Hazırda ölkəmizdə İKT sektorunda ciddi ehtiyac olan sahələrdən biri də peşəkar kadrlardır. Son illərdə İKT sektorunda olan irəliləyişlər İT kadrlara olan tələbatı daha da artırıb. Həmçinin, İKT sahəsi kifayət qədər geniş olduğundan, hər gün yeni texnologiyalar inkişaf etdiyindən və bu sektorda dəyişikliklər çox sürətli olduğundan kadrlara qoyulan tələblər də artıb.
Ötən bir neçə illər ərzində Azərbaycanda İT kadrların hazırlanması istiqamətində müəyyən addımlar atılıb. Həm dövlət tərəfindən , həm də özəl qurumlar tərəfindən İT kadrların hazırlanması , peşəkarlığının artırılmasına xüsusi diqqət yetirilməyə başlayıb.
İKT sektorunda elə sahələr var ki nəinki Azərbaycanda, eləcə də dünyanın çox yerlərində bu cür kadrları, necə deyərlər gündüz çıraqla axtarırlar. Bu cür kadrlardan biridə İT sektorunda yetərincə tanınan, hazırda Azercell şirkətində İT sahəsi üzrə şöbə müdiri vəzifəsində çalışan, Azərbaycan Oracle İstifadəçilər Qrupunun (AzerOUG) prezidenti Kamran Ağayevdir.
Bu cür mütəxəssislər, onların həyat tərzi, gəlirləri, iş prinsipləri, bacarıqları, uğurları həmişə İKT ictimaiyyəti üçün maraqlı olub.
Bu baxımdan Xeberler.az yeni başladığı “İT kadrlar” layihəsində ilk olaraq məhz Kamran Ağayevlə görüşüb söhbətləşməyi məqsədəuyğun hesab edib.
Qeyd edək ki, Kamran Ağayev Oracle şirkəti tərəfindən Ace Director mükafatına layiq görülən yeganə azərbaycanlıdır.
Xeberler.az tanınmış Oracle mütəxəssisi Kamran Ağayevlə müsahibəni təqdim edir.
-Kamran bəy, Siz Azərbaycanın İT sektorunda kifayət qədər tanınırsınız. İT sahəsində neçə ildir fəaliyyət göstərirsiz?
-İT sahəsində artıq 12 ildir ki, fəaliyyət göstərirəm.
-Bu sahəyə gəldiyinizdə əsas rol oynayan hansı fakt olub, kimlərsə sizə dəstək olubmu?
-Bəli, əsas dəstək atam olub. O məni bu ixtisasa istiqamətləndirib.
-Deyirlər ki İT mütəxəsislər bir az ərkəsöyün olur? Bu baxımdan Sizin işdə rəhbərliklə problemləriniz olurmu?
-Bəli, İT mütəxəssislər ərkəsöyün olur.(gülür) Ancaq mən ərkəsöyün deyiləm. Rəhbərliklə dil tapıram.
-İşə gecikərkən müdirlə hər hansı probleminiz olurmu? Lazım olanda işdən icazə ala bilirsinizmi ?
-Çalışıram işə gecikməyim. Hər zaman işə vaxtında gedirəm. Gecikəndə də heç bir problem olmur və gecikməmin səbəbini deyirəm. İstənilən vaxtda işdən icazə ala bilirəm.
- İlk olaraq hansı proqramlaşdırma dilini öyrənmisiniz? Hazırda hansı proqramlaşdırma dillərində işləyirsiniz?
-İlk olaraq mən Qafqaz universitetini bitirdiyimə görə, Paskal, C və Java dillərini öyrənmişəm. Sonra daha fərqli proqramlaşdırma dillərini öyrənmişəm. Hazırda Oracle Verilənlər bazası üzrə çalışıram.
-Xeberler.az oxucuları üçün maraqlıdır, proqramlaşdırma sahəsində hansı sertifikatlara maliksiniz? Hansısa uğurlarınız və mükafatlarınız varmı?
-Oracle Verilən bazası ilə bağlı bütün sertifikatlara sahibəm. İki il əvvəl Koreyada Oracle Certified Master imtahanını keçmişəm. Əlavə olaraq, Oracle şirkəti tərəfindən Ace Director mükafatına layiq görülmüşəm. Onu da qeyd edim ki, Azərbaycanda bu mükafat yeganə məndədir. Bundan başqa bir kitab müəllifiyəm.
-Oracle Certified Master imtahanlarını vermək çox çətindirmi? Ümumiyyətlə bizdə Oracle mütəxəssisləri çoxdurmu?
-Oracle Certified Master imtahanını vermək çətindir. Ancaq bir neçə il praktiki təcrübəyə sahib olduqdan sonra bu imtahanı verə bilərsən. İmtahan iki gün, təxminən 14 saat çəkir. Bütün suallar praktiki məşğələlərdir. İmtahanın istənilən yerində gözləniləməyən problem çıxa bilər və sən onu ani həll etməlisən.
Azərbaycanda Oracle mütəxəssislərinin sayı günü gündən artır və bu çox sevindirici haldır. Bizim AzerOUG görüşlərimizin də əsas məqsədi yerli mütəxəssislərə bu texnologiyanı tanıdıb onları daha da irəli çəkməkdir.
-Kamran bəy, Siz həm də AzerOUG –un prezidentisiniz. AzerOUG qrupuna kimlər üzv ola bilər? Qrup üzvləri ilə onlayn görüşürsünüz yoxsa oflayn da tədbirləriniz olur?
-AzerOUG qrupuna istənilən şəxs üzv ola bilər. Bunun üçün bizim səhifədən (www.azeroug.org) qeydiyyatdan keçməsi kifayət edir. Keçirdiyimiz görüşlərin hamısı oflayn görüşlər olub. Prezentasiya xarakterli görüşlərdən əlavə daha çox praktiki məşğələlərdən ibarət görüşlərə üstünlük veririk.
Yaxın günlərdə növbəti görüşümüzü keçirməyi planlaşdırırıq. Görüşlərimiz barədə Oracle Magazine jurnalında yerləşən təqvimdə məlumat da dərc olunub.
- Qeyd etdiniz ki kitab müəllifisiniz. Kitabınızı hansı müddətə yazmısınız? Araşdırarkən gördük ki, kitabın qiyməti $35.95 göstərilib, bu qiymətə sata bilirsinizmi? Kimlər əsasən kitabınızın alıcısıdır ?
-Kitabı yazmaq bir ildən çox vaxtımı aldı. İş vaxtı və xüsusən də həftə sonu, və gecələr bunun üzərində çalışdım.
Bir kitab şirkəti (Rampant) bir neçə il öncə məndən kitab yazmamı istədi və ABŞ-da kitabının nəşr olunmağına şərait yaradılacağını, bütün işləri görəcəklərini bildirdilər. Bununla belə mənə çox cüzi ödəniş ediləcəyini qeyd etdilər. Hər satılmış kitab üçün 1$-dan da az bir məbləğ. Mənim məqsədim pul qazanmaq olmadığına görə bu təkliflə razılaşdım. Onlarla ara sıra əlaqə saxlayıram. Bir neçə min nüsxə satılıb.
Kitabımı alan şəxslərdən çoxlu məktublar alıram. Hətta bir neçəsi şirkətdə çıxan problemi bu kitabdakı ssenarilər əsasında həll etdiklərini də vurğulayıblar. Əsas odur ki, kitabın birinci səhifəsində bu kitabı doğma vətənim Azərbaycana həsr etdiyimi bildirmişəm. Mənə bu bəsdir.
- Hazırda yeni nəşrlər üzərində çalışırsınızmı ?
Bəli. Hazırda üzərində çalışdığım ikinci kitab, dünyada ən böyük texniki (və xüsusən Oracle üzrə) kitabları nəşr edən şirkətlərdən biri olan Apress-dir. Böyük çətinliklə onlara kitabımın çox faydalı olacağını sübut etməyi bacardım. Kitabın yarısından çoxu artıq hazırdır və inşAllah bu ilin sonu Amerikada nəşr ediləcək.
Əlavə olaraq bir neçə kitabın texniki redaktoru olmuşam və ilin sonunda nəşr olunacaq bir neçə dünya şöhrətli mütəxəssislərin yazdığı 2 kitabın texniki redaktorlarından biriyəm.
-Bildiyimiz qədər elmi işlə, təhsil sahəsində də çalışırsınız, Qafqaz Universitetində Oracle üzrə dərs deyirsiniz ? Tələbələrinizdən razısınızmı ? Yetişdirmələriniz çoxdurmu ?
-Qafqaz Universitetində beş ildən çoxdur ki, dərs deyirəm. Tələbələrimin əksəriyyətindən razıyam. Həm tərbiyəli, həm də savadlı uşaqlardır. Bir çox tələbəm fərqli şirkətlərdə məhz Oracle sahəsində çalışır. Bu mənim üçün böyük fəxrdir.
-Elmi işinizin mövzusu nə olub?
-Elmi işimin mövzusu “Verilənlər bazasında təhlükəsizliyin artırılması metodları” olub.
-Sizin fikrinizcə hansı proqramlaşdırma dili daha uğurludur? Və nəyə görə belə düşünürsünüz?
-Proqramlaşdırmadan xeyli müddətdir ki, uzaq olduğuma görə konkret bir fikir bildirə bilmərəm. Ancaq bir çox böyük sistemlər eləcədə Oracle sistemi C dilində yazıldığına görə məncə C dili uğurlu dil sayılır.
-Deyirlər ki, Oracle üzrə dünyanın ən tanınmış mütəxəssisləri hindlilərdir. Bu nə dərəcədə doğrudur ? Və ölkəmizdəki banklarda da Oracle bazalarına hindlilərin xidmət göstərdiyi bildirilir. Bu doğrudurmu, bizdə bu işləri görəcək müətəxəssislər varmı ?
-Bəli, hindlilər ümumiyyətlə İT sahəsində liderlərdən sayılır. Mənim bir çox hindli Oracle mütəxəssis dostlarım var. Oracle şirkətində çalışan bir çox departament rəhbərləri də hindlilərdir. Görünür məktəb və universitet təhsilləri onlarda daha güclüdür.
Bizim banklarda hindlilərin çalışdığından bir məlumatım yoxdur. Məncə buna ehtiyac da yoxdur, bizim kifayət qədər yerli mütəxəssislərimiz var.
-Kamran bəy, şirkətdəki vəzifənizlə bağlı konkret olaraq hansı işləri görürsünüz ? Hansı işlərə cavabdehsiniz?
-Şirkətdə verilənlər bazası administrasiyası şöbəsinin rəhbəriyəm. Bizdə terabaytlarla böyük həcmdə verilənlər bazaları var və biz onun idarə etməsi ilə məşğuluq. 7 gün 24 saat ərzində yaranan problemi ani həll edirik və gündəlik nəzarət edirik.
-İş prosesində lazım olan bütün proqramları, avadanlıqları zamanında yeniləyə bilirsinizmi ?
-Əlbəttə, məhz bu bizim ən böyük vəzifəmizdir, çünki yeniləmələr etməsək biz texnologiyadan geridə qalmış oluruq. Məcburən bütün sistemləri vaxtında yeniləyirik.
-Sizdə lisenziyasız proqramlardan istifadəyə icazə verilirmi ?
-Demək olar ki, heç birinə icazə verilmir. Çalışırıq ki, lisenziyasız proqramlardan istifadə etməyək.
-İş yerində istifadə etdiyiniz müxtəlif proqramları özünüz yazırsız yoxsa xarici şirkətlərin proqramlarından istifadə edirsiz? İş rejimində hansı xarici proqramlardan istifadə edirsiz?
-Şirkətdə istifadə olunan bəzi proqramlar xaricdən alınır. Bəzi proqramlarda var ki, onları yerli mütəxəssislər yazır. Ancaq istifadə etdiyimiz Oracle sistemini xaricdən alırıq və özümüz idarə edirik.
-Öz fəaliyyətiniz dövründə hansısa ən böhranlı bir an olubmu ? Yəni ki hansısa avadanlıqda və ya proqram təminatında – informasiya sistemlərində hansısa problemlər olubmu ?
-Bəli dəfələrlə kritik hallar olub. Elə kritik hallar olub ki, ani qərara görə böyük bir sistem fəaliyyətini dayandırıb. Və ya əksinə, sistem öz fəaliyyətini daha da genişləndirib. Bu cür hallar olur və vaxtında problemi aradan qaldırırıq.
-Çalışdığınız şirkətin İT sahəsində hansı uğurları var?
-Çalışdığım Azercell şirkəti Azərbaycanın ən qabaqcıl İT şirkətlərindən biridir. Ən son texnologiyalar məhz bizim şirkətdə tətbiq olunur. Həm şəbəkə sahəsində, həm verilənlər bazası sahəsində, həm də proqramlaşdırma sahəsində böyük uğurları var. Bundan başqa şirkət telekom şirkəti olduğuna görə böyük telekom uğurları da var. Həm də şirkətin işçilərinin də fərqli sahələrdə böyük uğurları var.
-Azercell şirkəti sizi xaricə öz sahəniz üzrə təlimlərə göndərirmi? Siz belə təlimlərdə tez-tezmi iştirak edirsiniz?
-Şirkət tərəfindən xarici təlimlərdə dəfələrlə iştirak etmişəm. Əlavə olaraq bir çox ölkələrdə özümdə fərqli konfranslarda çıxış etmişəm.
-İş vaxtı sosial mediadan istifadə etməyə icazə verilirmi ? Sosial mediadan hansı məqsədlə istifadə edirsiniz?
-Vaxtım olanda bəli istifadə edirəm. Sosial medianı əsasən yenilikləri izləmək, şəxsi ve texniki yenilikləri paylaşmaq üçün istifadə edirəm.
- İT sahəsi gəlirli sahədir. Sizin gəlirləriniz sizi qane edirmi?
-Bəli qane edir.Pis deyil.
-Hər hansı bir startap layihəniz olubmu? Və ya gələcəkdə hər hansı bir startap layihəsi qurmaq fikriniz varmı?
-Startap layihəm olmayıb. Ancaq fikrimdə onlarla fərqli layihələr olur. Çalışdığım işlə paralel olaraq layihələridə gerçəkləşdirməyi planlaşdırıram.
-Sizcə İT sahəsində çalışmaq digər sahələrə nisbətən çətindirmi?
-Məncə hər sahənin özünün öz çətinliyi var. İT sahəsinin də öz çətinlikləri var. Yəni heç vaxt deyə bilmərəm ki, İT sahəsi həkimlikdən üstündür. Hər sahənin özünə görə çətinliyi var.
-Necə düşünürsünüz, İT sahəsi universitetlərdə yüksək səviyyədə keçirilirmi?
-Mənim bildiyim və 5 ildən çox dərs dediyim Qafqaz Universitetində yüksək səviyyədə keçirilir. Digər universitetlərdən çox da məlumatım yoxdur. Amma bəzi dövlət universitetləri var ki, İT təhsilinin elə də yaxşı vəziyyətdə olmadığını eşitmişəm. Dövlət universitetlərinin tələbələri ilə də tanış olmuşam və çox ciddi şəkildə fərq hiss etmişəm.
-Professional işinizə gələnə qədər hansı təcrübələr keçmisiniz? Sizcə professional mütəxəssis olmaq üçün nə etmək lazımdır?
-Professional mütəxəssis olmaq üçün belə bir prinsip var. Bu prinsip 10 min saat prinsipidir. Bu 10 min saat prinsipinə inanıram. Yəni istənilən sahədə professional mütəxəssis olmaq üçün 10 min saat çalışmaq lazımdır. Bəzi psixoloqların araşdırmasında belə nəticəyə gəliblər. Fikrimcə, professional olmaq üçün 10 min saatlıq əziyyət çəkmək lazımdır.
-İT sahəsində oxuyan tələbələrə nə tövsiyyə edərdiz?
-Ən birinci tövsiyyəm odur ki, tənbəl olmasınlar. Hər gün biliklərini artırsınlar. Xaricdə MİT və Harvard kimi universitetlərin təhsilini Azərbaycanda ala bilmirik. Amma orda tələbələr çalışırlar və yüksək səviyyədə təhsil alırlar. Ona görə də bizi ötəcəklər. Bunun üçün də biz limitimizi Azərbaycana görə yox, dünya səviyyəsinə görə qurmalıyıq. Orda hansı dərslərin keçirildiyini, tələbələrinin nələr fikirləşdiyini nəzərdən keçirtməliyik. Biz ona uyğun çalışmalıyıq.
-Bir çox proqramçılar kimi sizdə gecə işləyirsiz yoxsa gündüz?
Gündüz işləməyə üstünlük verirəm. Amma gecələrdə bizim çoxlu işlərimiz olur. Çünki telekom elə bir sahədir ki, məcburən bəzi işləri gecələr görməli oluruq. Baxmayaraq ki, gecə sakitçilik olsada və rahat iş görə bilsəkdə insan həm də yorğun olur. Bir vaxtlar konsentrasiyanı toplamaq çətin olurdu, ancaq sonradan öyrəşməyə başladım.
-İT sahəsinin nümayəndələri istirahəti çox sevirlər yoxsa işləməyi ?
-İnsanlara görə dəyişir fikirlər. Mən işləməyi daha çox sevirəm. Məndə istirahət anlayışı demək olar ki, yoxdur. Təəssüf ki.(gülür)
-Qeyd etdiniz ki çox işləyirsiniz. Ailənizlə, dostlarınızla görüşə vaxt tapa bilirsinizmi? Asudə vaxtlarınızı necə keçirisiniz?
-Saatları doğru böldükdən sonra hər şeyə vaxt tapmaq mümkündür. Bəzi həftələr çox yoğun oluram, ancaq ailəyə və dostlarıma vaxt ayırıram.
-Əlavə hobbiləriniz varmı ? İdmanla məşğul olursunuzmu ?
-Hazırda yapon dilini öyrənməklə məşğulam. Bəlkə buna hobbi demək olmaz, amma bu mənim uşaqlıq arzumdur. Əlavə olaraq minimum həftədə üç dəfə idmanla məşğul oluram. İdman növünün adı Brasilian Jiu Jitsudur (fiziki və mənəvi təkmilləşməyə kömək edən, cüdo sənətinə yaxın olan yapon döyüş sənəti növüdür- Red). Professional məşğul olmasam da, yerli və beynəlxalq yarışlara qatılıram.
Keçən il Abu Dabi yarışında fərqli yarış formatlarında həm 1-ci, həm də 3-cü yeri tutmuşam.
Konfrans üçün səfər etdiyim bütün ölkələrin Jiu Jitsu klublarını ziyarət edirəm, onlarla məşq edib dostlaşıram və tez-tez Facebook üzərindən onlarla əlaqə saxlayıram.
-Kamran bəy, Xeberler.az oxucuları üçün maraqlıdır, əgər belə demək mümkünsə, ölkədə konkret bir İT sahəsi üzrə bir nömrəsiniz ? Bu sizdə hansı hissləri yaradır ?
-Özümü heç kimlə müqayisə etməyi xoşlamıram. Özümü, dünənki “özüm”-lə müqayisə edirəm və hər gün yeni şeylər öyrənib biliyimi paylaşmağa çalışıram. Sadəcə, sıravi insan olmağı xoşlamıram. Əgər hansısa sahəni sevirəmsə, orda ən yüksək yerə çatmağı planlayıram.
Hələ bu yolun başlanğıcındayam. Nədəsə cüzi fərqlənməyimə görə məsuliyyətliyəm. Öncə yerli kadrlarımız qarşısında. Bu səbəbdən AzerOUG görüşləri təşkil edib onları da qabağa çəkmək üçün çalışıram. Daha sonra vətənim qarşısında cavabdehəm – bu səbəbdən, çıxış etdiyim bütün beynəlxalq konfranslarda giriş olaraq Azərbaycan barədə uzun-uzadı danışıram.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri