“İKT sahəsində çalışan qadınlar dünyanın hər yerində iş tapır”

02-09-2015 / 11:52

Xeberler.az “İKT Qadınlar” rubrikası çərçivəsində SİNAM şirkətinin Proqram təminatı departamentinin müdiri Roza Butayeva ilə müsahibəni təqdim edir:

-Roza xanım, necə oldu ki, İKT sahəsinə marağınız yarandı? Adətən kişilər bu sahəyə maraq göstərirlər. İKT sektorunda qadın olmaq çətindir?

-İKT ilə tanışlıq məktəb illərindən başlayıb. Oxuduğum 134 nömrəli məktəbdə riyaziyyat təmayüllü siniflərdə Ramin Mahmudzadə proqramlaşdırmadan dərs deyirdi. Hələ kompüter görmədiyim vaxtlarda bu sahəyə marağım yaranmışdı. Sonra istəyimin ardınca gedib Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat fakültəsinə qəbul oldum. Oxuduğum illərdə riyazi əsaslar, daha çox nəzəriyyəyə üstünlük verilirdi. Qeyd edim ki, Ramin Mahmudzadə eyni zamanda universitetdə də müəllimim olub. İKT sahəsində kadrların yetişməsində əvəzsiz rolu olan şəxsdir. O dövrdə texnologiya sahəsi geniş inkişaf etməmişdi və personal kompüterlər yox idi. Böyük kompüterlərdən istifadə edirdik və həmin kompüterlərdə bir çox əməliyyatları yerinə yetirmək mümkün deyildi.

O zamanlar proqramlaşdırmanı nəzəriyyədə tətbiq edirdik, praktik dərslər bizə keçilmirdi. Buna görə də, bəzi tələbə yoldaşlarım ayrı-ayrı sahələrdə çalışmağa başladılar.

-Karyeranızın ilk illərində hansı çətinliklərlə qarşılaşırdınız?

-Karyerama başlayanda biliklərimi, bacarıqlarımı praktikada tətbiq etmək istəyirdim, ancaq Kibernetika İnstitutunda buna şərait yox idi. Yalnız nəzəri bilikləri inkişaf etdirmək imkanı vardı. Və bunlar karyeramın inkişafında məhdudiyyətlər yaradırdı.

-Tələbəlik illəri. Deyirlər ki, İKT üzrə təhsil alan tələbələr ünsiyyətcil olmurlar. Siz necə, tələbəlik illərində qrup yoldaşlarınızla münasibət qura bilirdinizmi?

-Qəribədir, niyə belə düşünürlər ? (gülür) Əksinə, tanıdığım mütəxəssislərin çoxu ünsiyyət qurmaqdan çəkinmirlər. Sadəcə çoxdanışan olmurlar, konkret mövzulardan danışmağı xoşlayırlar. Məktəb vaxtlarımdan həmişə aparıcı rollarda – sinif nümayəndəsi və digər ictimai rollarda fəaliyyət göstərdiyim üçün  insanlarla münasibətdən çəkinməmişəm. Tələbəlik illərim çox şən və qayğısız keçirdi. Tədbir, müsabiqə, hətta əyləncəli komandalarda iştirak edirdik. Bizim qrupda oğlanlarla qızların sayı bərabər idi, amma Azərbaycan bölməsində 50 oğlan və 4 nəfər qız var idi.

-İKT sahəsində ilk iş yeriniz və vəzifəniz nə olub?

-Universiteti bitirdikdən sonra qırmızı diplom alanlar, o cümlədən mən də Kibernetika institunda işləməyə təyinat aldıq. Burada laborant, kiçik elmi işçi kimi fəaliyyət göstərirdim. SİNAM şirkətində işə başlamazdan öncə bir müddət 1992-1999-cu illərdə Milli Məclisdə işləmişəm. Milli Məclisdə əvvəl İT qrup sonra isə İnformasiya təminatı şöbəsi yarandı və İnstitutun bir neçə əməkdaşını ora işə dəvət etdilər. Orada biz bütün avtomatlaşdırma işlərini həyata keçirdik, o zaman üçün ən müasir texnologiyaları tətbiq etdik.

-İşinizdə ən sevmədiyiniz, sizə çətinlik yaradan xüsusiyyət nədir?

Yaratdığımız proqramlar nə qədər çox və mükəmməl olsa da, çalışırıq ki, istifadəçi bunu tez mənimsəsin və asanlıqla qəbul etsin. Yazdığım sistemləri yaşatmaq üçün istifadəçinin ondan asan yararlanması yollarını axtarıram. Sistemi qəbul edən şirkətdən, istifadəçilərdən də çox şey asılıdır. Dünya bankının bir çox layihəsini həyata keçirmişik. Xarici ekspertlərdən biri  Bakıda olanda bildirmişdi ki, dünya bankının yalnız 30 faiz layihəsi işlək olaraq qalır. Qalan hamısı bir müddət istifadə edilir və unudulur. Sistemi yaradan zaman istifadəçilər üçün olduğunu fikirləşmək şərtdir. Bu isə bəzən artıq əmək tələb edir. Qürurla deyə bilərəm ki, SİNAM-da yaratdığımız layihələr hamısı çox müddətli istismarda olur və xeyir gətirir.

-Səfərlərdə tez-tez olursunuz? Xarici İT tədbirlərdə kişilər yoxsa qadınlar çoxluq təşkil edir?

-Son zamanlar tədbirlərə tez-tez gedirəm. Və xüsusilə də tədbirlərdə qadınların iştirakına diqqət yetirirəm. Bütün İT tədbirlərdə hələ ki, kişilər üstünlük təşkil edir. Müşahidə edirəm ki, qadınların bu sahədə iştirakı zamanla müsbət istiqamətdə dəyişir. Gələcəkdə qadınların İKT sahəsində fəaliyyəti yüksək səviyyədə olacaq.

-İKT-nin inkişafında qadınların rolunu necə dəyərləndirirsiniz?

Qadınların bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirirəm. Neçə illərdir ki, bu sahədəyəm. Mənə İKT sahəsinin veteranı da deyirlər. Bu sahədə baş verən hadisələrdən, bu sektora gələn bütün kompüter nəsillərindən xəbərim var və görürəm ki, respublikada sürətli inkişaf gedir. Əvvəl qadınlar maşın sürmür, prezident seçilmirdilər. İndi isə dövr başqadır. Və qadınlarımız bununla ayaqlaşır. Həmçinin, xanımlar müasir dövrlə ayaqlaşaraq kompüter elmlərinə də maraq göstərirlər.

-Roza xanım, illərin mütəxəssisi kimi bu sahəyə yeni başlayan, gəlmək istəyən xanımlarımıza nə məsləhət görərdiniz?

Qadınlarımız özlərini qorxutmasınlar. Bir az riyaziyyata meyilli olan xanımlar üçün İKT sahəsi idealdır. Xüsusilə də Azərbaycan qadınları-xüsusi iradə, məntiq tələb edən şahmatda yüksək göstəricilər nümayiş etdirirlər. Bizim qadınlar ailə qayğılarını icra etməyə daha çox üstünlük verirlər. Bu əlbətdə  birinci vəzifədir, amma Azərbaycan qadınlarının yüksək yaradıcılıq potensialı həm bu vəzifələrin icrasını həm karyerada yüksək zirvələrə çatmağa imkan verir. Amma məni narahat edən amillərdən biri də odur ki, son zamanlarda qadınların təhsilinə diqqət yetirilmir. Eyni zamanda təhsil sistemimiz hamını narahat edən kimi, məni də narahat edir. Bu sahədə ciddi dönüş yaranmasa əhalinin təhsil səviyyəsi get-gedə aşağı düşəcək. Hamı təəccüblənir ki, universitetlərə keçid balları get-gedə yüksəlir,  amma mütəxəssislərin səviyyəsi aşağı düşür. Bunun başlıca səbəbi gənclərimizin daha çox video materiallara üstünlük verməsi, oxumağa həvəslərinin olmaması kimi qiymətləndirirəm. Bunu nəzərə alaraq hətta yaradığımız sistemlərin interfeysində də daha çox şəkilli düymə qoymağa üstünlük veririk.

-Sosial şəbəkələrdən hansından daha çox  istifadə edirsiniz və səbəbi ?

Skype və WhatsApp-dan aktiv istifadə edirəm. Həm partnyorlar və müştərilər, həm yaxınlarımla bu messencer vasitəsilə əlaqə saxlayıram. Eyni zamanda Skype vasitəsilə rahat əlaqə saxlamaq hətta təqdimat etmək mümkündür. Məsələn xaricdə olan müəllim nəvəmə Skype vasitəsilə ingilis dilinin tədrisini təşkil edir. Çox gözəl də nəticə verir. Ətrafımdakı insanlar elektron texnologiyalardan səmərəli istifadə edir. Ölkəmizdə istifədəçilərinin sayı 1 milyondan çox olan Facebook-dan isə demək olar ki, istifadə etmirəm. Doğrusu, Facebook hesabımı iş yoldaşlarımın xahişi ilə açmışam. Linkedindən də işgüzar əlaqələr qurmaq üçün istifadə edirəm. Bir sözlə sosial şəbəkələrdən faydalı istifadə etməyə çalışıram, insanın ən böyük sərvəti və ona çox az verilən resursdan – vaxtan səmərəli istifadə etmək lazımdır.

-Proqramlaşdırma biliklərini öyrətdiyiniz tələbələr varmı?

Təəssüf ki, universiteti bitirib işə başlayan gənc kadrların  heç biri hazır mütəxəssis olmur. İşə yeni başlayanların hər biri əvvəlcə təlim keçir, eyni zamanda mən də həmin gənclərə treninqlər keçirəm. Hansı ki, onlar hazırda məndən də irəli gedib, daha yüksək vəzifələrdə çalışır və daha çox gəlir əldə edirlər. Və mən bununla fəxr edirəm. Qeyd edim ki, hazırda şirkətimizdə rəsmi yay təcrübəsi də  təşkil olunub. Şirkətimizə Xəzər və Qafqaz universitetləri,  Dövlət Neft Akademiyasından tələbələr gəlir. Onların nəzəri biliklərinin təkmilləşdirilməsində və həmin biliklərin tətbiqində tələbələrə kömək edirik.

-Siz öz şəxsi məlumatlarınızın təhlükəsizliyini necə təmin edirsiz?  Elektron məlumatlarınızın oğurlanması və arzuolunmaz müdaxilə halları ilə rastlaşmısınızmı?

Şirkət olaraq korporativ mailimiz daim nəzarətdədir və qorunur. Şirkətdə xüsusi Kommunikasiya şöbəsi fəaliyyət göstərir, orada çox yüksək səviyyəli mütəxəssislər işləyir, o cümlədən informasiyanın qorunmasının ən müasir texnologiyalarını şirkətimizdə tətbiq edirlər, həm də müştərilərə təklif edirlər. Xaker  hücumları, spamlarla mübarizə bütün dünyada ən aktual məsələlərdən biridir. Şirkət olaraq hazırda müştərilərimizə CLOUD kimi xidmətlər təklif edirik. Və bu səbəbdən təhlükəsizlik bizim üçün bir nömrəli məsələdir.

-Sizə kişilərlə yoxsa qadınlarla işləmək daha rahatdır?

İş elə gətirib ki, SİNAM şirkəti və digər İT şirkətləri yaradılanda orada ümumiyyyətlə qadınlar işləmirdi. Hazırda isə SİNAM şirkətində çalışan qadınların sayı ümumi işçilərin 30 faizini təşkil edir. Qadınlarımızın proqramçı ixtisasına daha çox maraq göstərdiyini müşahidə edirəm. İşçilərimizin əksəriyyəti gənc olduğundan şirkət daxilində neçə-neçə aiələr qurulub. Əminəm ki, bu ailələrdə həm ata həm ana proqramçı olduğundan çoxlu “smart” uşaqlar böyüyəcək. (gülür)  Bizim sahədə qadın yaxud kişi olmağın heç bir önəmi yoxdur. Burada ancaq insanın qabiliyyətinə qiymət verilir. İnsanın iş qabiliyyəti, işə məsuliyyətlə yanaşması əsas götürülür. İKT sahəsində çalışan şəxslər dünyanın hər yerində özlərinə asanlıqla iş tapa bilərlər, çünki bu sahənin mütəxəssisinə hər yerdə ehtiyac var.

-Qərar qəbul edərkən kiminlə məsləhətləşirsiniz?

Son zamanlar qərarları təkbaşına qəbul edirəm. Əsasən dostlarımla məsləhətləşirəm. Atam həyatda olanda atamla məsləhətləşib, qərarlarımı ona uyğun müəyyən edirdim.

-İnternetdə hər gün neçə saat vaxt keçirirsiniz?

İş saatlarında təbii ki, kompüter arxasında otururuq və bütün işlərimizi internet vasitəsilə həll edirik. Hələ ki telefonu tam əvəz etmək olmur, amma vaxt  keçdikcə düşünürəm ki, internet vasitəsilə danışıq, ünsiyyət artacaq və zaman keçdikcə telefon nömrələrinə ehtiyac qalmayacaq. Evə gəldikdə isə dostlarımla əlaqə saxlamaq üçün Skype, WhatsApp-dan istifadə edirəm. Bəzən olur ki, evə də iş gətirirəm.  Amma gərgin iş rejimində çalışan insanlara mütləq istirahət lazımdır. Bəzən özümə ayırmağa vaxt qalmır, ancaq çalışıram ki, heç olmasa məzuniyyət zamanı səyahətə çıxım. Təcrübəmdən gənc işçilərimə demək istəyirəm ki, vaxtında sağlamlıqlarının qayğısına qalsınlar. İş otağında məcburi istehsalat gimnastikasını təşkil etmişəm. Əvvəl işçilər buna maraq göstərmirdi. İndi isə mən unudanda yadıma salırlar. Oturaq işlərlə məşğul olanlara məsləhət görürəm ki, bunu praktikada tətbiq etsinlər. Xaricdə hətta bəzi şirkətlər öz işçilərini yoqa ilə məşğul olmağa məcbur edir. Bu işin məhsuldarlığını artırır.

 -Sizin yaxud çalışdığınız şirkətin İKT sahəsində mükafatları varmı?

SİNAM şirkətinin əsas məqsədlərindən biri xarici bazara çıxmaqdır. Və buna qismən nail olmuşuq. Bizim Qırğızıstanda, Gürcüstanda ofislərimiz var. Bu filiallarla birlikdə şirkətdə 197 işçi çalışır. Hazırki SİNAM şirkəti laboratoriyada sınaq nəticəsində yaradılan layihədir. SİNAM regionun ilk İT-şirkətlərindən biri olaraq 1994-cü ildə yaradılıb. O, 1998-ci ilin iyul ayından Amerika Ticarət Palatasının üzvüdür. SİNAM Azərbaycanın İKT sənayesini Avropanın ən böyük İKT sərgisində- Hannoverdə keçirilən CeBIT 2005 sərgisində təmsil edən ilk Azərbaycan şirkətidir. Şirkət çoxlu sayda beynəlxalq tədbir və sərgilərdə iştirak edib. 2005-ci ildə SİNAM ISO 9001:2000 standartı üzrə sertifikasiyadan uğurla keçmiş və bu yaxınlarda bu sertifikasiyanı ISO 9001:2008 standartı ilə əvəz edıb. Bu sistemi qurmaq və sertifikasiyadan keçirmək mənə tapşırılmışdı və mən 2006- cı ildən keyfiyyətə nəzarət meneceri kimi də vəzifəni icra edirəm. Şirkətimiz layihə menecmenti sahəsində də çox inkişaf edib.  SİNAM böyük şirkətlərlə əməkdaşlıq edir. Ən böyük uğurlarımızdan biri Oracle şirkətinin platinium partnyoru olmağımızdır.

Mənim isə diplom, sertifikat, mükafatlar qazanmaqda marağım olmayıb. Daha doğrusunu desək, vaxt, işlərin çoxluğu buna imkan verməyib. Şirkətimiz  tərəfindən diplomlarla təltif olunmuşam, hazırda isə beynəlxalq layihə meneceri  sertifikatını almaq üçün layihə üzərində işləyirəm.

- Texnologiyanın  mənfi tərəfləri varmı ?

Texnoloqiyalar inkişafı yalnız irəli aparır, vaxta qənaət edir. Texnologiyanın bəlkə də yeganə mənfi tərəfi fiziki hərəkəti  və canlı ünsiyyəti bir qədər azaltmasıdır. Amma məcburi fiziki hərəkəti idmana vaxt ayırmaqla da əvəz etmək mümkündür. Hər şey insanın özündən asılıdır, onun həyatını şüurla planlaşdırmasından, vaxtına qənaət etməsindən..

-Uşaqlardan internetdən istifadəsi ilə bağlı valideynlərə nə məsləhət görərdiniz?

Azyaşlılara kompüter arxasında mütləq vaxt məhdudiyyəti qoyulmalıdır. Tamamilə qadağa etmək hazırki dövrdə mümkün deyil və məsləhət də görmürəm. Lakin valideynlərin nəzarəti mütləqdir. Valideyn kompüterin və internetin faydalı maraqlı istiqamətlərinə uşağın fikrini cəlb etməlidir. Bəzi ölkələrdə uşaqlar üçün xüsusi internet paketləri var ki, oraya daxil olan saytlardan uşaq yalnız özünə faydalı məlumatları əldə edə bilər. Bizdə də bunun tətbiqinin lehinəyəm.

-Qadınların həyatında texnologiya nəyi asanlaşdırıb?

Mənə elə gəlir ki, maşınlar kəşf olunmasaydı, qadınlar ictimai həyatda bu qədər aktiv ola bilməzdi. Hər zaman deyirəm, məişət texnikalarını yaradanlar milyonlarla qadının təşəkkürünü qazanıb. Qadınlar həm özünə, həm işinə vaxt ayıra bilir. Qadınların potensialları açılır. Bütün bunlar texnikanın inkişafı nəticəsində baş verib.

-Hansı ev işini robotun görməsini istərdiniz?

Mümkün olsa bütün ev işlərini robotların etməsi yaxşı olardı. Yemək bişirməyi uşaqlıqdan sevmirəm. İstərdim ki, yeməyi robotlar bişirsin.(gülür) Mən inanmıram ki, qadınlar hər gün ev işi görməyi sevsinlər. Məcburiyyət qarşısında edirik. Hörmətli yazıçımız Anar anası Nigar Rəfibəyli və atası Rəsul Rza haqqında yazdığı kitabdan belə bir epizod yadımda qalıb. Nigar xanım yoldaşına yazdığı məktubunda gileylənir ki, o ürəyindən gələn şerləri yazmağın əvəzinə oturub yun çırpmalı, təmizlik işlərini görməlidir. Bizdə o yazılmayan şeirlərdən məhrum olduq.

-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

İT sahəsini araşdıran alimlər son zamanlarda dünyaya yeni mesajlar verməyə başlayıb. Özünü idarə edə bilən robotlar yaranıb və hərbi sahədə istifadə olunmağa başlayıb. Bu alimləri və bütün insanları çox narahat edir. Fantastik kinolarda, hekayələrdə görüb-eşitdiyimiz kibermüharibələr yaxınlaşır. Bu hal gələcək 10 il ərzində olmasa da bu proses inkişaf edir və  təhlükə böyüyür. Dünyada trend kimi Smarthouse texnologiyası yaranıb və təkmilləşməkdədir. Yeni texnologiyalar işimizi yüngülləşdirir və vaxta qənaət edir. Sadəcə insanlar texnologiyaya arxayın olub tənbəlləşirlər. Texnologiyaların bizə verdiyi imkanlardan inkişafımız üçün istifadə etməliyik, geriyə addımlamaq üçün yox.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə