Son dövrlərdə ölkəmizdə gənclərin uğurlu karyera qurmasına, onların təhsilinin və peşəkarlığının artırılmasına köməklik məqsədilə bir sıra qurumlar yaradılıb. Young Business Factory belə qurumlardan biridir .
Young Business Factory (YBF) Bakıda gənclər üçün professional təlimlərin keçirilməsi, onların Universitetdə oxuduğu vaxtdan başlayaraq çalışmaq istədikləri sahə üzrə tam ixtisaslaşması, təcrübə keçməsi üçün yaradılıb.
Xeberler.az olaraq YBF-nin fəaliyyəti ilə yaxından maraqlanmaq üçün şirkətin ofisinə baş çəkdik.
Business Factory –nin təsisçisi Rasim Adjalov şirkətin yaradılmasının əsas məqsədi, hazırda hansı işlərin həyata keçirilməsi və şirkətin komandası barədə Xeberler.az-a ətraflı məlumat verib.
Təsisçinin sözlərinə görə, şirkət öz fəaliyyətinə İstanbulda təşkil olunmuş layihə ilə başlayıb. Belə ki, 2013-cü ildə bu layihə çərçivəsində 5 Türkiyə Universitetində 30 nəfər azərbaycanlı gəncə biznes, layihələrin idarə olunması, menecment və s. mövzularda təlimlər keçirilib. Daha sonra Azərbaycanda YBF yaradılıb və ölkəmizdə gənclərin təcrübə keçməsinə yardım etməyə başlayıb.
Rasim Adjalov bildirir, onlar ilk vaxtlar xarici tərəfdaşlarla əlaqələr qurub, məqsədlərini bildiriblər və bunun nəticəsində özlərinə çoxlu sayda partnyor qazana biliblər.
Layihə rəhbəri deyir ki , fəaliyyətlərində gəncləri bu istiqamətdə daha da maarifləndirmək məqsədini prioritet seçiblər. Xarici şirkətlərə, qurumlara bu fəaliyyətə Azərbaycanda təlabat olduğunu inandıra biliblər.
Hazırda müxtəlif ölkələrdə şirkətin 60-dan çox tərəfdaşları var. Əsas fəaliyyət isə Azərbaycanda və xarici ölkələrdə praktiki profesional təlim, konfrans, onlayn kurs və seminarlar, müxtəlif təhsil proqramlarının keçirilməsini təşkil edir.
Öyrənirik ki, şirkətdə gənclərin sosial aktivliyini artırmaq, təhsillə bağlı problemlərinin həllində tələbələrə yardım etmək, onların inkişafına töhfə vermək və təhsil, innovasiya və inkişaf üçün əlverişli şərait yaratmaq, elm və təhsilə olan marağı artırmaq üçün təlimlər xarici təhsilli, yüksək təcrübəsi olan mütəxəssislər tərəfindən keçirilir. Tələbələr və digər maraqlanan şəxslər də bu təlimlərdə iştirak edə bilirlər.
YBF-də həmçinin müxtəlif beynəlxalq yarışlara gənclərin hazırlaşdırılması həyata keçirilir. Məlumat alırıq ki, 2014-cü ildə “Avropa Sahibkarlıq” çempionatında həmyerlilərimiz müsabiqənin finalına qədər gəlib və 24 ölkə içərisində 6-cı yerə çıxıblar.
Rasim Adjalov deyir ki, son 1 ayda 1200-dən çox məşğələ təşkil olunub. Rasim Adjalov qeyd edir ki, bəzən şirkətdə iki ayda 1200 məşğələ təşkil edilir.
Öyrənirik ki, təlimdən sonra isə karyera məşğələləri keçirilir. Burada gənclərin işlə təmin olunması, iş karyerasında manager və lider olmaq, özlərinin işləyəcəyi komanda üçün düzgün standartların seçilməsi kimi məsələlər ətrafında təcrübə keçirilir.
Həmçinin gəncləri motivasiya edib, düzgün idarə etməklə yaxşı nəticələr əldə etməyi, düzgün kommunikasiya qurmağı, bununla iş görüşlərində uğur qazanmağı, vaxtı düzgün bölüb, düzgün işləri düzgün görmək, yaranan problemləri həll etmək, düzgün qərarı qəbul etmək, kompleksləri aradan qaldırıb, özlərinə inamı necə artırmağın yolları tədris edilir. Bununla yanaşı, işlə bağlı müsahibədən keçmə qaydaları, CV hazırlamaq, Business Mail yazmaq da gənclərə öyrədilir. Layihə rəhbəri qeyd edir ki, Azərbaycanda əməkdaşlıq etdikləri otel şəbəkələrində, holdinqlərdə tələbələri asanlıqla işlə təmin edə bilirlər:
“Əməkdaşlıq etdiyimiz şirkətlər bizdən kadr tələb edəndə aktiv tələbələrimizi seçib əməkdaşlıq etdiyimiz şirkətlərə göndəririk".
Təlimlər ödənişli və ödənişsiz həyata keçirilir. Rasim Adjalov ətraflı məlumat verir:
- Təlimdə ödənişsiz iştrak etmək istəyən tələbələrdən müəyyən şərtlər tələb olunur. Belə ki, onlar elektron müraciət ərizəsini dolduran zaman motivasiya məktubu yazmalıdırlar və bizi inandırmaldılar ki, həqiqətən də konkret hədəfləri var. Yalnız sertifikat üçün olan müraciətləri qəbul etmirik.
YBF öz tələbələrinin xarici ölkələrdə ödənişsiz olaraq təcrübə keçməsinə imkanlar yaradır. Bu yaxınlarda isə komandanın 8 Türkiyə universitetləri ilə birgə həyata keçirilən Beynəlxalq düşərgə baş tutub.
Qeyd edək ki, YBF tələbələrini yalnız ölkədaxili şirkətlərdə yox, həmçinin xarici ölkələrdə də işlə təmin edə bilir. Avqustda şirkətdə təlim keçən tələbələrdən biri Türkiyədə karyerasına başlayacaq.
Hazırda Caspian Plaza və Dəmirçi Tower mərkəzi də daxil olmaqla YBF-nin 22 nəfər ştatda olan işçisi var. 10 nəfər isə Mərkəzlə ştatdan kənar əməkdaşlıq edir.
Rasim Adjalov gənclərin layihələrinə dəstək verməyə hazır olduqlarını bildirir: “Qafqaz Universitetinin tələbələrinin yaxşı layihələri olur, amma onların çalışmaq üçün iş yerlərinə ehtiyacları olur. Biz onlara ofisimizdə yer ayırmaqla tam şərait yaradırıq. Onu da deyim ki, bu reklam məqsədi ilə həyata keçirilmir. Məqsədimiz sadəcə işsiz gənclərə dəstək olmaqdır”.
Məlum olur ki, şirkətdə təcrübə keçən gənclərin 980 nəfərdən çoxu yüksək vəzifəli işlə təmin edilib.
Layihə rəhbəri qeyd edir ki, gənclər əsasən menecment sahəsinə maraq göstərir. Onun sözlərinə görə, Azərbaycanda gənclər Universitetə daxil olarkən bəzən ixtisas seçimində öz istədikləri sahəni seçmirlər və sonradan başqa sahədə işləmək istəyəndə çətinlik çəkirlər. Bunun üçün YBF yaxın zamanlarda 1-ci kursdan başlayaraq gənclərə bu istiqamətdə ödənişsiz təlimlər keçirəcək. Həmçinin mühəndislik üzrə təlimlərin təşkilinə də başlanılacaq.
Rasim Adjalov deyir, komandanın fəaliyyətində Avropa sistemi tətbiq olunub. Təlim zamanı da ən çox praktik nəzəriyyələrə diqqət ayrılır:
“Çalışırıq gənclərə İT texnologiyaları ilə təqdimat etməyi aşılaya bilək. Azərbaycanlı gənclərin böyük potensialı var, amma düzgün istiqamətləri və motivasiyaları yoxdur. Öz işlərini təqdim etməkdə çətinlik çəkirlər. Onlara bu məsələdə yardım etmək üçün qrup işlərimiz var. Müsahibə zamanı deyəcək sözləri olsun deyə çoxlu təqdimatlar edir, praktik məsələləri müzakirə edirik. İş təcrübəsi olmayan gənclər müsahibəyə qatılan zaman YBF-də təcrübə keçdiklərini qeyd etsələr, şansları çox olar. Çünki biz onlara praktik mövzularla təcrübə keçirik və onlar bu məlumatlardan yararlana bilirlər”.
Müşahidələrimiz də göstərdi ki, Young Business Factory -də gənclərin iş motivasiyasını artırmaq, karyeralarında diqqət etməli olduqları məqamları mənimsəmək üçün müasir səviyyəli şərait yaradılıb. Mərkəzin işçiləri də komanda şəklində fəaliyyət göstərir. Müdir-işçi anlayışından çox bir-birləri ilə daimi ünsiyyətdə olan səmimi komandadırlar. Bu da onların uğurlarının ilk şərtlərindəndir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri