa növbəti investor ora gəlməyəcək.
İkincisi, bazarda səhv vərdişlər formalaşıb. Startaplarımız həmişə qrant axtarırlar. Təmənnasız dəstək istəyirlər. Üzərlərində heç bir nəzarətin olmasını istəmirlər. Hesabatlılıq xoşlamırlar. Bütün bunlar bizim startapların çatışmayan cəhətidir. Bunlar da olmayanda ixtisaslaşmış investorlar layihəyə yatırım etməkdə maraqlı olmurlar. Çünki investorlar aylıq hesabatlılığı istəyir, biznes olaraq hansı istiqamətdə getdiyinizi bilməkdə maraqlıdırlar. Bütün bunlar olmayanda az-çox olan investorlar da bizim startaplarla maraqlanmırlar. Ona görə də investor arasında da maarifləndirmə işi aparılmalıdır. Startaplarla və investorlarla görüş keçirilməlidir, maliyyə məsələləri, hesabatlılıq və başqa məsələlərlə bağlı ciddi iş aparılmalıdır.
Bütün dünyada belədir ki, ilkin yatırımları müəyyən mənada dövlət eləməlidir. ABŞ, İsrail, Estoniya kimi uğurlu startap olan ölkələrdə də belədir. Bunun adını qrant, yardım və s. qoymaq olar. Dövlətdə müəyyən qədər həmin resurs var, amma özəl sektor bunu edə bilməyəcək. Özəl sektor o kütlədən seçilənlərlə işləməlidir. Çünki özəl sektorun motivasiyası maliyyə, qazancdır. Amma dövlətdə bu məşğulluq, sosial ədalət prinsipləri ola bilər. Çünki dövlət və özəl sektorun vətəndaşla olan öhdəlik və gözləntiləri özəl sektordan fərqlənir. Daim kommersiya qaydaları ilə işləyən özəl sektora yetişmiş startap vermək lazımdır ki, bir müddət sonra kommunikasiya qopmasın. Ona hazır olmayan startap verəndə dialoq alınmır.
- Bu ilin fevralından etibarən başlayan Rusiya-Ukrayna müharibəsi regionda bütün proseslərə təsir etdi. O cümlədən ixtisaslı kadrların, potensial startapların da axını baş verdi. Bir sıra region ölkələri öz qapılarını onların üzünə açdı. Bəzi mütəxəssislər hesab edir ki, Azərbaycan da yaranmış bu “fürsət”i əldən verməməlidir. Bəs siz nə düşünürsünüz?
- Mən prosesə "fürsət"dən daha çox dəstək kimi, yaxud yaranmış şərtlərə uyğun dəyərləndirmə kimi baxıram. “Fürsət” kimi düşünsək əlbəttə bu daha çox merkantilist yanaşma olacaq. Amma əlbəttə ki, bu baş verirsə ondan kənarda qalmamaq lazımdır. Bizim də ən böyük problemlərimizdən biri talantlı, bu istiqamətdə yetişmiş, təcrübəli şəxslərin azlığıdır. Çünki mühəndislər, proqramçılar, koderlər və başqa bu kimi mütəxəssislərin sayı bizdə azdır. Həm bu müharibə, həm də ümumiyyətlə dünyada baş verən hadisələr vaxtı ciddi miqrasiya baş verdi.
Azərbaycan da hazırda bundan çox faydalanmayıb. Bunun mən bilən müəyyən mənada siyasi səbəbləri də var. Müharibə ilə əlaqədar ölkənin təhlükəsizlik şərtləri diqtə edirdi ki, biz miqrasiya məsələlərində daha ciddi, selektiv olmalıyıq. Hazırda o məsələlər yoxdur, amma hesab edirəm ki, miqrasiya məsələləri bir qədər yüngülləşsə, həmçinin bank hesablarının açılması, ofislərin əldə edilməsi məsələləri daha da asanlaşsa, uyğun qiymətə əlçatan olsa onlar Bakıya da axın edəcəklər. Mən Azərbaycanda müəyyən şirkətlərdən Belarus, Ukraynadan olan mühəndisləri görmüşəm. Hətta investorlarla da görüşmüşəm. Amma Orta Asiya ilə müqayisədə bu göstərici çox azdır.
Orta Asiyada vergi güzəştləri var, orada qiymətlər daha aşağıdır, bir sözlə həyat daha ucuzdur. Vaxtilə Rusiyanın “Outsource” elədiyi bazar olub. Bu faktorlar onları daha çox həmin regiona yönləndirdi, nəyinki Azərbaycana. Amma heç vaxt gec deyil. Məncə biz də o şəraiti qura bilərik və dövlətin buna imknaları çatır. Məncə texniki məsələlərdir və bunlar maksimum 1 ilə həll edilə bilər. Bakı həm təbiəti, həm də ekosistem cəhətdən heç birindən geri qalmır. Əgər o insanlar bura gəlsə "komanda" yoldaşı da tapa bilərlər, investorlarımız da var. Məncə potensial var, amma biz onu tam dəyərləndirməmişik.
- Yeni bizneslə, startaplarla bağlı bir neçə yanaşma mövcuddur. Bəziləri düşünür ki, siz hansı sahədə biznes qurmaq istəyirsinizsə mütləq onunla bağlı təcrübəniz, ixtisaslaşmanız olmalıdır. Digərləri isə fikirləşir ki, yaxşı menecer olmaqla qeyri-ixtisas sahəsində də uğurlu biznes qurmaq mümkündür. Siz bu fikirlərdən hansını müdafiə edirsiniz?
- Ümumiyyətlə təşəbbüskarlıq ruh məsələsidir. Yəni burada bir nömrəli faktor təşəbbüskarlıqdır. Siz nə qədər yeniliyə açıqsınız, yenilik haqqında danışmağa, onu başqalarına anlatmağa hazırsınız, o həvəs, o ehtiras sizdə nə qədər çoxdur o vacibdir. Amma üstünlükdür ki, siz o sahəni də biləsiniz. Bəli menecment qabiliyyəti və s. vacibdir. Mən ona menecment yox daha çox təşəbbüskarlıq kimi yanaşıram. Birinci növbədə tələb olunan şey təşəbbüskarlıqdır.
Siz ikinci növbədə də inandırıcı olmalısınız. İnandırmaq nə deməkdir?! Sizə qoşulmaq üçün həmtəsisçini, investoru, məhsulu almaq üçün ilk müştərini inandırmalısınız. İşin "şou" tərəfi yəni enerji təşəbbüskarlığı bir yerə qədərdir. Bundan sonra sizdən soruşacaqlar ki, “sən bu sahəni nə qədər bilirsən?!”.
Yəni burada müxtəlif yanaşmalar var. Mən ona üstünlük verirəm ki, yeni startap yaxud biznesə başlayan mütləq sahəni bilməlidir. Ona ingilislər “domain expertise” deyirlər. Məhz bu məsələ tələb olunan ilk 5 faktora düşür. Əgər siz o sahədənsinizsə bu sizə üstünlük qazandıracaq. Amma o sahədən olmayanda inandırıcılıq çətin olur.
Əgər siz sahəni bilmirsinizsə mütləq bu sahəni biləni gətirməlisiniz. Siz sahəni bilmədiyiniz üçün də müzakirələr çətin olacaq. Belə olanda sahəni bilən şəxs işi istədiyi istiqamətdə, öz istədiyi çərçivədə həyata keçirəcək.
Komanda üçün digər vacib məqam öyrənə bilmək bacarığıdır. Tez öyrənib işə adaptasiya olmaq bacarığı da layihəni irəli aparan məqamlardandır.
- Bu məsələ ilə bağlı bəzi müzakirələrimiz olub. Çalışdıq ki, bir neçə yerli startap bu layihələrdə yer ala bilsin. Onlar öz təkliflərini verdilər.
Bilirsiniz, burada əsas infrastruktur layihələridir. Hiss olunur ki, burada əsas cihazlara və ağıllı cihazların idarə olunmasına fokus verilib. O sahədə təklifimiz azdır. Çünki “Hardware” dediyimiz sektorda Azərbaycan startapları çox azdır, hətta bir əlin barmaq sayı qədərdir. Biri var mövcud infrastrukturda eksperiment üçün bizə şərait yaradılır, bir də var həmin infrastruktur təzə qurulur. Mən hələ ki, təzə qurulan yerdə eksperiment tərəfdarı deyiləm. Çünki ora sıfırdan qurulur və biz burada sürətli olmalıyıq nəyinki yeni ideyanı təcrübə etmək. Bu baxımdan biz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə çox təkliflər verə bilmədik.
Hesab edirəm ki, infrastruktur və əlaqə məsələləri həll edildikdən sonra biz yerli startaplarımıza müraciət etsək daha onlar effektiv işləyəcək.
- Müəyyən mərhələyə gəlmiş bəzi startaplar iddia edirlər ki, onlar yerli bazara daha ucuz və keyfiyyətli məhsul təqdim etsələr də ölkədə olan potensial müştərilər həmin məhsul və xidmətləri xaricdən 4-5 dəfə bahasına alır. Sizcə belə hallar varmı, varsa onun qarşısını necə almaq olar?
- Belə iddialar var. Ona görə iddia deyirəm ki, onun sübut olunmuş prosesini görməmişəm. Bəli, bizim startap hansısa bir rəqəmə qədər o məhsulu ucuz edə bilər, amma müştəriyə lazım olan sayda edə bilməz. Ola bilər ki, dövlət startapdan 1 000 ədəd sayğac istədi və o həmin sayğacı təmin etdi. Amma sonra onun servisini təmin edə biləcəkmi? Onda həmin infrastruktur varmı? Bu kimi çoxlu suallar var və mən onların yerinə bu suallara cavab verə bilmərəm.
Amma bir şeyi bilirəm ki, biz illərdir Azərbaycan startapları ilə bağlı dövlət qurumları ilə görüşəndə bizdə belə bir strategiyanın olmasının vacibliyini deyirik – “Government as a first client” (dövlət birinci müştəridir). Yəni ölkəmizdə elə etməliyik ki, yerli startapların birinci müştərisi dövlət olsun. Bəli, bu çox sayda olmaya bilər, ölkənin taleyi həll olunacaq məsələləri startaplara verməmək olar. Amma hansısa kiçik eksperimentlərə qapı açıq olmalıdır. Mən o cəhətdən startaplarımızı dəstəkləyirəm. Komandalara ciddi eksperimetn edib özlərini sübut etməyə çalışmaları üçün şərait yaradılmalıdır.
Biz bir neçə dəfə oxşar işlərə nail olmuşuq. Pandemiya vaxtı bir startapımızı TƏBİB-lə görüşdürdük. TƏBİB rəsmiləri dəfələrlə gəlib o startapın cihazlarına, göstəricilərinə baxdı və kifayət qədər çatışmayan cəhətləri qeyd edib ciddi sənəd göndərdi. O sənəd həmin startap üçün investisiyadan daha dəyərli çıxdı. Bir növ “yol xəritəsi” oldu. Çünki investor heç vaxt o rəyi verə bilməzdi. Nəticədə onlar həmin biznesi atıb başqa işlə məşğul oldular.
Yəni bu cəhətdən hökumətin ilk müştəri olmağı çox vacibdir. Yenə də deyirəm ki, burada qazancdan söhbət getmir. Çünki dövlət daha böyük miqyaslı işlər görür və çətinlikləri bilir. Ona görə də startap danışanda dövlət deyir ki, “bunları unut. Sənə real problem deyəcəm”. Sifarişin olub olmamasından asılı olmayaraq dövlətlə dialoqların olması, ilkin təcrübə üçün şəraitin yaradılması daha əhəmiyyətlidir.
- Bu yaxınlarda startap ekosistemi üçün əhəmiyyətli olan daha bir maraqlı hadisə baş verib. Belə ki, ilk dəfə dövlətin də payçısı olduğu "Caucasus ventures" vençur fondunun təqdimatı keçirildi və siz də həmin fonda rəhbərlik edəcəksiniz. Bu fond fəaliyyəti ilə bağlı ətraflı məlumat verə bilərsiniızmi?
- "Caucasus ventures" 8 səhmdarın birləşdiyi vençur fondudur. Təsisçilər fond üçün ümumilikdə 11,3 milyon manat pay ayırıb ki, onun da 44 %-i dövlətə məxsusdur. Fondda formalaşan vəsaitin təxminən 9,5–10 milyon manatını startaplara ayırmağı düşünürük. Digər hissəsi isə fondun idarəedilməsinə və saxlanmasına xərclənəcək. Fondun 5-7 illik fəliyyətini nəzərə alsaq deyə bilərəm ki, əslində idarəetməyə heç pul çatmır. Təxminən bir ay üçün 14-15 min manat vəsait nəzərdə tutulub. Hansı ki, onunla ofis saxlamaq, xaricə səfər etmək və digər işlər görmək mümkün deyil. Böyük ehtimalla o dəstəyi payçılardan, ortaqlardan əlavə ödəniş kimi alacağıq.
- Fondun fəaliyyətinin ilkin effektini nə zaman görmək mümkün olacaq?
- Təxminən 3-cü yaxud 4-cü ildə biz bunu görə biləcəyik. Çünki bir startapın ən azı özünü sübut etmə müddəti 18 aydır. Onun üzərinə də satış müddətini də gəlsəniz bu 3-4 il edir. Ona görə də biz ilk rəqəmləri 3 ildən sonra görməyə çalışacağıq.
"Caucasus ventures" regional fonddur və təxminən 10-15 ölkəni əhatə edəcək. Mərkəzi Asiyadan təxminən 6 ölkə, Gürcüstan, Azərbaycan, Türkiyə, Ukrayna, Belarus, hətta Şərqi Avropanın bir sıra ölkələri də bura daxildir. Bir sözlə Pakistandan Macarıstana qədər olan bir bölgədə fəaliyyət göstərə biləcəyik.
- Fəaliyyət göstərmək istədiyiniz regionda “Unicorn” varmı?
- Təkcə Türkiyədə 5, Qazaxıstanda 1, Macarıstanda 1 “Unicorn” var. Ermənistan bizim siyahıda yoxdur, amma onlarda da belə bir şirkət var. Ümumilikdə isə regionda dəyəri 1 milyard ABŞ dollarından çox olan şirkətlərin sayı 10-a çatır.
- Fonda ayrılan 11,3 milyon manat bütöv regionu əhatə etməyə kifayət edirmi?
- Təbii ki, kifayət qədər azdır. Amma biz maliyyə alətlərindən biriyik. Vençur dünyası elədir ki, onlarla oyunçu var və hərə az-az yerləşdirir və müəyyən mənada oradan qazanc əldə edir.
- Bəs fondun idarəetmə forması necə olacaq?
- "Caucasus ventures" fondunda idarəetmə sistemi dünyada tətbiq edilən GP/LP (General Partners/Limited Partners) modelidir. Yəni tam ortaq var və bir də ortaqlar var. Mən tam ortağam və əsas qərarları mən verirəm. Amma Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Pasha Holding” və digər investorlardan birinin nümayəndəsinin iştirakı ilə kiçik məsləhət komitəsi olacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri