Xeberler.az “İKT Qadınlar” rubrikası çərçivəsində CyberNet şirkətində layihə meneceri kimi fəaliyyət göstərən, Azərbaycanın ilk startapçı xanımı, “Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubunun üzvü Dilarə Rüstəmzadə ilə müsahibəni təqdim edir.
-Dilarə xanım, necə oldu ki, İKT sahəsinə marağınız yarandı? Adətən kişilər bu sahəyə maraq göstərirlər.
-Orta məktəbdə oxuyarkən İKT sahəsinə gəlmək, bu sahə ilə məşğul olmaq barədə fikirləşməmişdim. Fortopiano ixtisası üzrə 7 illik musiqi məktəbini bitirmişəm. Lakin universitetə hazırlaşdığım illərdə artıq yavaş-yavaş yeni texnologiyalar həyatımıza nüfuz etməyə başlayırdı. Və bu dəyişikliyi valideynlərim və yaxınlarım da hiss edirdilər. Beləliklə, onların da məsləhətilə Memarlıq və İnşaat Universitetinin Mexanika və İnformasiya Texnologiyaları fakültəsinə qəbul oldum. Universiteti fərqlənmə diplomu ilə bitirdim. Etiraf edim ki, bakalavr təhsili aldığım illərdən heç də razı deyiləm. Universitet 4 il ərzində mənə nəzəri biliklər verməklə kifayətləndi. Sonrakı peşmançılıq fayda verməz deyib özüm üçün daha faydalı olacağını düşündüyüm bakalavr təhsilim zamanı aldığım elmi dərsləri praktika üzərində tətbiq etmək və yeni texnologiyaları öyrənmək üçün magistr təhsilimi Qafqaz Universitetində davam etdirmək qərarına gəldim.
-Dilarə xanım, bəs niyə təhsilinizi musiqi sahəsində davam etdirmədiniz?
-Uşaq vaxtı həmişə ofis şəraitində, kostyumda, hündürdaban ayaqqabıda işləməyi xəyal edirdim. Buna görə də musiqini hobbi olaraq davam etdirməyə qərar verdim. Baxmayaraq ki, indi də kostyum, hündürdaban ayaqqabı geyinmirəm (gülür), amma əsas arzuladığım yerdəyəm.
-İKT sahəsində ilk iş yeriniz və vəzifəniz nə olub?
-İKT sahəsində tələbəlik illərimi də saysaq , 6 ildir ki, çalışıram. İlk iş yerim Kibernetika İnstitutu olub. Orada könüllü fəaliyyət göstərirdim. Deyim ki, daha çox öyrənmə, layihələrin idarə edilməsi, iş fəaliyyətini necə tənzimləməli kimi məsələlərdən xəbərdar olmaq üçün bu təcrübə çox vacib idi. Tələbəlik illərindən işləməyim, təcrübə toplamağım sonradan mənə yaxşı iş tapmaqda çox kömək oldu. Daha sonra SİNAM şirkətində çalışdım. Bu şirkətdə də İT sektoru ilə bağlı çoxlu yeni biliklər, dünya təcrübəsini öyrəndim. Son bir ildir ki, CyberNet şirkətində kiçik və orta biznes İT layihələrin meneceri vəzifəsində çalışıram.
- İKT ixtisası üzrə təhsil almısınız. Təhsiliniz İKT sahəsində iş tapmağınıza kömək edibmi?
-Memarlıq və İnşaat Universitetində təhsil aldığım illərdə ölkəmizin təhsil sistemində texnoloji avadanlıqların istifadəsi elə də inkişaf etməmişdi. Bütün dərslər ənənəvi metodla keçirilirdi. Mühazirə mətnlərindən bu sahəni öyrənirdik. 4 illik təhsil müddətində nəzəri biliklər universiteti bitirdikdən sonra iş tapmağımda ciddi problemlər yaratdı. Yəni, bu sahədə o qədər də praktik təcrübəm olmadığı üçün iş tapmaqda bir az əziyyət çəkdim.
Təhsilimi bitirdikdən sonra startap sahəsi üzrə sərbəst fəaliyyətə başladım. Çünki universitet vaxtından bu sahəyə həvəsim vardı. 4-cü kursda oxuyanda artıq öz layihəmi yaratmışdım və KİV-lərdə bununla bağlı məlumatlar dərc olunurdu. KİV-lərə verdiyim müsahibə, cəmiyyətdə mənim haqımda danışılan müsbət fikirlər işimə daha da məsuliyyətlə yanaşmağıma səbəb oldu. Kiçik də olsa, uğurlarımın sayı artırdı. Öyrəndiyiniz bilikləri həyata keçirmək üçün insanın özündə maraq və istək olmalıdır. Məlumatıma görə, son vaxtlar Memarlıq və İnşaat Universitetində İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb. Buna çox sevinirəm və hər zaman Mərkəzdə öz layihələri ilə çıxış edən tələbələrə yardım edib, dəstək verməyi özümə borc bilərəm.
-İT karyeranızın ilk illərində hansı çətinliklərlə qarşılaşırdınız?
-İlk illərdə Kibernetika İnstitunda çalışırdım. Universitetdən çıxıb işə getmək ağır olsa da bilirdim ki, uğur qazanmaq üçün bu əziyyətlərdən keçməliyəm. Kariyeramın ilk illərində qarşılaşdığım əsas problem universitetdə ixtisas fənlərindən praktiki biliklərimin az olması idi. Bu səbəbdən magistr təhsilimi Qafqaz Universitetində davam etdirdim. Qafqaz Universiteti Azərbaycanda İT bilikləri verən ən yaxşı təhsil müəssisəsidir. İstər nəzəri, istər praktik baxımdan tələbələrə fərdi yanaşma universitet üçün prioritetdir. Bu, yalnız dərslərdə yox, iş mühitində də özünü göstərir. Cəmiyyətimizdə qadın olduğun üçün yaxşı proqramçı olacağına inanan kişilər az olur. Bu problemlə ən çox iş axtaranda qarşılaşmışam. Kişilər çox vaxt öz komandalarına qadınları əlavə etmək istəmirlər. Bəlkə də inanmırlar ki, qadınların işi yaxşı bacaracaqlarına inanmırlar.
-Səfərlərdə tez-tez olursunuz? Xarici İT tədbirlərdə kişilər yoxsa qadınlar çoxluq təşkil edir?
-Bir neçə dəfə işimlə əlaqədar xaricdə tədbirlərdə iştirak etmişəm. Xaricdə qadın və yaxud kişilərin üstünlüyü yox, daha çox yararlılıq əmsalı üstünlük təşkil edir. Baxmayaraq ki, dünya İKT şirkətlərinin bir çoxunda qadınlar var, yenə də kişilərin bu sahədə dominantlığı görsənir. Bu təbiətin qanunudur ki, kişilər qadınlardan daha güclüdür. Lakin qadınların inadkarlığı , əzmi hər şeyə qalib gəlir. Qadınlardakı maraq, cəsarət və çalışqanlıq hər şeyi mümkün edir. Xanımlar öz üzərlərində çox işləyirlər, yeniliklərə can atırlar. Düşünürəm ki, İKT sahəsi daim daim yeniliklər, perspektivlər baxımından tam qadınların arzuladığı sektordur.
-İKT-nin inkişafında qadınların rolunu necə dəyərləndirirsiniz?
-Bu sahə cəmiyətimizdə son vaxtlar daha çox inkişaf edib. Amma ilk illərdə təbii ki, qadınlar bu sahədə çox az sayda idi. Yadıma gəlir ki, 2012-ci ildə startap sahəsi Azərbaycana gəlməyə başlayanda ölkəmizdə ilk qadın startapçılardan biri də mən idim. Artıq 3 ildir ki, startap sahəsindəyəm və xanımların artıq bu sahəyə marağının artdığını müşahidə edirəm. Qadınlarımız bu sektorda müvəffəqiyyət qazanmaq uğrunda daim mübarizə aparırlar.
-Sosial şəbəkələrdən hansından daha çox istifadə edirsiniz və səbəbi ?
- Facebook-dan, WhatsApp-dan daha çox istifadə edirəm. Facebook-da elə də vaxt keçirmirəm. Dostluğunda olanların paylaşımlarını diqqətlə oxuyan, ona reaksiya verən insanlardan deyiləm. Sadəcə müasir dövrün tələblərinə uyğun olaraq sosial şəbəkələrdən istifadə etmək zəruri hala çevrilib. İndi əksər məlumatlar sosial şəbəkələrdə çox yayılır. Amma mən sosial şəbəkələrdəki məlumatları izləməyə o qədər də maraqlı deyiləm. Hətta bəzən dostlarım təəccüblənir ki, ölkə gündəmində olan məsələ haqqında gec məlumatım olur yaxud heç olmur ( gülür).
-Şəxsi məlumatlarınızın təhlükəsizliyini necə təmin edirsiz? Elektron məlumatlarınızın oğurlanması və arzuolunmaz müdaxilə halları ilə rastlaşmısınızmı?
-Düzünü desəm, 3 ildir ki, sosial şəbəkələrdəki hesablarımın şifrəsini dəyişmirəm. Təhlükəsizlik baxımından elə də tədbirli deyiləm. Amma bunlara baxmayaraq bu günə qədər bu məsələdə hər hansı problemlə rastlaşmamışam.
-Sizə kişilərlə yoxsa qadınlarla işləmək daha rahatdır?
-Əslində, qadınlar etiraf etməsələr də, ürəklərində kişilərlə işləməyin daha rahat olduğunu düşünürlər. Mənim özümə daha çox kişilərlərlə işləmək rahatdı. Deməli, qadın olaraq mənimlə işləmək də kiməsə narahat ola bilər (gülür). Qadınlar işi daha incəlikləri ilə düşündüyü üçün kişilərə nisbətən kaprizləri daha çoxdur.
-Qərar qəbul edərkən kiminlə məsləhətləşirsiniz?
-Nişanlımın İKT sektorunda olması mənim üçün müsbət haldır. Həm şəxsi qərarlarımı, həm də işimlə əlaqədar bir sıra məsələləri onunla paylaşıram. Bu sahədə o mənə çox dəstək olur.
-Qadına fəaliyyət sahəsində uğur qazanmaq üçün nə lazımdır?
-Öncə qadında əzmkarlıq olmalıdır. Qadın özünü sevməlidir. Bacarıqlı olduğuna özünü inandırmalı və bütün gücünü onun alınması üçün səfərbər etməlidir. İllərdir aldığım musiqi və İKT biliklərimi bir arada necə birləşdirə bilərəm deyə düşünürdüm. 7 illik musiqi təhsili almışdım və hədər getməsini istəmirdim. Bu səbəbdən Tuning Fork canlı ifa və ya hər hansı bir musiqi alətində ifanın doğru və ya yanlış olmasını bildirən avadanlıq yaratmaq qərarına gəldim. Əslində uğur qazanmağımın səbəbi özümü sevməyimdir.
-İKT-də qazandığınız ən böyük uğur nədir?
-Ən böyük uğurum yaratdığım startapdır. Bu startap səsin real zaman çərçivəsində korreksiyası ilə məşğul olan innovativ xarakterli layihədir.
Layihə ideya olaraq 2012-ci ilin sentyabr ayında yaransa da, fəaliyyətə 2013-cü ilin fevral ayından etibarən başladı. İdeya olaraq bir çoxlarının marağına səbəb olan Tuning Fork “Startap Azərbaycan” müsabiqəsinin, CRDF GLOBAL STEP Program 2013, Spain Venture Out Challange Startup 2013-ün finalçısı olub.
2013-cü ilin avqust ayında uzun müddət üzərində aparılan araşdırma nəticəsində alimlər Bayes və Furye çevirmələrinin tətbiqləri nəticəsində layihənin prototipi hazırlanıb. Beləki, səs tezliyi üzərində aparılan riyazi əməliyyatlar və onların proqramlaşdırma tətbiqi zamanı səsin real zaman çərçivəsində yoxlanılmasına nail olunub.
Canlı ifa və ya hər hansı bir musiqi alətində ifanın doğru və ya yanlış olmasını bildirən prototip Moldovada 32 ölkənin iştirak etdiyi 119 layihə arasında keçirilən Startup müsabiqəsindən ikinci yerə layiq görülüb.
-Startap sahəsində ilk xanımlardan olaraq ilk vaxtlar sizə münasibət necə idi?
-Sözsüz ki, ilk vaxtlar çətinliklər oldu. Əsas da kənardan inamsızlıqlar, bacaracağımıza dair şübhələr, tənqidlər çox olurdu. Lakin biz bütün bunlara baxmayaraq bacardıq, ifanın tanınmasını, doğru ifa olunub- olunmaması barədə məlumat verməyi sistemə “öyrədə” bildik. İlk əvvəllər heç kimə dəmir parçasının əmrləri yerinə yetirdiyini inandıra və öyrədə bilmirsiniz. Bu baxımdan layihəmizdə bir az çətinliklər yaşadıq. Amma bacardıq. Bunun üçün başda İmran Yusubov olmaqla bütün komanda üzvlərinə dərin minnətdarlığımı bildirirəm.
Hazırda bu məhsulun satışı istiqamətində danışıqlar davam edir. İnvestor tapacağımıza inanmırlar. Təhsil Nazirliyi ilə danışıqlar gedir. Layihəni orta məktəblərdə musiqi dərslərində tətbiq etmək üçün Təhsil Nazirliyi ilə danışıqlar davam edir.
-İnternetdə hər gün neçə saat vaxt keçirirsiniz?
-Ümumiyyətlə, dostlarım, sevdiyim insanlar ətrafımda olanda telefondan istifadə etmək yadıma düşmür. Gün ərzində iş saatlarında internetdən aktiv istifadə edirəm. Axşamlar gün ərzində görmədiyim vacib mesajlara cavab verirəm.
-Texnoloji avadanlıq alarkən daha çox hansı parametrlərə diqqət edirsiniz?
-Sözsüz ki, işimlə əlaqədar olaraq kompüterin sürəti, yaddaşına fikir verirəm. Amma özüm üçün heç bir zaman mağazadan telefon, yaxud kompüter almamışam. Bacım yenisini alır və istifadə etmədiyini mənə verir. Demək olar ki, telefonun bütün funksiyaları barədə elə də dəqiq məlumatım yoxdur (gülür).
-Qadınların həyatında texnologiya nəyi asanlaşdırıb?
-Kompüter qızlarımız üçün xəyallarını gerçəkləşdirəcək bir vasitədir. İKT gələcək üçün işləyir. Azərbaycanda qadınların 40 faizdən çoxunun internetə çıxışı var. Bu rəqəmin artması üçün daha çox tədbirlər görülməlidir. İnternetdən istifadə belə qadınlarda özünə inamı və gücü təmin edir və cəmiyyətdə özünə yer tutmağa kömək edir. Əvvəllər qadınlarımız məişət işlərinin çoxluğundan özlərinə zaman ayıra bilmirdilər və inkişafları ləngiyirdi. İndi isə məişət işlərində yardımçı olan İKT avadanlıqları həyatımızın əvəzolunmaz parçasına çevrilib.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri