İnformasiya müharibəsini kim aparmalıdır?

04-04-2016 / 16:02

Məlumat verdiyimiz kimi, aprelin 2-dən başlayaraq cəbhəboyu ərazilərdə aparılan əks hücumlar nəticəsində ordumuz müəyyən qələbələr əldə edib.

Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə,  Goranboy cəbhəsində Talış kəndi ətrafındakı yüksəkliklər, Tərtərdə Seysulan məntəqəsi, Füzuli istiqamətində Lələtəpə yüksəkliyi düşmən qüvvələrindən tam təmizlənib. 

Hazırda bu ərazilərdə döyüşlərin getdiyi bildirilir.

Müşahidələrimiz  göstərir ki, döyüşlər yalnız ön cəbhədə deyil, elə informasiya mühitində də gedir və əvvəlki  dövrlərlə müqayisədə informasiya müharibəsi daha da şiddətlənib.

Azərbaycana qarşı infromasiya müharibəsi Ermənistan və onu dəstəkləyənlər tərəfindən müxtəlif informasiya resurslarından istifadə etməklə, həm də bir sıra xarici TV  kanalları vasitəsi ilə aparılır.
Bəzən isə müşahidə edirik ki,  sosial mediada, internet resurslarında da müxtəlif  yalan və çaşqınlıq yaradan məlumatlar yayımlanır.

Xeberler. az olaraq informasiya müharibələrinin spesifik xüsusiyyətləri, müharibə şəraitində sosial media istifadəçilərinin, jurnalistlərin, media qurumlarının rolu ilə  bağlı Azərbaycan İnternet Forumunun prezidenti  Osman Gündüzlə söhbət etdik.

Osman Gündüz  ön cəbhədə əldə etdiyimiz  uğurları, Müdafiə Nazirliyinin aktiv fəaliyyətini təqdir etməklə bərabər, hazırda  bu qurumun apardığı informasiya siyasətinin də  mühüm əhəmiyyət  kəsb etdiyini vurğulayıb.

Ekspert deyir ki, müasir müharibələr yalnız aktiv döyüş bölgəsində aparılmır. Əgər aktiv döyüşlər yalnız cəbhə bölgəsində gedirsə, informasiya müharibəsi bütün ölkə üzrə, hətta bütün dünya informasiya mühitində aparılır:

“Ön cəbhədə müharibə başlayandan Azərbaycana qarşı digər bir cəbhədə, informasiya mühitində də müharibə  güclənib. Əvvəlki  döyüşlər zamanı belə hallar elə də qabarıq gözə  çarpmayıb. Ermənistan tərəfi və onlara dəstək verənlər  son günlərdə, informasiya silahından istifadəyə daha ciddi diqqət yetirməyə başlayıb. Onların sosial media fəaliyyətləri, onların mövqeyini müdafiə edən xarici informasiya  resurslarının fəaliyyəti bunu deməyə əsas verir. Məqsəd  isə təbii ki  uğursuzluqlarını ört-basdır etmək, Azərbaycanda  çaşqınlıq yaratmaq, diqqəti əsas məsələlərdən yayındırmaq, beynəlxalq ictimayi rəyi dəyişməkdir”.

Osman Gündüz hesab edir ki , indiki halda  müharibə yalnız döyüş bölgəsində deyil,  elə hər yerdə gedir. Əgər siz sosial mediada düşmən tərəfinin  və ya ona dəstək verənlərin yalan bir xəbəri ilə qarşılaşıbsınızsa,  guya  çoxlu canlı qüvvə itirmişik, guya bizim əsgərlər baş kəsiblər   və ya nəsə buna oxşar dezinformasiyalar qarşınıza çıxırsa, deməli sizə də hücum var. Deməli,  sizin şüurunuza hakim olmaq istəyirlər:

“Ümumiyyətlə,  görünən budur ki,  indiki halda Ermənistan və Rusiya tərəfi Azərbaycana qarşı informasiya müharibəsinə ciddi diqqət yönəldiblər və bu işə böyük investisiyalar yatırırlar. Düşünürəm ki indiki müharibə şəraitində  hər birimiz özümüzə hesabat verməliyik ki, görəsən bu gün mən belə bir aqressiya ilə, infromasiya hücumu ilə qarşılaşdımmı ? Biz bilməliyik ki, bizdəki müharibəni beynəlxalq aləm də izləyir. Və imkan verməməliyik ki,  bizim haqq işimiz , ədalətli müharibəmiz başqa aspektdə dünya ictimaiyyətinə çatdırılsın. Bunun üçün  ciddi informasiya işi aparılmalı,  alternativlər  təşkil edilməli, alternativ informasiya mənbələri olmalıdır. Real müharibəni aparanlar əsgərlər və zabitlərdirsə, informasiya müharibəsinin əsgərləri  jurnalistlər, sosial media istifadəçiləri, ekspertlər, müəllimlər, biznesmenlər, bütün internet istifadəçiləridir. Onların  fəaliyyəti , istehsal etdikləri informasiya , onların  ictimai nüfuzu, real vəziyyətin, real qələbələrin, hadisələrin dəyərləndirilməsində, ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayır".

Osman Gündüz hesab edir ki, indiki məqamda manipulyasiyanın, yalanlar və dezinformasiyanın qarşısını alan effektiv mexanizmlər hazırlanmalıdır. Bu sahədə Müdafiə Nazirliyinin informasiya siyasəti mühüm rol oynayır.  MN özünün sosial media resursları , internet resursları vasitəsilə infromasiya müharibəsinin daha da  gücləndirilməsinə diqqət yetirməsi yaxşı olardı”.

Osman Gündüz bildirir ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə media qurumları, sosial media daha çox rəsmi informasiyalara istinad etdilər:

"İnternet media, sosial media informasiya təxribatlarının qarşısının alınmasında , real vəziyyətlə bağlı doğru informasiya mühitinin yaradılmasında mühüm rol oynadılar. Xüsusilə də  Milli Ordumuza, əsgərlərimizə  ciddi dəstək, həmrəylik nümayiş olundu. Bu, yaxşı haldır. Amma görünən də budur ki, Azərbaycana qarşı aparılan informasiya müharibəsinin qarşısını almaq, bu istqiamətdə uğur əldə etmək üçün zəruri informasiyalar heç bir halda yetrəli sayıla bilməz.”

Osman Gündüz hesab edir ki, Müdafiə Nazirlyinin sosial mediada resurslarının yaradılması indiki halda çox mühüm əhəmiyyət kəsb edir.  Rusiya- Gürcüstan və Rusiya-Ukrayna müharibələrinin təcrübəsi göstərir ki, rəsmi qurumların  sosial medianın gücündən effektiv istifadə etməsi olduqca vacib  rol oynayır:

Fikrimcə, Müdafiə Nazirliyi Facebook, YouTube, Twitter-ə daha aktiv inteqrasiya olunmalıdır. İndiki məqamda xüsusi YouTube kanalının yaradılması vacib məsələlərdəndir. Belə ki, Müdafiə Nazirliyinin bu kanala   videolar yükləməsi,  Facebook səhifəsinin açıb  vacib informasiyaların operativ səhifəyə  yerləşdirməsi, eyni zamanda Twitter-də rəsmi  açıqlamaların paylaşılması çox vacibdir. Çünki indi dünyada informasiya mənbəyi elə bu resurslardır”.

Osman Gündüz qeyd edib ki, hazırda Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsində xarici informasiya resursları, xüsusən Rusiyanın informasiya resursları da iştirak edir:

“ Bu baxımdan düşünürəm ki, Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən, vacib olan dəqiq,  faydalı informasiyaların,  düşmən və xarici media orqanlarından daha tez sosial  şəbəkələrə  yerləşdirilməsinə diqqət etməsi faydalı olardı.  Qloballaşan dünyada təcrübə göstərir ki, kim informasiyanı ilk verirsə və hansı formada təqdim edirsə, ictimai rəyi də elə o formalaşdırır. Sonradan informasiyanın təkzib edilməsi və ya təsdiqi vaxt aparır və o qədər də  əhəmiyyət kəsb etmir”. 

Osman Gündüz  sosial şəbəkələrdə yanlış məlumat yayan istifadəçilər və jurnalistlərə də çağırış edib:

“  Əlbəttə ki, jurnalist informasiyanı yayımlamaqda müstəqildir, eləcə də vətəndaşlar sosial mediada fikirlərini bölüşməkdə sərbəstdirlər. Sosail şəbəkələr açıq bir informasiya mühitidir. Bu fəaliyyətə hər hansı qadağa qoymaq düzgün deyil. Biz həmişə bu sahənin inkişafına diqqət yönəltmişik. Amma nəzərə alaq ki, bizdə indi müharibə gedir. Bu məqamda davranışın da öz qanunları var. Həm də unutmaq lazım deyil ki, internet elə KİV-dir. Bu, bizim qanunvericilikdə də nəzərdə tutulub. Yəni, KİV-ə qoyulan tələblər burada da olmalıdır. Azərbaycan İnternet Forumu olaraq düşünürük ki, sosial media istifadəçiləri, informasiya yayan və paylaşan  jurnalistlər bu məqamda daha diqqətli olmalıdır.  Yaxşı olardı ki, hansısa  məlumatı  hazırlayanda, paylaşanda rəsmi mənbəyə də  istinad edilsin. Düşünürəm ki, müharibə gedən şəraitdə  jurnalistlər və sosial media istifadəçiləri daha aktiv olmalı, doğru, düzgün informasiya üçün, müxtəlif dillərdə olan alternativ informasiya mənbələri yaratmalıdır. Hər şeyi də dövlət qurumlarının üzərinə atmaq da doğru olmaz ”.

Osman Gündüz  vurğulayıb ki, döyüş bölgəsində baş verən son hadisələr bir daha göstərdi ki, bir sıra xarici TV kanallara, xüsusilə də rus TV kanallarına etibar etmək olmaz. Onlar birtərəfli qaydada, Ermənistan tərəfinin mənafeyini güdən təbliğata üstünlük verirlər:

 “Düşünürəm ki, indiki halda Ermənistanın maraqlarından çıxış edərək məqsədyönlü  şəkildə,   birtərəfli bu cür mövqe sərgiləyən bütün xarici TV kanalların Azərbaycan ərazisində yayımının dayandırıla biləcəyi gündəmə gətirilməlidir və dərhal da bu tip informasiya silahlarının müəyyən müddət ölkə ərazisində məhdudlaşdırılması mexanizmləri hazırlanmalıdır. Hazırda Kabel TV operatorlarımız, həm də provayderlərimiz (İP TV) onlarla rus tv kanallarının siyahısı daxil olan paketlər təqdim edirlər və bu kanallar sərbəst formada ölkə ərazisində retranslyasiya olunur. Milli Teleradio Şurası bununla bağlı monitorinq aparmalı və müharibə şəraitində bu tip TV-lərin milli təhlükəsizliyimiz üçün təhdid ola biləcəyini müzakirə etməlidir. Monitorinqlərin və müzakirələrin nəticəsindən asılı olaraq milli təhlükəsizliyimiz üçün təhdid yaradan xarici TV kanalların siyahısı elan olunmalı və dərhal da kabel operatorların və provayderlərin paketlərindən bu kanallar çıxarılmalıdır”.

Osman Gündüz bununla bağlı qonşu ölkələrin  təcrübələrinin necə uğurlu olması məsələsini də  diqqətə çatdırıb:

“Rusiya – Gürcüstan və Rusiya – Ukrayna müharibələrində, daha doğrusu bu müharibələr zamanı aparılan informasiya müharibələrində də məhz belə olmuşdu. Bu informasiya müharibəsi onlarda hələ də davam edir.  Elə bir neçə gün öncə Ukraynanın müvafiq dövlət qurumunun qərarı ilə bu ölkənin ərazisində daha 15 rus TV kanalının retranslyasiyası qadağan edilib”.

Ekspert hətta Azərbaycan peyki üzərindən yayımlanan, məqsədyönlü formada Azərbaycanla bağlı yalanlar tirajlayan, Azərbaycan əleyhinə təbliğat və dezinformasiya yayan  xarici TV kanalların Azərkosmos və MTŞ tərəfindən monitorinq edilməsini, milli maraqlarımız baxımından tədbirlər görülməsini vacib hesab edir.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə