Azərbaycandan Xəzərin o tayına, özü də suyun dibi ilə xətt çəkilməsi ideyası, nəhayət ki, reallaşmağa başlayır. Söhbət neft və ya qaz deyil, fiberoptik kabel xəttindən gedir. Uzun illərdir Xəzərin statusunun müəyyənləşməsi prosesinin yekunlaşmaması bu sahədə irəli sürülən təşəbbüslərin reallaşmasına imkan vermir. Ötən il dənizin statusuna dair ətraf ölkələr arasında əldə olunan razılaşma yenidən Xəzərin o tayına yönəlik layihələrin gündəmə gətirilməsinə səbəb olub. Belə layihələrdən biri də yuxarıda qeyd etdiyimiz Transxəzər fiberoptik kabel çəkilişidir.
Qeyd edək ki, Xəzər dənizinin dibi ilə Asiyaya fiberoptik kabelin - Trans-Avrasiya Super İnformasiya Magistralının(TASİM) çəkilməsi təşəbbüsü ilə rəsmi Bakı 2008-ci ildən çıxış edib. BMT tərəfindən də dəstəklənsə də, Azərbaycan dövlətinin təşəbbüskarı olduğu layihənin reallaşması mümkün olmayıb. Ötən ildən isə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin iştirakı ilə Transxəzər magistralı layihəsinin icrası istiqamətində fəaliyyətlərə başlanıb.
Qazaxıstan, Türkmənistan, Özbəkistan və Çin tərəfindən dəstəklənən layihə ilə bağlı bu ilin martında “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” dövlətlərarası saziş imzalanıb. Saziş bu ilin aprel ayında Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilib və Prezident İlham Əliyev tərəfindən təsdiq edilib. 17 may tarixində isə sözügedən saziş Qazaxıstan hökuməti tərəfindən də təsdiq edilib.
Sənədə əsasən, Transxəzər magistralının çəkilişi Azərbaycan tərəfdən “Bakcell” şirkətinin törəmə müəssisəsi olan “AzerTelecom” şirkəti, Qazaxıstan tərəfdən isə bu ölkənin telekommunikasiya operatorları olan “Transtelecom” və “KazTransCom” şirkətləri tərəfindən icra ediləcək. Bu məqsədlə iki ölkəni təmsil edən şirkətlər arasında ümumi uzunluğu 380-400 kilometr olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı artıq Konsorsium təsis edilib, birgə İşçi Qrupu yaradılıb və tikinti üzrə müştərək müqavilə də imzalanıb.
“AzerTelecom” şirkətinin “Azerbaijan Digital HUB” proqramı çərçivəsində icra edilən Transxəzər magistralı layihəsi Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılmasını nəzərdə tutur. Layihənin məqsədi Azərbaycan-Qazaxıstan marşrutu üzrə Avropadan Çinə qədər Azərbaycan və Qazaxıstandan keçəcək rəqəmsal dəhlizin yaradılması və beləliklə də Orta Asiya və Çinə internet trafikinin ötürülməsidir.
Təşəbbüskarlar hesab edirlər ki, “Digital HUB” proqramı çərçivəsində icra edilən Transxəzər fiber-optik magistralı layihəsinin ümumilikdə böyük bir regionun fiber-optik kabel infrastrukturunun inkişafında, Qafqaz, Orta Asiya və Cənubi Asiya, eləcə də digər ətraf regionların yüksək sürətli internet bağlantısı və qabaqcıl rəqəmsal xidmətlərlə təmin edilməsində müstəsna rolu olacaq. Layihənin icrası, həmçinin Çinin təşəbbüskarı olduğu “Belt and Road Initiative” (BRI) layihəsinə də öz töhfəsini verəcək və Azərbaycanı “Belt and Road Initiative” (BRI) layihəsinin telekommunikasiya dəhlizinə çevirəcək.
Layihənin reallaşmasına nüfuzlu beynəlxalq konsaltinq və telekommunikasiya şirkətləri olan “McKinsey and Company”, “Detecon”, “Axiom”, “DLA Piper”, “Huawei”, “PwC” kimi şirkətlər də cəlb olunub.
Hesab edilir ki, Azərbaycanın Rəqəmsal Mərkəzə (Digital Hub) çevrilməsi ölkəmizin telekommunikasiya ekosisteminin dünya standartları səviyyəsinə çatdırılması, internetin Orta və Cənubi Asiya, Yaxın Şərq, eləcə də digər ətraf regionlara verilməsində tranzit ölkə və Rəqəmsal Mərkəz olması deməkdir: “Bu, həmçinin Azərbaycanın Avropa ölkələrindən Çinə qədər olan fiber-optik magistral infrastrukturu şəbəkəsində mərkəzi mövqe əldə etməsidir. Layihə dünya miqyaslı qlobal rəqəmsal xidmətlər təchizatçıları olan korporasiyaların (Apple, Amazon, Alibaba, Google, Facebook, Netflix və s.) Azərbaycana gəlməsi, ölkəmizin kibertəhlükəsizliyinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, kiçik və orta sahibkarlığın inkişafı, Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və digər ətraf regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisninin 1/4-i) internet və rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsi, bu region dövlətlərinə Azərbaycandan müxtəlif rəqəmsal xidmətlərin ”Made in Azerbaijan" brendi altında ixrac edilməsinə öz töhfəsini verəcək”.
Onu da bildirək ki, uzunluğu 27 000 km olan Trans- Avrasiya fiber-optik magistralının Azərbaycan və Qazaxıstan arasındakı dənizaltı seqment bu günə qədər tikilmədiyindən bu marşrutda siqnalın ləngiməsi (RTD) baş verir. Bu seqment çəkilərsə, trafik ən qısa marşrutla Asiya və Avropa arasında Azərbaycandan keçməklə son istifadəçilərə, istehlakçılara çatdırılar.
Xeberler.az bildirir ki, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün “Yeni Müsavat”a dediyinə görə, layihə qlobal əhəmiyyətə malikdir:
“Bu layihə reallaşarsa, Azərbaycan həm internet tranzit ölkəsi, həm də dünyaya internet satan ölkəyə çevriləcək. Orta Asiyaya, Çinə internet trafiki Azərbaycandan reallaşacaq. Eyni zamanda nəhəng habın qurulmasından sonra dünyanın qlobal şirkətləri də öz serverlərini gətirib Azərbaycanda quracaqlar. Uzun müddətdir bu sahədə təşəbbüs göstərilən heç bir layihə uğurla başa çatmayıb. TEA, TASİM və sair. İndi isə layihəyə Qazaxıstan və Çindən aktiv dəstək nümayiş olunur. Bu isə layihənin uğurla reallaşması üçün çox mühüm şərtlərdir”.
Mərkəz rəhbəri bildirir ki, indiyədək Xəzərin dibi ilə kabel çəkilişini nəzərdə tutan layihələrə Rusiya tərəfindən maneələr yaradılıb: “Bu, aydın məsələdir ki, Rusiya belə layihələrin inkişafına imkan vermirdi. Amma indi mühit və şərtlər xeyli dəyişib. Çinin layihəyə dəstək verməsi o deməkdir ki, Rusiya ilə də razılaşmalar olub. Yəni böyük ehtimalla, bu ölkə layihəyə maneçilik yaratmayacaq. Bu baxımdan, yeni layihəni kifayət qədər real hesab etmək olar”.
Layihə həm də Azərbaycanda internetin keyfiyyətinin yüksəlməsinə, bu sahədə ən müasir texnologiyaların tətbiqinə gətirib çıxaracaq: “Layihə Azərbaycana böyük vəsaitlərin daxil olmasına da şərait yaradacaq. ”
“AzərTelekom”dan “Yeni Müsavat”a bildirildiyinə görə, Xəzərin dibi ilə kabel çəkilişinin 2022-ci ilin sonlarında başa çatdırılması nəzərdə tutulur. Layihə dövlətin iştirakı olmadan, tamamən özəl investisiyalar hesabına həyata keçiriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri