“İKT sahəsindən bir ay ayrılsan, bir əsr geri düşərsən”

03-07-2015 / 11:00

Xeberler.az  “İKT Qadınlar” rubrikası çərçivəsində Azercell şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar şöbəsinin rəhbəri , “Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubunun üzvü Nigar Şıxlinskaya ilə müsahibəni təqdim edir:

-Nigar xanım, necə oldu ki, İKT sahəsinə marağınız yarandı? Adətən kişilər bu sahəyə maraq göstərirlər.

-Xaricdə təhsilimi bitirib qayıtdıqdan sonra bir neçə şirkətdən mənə iş təklifi gəldi. Bunlardan biri də  Azercell idi. Təbii ki, İnternetdən şirkətlər, onların dəyərləri, layihələri haqqında daha ətraflı məlumatlar topladım. Mənim üçün çox vacib idi ki, işlədiyim şirkətin istehsal etdiyi məhsul və ya göstərdiyi xidmət insanlara lazım olsun, onlara xeyir versin. Həmin şirkət məsuliyyətli biznes həyata keçirməli idi. İş yeri kimi seçdiyim təşkilatın xidmətindən özüm də istifadə etmək arzusunda olmalı idim. Bu səbəbdən Azercell mənim üçün öndə idi. Qeyd edim ki, ilk telefonumu aldığım vaxtdan- 1997-ci ildən Azercell-in müştərisiyəm. Azercell-də işləyəcəyimi düşünmədiyim vaxtlarda belə bir şirkət, korporasiya olaraq ona rəğbətim var idi. Həmçinin, mobil telekommunikasiya sahəsi məni çox maraqlandırdı. Onun perspektivini və dinamikasını artıq hiss edirdim. Bu sahədə çalışmaq və inkişaf etmək məni cəlb edirdi.
 
-İKT sahəsində ilk iş yeriniz və vəzifəniz nə olub?

- Bu sahədə ilk olaraq 2004-cü ildə Azercell-də Korporativ Ünsiyyət şöbəsində işə başladım. İki il mətbuat katibi kimi işlədim. İki ildən sonra isə yenicə yaranmış Korporativ Sosial Məsuliyyət (KSM) bölümünə keçdim. Həmin illərdə dünyada və Azərbaycanda yeni və öyrənilməmiş olan bu sahə mənə maraqlı idi. Ölkədə ilk KSM bölümlərindən biri Azercell-də yaradıldı.

-Karyeranızın ilk illərində hansı çətinliklərlə qarşılaşırdınız?

- Azercell şirkətində işə başlamazdan əvvəl ANS kanalında baş redaktor və aparıcı kimi çalışırdım. Bir çox sahələrdə yazı hazırlaya bilirdim- siyasət, iqtisadiyyat, mədəniyyət. İKT sahəsi ilə daha az üzləşirdim, amma yenə də, demək olar ki, tez mənimsədim. Yaradıcılığa meylli olduğum üçün korporativ proseslər və proseduralar, iyerarxiya və subordinasiya məsələləri mənə qəliz gəlirdi. Əlbəttə ki, böyük bir korporasiyada çalışarkən bütün incəlikləri bilmək və onlara dəqiqliklə riayət etmək lazımdır. Lakin Azercell-in gözəl korporativ mədəniyyəti və mehriban kollektivi mənim bu məsələlərə alışmamı tezləşdirdi və asanlaşdırdı.    
  
-İşinizdə ən sevmədiyiniz xüsusiyyət nədir?

- Sevdiyin işlə məşğul olmaq insana aşiq olmaq kimidir: nə qədər ki onu sevirsən, mənfi tərəflərini görmürsən . Ümumiyyətlə, sevdiyin işlə məşğul olmaq lazımdır. İşim çox olanda belə müsbət nəticə əldə edirəmsə bütün yorğunluq məni tərk edir.  Ona həyatımın bir hissəsi kimi yanaşıram. İKT  elə bir sahədir ki, bir ay buradan uzaqlaşsan, geri qayıdanda bir əsr geriyə düşmüş kimi hiss edərsən. Daima nəbzini tutmaq, ayrılmadan işin içində olmaq lazımdır (gülür).

-Övladlarınız da informasiya texnologiyalarından istifadə edirmi? Hansısa qadağalar varmı və siz onlara necə nəzarət edirsiniz?

- İki övladım var. Qızım 5, oğlum isə 12 yaşındadır. Texnologiyalar əsrində uşaqları texnologiyalardan ayrı tutmaq düzgün deyil. Bu gün texnologiyalar uşaqlar üçün həm əyləncə, həm də təhsil və informasiya vasitəsidir.  Sadəcə olaraq uşaqlara bu vasitələrdən düzgün istifadə etməyi öyrətmək istəyirəm. Bu sahədə çox da bacarıqlı deyiləm (gülür). Amma cəhd göstərirəm. İstəyirəm ki, onlar özləri nəyin lazım olub-olmadığını anlasınlar, vaxtın qədrini bilsinlər. Təhsil bizdə birinci yerdədir. Amma qəti qadağalar qoysam əks təsir də göstərə bilər. Bu səbəbdən uşaqlarla ehtiyatlı davranmağa, düzgün istiqamətləndirməyə çalışıram.

- Əlavə hansısa bacarıqlarınız, yaxud biznesiniz varmı?

-Altı yaşımdan musiqi ilə məşğulam. G. Şaroyev adına musiqi məktəbində fortepiano və bəstəkarlıq şöbəsini bitirmişəm. Konservatoriyaya daxil olmağa hazırlaşırdım. Arzum Arif Məlikovun sinfinə düşmək idi. Məktəbin son illərində Azərbaycan Hərbi orkestri mənim 2 bəstəmi ifa etmişdi. Yadımdadır ki, orkestrin yaşlı solistlərindən biri anama deyib ki, sizin qızınız bəstəkar olmasa ölkəniz böyük itki verəcək (gülür).

Əlavə biznesə gəldikdə isə hələ buna ehtiyac duymuram. Çalışdığım sahə sürətlə inkişaf etdiyi üçün mən də onunla birlikdə irəliləyir, durmadan yeni bir şeylər öyrənirəm.

-Nigar xanım, bəs niyə təhsilinizi musiqi sahəsində davam etdirmədiniz?

-1990-cı illərin ortaları hələ mürəkkəb illər idi. Ölkəmiz yeni dirçəlirdi. Cəmiyyətdə klassik musiqiyə olan tələbatı görmədiyim üçün bəlkə də məndə bir boşluq yarandı. Sənətimin lazımsız olmasından qorxurdum. Bu səbəbdən son anda fikrimi dəyişdim və Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsilimi davam etdirdim.

- İşinizlə bağlı hansı maraqlı hadisələrlə qarşılaşmısınız?

- Ən son hadisə, demək olar ki, bir neçə gün əvvəl baş verib. Ailəm və dostlarımla Avropa Oyunlarının bağlanış mərasimində iştirak edirdim. Stadionda 68 min nəfər tamaşaçı var idi. Stadionun üzərində bir neçə helikopter fırlanırdı. Birdən rəfiqəmin tanışı ona helikopterdən mesaj yazdı. Həmin an Azercell-də çalışdığım üçün bir daha fəxr etdim. Təsəvvür edin, on minlərlə insan eyni anda çox asanlıqla mesajlaşır, sosial şəbəkələrdə şəkil, video paylaşa bilirdi. Bu, mənim üçün qürurverici bir hal idi.

-Səfərlərdə tez-tez olursunuzmu? Xarici İT tədbirlərdə kişilər yoxsa qadınlar çoxluq təşkil edir?

-Baxmayaraq ki, dünya İKT şirkətlərinin bir çoxunda qadınlar var, yenə də kişilər çoxluq təşkil edir. Amma hesab etmirəm ki, bu, beş il sonra da belə olacaq (gülür). Qadınlarımız çox əzmlidir. Maraq, cəsarət və çalışqanlıq hər şeyi mümkün edir. Öz üzərlərində çox işləyirlər, yeniliklərə can atırlar. Düşünürəm ki, İKT sahəsi tam qadınların istədiyi sektordur- daim yeniliklər, perspektiv.

Bu sahədə qadınların az olmasının səbəbini təhsildə və İKT-dən qorxuda görürəm- indinin özündə də qadınlar texnologiyalardan çəkinir, daha “xanım” peşələri seçməyə can atırlar. Lakin indi texnologiyalar müasir insan həyatının hər dəqiqəsinə, hər addımına inteqrasiya edir. Xanımlar həkim və müəllimə olmağı tərcih etsələr belə texnologiyalardan istifadə etməli olacaqlar. Internet of things, M2M kimi anlayışlar inkişaf edir. Cəmiyyət özü insan həyatını asanlaşdıran texnologiyalar tələb edir. Məsafədən təhsil, Mobil sağlamlıq, Ağıllı ev, Mobil bankçılıq, müxtəlif nəzarət sistemləri- bunlar artıq realdır və ən yaxın gələcəkdə insanlar indi bizə qəliz gələn texnologiyalarsız həyatlarını təsəvvür edə bilməyəcək.

-İKT-nin inkişafında qadınların rolunu necə dəyərləndirirsiniz?

- İKT sahəsi perspektivli və geniş sahəyə çevrilib. Texnologiyaların insan həyatına birdəfəlik və geri dönüşsüz müdaxiləsi bu sahədə də gender tarazlığı yaradacaq. İKT sanki gələcəyə aparan körpüdür. Niyə qadınlar bu körpünün üzərindən asanlıqla keçmək əvəzinə kənar yollar axtarsınlar?

-Sosial şəbəkələrdən hansından daha çox  istifadə edirsiniz ?

-Azercell şirkətinin kommunikasiyasını təşkil etdiyim üçün sosial şəbəkələrdə mütləq varam. Şəxsi hesablarım isə mənim üçün həmçinin dost-tanışlarla ünsiyyət vasitəsidir. Çox aktiv olmasam və qızğın mübahisələrə nadir hallarda qatılsam da sosial şəbəkələrdən istifadə edirəm.

-Facebook-da paylaşımlarda sizi narahat edən şərhlər olanda nə edirsiniz?

- Şirkət olaraq müştərilərin fikirlərinə hər zaman önəm verir və hörmət edirik. Təklif və iradları qəbul edirik. Azercell-in sosial şəbəkələrdəki fəaliyyəti yüksək səviyyədədir. Bu yaxınlarda məşhur SocialBakers şirkəti Azercell-i LEGO şirkəti ilə yanaşı sosial şəbəkələrdəki uğurlu fəaliyyətinə görə mükafatla təltif etdi. Bəzən məni tanıyanlar şəxsi hesabıma da sualla müraciət edirlər. O zaman da onlara dəstək olmağa, məsələni araşdırmağa və ya lazımi cavabı verməyə çalışıram.

-Şəxsi məlumatlarınızın təhlükəsizliyini necə təmin edirsiniz?  Elektron məlumatlarınızın oğurlanması və arzuolunmaz müdaxilə halları ilə rastlaşmısınızmı?

- Hazırda korporativ mail ünvanım şirkət tərəfindən qorunur. Azercell-in İT təhlükəsizlik sistemləri yüksək səviyyədə təşkil olunub. Bununla bağlı Azercell-in aid olduğu bütün TeliaSonera şirkətlər qrupunda ciddi təlim və treninqlər təşkil olunur. Özüm də şəxsi sosial şəbəkə hesablarım və mail ünvanlarımdan istifadə zamanı müəyyən təhlükəsizlik qaydalarına riayət etməyə çalışıram.

-Bəs bezdirici SMS-lərlə necə mübarizə aparırsınız?

- Bu məsələ artıq aktuallığını itirir. Müxtəlif növ SMS-lər var. Azercell bu yazdan etibarən arzu olunmayan reklam xarakterli mesajların əksəriyyətinin 9005 qısa nömrəsinə SMS göndərməklə dayandırılmasını mümkün etdi.  Müştəri məmnuniyyəti əsasdır.

-Sizə kişilərlə yoxsa qadınlarla işləmək daha rahatdır?

-Yalnız qadınlar və yalnız kişilər olan kollektivdə işləmək çətindir. Qadınlarda intuisiya, yaradıcılığa, kişilərdə isə məntiqə və soyuqqanlığa daha tez - tez rast gəlmişəm. Buna görə də təcrübəm göstərir ki, qarışıq komandalar daha güclü və möhkəm olur. Məncə, harmoniya hər yerdə lazımdır.

-Qərar qəbul edərkən kiminlə məsləhətləşirsiniz?

-Ailəm daim mənim ən böyük dəstəkçim olub. Ailə həyatı qurandan sonra isə həyat yoldaşım həmişə yanımda olub: bütün ciddi qərarlarımı qəbul edərkən onunla məsləhətləşirəm. İş həyatımda isə kollektivimiz, işin ciddiliyindən asılı olaraq şirkətin prezidenti ilə də fikir mübadiləsi aparıram.

- İnternetdə hər gün neçə saat vaxt keçirirsiniz?

- Kifayət qədər. Telefon həmişə yanımdadır. İşdən ayrı olduqda belə mobil İnternet vasitəsi ilə tez-tez elektron poçtumu yoxlayıram, xəbərləri izləyirəm. Musiqisiz də dayana bilmirəm, burada da mobil İnternetdən istifadə edirəm. 

-Texnologiyanın müsbət və mənfi tərəfləri ? Xeberler.az-ın oxucularına nə məsləhət görərdiniz?

-Texnologiya vaxtımıza qənaət edir, artıq sərhədləri keçməyə ehtiyac yoxdur. İnsan həyatını asanlaşdırır. Təhsilə, biznesə və fərdi inkişafa daha çox şərait yaradır. Texnologiyalar fiziki gücümüzə də qənaət edir. Mənfi tərəfi  isə, ola bilsin ki, odur ki, insanların üzbəüz canlı ünsiyyəti azalır. Məncə, buna diqqət yetirmək və sağlam tarazlığı qorumaq vacibdir.
 
-Uşaqların İnternetdən təhlükəsiz istifadəsi ilə bağlı valideynlərə nə məsləhət görərdiniz?

- Belə bir dövrdə uşaqları texnoloji yeniliklərdən uzaq tutmaq mümkünsüzdür. Valideynlər sadəcə uşaqlarının sağlam düşüncədə böyüməsinə istiqamət versə yaxşı olar. Övladlarımızın böyüməsində texnologiyaların nailiyyətlərindən, İnternetdən və məlumatdan düzgün istifadə etməyə alışdırmaq zəruridir.

-Qadınların həyatında texnologiya nəyi asanlaşdırıb?

- Məncə, bu, göz qabağındadır. Əgər siz məişəti nəzərdə tutursunuzsa, XX əsrin 50-ci illərinə qədər qadınlar demək olar ki, bütün işlərdə fiziki gücdən daha çox istifadə edirdilər. İndi isə əksər işləri ağıllı robotlar edir. Texnoloji inkişaf artmaqdadır. Əgər bu gün artıq kiçik simkartın köməyi ilə insan uzaq məsafədən həyatını idarə etməyə başlayıbsa, sabah bu, hamı üçün adi hala çevriləcək. İnsanın bu an bu yerdə olmasına ehtiyac olmayacaq- insan şüuru yüksək texnologiyaların köməyi ilə cisimsiz fəaliyyəti mümkün edəcək.  

-Həyatda ən böyük uğurunuz nədir?

-İnsan dünyaya gəlirsə bu, elə bir uğurdur- yaşamağa, mükəmməlləşməyə, yaxşı əməllər törətməyə bir şansdır. Öz ailəmdə dünyaya göz açdığımı, özümü dərk etdiyimi uğur hesab edirəm.

 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə