Xəbərlər “İKT QADINLAR” rubrikası çərçivəsində “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar şöbəsinin rəhbəri, “Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubunun həmtəsisçisi Nigar Arpadarai ilə müsahibəni təqdim edir:
-Nigar xanım, necə oldu ki, İKT sahəsinə gəldiniz ?
-Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin məzunuyam. Peşəkar fəaliyyətimə başladığım andan ictimaiyyətlə əlaqələr sahəsində çalışmaq ən böyük istəyim idi. İnanırdım ki, gələcəkdə bu arzum baş tutacaq. İKT sahəsinə gəlməmişdən öncə diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlarda çalışmışam. “Azerfon” şirkətinə işə dəvət olunmamışdan əvvəl Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin mətbuat katibi vəzifəsini icra edirdim. İş təcrübəmə Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyi və “AZPROMO-ya yardım” TACİS layihəsi də daxildir.
İKT sektoruna gəlişim xoş bir təsadüf ilə baş verdi. “Azerfon” ilə dünya şöhrətli “Vodafone” arasında tərəfdaşlıq sazişi bağlanmışdı və yeni yaradılan “Azerfon-Vodafone” brendi bazara təqdim olunurdu. Mən də o mərhələdə “Azerfon”-a qatıldım.
Deyə bilərəm ki, İKT sahəsi ən yüksək dinamika ilə inkişaf edən sahələrdən biridir və bu sahəyə aid olan şirkətin kommunikasiyasını aparmaq olduqca maraqlıdır.
-İKT sektorunda çalışan qadın olmaq çətindirmi ?
-Fikrimcə, insan cinsindən asılı olmayaraq istənilən sahədə uğur qazana bilər. İKT sahəsi həm maraqlı, həm də çətindir. Ona görə ki, bu sahənin inkişaf templərini təqib etmək çətindir. İKT sahəsi ilə maraqlanan və bu sahədə işləyən kişilərin sayı əlbəttə ki, daha çoxdur, amma bu sahəyə maraq göstərən qadınların sayı gündən-günə artır. Mənim təmsil etdiyim şirkətdə rəhbər vəzifələrdə çalışan qadınların sayı çoxdur. Onlar işlərindən çox zövq alırlar. Ümumiyyətlə, hazırda dünya şirkətlərinə nəzər salsaq, orada rəhbər vəzifələrdə çalışan bir çox qadının adını görmək olan. Məsələn, “Yahoo”, HP Oracle kimi şirkətlərin Baş Direktorları qadındır.
-İlk iş yeriniz hara olub ?
-İlk iş yerim Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyi olub. Səfirin köməkçisi vəzifəsini icra edirdim, daha sonra səfirliyin protokol şöbəsinin rəhbəri oldum. İKT sahəsindəki ilk iş yerim isə “Azerfon” MMC olub.
-İKT sahəsində işə başladığınız zaman hansı çətinliklərlə qarşılaşırdınız?
-Qeyd etməliyəm ki, mən marketinq və PR sahəsinin mütəxəssisiyəm. İKT sahəsi mənim üçün yeni bir sahə idi və bu sahədə məni çox yeniliklər gözləyirdi. Tarif planları, sistem, şəbəkə və s. mənim üçün çox yeni idi. Amma bu sahədə olan dinamika məni valeh edirdi, və mən sahənin özəlliklərini tədricən anlamağa başladım. “Azerfon” şirkətinə mənə bəxş etdiyi bu imkana görə çox minnətdaram.
-İşinizdə ən sevmədiyiniz xüsusiyyət nədir?
-Əminliklə deyə bilərəm ki, insan ancaq sevdiyi işdə uğur qazana bilər. İşimi çox sevirəm. İctimaiyyətlə əlaqələr sahəsinin əsas özəlliyi isə hər zaman ünsiyyətdə olmaq bacarığıdır. Bu günkü dünyada İnternet sayəsində istənilən məlumat əlçatandır. PR mütəxəssisləri də bu reallığa uyğunlaşmalıdırlar. Tətildə olduğum zaman belə daima xəbərləri izləyirəm, əməkdaşlarımla ünsiyyətdə oluram.
-Övladlarınız da informasiya texnologiyalarından istifadə edirmi? Evdə hansısa qadağalar varmı və siz onlara necə nəzarət edirsiniz?
-İki övladım var və böyük oğlum 6 yaşındadır. Oğlumun təhsilə olan marağını artırmaq məqsədilə onun üçün bir çox təhsil yönümlü tətbiqlər yükləmişdim və o həvəslə onlardan bəhrələnirdi. Deyə bilərəm ki, bu tətbiqlər oğlumun inkişafına köməklik edirdi. Amma əlbəttə ki uşağın inkişafı üçün tək İnternetlə kifayətlənmək düzgün deyil. Fikrimcə, hər şeydə balans olmalıdır.
-Bəs, valideynlərə nə məsləhət görərdiniz?
-Məsləhət görərdim ki, uşaqlarının inkişafına hərtərəfli yanaşsınlar. Uşaqda həm kitaba, həm də idmana həvəs oyatmaq lazımdır. Həm də uşaq hər zaman valideynin nəzarəti altında olmalıdır. Valideyn hər zaman uşağının nəyə marağı olduğunu bilməlidir və onu düzgün yönləndirməlidir.
-Nigar xanım, işinizdən əlavə ictimai fəaliyyətlə məşğulsunuzmu?
-Bir neçə ictimai təşkilatın üzvü və təsisçilərindən biriyəm. “100 işgüzar qadın” klubunun, “Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubunun təsisçilərindən biriyəm. Bundan başqa, hər zaman təşkilati işlərdə aktiv olmuşam. Daha çox sosial həyata yönümlü işlərdə iştirak edirəm və bu da ictimaiyyətlə əlaqələri sevməyimdən irəli gəlir. Vaxtilə aktiv olan “Gözəl ağıllar” qadın klubunun yaradıcısı olmuşam. Klubu yaratmaqda məqsədim gənc xanımların özlərinə inamını artırmaq idi. Hər zaman həyatlarında uğur əldə edən xanımları görüşlərə dəvət edirdim və tələbələrlə danışmaq üçün şərait yaradırdım.
-Səfərlərdə tez-tez olursunuz? Xarici İT tədbirlərdə kişilər, yoxsa qadınlar çoxluq təşkil edir?
-Qeyd etdiyim kimi, İKT sahəsində qadınlarıın sayı günü-gündən artır. Səfərlər zamanı tədbirlərdə müşahidə edirəm ki, qadınların sayı çoxalır. Qadınların bu sahəyə gəlməsi üçün əsas motivasiya sürətli, dinamik inkişaf tempidir. Məncə heç bir sahə İKT sahəsi qədər sürətlə, templə inkişaf etmir. Ona görə xanımlar bu sahədə çox böyük uğur qazana bilərlər. Onlar başa düşməlidirlər ki, bu sahənin perspektivi daha böyükdür. Xanımlar gələcəklərini özləri düşünməlidirlər.
-Sosial media vasitələrindən çoxmu istifadə edrisiniz? Əsasən hansı məqsədlər üçün işinizə yarayır?
-Facebook-dan daha çox xəbər portalı kimi istifadə edirəm.
Skype həyatımın ayrılmaz hissəsidir. Çünki anam xaricdə yaşayır və ən yaxın qohumlarım da Bakıdan kənardadır. Hər axşam Skype vasitəsilə yaxınlarımla görüşürəm. Whatsapp-dan da həmçinin çox istifadə edirəm.
Telefonum hər zaman yanımdadır, nə vaxtsa evdə qalsa, mütləq işimi bir kənara qoyub telefonumu götürmək üçün evə qayıdaram. Çünki telefonsuz özümü narahat, kimsəsiz adaya düşmüş biri kimi hiss edirəm (gülür)... Buna görə də, telekommunikasiya vasitələrinin nailiyyətlərindən çox istifadə edən biriyəm. Tətbiqlər, proqramlar və s. Bunlar həyatımın ayrılmaz hissəsidir.
-Bəs şəxsi məlumatlarınızın oğurlanması və arzuolunmaz müdaxilə halları ilə rastlaşmısınızmı?
-Xeyr, hələ ki elə bir hal olmayıb. Vaxta qənaət etmək üçün alış-veriş zamanı da kartdan istifadə edirəm.
-Hər hansı qərarı qəbul edərkən, kiminləsə məsləhətləşirsinizmi?
-Ən yaxın dostum həyat yoldaşımdır. Önəmli qərarları birgə qəbul edirik.
-Kişilərlə işləmək asandır, yoxsa qadınlarla?
-Cinsi ayrı-seçkilik etmirəm. İstənilən işdə peşəkarlarla işləmək daha asandır.
-İşdən evə gələndə, İnternetdən və ya kompüterdən istifadə edirsinizmi?
-Evə gələn kimi telefonu bir kənara qoyuram, kompüteri isə ümumiyyətlə açmıram. Daha çox ailəmlə, uşaqlarımla birlikdə vaxt keçirirəm.
-Sosial şəbəkələrdə xoşlamadığınız məqamla rastlaşanda münasibət bildirirsinizmi?
-Təbii ki, bəzən olur. Çox ciddi mövzularda məni narahat edən məqam olanda, münasibətimi açıq şəkildə bildirirəm. Əksər vaxtlarda müzakirələrə qatılmıram, qeyd etdiyim kimi, “Facebook”-dan daha çox xəbər portalı kimi istifadə edirəm.
-Sizcə, qadınlarımız texnologiyalardan səmərəli istifadə edirlərmi?
-Bir daha qeyd edim ki, texnologiyalar hər kəsə istənilən sahədə biliklərini artırmaq və uğur qazanmaq imkanı verir. Belə ki, hətta ev xanımı belə müasir dövrümüzdə evdə oturub bloq açıb öz əl işlərini, kulinariyaya aid məsləhətlərini, yaxud uşaqların tərbiyəsi ilə bağlı düşüncələrini bölüşə bilər. Evdar qadın bloqdan düzgün istifadə etdiyi zaman onun auditoriyası da formalaşır və zamanla işgüzar xanıma çevrilir. Bir çox tanışlarım bu işdən hətta gəlir əldə edirlər. Bu İKT-nin nailiyyətlərindən biridir. Artıq qadınlar üçün bəhanə yoxdur ki, “evdən çıxa bilmirəm, çətindir” və s.
- Bəs sizin bloqunuz varmı?
-Əvvəllər reklam sahəsinə aid bir bloqum var idi. Orada daha çox özüm üçün yazırdım. Brendlər, xoşuma gələn reklamları şərh edirdim. Sonradan vaxtım məhdud olduğu üçün əlavə işlərlə məşğul olmağa imkan tapmadım.
-Bir qadının uğur qazanması üçün ona nə lazımdır?
-Öz üzərində çalışmaq, biliklərini daima mükəmməlləşdirmək və öz qüvvəsinə inanaraq, həyata pozitiv yanaşmaq önəmlidir. Heç kim qazandığı uğurla kifayətlənməməlidir, daima mükəmməlləşməyə doğru addım atmalıdır. Həmişə irəliyə baxmaq lazımdır.
-Ötən il, İlin PR mütəxəssisi adına layiq görüldünüz. Bu mükafatın sizin üçün önəmi nədir ?
-Burada mənim üçün önəmli olan odur ki, sevdiyim işlə məşğulam. Bu sahədə mükafat aldığım üçün əlbəttə sevinirəm. Qeyd edim ki, “Golden Crown Award” mükafatı xarici şirkət tərəfindən təsis olunub və münsiflər heyəti əcnəbilərdən ibarət idi. Onlar sırf PR sahəsində olan iş təcrübəmə və layihələrin mahiyyətinə baxaraq, mükafatı mənə vermişdilər. Mənim üçün bu mükafat çox dəyərlidir.
-Nigar Arpadarainin qazandığı ən böyük uğur nə olub?
-Ən böyük uğurum oğullarımdır, ailəmdir. İşimi çox sevirəm və işimə bağlıyam. Amma uğur deyəndə, ilk öncə oğullarım yadıma düşür. Ötən il çalışdığım sahədə verilən mükafat mənə stimul verməklə yanaşı, məsuliyyətimi də artırdı.
Sevinc Çəltikova
Fotolar: Tərlan Yusif
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri