İndi bizdə texnologiyaya aid statistika olmayacaq?

16-12-2017 / 13:16

2017-ci ilin bitməsinə saylı günlər qalır. 12 ay zarafat deyil. Bu müddət ərzində ölkənin texnoloji sistemini sıfırdan qurmaq da mümkündür. Niyə də olmasın axı! . Robotların, süni intellektlərin dövründə bunu etmək çox asandır.

İKT sahəsində olanlar daim bu trendləri izləyir. Trend deyəndə, əlbəttə dünyada baş verənləri və real nəticələrlə dünya mediasında yayımlanan texnoloji hadisələri nəzərdə tuturam. Hamımıza məlum oluduğu kimi, Azərbaycanda texnologiya ilə bağlı yaxından maraqlanıb, mütəmadi məlumat verən sayt demək olar ki, bir, iki dənədir.

Həm də ki, nədən yazsınlar axı? Dünyadan?. Dünyanı elə xarici saytlardan da izləmək mümkündür. Yerli xəbərlər istehsal etsinlər, bəli!. Bəs bizdə xəbərə çevrilə biləcək nə qədər texnoloji hadisə olur ki?. Bunu bir daha vurğulayım, söhbət real nəticələrə, statistika ilə yazmaqdan gedir, “olacaq”, “nəzərdə tutulur”, “gözlənilir” kimi fellərin olmadığı cümlələrdən…

Bəlkə də ilin sonu yaxınlaşmasa, xarici mediada statistik məlumatlar havada uçmasa  idi, məsələnin ciddiyyətini dərk etməyəcəkdik. Amma real nəticələrə dayanaraq hazırda ölkəmizdə İKT sektoru varmı, yoxmu sualı ilə qarşı-qarşıyayıq.

Yadımdadır, bir dəfə Koreyadan gələn mütəxəssis ilə İKT-dən, startaplardan danışırdıq. Növbəti sualım o oldu ki, bizim ekosistemi necə dəyərələndirirsiniz?

Cavabı məni çox təəccübləndirmişdi, dedi, “ekosistem?”. Dedim bəli, elə ekosistem. Biraz gülümsədi. Cavabı uzun idi (statistika, real nəticələri misal göstərməklə). Mən qısa deyim:

Dedi ki, Cənubi Koreya illərdir həm dövlət struktrunda, qanunvercilikdə, həm də digər istehsal sahəsində İKT ilə bağlı əlindən gələni edir, startapların inkişafı üçün dövlət səviyyəsində addım atır və dünyada real nəticələrimiz də var, amma biz hələ indi-indi deyə bilirik ki, bu ekosistem formalaşır.

Biz də texnologiyanın içindəyik, yalnız jurnalist kimi yox, bəzən hadisələrə adi vətəndaş kimi də yanaşmağa çalışırıq. Məlumdur ki, bəzən jurnalist kimi hadisələrə baxanda suallarına cavab tapa bilmirsən, vətəndaş kimi baxanda isə daha humanist olursan. Hazırda ölkəmizdə olan İKT hadisələrə də humanist tərəfdən baxmağa çalışırıq.

Bugünə qədər yazdığımız yerli İT xəbərlərinin əksəriyyətində problemləri qeyd etmişik və sonu “bununla bağlı ciddi addımların atılacağını gözləyirik” kimi bitib.

Bəli, illərdir addım atılacağını gözləyirik. Bəs atıldımı o addım və ya addımlar?

Bu dəfə mən danışmıram, real nəticələr danışacaq.

Bu yaxınlarda regionun ən yaxşı texnologiya sərgisi adlandırılan Bakutel keçirildi. Yerli İT şirkətlərimiz də sərgidə təmsil olundu. Maraqlıdır ki, hansıdan statistika öyrənməyə çalışdınsa, dedi yazılı göndərin, cavablayaq. Hazır statistika olsa, niyə axı elə oradaca cavab verməsinlər?

Bunun üstündən keçməyək ki, Azərbaycanda son illər texnologiyaya maraq artıb, demək olar ki, əksər insan artıq bu işlə maraqlanır və yeni nələrsə etməyə çalşır. Dövlət səviyyəsində də müəyyən işlər görülür.

Ötən il Prezidentin Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi barədə fərmanı bizdə ümid yaratdı ki, bu sahə ilə bağlı artıq real işlər görüləcək.

Amma maraq bu inkişafa kifayət edirmi?!

Ötən dəfə 2017-ci ilin ilk altı ayı ərzində “Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin icrası ilə bağlı hesabat  bu ümidləri yenidən suya saldı. Niyəmi? Çünki xəritədə elə ən aşağı nəticə İKT-də olub.

İKT-də olan ümumi problem və inkişaf barədə detallı, faktlarla danışmaq olardı. Amma mümkün deyil, çünki biz real statistikanı heç kimdən, heç bir qurumdan ala bilmirik.

Hazırda dünyada ilin sonuna doğru ölkələr, İT şirkətlər öz nəticələrini açıqlayır.

NASA deyib ki, bu il Google ilə süni intellektin köməyi ilə yeni planetlər kəşf ediblər.

Bu il YouTube-dan milyonlar qazanıb, zəngin olanlar oldu. Bunu da statistikası açıqlandı. Görəsən, bizdə bu platformadan necə istifadə edirik? Kimlər real nəticələr əldə etdi, nələr qazandı?

Dünyada 2017-ci ildə batan startaplar səbəbləri ilə açıqlandı, bizdə görəsən startapların batmasına nə səbəb oldu? Bəli, biz bunu araşdırmağa çalışırıq. Amma startaplara sual verəndə, deyir bu barədə danışmasaq yaxşıdır. Niyəmi? Çünki deyəcəklər o qədər pul yatırdın, vaxt sərf elədin bir işə yaramadın.

Şirkətlər yalnız müsbət nəticələrini yox, uğursuzluqlarını da paylaşır. Məsələn, Uber bu il 1, 46 milyard zərrər edib.

Biz də belə məlumatlar gözləyirik.

Bu barədə çox danışmaq olar. Məsələn, dünyada və ölkələrə görə smartfon istifadəçilərinin sayı, elektron ticarətin dövriyyəsi və bu kimi elektron xidmətlərdən əldə edilən gəlirlər barədə tez-tez statistik məlumatlar yayımlanır.

Amma biz hələ də öyrənə bilmirik ki, Azərbayacanda konkret olaraq nə qədər smartfon istifadəçisi var?

Biz də Sizinlə razıyıq ki, bu məsələyə Dövlət Statistika Komitəsi nəzarət edir. Və ya etməlidir? Bu da sual altındadır. Çünki bu kimi statistikaları aparan nə konkret qurum, nə də monitorinq mərkəzləri, araşdırma şirkətləri gözə dəymir.

Bizim ağıllı telefon istifadəçiləri ilə bağlı sualımız uzun müddətdir ki, Statistika Komitəsində gözləyir. Neyləsin, real statistika hazır olana (olsa!) qədər yəqin o orada, biz də burada gözləməli olacağıq.

Elektron ticarətlə bağlı isə hələlik ümumi məlumat nəzərə çarpmır. Bircə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport barədə statistikasını arada görürük.

İstəyirik ki, Azərbaycanın bu sahədə gördüyü işlərdən yazaq. Amma statistika ilə, konkret rəqəm ilə.

Biz də artıq bu başlıqlarla xəbər yazmaq istəyirik :

“Azərbaycanlı YouTuber Forbes-in zənginlər siyahısında”, “Azərbaycan e-ticarətdən qazandığı gəliri açıqladı”, “Azərbaycanın İT məhsulları xarici ölkələrdə istifadə edilir”, “Apple Azərbaycan startapını satın aldı”, “Azərbaycanda həkim reseptləri elektronlaşdırıldı”, “Artıq bələdiyyələrə, dövlət qurumlarına getməyə ehtiyac qalmadı”.

Yoxsa, neçə ildir yeni nəsil şəxsiyyət vəsiqələrini gözləyirik. Hələ də məlum deyil ki, bu vəsiqələr 2018, yoxsa 2019-cu ildə istifadəyə veriləcək?

Bütün bu küskünlüyümüz əslində sevgimizdəndir. Ölkəmizin nefti və idmanı ilə yanaşı, məhz texnologiyası ilə də dünyanın maraq dairəsində olması diləyi ilə!

 Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə