Osman Gündüz: İndiki zamanda “Sosial media haqqında” qanuna ehtiyac varmı?

14-02-2022 / 18:05
Bu gün Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimi keçirilib.
 
Bununla bağlı Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “Sosial media haqqında” milli qanunvericiliyin işlənib hazırlanması gündəmdə prioritet məsələyə çevrilib.
 
Xeberler.az bildirir ki, bu məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspert qeyd edib ki, ölkə daxilində “Sosial media haqqında” qanunun qəbulu ilə bağlı hər hansı bir çağırış, belə bir prioritetin olması müşahidə olunmur.
 
"Azərbaycanın strateji inkişafına yönəlik hüquqi sənədlərdə prioritetlərimizlə bağlı belə bir yanaşmaya da rast gəlməmişəm. Əksinə, Prezident İlham Əliyevin elə bir neçə gün öncə sosial media ilə bağlı çıxışlarında diqqət daha çox sosial medianın əhəmiyyəti və faydalı tərəflərinə yönəlib, nəinki onun tənzimlənməsinə".
 
Osman Gündüz düşünür ki, indiki zamanda Azərbaycan sosial mediası üçün yeganə prioritet məsələ onun inkişafı ilə, digər sektorlara inteqrasiyası ilə bağlı ola bilər.
 
"Ölkədə dezinformasiyanı sıfra endirmək üçün rəsmi informasiyaların açıqlanmasını inkişaf etdirmək, şəffaf və açıq məlumat bazaları mühiti yaratmaq, milli informasiya resurslarını inkişaf etdirmək lazımdır. Dayanıqlı, rəsmi informasiyaların əlçatan  olduğu informasiyalı mühitdə dezinformasiya hər hansı əhəmiyyət kəsb etmir.
 
Azərbaycan sosial mediası yalnız informasiya münasibətləri platforması deyil, daha böyük bir ictimai nəzarət platformasıdır. Prezidentin zaman-zaman vurğuladığı ictimai nəzarət indiki zamanda əsasən Azərbaycan sosial mediası vasitəsilə gerçəkləşir.
 
Ümid edirəm ki, bu ictimai nəzarət platformasını kimsə məhdudlaşdırmağa yönəlik addımlar atmağa cəsarət etməyəcək".
 
Ekspertin sözlərinə görə, Azərbaycan sosial mediası üzərində nəhəng biznes var, bunun üzərində dövlət qurumları “oturub”, ənənəvi media buraya inteqrasiya edib.
 
"Fikrimcə rəsmilər yaxşı olar ki, ilk növbədə qlobal sosial media resursları ilə əməkdaşlıq imkanları axtarsınlar, onları Azərbaycana dəvət etsinlər, onların data bazalarının, serverlərinin Azərbaycanda qurulması üçün əlverişli mühit formalaşdırsınlar.
 
Əlbəttə, Azərbaycanın rəqəmsal bazarı çox kiçikdir. Buradan əldə olunan vəsaitlər qlobal resurslar üçün elə də cəlbedici deyil.
 
Amma istənilən halda, gələcəkdə Azərbaycanda Azerbaijan Digital Hub layihəsinin gerçəlkləşəcəyini, Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistan tərəfə çəkiləcək informasiya magistrallarını nəzərə alsaq, adı çəkilən layihə çərçivəsində Bakıda nəhəng Data Mərkəzin qurulacağını nəzərə alsaq düşünürəm ki, qlobal resursların Azərbaycana gəlməsi üçün maraqlar yarana bilər".
 
Osman Gündüz bildirib ki, yalnız bu addımlardan sonra, qlobal resurslar Azərbaycana gəldikdən, onların serverləri Azərbaycanda yerləşdikdən, onların nümayəndəlikləri ölkəmizdə açıldıqdan sonra tənzimləmə və vergiyə cəlb etmə işlərinə başlamaq doğru olar.
 
"Prezidentin son günlərdəki açıqlamalarından da görsəndi ki, sosial medianın Azərbaycan üçün əhəmiyyəti hədsiz böyükdür.
 
Amma tale elə gətirib ki, bizim rəqəmsal bazar da balacadır. Yəni açıq desək, bu resurslar bizə nə qədər lazımdırsa və vacibdrisə, qlobal sosial media sahibləri üçün biz bir o qədər cəlbedici deyilik. Lap kobud desək, onlar bizə çox lazımdır, biz onlara elə də lazım deyilik.
 
Bu baxımdan da daha çox ehtiyatla hərəkət etmək, daha çox faydalanmaq, sərt tənzimləmə məsələlərində səbrli olmaq, bines münasibətləri qurmaq doğru olardı".
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə