“Kişilər İKT-də özlərini ev yiyəsi kimi hiss edirlər”

13-10-2015 / 12:35

Xeberler.az “İKT Qadınlar” rubrikası çərçivəsində GoldenPay şirkətinin İdarə Heyətinin üzvü Naina Mehdiyeva ilə müsahibəni təqdim edir:

-Naina xanım, necə oldu ki, İKT sahəsinə marağınız yarandı? Adətən kişilər bu sahəyə maraq göstərirlər. İKT sektorunda qadın olmaq çətindir?

-Məktəb illərindən humanitar sahəyə, daha çox xarici dillərə marağım vardı. Bu sahəyə gələnə qədər ağlımda İKT sahəsində işləmək yox idi. Xarici Dillər Universitetinin ingilis-fransız sinxron tərcüməsini bitirdikdən sonra 5-6 il xarici şirkətlərdə çalışdım. Daha sonra Türkiyədə marketinq üzrə təhsilimi davam etdirdim. Qayıtdıqdan sonra marketinq və biznesin inkişafı sahəsində işləməyə başladım. GoldenPay şirkətinin təsisçisi Fərid İsmayılzadədən iş təklifi gələndə İKT sahəsinə keçmək ilk baxışdan çətin görünürdü. Amma onun perspektivini və dinamikasını artıq hiss edirdim. Bu sahədə çalışmaq və inkişaf etmək məni cəlb edirdi.

-İKT sahəsində ilk iş yeriniz və vəzifəniz nə olub? 

- İKT sektorunda 2007-ci ildən GoldenPay şirkətində işə başlamışam. İlk illərdə biznesin inkişafı şöbəsində mütəxəssis çalışırdım.

-Karyeranızın ilk illərində hansı çətinliklərlə qarşılaşırdınız?

-Yeni iş yerinə uyğunlaşmaq hər kəs üçün çətindir. İKT sahəsi mənim üçün yeni idi və 2 qat çətinlik və məsuliyyət daşıyırdım. Biznesin inkişafı sahəsi üzrə çalışsam da bizim qurduğumuz şirkət startap şirkəti idi. Və Fərid tək idi. Heç bir komanda yox idi. Şirkətdə 2-ci işçi mən idim. Artıq 3-cü işçini dəvət etməyi düşünəndə Fəridlə düşündük ki, bu İT mütəxəssis olmalıdır. Üçümüz bir masa ətrafında oturub fikir mübadiləsi edəndə, plan quranda və s. müxtəlif terminlərdən, proqram adlarından bəhs edirdilər. Texnologiyaya aid terminlərdən çox istifadə edirdilər və bu, məni qıcıqlandırırdı. O zaman artıq ailəli idim. Və hər axşam övladımla vaxt keçirdikdən sonra 1-2 saat internetdə araşdırma aparırdım. İlk illər bu baxımdan bir az çətinliklər yaşadım. Şirkəti əvvəldən qurduğumuz üçün bütün proseslər bizim nəzarətimizlə həyata keçirilirdi. İşin içində olmaq, hər şeyi başdan yaratmaq, sözsüz ki, çətin idi. 

-İşinizdə ən sevmədiyiniz xüsusiyyət nədir?

-GoldenPay mənim üçün iş yeri deyil. GoldenPay-ə uşağım kimi baxıram. GoldenPay əməyimizin nəticəsidir. Biz işə yeni başlayanda heç kim şirkətin uğur qazanacağına inanmırdı. Hətta "Azərbaycanda kartla heç kim ödəniş etməyəcək, hər kəs pulu nağd əlinə götürmək istəyir, bankdan pulu çıxarıb qoyacaq döşəyin altına, vaxtınızı itirməyin" hər gün bu kimi sözlər eşidirdik. Fəridlə uğur qazanacağımıza o qədər inanırdıq ki, aylarla maaş almadan işləyirdik. GoldenPay şirkəti bu səviyyəyə çatıb və indi görürük ki, sadəcə vətəndaşlar üçün yox, Azərbaycan üçün də böyük iş görmüşük. Bu, mənim üçün qürurvericidir. İlk illərdə hər şey çox çətin idi, arada yorulurdum, imtina etmək istəyirdim, digər korporativ şirkətlərdən təklif gəlirdi. Həyat yoldaşım həmişə məni bu fikrimdən daşındırıb, mənə burada işləmək üçün stimul verirdi. Fərid bezəndə də mən ona dəstək olurdum. Artıq 10 ildir ki, Fəridlə işləyirəm. Deyə bilmərəm ki, işimdə nəyisə sevmirəm. Hər şeyi başdan biz yaratmışıq, ən xırda detalını belə dəqiq və incəliklə düşünmüşük. İşini sevərək edirsənsə daha çox uğur qazana bilirsən. İşimdə yeganə xasiyyətimlə uyğun gəlməyən məqam assosial olmağımdır. Yalnız mənə yaxın və ətrafımda olan insanlarla əlaqə saxlamağı üstün tuturam. Yeni ünsiyyət qurmaq mənim üçün bir az çətin olur.  

- Əlavə hansısa bacarıqlarınız, yaxud biznesiniz varmı?

-Əlavə biznesim olmasa da işimdən əlavə maraqlarım var. Xarici dillərə çox maraq göstərirəm. İspan dilini çox sevirəm. İşimdən əlavə biznesə isə vaxtım yoxdur. İşimi o qədər sevirəm ki, boş vaxtım qalan kimi, yeni bir şey sınaqdan keçirmək, biliklərimi təkmilləşdirmək üçün çalışıram. Boş vaxtlarımda  çalışıram ki, övladlarıma vaxt ayırım. Həftənin bazar günləri özümə də vaxt ayırmağa çalışıram.

-İnternetdən ilk dəfə nə vaxt istifadə etmisiniz?

-1997-ci il idi, 10-cu sinifdə oxuyurdum, bacım şotland şirkəti olan Consafe-də çalışırdı. İngilis dilindən biliklərimi təkmilləşdirmək üçün onunla işə gedib-gəlirdim. Və həmin şirkətdə ilk dəfə ağ makintoş kompüteri ilə internetə qoşuldum. İnternetin sürəti indiki ilə müqayisə edilməsə də, o vaxt üçün çox maraqlı və möhtəşəm hadisə kimi qarşılamışdım. Mənim 10-cu sinifdə öyrəndiyimi qızım artıq bir yaşında edirdi.

-İnternetdə hər gün neçə saat vaxt keçirirsiniz? 

-İş saatlarını çıxsaq, təxminən 2-3 saat. Evdə nadir hallarda kompüterdən istifadə edirəm. Çalışıram ki, ailəmlə vaxt keçirim.

-Sosial şəbəkələrdən hansından daha çox  istifadə edirsiniz?

-Sosial şəbəkələr bu zəmanədə ən əlçatımlı ünsiyyət vasitələrindən biri hesab edilir. Facebook-dan istifadə edirəm, ancaq profilim qapalıdır. Dostluğumda 40-50 nəfər insan var. Çox tanıdığım, hörmət etdiyim insanlardır. Linkedİn-də də hesabım var. Əvvəllər tez-tez hesabıma daxil olurdum.

-Övladlarınız da informasiya texnologiyalarından istifadə edirmi? Hansısa qadağalar varmı və onlara necə nəzarət edirsiniz?

-2 övladım var. Böyük qızımın 10, digərinin isə 4 yaşı var. Sosial şəbəkələr artıq həyatımızın tən ortasındadır. Hətta qızım mənə hər gün deyir ki, mən də sosial şəbəkələrə qoşulmaq istəyirəm. 10 yaşı olmasına baxmayaraq, bu, artıq onda təlabatdır. Dərsləri, ev tapşırıqlarını internet vasitəsilə aparılır. PowerPoint-də təqdimat hazırlamaq, Google-da axtarış etmək və s. bu zərurətdən doğan təlabatlardır. Əsas odur ki, düzgün istifadə etsin. Və heç vaxt düşünməmişəm ki, övladlarımı internetdən uzaq tutum. Balaca qızım isə texnologiyalardan istifadə etsə də hələ sosial şəbəkələrə can atmır (gülür). Qadağalar bizim evdə həmişə var. Oxumaq vaxtı, idman vaxtı, internetdən istifadə etmək vaxtı ayrıdır. Çalışıram internetdən istifadəyə icazə vermədiyim zaman bunun səbəbini izah edim. İnternetdən çox şey öyrənmək olar. Bütün İT biliklərimi və hazırda öyrəndiklərimi internetdən öyrənmişəm. Bütün gün kiminləsə mesajlaşanlar, seriallara baxanlar da var. Baxır kim necə istifadə edir.



-Bəs valideynlərə nə məsləhət görərdiniz?

-Övladlarına internetdən istifadə etmək qadağası çıxış yolu deyil. İnternetdən istifadə etmək olmaz dedikcə bu, onları daha çox cəlb edir. Uşaq yaşıdları ilə ünsiyyət zamanı oyunlardan da danışır, təbii ki, onların da öz dünyası və maraq dairəsi var. Onları böyüklər kimi hərəkət etməyə məcbur etmək olmaz. Sadəcə istiqamət verə bilərik. Mən isə çalışıram bacardığım qədər övladlarıma məsləhət verim ki, internetdən nə üçün istifadə etmək lazımdır. 

-Facebook-da paylaşımlarda xarici dostlarınızla azərbaycanlılar arasında fərq görürsünüzmü? 

-Son zamanlar azərbaycalıların paylaşımlarında daha çox vətənpərlik hiss olunur. İnsan vətənindən uzaqda yaşayanda daha çox vətəninə bağlanır. Azərbaycanlı dostlarımın daha çox vətənpərvərlik haqqında paylaşımlarını görürəm. Dostluğumda olanlar çox yaxından tanıdığım insanlar olduğu üçün cəmiyyətin Facebook-dan istifadə tərzindən xəbərim yoxdur. Xaricilərin paylaşımında daha çox təhsillə bağlı paylaşımlar görürəm. Şirkətimizdə bu təcrübədən istifadə edərək, işçilərə hər gün 1 saat biliklərini inkişaf etdirmək üçün vaxt ayırırıq. İşçilərə faydalı linklər göndəririk. Düşünürəm ki, işçilər yeni bir şeylər öyrəndikcə onu tətbiq etmək istəyəcəklər. Bu isə bizə və şirkətimizə yenilik gətirəcək. 

-Şəxsi məlumatlarınızın təhlükəsizliyini necə təmin edirsiniz? Elektron məlumatlarınızın oğurlanması və arzuolunmaz müdaxilə halları ilə rastlaşmısınızmı?

-Korporativ mail-im İT mütəxəssislər tərəfindən qorunur. Şirkətdə buna çox ciddi nəzarət edilir. Biz müştərilərin kart məlumatları, bank kartları ilə işləyirik və təhlükəsizlik bizim üçün ən vacib şərtdir. Mail, proqram, kompüterlər hamısı lisenziyalaşdırılıb. İşdə İT mütəxəssislərin etdiklərini öyrənib şəxsi hesablarımda tətbiq edirəm. Çalışıram ki, hər şeydən anlayışım olsun.

-Son zamanlar sosial mediada səs-küyə səbəb olan sosial şəbəkələrin lisenziyalaşdırılması məsələsinə münasibətiniz necədir?

-Bu addımla razıyam. Ancaq insanların narazılığını da başa düşürəm. Hər bir yeniliyə qarşı birinci reaksiya mənfi olur. "Nə olacaq bundan sonra, nə üçün lazımdır bu" istiqamətdə olan fikirlər normaldır. Sadəcə fikirləşirəm ki, burada ən düzgün addım məlumatı düzgün çatdırmaqdır. Birdən-birə vətəndaşa demək olmaz ki, biz bu yeniliyi edirik. Əvvəlcə vətəndaşı bunun haqqında maarifləndirmək lazımdır. Vətəndaşlara lisenziyanın nə olduğunu, nə üçün istifadə edildiyini öyrətməklə normal düşüncə formalaşdırmaq mümkündür. İnsana seçim vermək lazımdır. Nəyisə etmək lazımdır, bunu etməlisən deyə məcburiyyət düzgün addım deyil.


-Səfərlərdə tez-tez olursunuzmu? Xarici İT tədbirlərdə kişilər, yoxsa qadınlar çoxluq təşkil edir?

-Daha çox pərdə arxasında işləməyi sevənlərdənəm. Fərid həmişə mənə deyir ki, tədbirlərə get, səni tanısınlar. Hərdən zarafatla deyirəm ki, “Fərid, tədbirdəki çıxışını belə hazırlamağa razıyam, amma tədbirə sən get”. Çalışıram tədbir, səfərlərə az gedim.  Amma xaricdə olan zaman xanımların bu sahəyə marağı nəzərimdən qaçmır. Xanımlar bu sahənin perspektivini görürlər və özlərini bu sahədə inkişaf etdirməyə çalışırlar.

-Qadınlarımızın bu sahədə az olmasının səbəbini nədə görürsünüz?

- Düşünürəm ki, bunun başlıca səbəbi mentalitetdir. Mənə deyirdilər ki, “qız nədir, xaricdə oxumaq nədir? Qadın ya həkim olmalıdır ya da müəllim”. İndi isə fikirlər tamam dəyişib. Artıq valideynlər qız övladlarına belə mənasız səddlər qoymurlar. 

-İKT-nin inkişafında qadınların rolunu necə dəyərləndirirsiniz?

-Qadınların rolu təkcə İKT-də deyil bütün sahələrdə özünü göstərir. Azərbaycanda İKT yeni sahə olmasına baxmayaraq, bu sektora qadınların axını sürətli gedir. İKT-də qadın lazımdır, çünki onda kreativlik var. Qadın və kişinin düşüncə tərzi tamam fərqlidir. Kişilər düz, məntiqlə, heç bir emosiyalara uymadan işlərini görürlər. Qadın olan kollektivdə isə şarm olur. Təbii ki, kişilər İKT-də özlərini ev yiyəsi kimi hiss edirlər. Necə ki, ailədə evin başı kişi, onu saxlayan dayaq-boynu qadındır. İKT-də də həmçinin elədir. Bir neçə il əvvəllə indini müqayisə edirəm. O zamanlar bu şirkətdə təkcə qadın mən idimsə indi 5-6 xanım işçi çalışır. Hər gün texniki şöbənin qapısını açıb içəri daxil olanda yeni xanım simaları görürəm. Təcrübə keçmək üçün şirkətimizə proqramçı xanımlar gəlir. Adətən deyirlər ki, proqramı kişilər yazmalıdır. Bununla razı deyiləm. Qadınlar daha çox kreativdir və hər incəliyi düşünürlər. Bəzən hansısa işi görəndə bu belə olacaq və s. deyib işi bitirirlər. Mən onları saxlyıb nə isə yanlış, çatışmazlıq tapıram. İşdə mənə “Mız-Mız xanım” deyirlər. Mən işlərində nə isə bəyənməyəndən sonra yenidən baxırlar və haqlı olduğumu deyirlər. 

-İKT sahəsinə gəlmək istəyən qadınlara nə məsləhət görərdiniz? 

-Qorxmasınlar, cəsarətli olsunlar. Azərbaycan qadınları bütün işlərin öhdəsindən tək başına gəlməyi bacarırlar. Biznesin inkişafının idarə edilməsi heyətinə keçəndə qorxmadım. Baxmayaraq ki, çətin bir yükü üzərimə götürmüşdüm. Biznesin inkişafı şöbəsində satış, marketinqlə məşğul olmağa davam edə bilərdim. Amma hər şeylə maraqlanırdım, bütün şöbələrin proseslərinin yazılışında iştirak edirdim. Bilirəm ki, şirkətdə istənilən şöbənin işçisinin yerində otursam həmin işi görə bilərəm. Birincisi düşünürəm ki, idarə heyətinin üzvü üçün bu vacibdir, ikincisi isə hər bir işçinin nə ilə məşğul olduğunu, necə işlədiyi mənə maraqlıdır. Bu sahə dinamik inkişaf edən sahələrdən olduğu üçün hər gün yeniliklər olur. Qadınlarımız bu sahə ilə məşğul olsalar, həyatları düz və adi keçməz. 

-Sizə kişilərlə işləmək asandı yoxsa qadınlarla?

 

-Yalnız kişilərlə işləmək çox çətindir. Bir neçə illik təcrübəmdən deyə bilərəm ki, yalnız kişilərlə olan kollektiv darıxdırıcı olur. Uşaqlıqdan daim ətrafımda oğlanlar olurdu. Universitet illərində qrupda 7 qız bir oğlan olmağımıza baxmayaraq, mən oğlanla dostluq edirdim. Daha doğrusu belə alınırdı. Heç zaman qızlarla dostluqdan qaçmamışam. Sadəcə oğlanlarla söhbət etmək, fikir mübadiləsi mənə daha rahat gəlir. Şirkətə gəlib oğlan kollektivinə düşəndə elə də çətin olmadı. Ancaq həmişə deyirdim ki, bu kollektivə qadın lazımdır. Çünki kollektivdə qadın olanda kişilər də daha məsuliyyətli olur, işdə davranışları dəyişir. Qadın olan mühitdə daha ciddi təsir bağışlamağa çalışırlar. Qadın olan kollektivdə emosionallıq olur. 

-Qadına İKT sahəsində uğur qazanmaq üçün nə lazımdır? 

-Bir nömrəli şərt özünə inanmalıdır. Və çox işləməli, oxumalıdır. İKT sahəsi o qədər dinamik sahədir ki, öyrənməkdən qorxmamaq lazımdır. Ən birincisi isə həvəs olmalıdır. İT qadınlar üçün bir az yenidir və o qədər sürətlə inkişaf edir ki, arada fikirləşirəm ki, birdən bu sürətə ayaq uydura bilmərəm. Hərdən marketinq şöbəsinə daxil olanda işçilərin Facebook-da nələr etdiyini görəndə düşünürəm ki, Facebook-un, Google-un o qədər imkanı var ki, artıq mən hamısını öyrənməyi çatdırmıram. 

-İKT sahəsində ən böyük uğurunuz nədir? 

-GoldenPay şirkəti nəinki mənim Azərbaycan üçün böyük uğurdur. İnsanların rahatlığı, hökumətin şəffaflığı üçün elektron ticarət vacibdir. İnsanların kommunal xərclərini, bank hesablarını yoxlamaq üçün vaxt ayırıb harasa fiziki müraciət etməyə vaxtları yoxdur. Bu səbəbdən çalışdıq ki, ölkə üçün faydalı olacaq bir layihə yaradaq. Şirkət yeni yarananda çox tərəddüd edirdik. Bəlkə insanlarımız buna öyrəşməz, yadlıq çəkərlər və s. Amma indi insanların hesab.az-dan istifadə edərkən məmnunluqlarını ifadə etmələri mənim üçün ən böyük uğurdur. İKT  sahəsi özü ilə bəşəriyyətə rahatlıq gətirib. Burada sürətli inkişaf gedir və insanların tələbatı günü-gündən artır. 

-İşdən evə iş gətirirsiniz?

-Çalışıram ki, gətirməyim. Ancaq bu müəyyən mənada mümkün deyil. Telefonum hər zaman yanımda olur. Mütəmadi olaraq mailimi yoxlayıram. İş yoldaşlarım bilir ki, 24 saat telefonum aktivdir. Gecə telefonu səssiz rejimə salıram ki, gələn zənglərdən yoldaşım narahat olmasın.(gülür) İlk illərdə biraz çətinliklər yaşadım. İllərlə kollektivdə tək qadın olmuşam. O zamanlar bir az çətinliklər olurdu. Yoldaşım hər zaman yanımda olub, bunu anlayışla qarşılayıb. İşində uğurla irəliləmək üçün anlayışlı həyat yoldaşı mütləqdir. İşdən evə gələndə gülən üzlər, xoş simalar görmək günün bütün yorğunluğunu unutmağa kömək edir.

-Texnoloji avadanlıq alarkən daha çox nəyə diqqət edirsiniz? 

-Uşaqlarım üçün alanda ilk növbədə təhlükəsizliyinə, daha sonra görünüşünə diqqət edirəm. Özümə telefon yaxud digər texnoji avadanlıqlar seçərkən isə görüntünün heç bir önəmi olmur. Fikirləşirəm ki, istifadəsi rahat və təhlükəsiz olsun. Telefon alarkən onun rənginə, dizaynına baxmıram. Əvvəlcə baxıram ki, ekranda barmaqlarım rahat işləyir,ekran ölçüsü mənə uyğundur və s.

 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə