“Hər bir qadın uğurunun arxasında onu anlayan və dəstəkləyən kişi dayanır”

07-04-2015 / 15:07

“Hər bir qadın özünün kompüter təhsilinə böyük diqqət ayırmalıdır ki, yaşadığımız texnologiya əsrində övladlarının tərbiyəsində yaxından iştirak edə bilsin”. 

Xəbərlər  “İKT QADINLAR” rubrikası çərçivəsində  “Femmes Digitales” - Azərbaycan qadınları İKT-də” klubunun təsisçisi, “B.EST Solutions” şirkətinin təsisçisi və rəhbəri Yana Krimpenin müsahibəsini təqdim edir:

-Necə oldu ki, İKT sahəsinə marağınız yarandı? Adətən kişilər bu sahəyə maraq göstərirlər. İKT sektorunda qadın olmaq çətindir?

-Heç vaxt planlaşdırmırdım ki, həqiqətən də sözün yaxşı mənasında nəfəskəsən bu fəaliyyət sahəsi ilə nə vaxtsa məşğul olacağam. İxtisasca mən politoloqam və uzun illər dövlət xidmətində və akademik sahədə çalışmışam. İKT sahəsi ilə maraqlanmağa özümün biznesini qurmaq barədə qərar qəbul etdiyim zaman düşünməyə başladım. Məsələ ondadır ki, informasiya-kommunikasiya texnologiyalarını seçməyimin səbəbi əvvəllər dövlət qulluğunda çalışdığım elektron hökumət sahəsi ilə bağlı idi. Və inanın ki, bu, hətta yüksək vəzifədə olsa belə, sadəcə dövlət sektorunda işdən qat-qat maraqlıdır.

Bu sahədə xüsusi bir çətinlik görmürəm. Bəli, cəmiyyətdə belə bir stereotip mövcuddur ki, bu qadın əqli üçün deyil.  Amma əgər siz peşəkarsınızsa sizə beş dəqiqə kifayət edəcək ki, sizinlə ünsiyyətdə olan kişilərin arasında bu stereotipi sındırasınız. Qadın və kişi sənəti deyə bir şey yoxdur, öz işini sevən və onu bacaran insanlar var. Lakin onu da deməliyəm ki, uğura çatmaq üçün qadınlara daha çox səy göstərmək tələb olunur. Və bu da bizi daha güclü edir.

-İKT sahəsində ilk iş yeriniz və vəzifəniz nə olub?

-İKT sektorunda ilk iş yerim şəxsi şirkətim olan “B.EST Solutions” şirkəti olmuşdur.

-Karyeranızın ilk illərində hansı çətinliklərlə qarşılaşırdınız?

-Çox çətinliklər oldu, belə ki, İKT karyeramın başlanğıcı həyatımda yeni mərhələ demək idi. Şəxsi biznesin nə olması barədə heç bir təsəvvürüm olmadan dövlət sektorunu özəl sektora dəyişdim; əcdadlarımın vətəni olan Azərbaycana gəldim və burada öz işimi Azərbaycanda elektron hökumət sahəsi ilə başladım. O zaman çox az adam elektron Azərbaycanı təsəvvüründə canlandıra bilirdi. Azərbaycanda biznesin aparılması mədəniyyətini öyrənməli oldum, elektron hökumətin ümumiyyətlə necə çalışdığını araşdırdım və bir çox insanlarla ünsiyyət qurdum. Təkcə İKT sahəsində deyil, ümumiyyətlə biznesdə qadın stereotipini dəyişmək üçün uzun müddət tələb olundu. Kişilərlə onların status və ənənələrinə hörmət edərək şərqsayağı ünsiyyəti öyrənməli oldum.

Əlbəttə ki, peşəkar çətinliklərdən danışsaq, elektron hökumətin nə olduğunu və onun faydalarını izah etmək çox böyük enerji aldı. Elə olurdu ki, bir gün ərzində eyni mövzuda 5-10 görüşdə iştirak etmək lazım gəlirdi. Amma mən bu həyat təcrübəsini heç nəyə dəyişmərəm. Həyatda heç nə asanlıqla başa gəlmir. Və yalnız çətinliklərdən keçərək insan məşğul olduğu işi dəyərləndirə və sevə bilər. Bu halda insan öz əməyinin qiymətini bilir. Mənim üçün keçdiyim bu yol nərdivan kimi pilləli yox, sarmaşıq kimi dolanbac olmuşdur. Zirvəyə çatmaq üçün sən həmişə yeni imkanlardan, ideyalardan və fantaziyalardan istifadə etməlisən.

-Övladlarınız da informasiya texnologiyalarından istifadə edirmi? Hansısa qadağalar varmı və siz onlara necə nəzarət edirsiniz?

-Əfsuslar olsun ki, mənim hələ övladlarım yoxdur, lakin qardaşımın övladları var və mən onların inkişafını yaxından müşahidə edirəm. Bu gün uşaqlar yeni texnogen nəsli təmsil edir. Bəzən insana elə gəlir ki, onlar əllərində planşetlə anadan olublar və bu da tərbiyə prosesini xeyli çətinləşdirir. Bu səbəbdən, hər bir qadın özünün kompüter təhsilinə böyük diqqət ayırmalıdır ki, yaşadığımız texnologiya əsrində övladlarının tərbiyəsində yaxından iştirak edə bilsin.

Anlamaq lazımdır ki, İnternet dünyası övladınız üçün faydalı məlumatların əldə edilməsində sərhədsiz imkanlar verməklə yanaşı həm də özündə böyük təhlükə daşıyır. Uşaqlara nəyisə qadağan etmək olmaz; bunun əvəzində onları istiqamətləndirmək və nəyi necə etməyi izah etmək və nəzarət altında saxlamaq lazımdır. Uşaqların maarifləndirilməsini və İnternetdə, ağıllı texnologiyalar dünyasında davranışlarının formalaşdırılmasını və onların müdafiəsini bu gün Azərbaycanda ən vacib məsələlərdən biri kimi görürəm.

Bizim ailədə planşet arxasında keçirilən vaxt və fiziki məşğələlər üçün nəzərdə tutulmuş zaman dəqiq reqlamentləşdirilib. Məşğul olduğum peşəyə baxmayaraq uşaqların planşetlərlə, telefonlarla və kompüterlərlə ünsiyyətinin minimallaşdırılmasının tərəfdarıyam. Heç nə uşağın fiziki dünyanı öyrənməsi zamanı yeni nələrləsə qarşılaşmasından əldə etdiyi təsəvvürləri və ətraf mühiti olduğu kimi qavramasını əvəz edə bilməz. İKT sahəsi ilə məşğul olan dünyanın bir çox tanınmış peşəkarları öz övladlarının qadcetlərdən istifadəsini məhdudlaşdırıb. Və mən onları tamamilə dəstəkləyirəm.

-İKT sahəsindən əlavə hansısa biznesiniz varmı?

-Şəxsi həyatıma belə vaxtım çatmır, o ki qaldı əlavə biznesə. Şirkətim mənim həyatımdır. Qorxuram ki, bütün planlarımın hamısını həyata keçirmək üçün bir ömür yetməz. Məşğul olduğum işi çox sevirəm. Çünki bunun Azərbaycana fayda gətirdiyini görürəm və bundan hədsiz sevinc duyuram.

-Tələbəlik illəri. Deyirlər ki, İKT üzrə təhsil alan tələbələr ünsiyyətcil olmurlar. Siz necə, tələbəlik illərində oğlanlara münasibət qura bilirdiniz?

Bu da cəmiyyətdə mövcud olan bir stereotipdir ki, İT mütəxəssisləri bir qayda olaraq eynəkdə, beli bükük və özünə qapanmış olurlar. İT bu gün bizi hər yerdə əhatə edir. Bu sahə o qədər çoxşaxəlidir ki, burada hamıya – riyaziyyatçılara, dizaynerlərə, media mütəxəssislərinə və yaradıcı insanlara yer var. Mənə ümumiyyətlə heç kimlə ünsiyyət etmək çətin deyil. Məntiqi təfəkkürü inkişaf etmiş insanlarla ünsiyyət isə daha asandır. Şübhəsiz ki, İT mütəxəssisləri əksər hallarda yaradıcı insanlardır və onlara xüsusi yanaşma tələb olunur. Onların nə barədə düşündüklərini anlamaq, onları diqqətlə dinləmək və hətta ilk baxışdan absurd səslənən təşəbbüslərini belə heç bir halda öldürməmək lazımdır. Mənə bir qadın rəhbər kimi qarşımda olanın öncə kişi sonra isə tabeçiliyimdə olan şəxs olmasını unutmamaqdan ötrü xüsusilə öz üzərimdə daha çox işləmək lazım gəlir. Halbuki qeyd etməliyəm ki, bizim şirkətdə iyerarxiya alqışlanmır, bizdə ümumi məqsəd üçün çalışan vahid komanda ruhu hökm sürür. İntriqanlar bizdə duruş gətirmirlər.

-Səfərlərdə tez-tez olursunuz? Xarici İT tədbirlərdə kişilər yoxsa qadınlar çoxluq təşkil edir?

-Səfərlərdə kifayət qədər sıx oluram. Azərbaycan innovasiyalarının ixracı qarşıdakı illər üçün bizim şirkətin əsas prioritetlərindəndir. Amma açıq deyim ki, mənzərə hər yerdə eynidir – auditoriyanın 99 faizi kişilərdən ibarət olur və bunu kökündən dəyişmək lazımdır! Təbiət disbalansı sevmir və fikrimcə bundan hamı zərər görə bilər.

-Ailənizdən və yaxınlarınızdan uzaq qalanda özünüzü necə hiss edirsiniz?

Çox çətin, xüsusilə bayramlarda, nə zaman ki, dostların öz ailələri ilə birlikdə olur. Ənənələrdə mühafizəkaram və öz ailəmə həmişə ehtiyac duyuram. Amma təəssüf ki, şəxsi işim Azərbaycandan uzun müddətə ayrılmağıma imkan vermir. 

-İKT-nin inkişafında qadınların rolunu necə dəyərləndirirsiniz?

-İKT-də qadınların rolu misilsiz dərəcə böyükdür. Birincisi, əbəs yerə H.Z. Tağıyev düşünmürdü ki, qadınların təhsili Azərbaycanın gələcəyi üçün necə də əhəmiyyətlidir. Bu gün Azərbaycanın gələcəyi üçün qadınların İKT sahəsində maariflənməsi ilə də analoji vəziyyət müşahidə olunur. Ənənələrdən qaynaqlanaraq Azərbaycanda məhz qadınlar daha çox övladlarının tərbiyəsi ilə məşğul olurlar və son dərəcə mühümdür ki, onlar texnologiya dünyasında öz övladlarının  həyatında iştirak edə bilsinlər. İkincisi, İT məhsullarının yaradılmasında, onlara  gözəl görünüş, emosiyalar və zövq verilməsində qadın baxışını diqqətə almaq da çox vacibdir.

-Sosial şəbəkələrdən istifadə edirsinizmi?

-Sosial şəbəkələrdən daha çox peşəkar məqsədlər üçün istifadə edirəm. Sosial şəbəkələr vasitəsilə məni maraqlandıran məhsullar, texnologiyalar, tendensiyalar barədə faydalı məlumatlar əldə edir, istifadəçilərin davranışlarını və maraqlarını öyrənirəm. Sosial şəbəkələr tükənməz məlumat mənbəyidir və buna bacarıqla yanaşmaq lazımdır.

-Facebookda paylaşdığınız şəkillərin altında sizi narahat edən şərhlər alırsınızmı?

-Heç vaxt. Demək olar ki, şəxsi xarakterli şəkillər paylaşmıram, yalnız peşəkar xarakterli fikirlərimi bölüşürəm. Son zamanlar şəxsi xarakterli məlumatların yerləşdirilməsindən tamamilə imtina etmişəm.

-Siz öz şəxsi məlumatlarınızın təhlükəsizliyini necə təmin edirsiz?  Elektron məlumatlarınızın oğurlanması və arzuolunmaz müdaxilə halları ilə rastlaşmısınızmı?

-Şəxsi məlumatlarımın mühafizəsinə çox həssas yanaşıram, məxfilik ayarları mənim sevimli rubrikamdır. Və ildən-ilə mən bu rubrikanın daha çox funksiyalarından istifadə edirəm. Bunu ən vacib vətəndaş haqlarından biri hesab edirəm,  bundan əlavə, mobil avtorizasiya və elektron imza həlləri təklif edərək mən özüm bu haqların təmin edilməsində iştirak edirəm. Hesab edirəm ki, şəxsi məlumatların təhlükəsizliyinin qorunması  gələcəkdə aktual olacaq mövzulardan biridir. Hazırda biz bu yaxınlarda yaradılmış Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES çərçivəsində ağıllı cihazlardan təhlükəsiz istifadə mövzusunda əhalinin məlumatlılığının artırılması istiqamətində yeni bir layihənin üzərində işləyirik.  İnsanlar dərk etməlidir ki, onların əllərində tutduğu artıq çoxdan sadəcə telefon deyil, super-kompüterdir və ondan diqqətlə və səliqə ilə istifadə etmək lazımdır.

-Sizə kişilərlə yoxsa qadınlarla işləmək daha rahatdır?

-Mənim üçün elə bir fərqi yoxdur. Hərəsinin öz müsbət tərəfləri var. Bizim şirkətdə bu nisbət əlli əliliyədir və bu sadəcə formallıq xatirinə deyil, çox güman ki, mənim bu məsələyə olan münasibətimin təzahürüdür. Lovğalanmaq istəməzdim, amma bu dünya üzrə İT şirkətlərdə olan orta göstəricidən olduqca yüksəkdir.  Bilirsiniz, bu nisbət “qlobal düşün, lokal hərəkət et” prinsipini həyata keçirməyə kömək edir.

-Qərar qəbul edərkən kiminlə məsləhətləşirsiniz?

Hamı ilə. Facebook-un yaradıcısı Mark Tsukerberqin yanaşmasına riayət etməyə çalışıram – komandanın hər bir üzvünü o baxımdan seç ki, guya sən onun tabeçiliyində işləyəcəksən. Əlbəttə ki, yüz faiz buna əməl edə bilməsəm də buna çalışıram. Bizdə hər həftənin sonunda bütün əməkdaşların iştirak etdiyi korporativ toplantılar keçirilir (bu zaman Azərbaycandan kənarda olan əməkdaşlarımız Skype vasitəsilə bizə qoşulurlar). Bu toplantılarda hər bir əməkdaş həftə ərzində fəaliyyəti barədə qısa icmal təqdim edir. Mühüm olan hamının şirkətin nə etdiyini və ümumi məqsədin nə olduğunu bilməsidir. Bizim şirkətdə əsas budur ki, təşəbbüs alqışlanır və heç bir halda cəzalandırılmır, tənqid isə yalnız konstruktiv xarakter daşıyır. Tənqid edirsənsə, hər yolu təklif etməlisən. Məqsədim odur ki, komandamızın hər bir üzvü məndən qat-qat peşəkar, ağıllı və kreativ olsun. Hesab edirəm ki, mən 30 faiz buna nail ola bilmişəm, buna görə qərarlar bizdə kollegial şəkildə qəbul edilir. Bilirsiniz, həqiqət çox nadir hallarda mütləq olur və mütləq həqiqəti dediyini hesab edən insanlar sadəcə başqalarının danışmasına imkan vermirlər. Amma mən onu da anlayıram ki, əgər sən dünyanı dəyişmək istəyirsənsə, hamı ilə uzlaşmağın şərt deyil. Əgər hamı səndən razıdırsa, deməli sən kifayət qədər qərarlı hərəkət etmirsən.

-Qadına fəaliyyət sahəsində uğur qazanmaq üçün nə lazımdır?

Hesab edirəm ki, hər şeydən öncə qadın öz işini sevməyi hamıdan yaxşı bilir. Və bunsuz da uğur olmur. Bir də, təbii ki, sevdiyi insanın, həyat yoldaşının dəstəyi. Feminist deyiləm,  qadının cəmiyyətdəki rolunu dəqiq anlayıram və o fikrin tərəfdarıyam ki, hər bir qadının uğurunun arxasında onu anlayan və dəstəkləyən kişi dayanır. 

 

-İnternetdə hər gün neçə saat vaxt keçirirsiniz?

Bunu heç zaman saymamışam, amma olduqca çox; İnternetsiz havasız kimiyəm. Lakin müəyyən asılılığı dərk etdikdən sonra qərara gəldim ki, yataq otağında İnternetdən istifadə olunmasını və evdə qadcetlərin sayı minimum olsun. Səfərlərə prinsipial olaraq telefondan başqa özümlə heç nə götürmürəm.  Bu vaxtı mən düşüncələr və yeni ideyaların generasiyasına sərf edirəm.

-İKT sahəsində mükafatlarınız varmı?

Şəxsən mənim yox, amma şirkətin mükafatları var. Mənim üçün ən böyük mükafat dünyanın müxtəlif yerlərində keçirilən böyük konfraslarda iştirak edərək Azərbaycanda hansı texnologoyalardan istifadə etdiyimiz barədə danışdığım zaman iştirakçıların üzlərində gördüyüm maraq  və təəccüb ifadəsidir. Biz innovativ mobil identitetin istifadəsi üzrə dünyada birinci ölkə olmağı qarşımıza məqsəd qoymuşuq. Bax buna nail olduğumuz zaman mənim üçün ən böyük mükafat  bu olacaqdır. Mənim xüsusi bir azartım var – mən birinci vətənim olan Estoniya ilə rəqabət aparıram. Amma bu xoş bir rəqabətdir, çünki qalibiyyətin yolu bir-birindən öyrənmək və təcrübə mübadiləsindən keçir. Mən bu prinsipi rəhbər tuturam – özün haqqında düşün, başqaları üçün hərəkət et.

Mirvari Nəcəf

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə