m-Residency nədir?
Mobil Rezidentlik dünyada yalnız iki dövlət tərəfindən təqdim edilən biznesin ən son və innovativ formasıdır. Dövlətlərin iqtisadi və ticari səviyyədə qloballaşan, lakin fiziki müstəvidə məsafələndiyi bir dövrdə iş adamları və biznes nümayəndələri
fəaliyyətlərini yaşadığımız bu reallığa uyğun qurmaqda çətinlik çəkirlər. Bəzi hallarda ticari müharibələr, bəzi hallarda iqtisadi sanksiyalar, bəzən müxtəlif embarqolar, bəzən də vergi faizləri şirkətləri bir ölkədən digərinə köçməyə, yenidən investisiya yatırmağa, fəaliyyəti yenidən təşkil etməyə məcbur edir. Bu da xərclərini optimallaşdırmaq istəyən və əsas məqsədi gəlir olan bizneslərə heç də xoş olmur. Məhz bu qeyd olunan çətinliklərdən sığortalanmaq, biznesin əziyyətsiz və risksiz başladılması və aparılması üçün prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda m-Residency proqramı təqdim edildi. Dünyanın istənilən yerindən Azərbaycanda virtual kimlik almaq, bu kimlik vasitəsilə ölkədə rəsmi fəaliyyətə başlamaq və istənilən bank xidmətindən yararlanmaq imkanı verildi. Hal-hazırda tətbiqini uzaq görüb, istifadəsinin məhdud olacağını düşünsək də artıq m-Residency sürətlə böyüyür.
m-Residency proqramının uğurları
Kütləvi istifadəyə sadəcə bir neçə ay öncə təqdim edilməsinə baxmayaraq artıq Azərbaycanın bu innovativ layihəsinə maraq gözlənildiyindən də daha genişdir. Bu qısa müddət ərzində m-Residency proqramına 25-dən çox ölkədən 70-ə yaxın müraciət daxil olub və bu sayın ilin sonunadək 100-dən çox olacağı gözlənilir. Bu ölkələrə Fransa, İspaniya, Almaniya, Yunanıstan, İsveç, İsveçrə, Latvia, Litva, Estoniya, İsrail, Rusiya, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Səudi Ərəbistanı, Pakistan, Hindistan və digərləri daxildir. Müraciət edən şəxslərin böyük əksəriyyəti artıq öz ölkələrində biznes üzrə uğur qazanıb, fəaliyyətlətini perspektivli ölkələrə genişlətmək istəyən uğurlu iş adamlarıdır. Azərbaycanla yanaşı m Residency proqramını təqdim edən digər ölkə Estoniyada da bu tendensiyalar müşahidə edilir. Belə ki, son il ərzində Estoniya dövləti oxşar proqramdan 20 milyon ABŞ dolları həcmində vergi və xidmət haqqları üzrə qazanc əldə edib. Bu rəqəmin birbaşa qazanc olduğunu nəzərə alsaq, ölkənin proqramdan qazandığı dolayı gəlir dəfələrlə daha böyükdür (işçilərin maaşları, ölkə daxili xidmət ödənişləri, podratçıların qazancı və s.). Qeyd edilən bu məqam layihənin Azərbaycanda da
oxşar qaydada maddi uğur qazanacağını deməyə imkan verir.
m-Residency ilə şirkət qeydiyyatı
Estoniya təcrübəsi fonunda bu proqramın ölkəyə verdiyi ən müsbət təsiri xarici iş adamlarının Azərbaycanda asan şəkildə şirkət açmasıdır. Azərbaycanda ilk dəfə bu proqram çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Vergilər Nazirliyi ilə birlikdə Hüquqi Şəxsin qeydiyyatı sistemini 3 dildə (Azərbaycan, Rus, İngilis),www.dth.az portalında təqdim edib. Müraciətçilərin kolorit etnik və professional tarixçəsini nəzərə alaraq yaradılan bu yeni sistem asan interfeys, sürətli xidmət, və təhlükəsiz müraciət prosesi təqdim etməkdədir. Yeni yaradılan sistem bütün qeyri-rezidentlərə, həm ölkə xaricində yaşayan Azərbaycan vətəndaşlarına, həm də əcnəbilərə mobil rezidentlik əldə etdikdən sonra tam ödənişsiz şəkildə şirkət qeydiyyatı aparmaq imkanı verir. Əlavə olaraq portalda biznes tərəfdaşları vasitəsilə təqdim olunan biznes xidmətlərdən də yararlanmaq mümkündür.
m-Residency ilə bank hesabı yaratmağın üstünlükləri
Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub portalı) ölkəmizin mobil rezidentlərini düşünərək ötən il banklar haqqında qanuna öz töhfəsini verib. Məsafədən bank xidmətlərinin göstərilməsi üçün nəzarət orqanına aidiyyatı təklif olunub. Bunun nəticəsində Azərbaycanda nəinki yerli vətəndaş, burada olmayan həmyerlilərimiz və əcnəbi vətəndaşlar da bank xidmətlərindən istifadə edə biləcəklər. Belə ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və ölkənin aparıcı korporativ bankı olan Paşa Bank ilk dəfə olaraq xarici vətəndaşlara ölkəyə gəlmədən korporativ hesab açmaq imkanı təqdim etdi. Eyni zamanda ölkənin digər bankları da korporativ xidmətlərlə yanaşı əcnəbilərə fərdi bank xidmətlərinin təqdim olunması üçün texniki həllər təqdim etdilər. Gözlənilən odur ki, mobil rezidentlik proqramının əhatə dairəsi genişləndikcə, bu proqramdan istifadə edən qeyri-rezidentlərimiz yaxın zamanda bütün banklardan istədikləri xidməti ala biləcəklər. Bank xidmətlərilə yanaşı həm də bu şəxslərə müxtəlif maliyyə xidmətləri də təklif ediləcək.
m-Residency xidmətinin ölkəyə müsbət təsiri
m-Residency ölkəyə ilk növbədə daha çox xarici valyutanın daxil olmasına kömək göstərəcək. Belə ki istifadəçilərinin tamamını qeyri-rezidentlərin təşkil etdiyi xidmətlər üçün əldə edilən ödənişlər ölkəmizə daxil olur. Mobil rezidentlərin yaratdıqları şirkətin nizamnamə kapitalı, vergi və əmək haqqı vəsaitləri, bank xidmət haqqları və digər ödənişlər xarici valyuta olaraq ölkəmizə daxil olacaq. Qeyd edilən birbaşa ödənişlərlə yanaşı m-Residency layihəsi dolayı olaraq ölkə iqtisadiyyatına dəfələrlə böyük həcmdə müsbət təsir edəcək. Həm işə cəlb edilən vətəndaşlar, şirkətə xidmət göstərən podratçılar, həm də bu şirkətə biznes həlləri təqdim edən digər şirkətlərin hər biri ölkəyə invesitisiya yatıran mobil rezidentdən xeyir əldə edə biləcəklər.
Proqram Azərbaycanda real sektorda olan imkanlardan əcnəbilərin yararlanması üçün unikal imkan təqdim etməklə onların ölkəyə cəlbi və nəticədə qeyd edilən sahələrin daha da inkişafına böyük təkan vermiş olacaq. Proqram əcnəbilərin Azərbaycana turist olaraq gəlməsinə də müsbət təsir göstərəcək. Statistik göstəricilərə nəzər salındıqda görünür ki, mobil rezidentlərin yarısından çoxu fəaliyyətə başladıqdan sonra ölkəyə davamlı olaraq səfər edirlər və nəticədə turizm, xidmət və digər sektorların da inkişafına müsbət təsir edirlər.
m-Residency proqramının üstünlükləri
M-Residency proqramı istifadəçisindən asılı olaraq müxtəlif üstünlüklər təqdim edir. Proqram Azərbaycanda bank hesabı olan, lakin yaşama izni və ya digər qanuni sənədi olmayan əcnəbi vətəndaşlara, bank hesablarına giriş imkanı verir. Əlavə olaraq, xaricdə yaşayan həmvətənlərimizə ölkəyə gəlmədən müxtəlif növ elektron dövlət xidmətləri üzrə əməliyyatları həyata keçirməyə şərait yaradılır. Proqram dünyanın istənilən nöqtəsindən baş vurmaq imkanı təqdim etdiyi üçün, əcnəbilərə ölkəmizdəki güzəştli vergi şərtlərindən, dövlət dəstəkli layihələrdən, subsidiyalardan yararlanmaq imkanı da təqdim edir. Proqram bəzi hallarda hətta istifadəçilərə öz ölkələrindən digər dövlətlərə bir başa çıxışları olmadığı təqdirdə, həmin məhdudiyyət olan bazara, Azərbaycan üzərindən çıxış imkanı da təqdim edir. m Residency hüquqi şəxsin qeydiyyatı vasitəsilə əcnəbilərə ölkədə müvəqqəti yaşamaq izni almaq üçün də dolayı dəstək verir. Göründüyü kimi proqram istifadəçidən asılı olaraq bir çox müxtəlif imkanlar təqdim edir.
Proqramın gözləntiləri nələrdir
m-Residency termini yeni bir anlayış olsa da proqramın ölkənin gələcəyinə müsbət təsiri haqqında təsəvvür artıq formalaşıb. Faktiki statistika bizə yaxın gələcəkdə Azərbaycanın Mobil Rezidentlik proqramının bir neçə dəfə böyüyəcəyini və daha çox ölkədən, daha geniş spekterdən iş adamlarının və investorlarının cəlbinə dəstək olacağını deməyə əsas verir. Dünyada neftə olan tələbin azalması, qeyri-neft sektorunun daha da önəm qazanması və rəqəmsallaşmanın sürətlə yayıldığı iqtisadi və siyasi fonda m-Residecy proqramı Azərbaycanın inkişafına daha da dəstək ola, onun tam rəqəmsal m-biznes mühiti təqdim etdiyini dünyaya tanıda və bu üsülla ölkəmizi regionda biznes və investisiya mərkəzinə çevirə bilər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət
Qovşağının meneceri Nicat Əsədli
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri