Proqram məhsullarının istehsalında nələrə diqqət etməli?

27-04-2017 / 17:13

Müasir dövrdə qabaqcıl ölkələrdə olduğu kimi, Azərbaycanda da informasiya və biliklər iqtisadiyyatı formalaşmaqdadır. Yeni iqtisadiyyatın formalaşmasında mühüm rol oynayan İKT-nin inkişafına da dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Bu sahənin tərkib hissələrindən biri də proqram məhsullarının keyfiyyətli istehsalı və idarə olunmasıdır.

Xeberler.az-ın məlumatına görə, bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Əlövsət Əliyev bu gün keçirilən iclasda bildirib.

O, həmçinin proqram məhsulları istehsalının qiymətləndirilməsi üzrə iqtisadi xarakteristikalar, proqram məhsulları istehsalının iqtisadiyyatına təsir edən keyfiyyət xarakteristikaları və s. haqqında ətraflı məlumat verib.

Sonra çıxış edən institutun əməkdaşı Leyla Əkbərova “Proqram məhsullarının keyfiyyətinin qiymətləndirilməsinin iqtisadi göstəriciləri” mövzusunda məruzəni təqdim edib.

O, proqram məhsulunun mürəkkəblik göstəricilərindən söz açaraq bildirib ki statik mürəkkəblik proqram məhsulunun layihələndirilməsi və istehsalının mürəkkəbliyini göstərir. Bu zaman onun təyinatı, funksiyaları və xarakteristikaları reallaşır, eləcə də əsas nöqsanlar aradan qaldırılır. Dinamik mürəkkəblik isə nəticələrin əldə olunması üçün proqram məhsulunun fəaliyyət və tətbiqinin mürəkkəbliyini bildirir. Bu halda onun funksional təyinatı və keyfiyyəti reallaşır.

Proqram məhsullarının iqtisadi xüsusiyyətlərinin uçotu, analizi və proqnozlaşdırılmasından danışan məruzəçi proqram kompleksinin işlənilməsinə başlayarkən birinci növbədə ilkin verilənlərin (layihənin mümkün miqyası, qarşıya qoyulan məqsədlərin mürəkkəbliyi, funksiyaları, layihə resursları və ayrılan vaxt) real qiymətləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, proqram məhsulları istehsalının iqtisadi xarakteristikalarının uçotu, analizi və proqnozlaşdırılması zamanı onların qiymətləndirilməsi, qiymətləndirmənin dəqiqliyi, faktor və komponentin qeyri-müəyyənlik səviyyəsi, zərurət olduqda iqtisadi xarakteristikaların dəyişdirilməsi, layihənin dəyəri və əmək tutumluluğu məlumatlarının hesabatının aparılması və onların layihənin iqtisadi xüsusiyyətlərinin proqnozlaşdırılması ilə müqayisə edilməsi məqsədəuyğundur.

“Aparılan təhlillər göstərir ki, proqram məhsulunun keyfiyyəti proqramlar kompleksinin həyat tsikli ərzində dəyişir. Böyük proqram məhsullarının işlənilməsi zamanı istehsalın texnologiyasının yaradılmasına, müəssisənin və yaradıcı mütəxəssislərin seçilməsinə böyük vəsaitlər xərclənir”, – deyə məruzəçi söylədi.

L.Əkbərova qeyd edib ki, proqram məhsulları istehsalının iqtisadi xarakteristikalarına onların keyfiyyət xarakteristikalarına olan əsas tələblər böyük təsir göstərir. Ona görə də layihə üzərində işə başlayarkən onun həqiqi əmək tutumu, dəyəri və xərcləri haqqında dəqiq məlumatlar əldə olunmalıdır. Bu baxımdan proqram məhsulları ilə bağlı verilənlərin daimi uçotunu aparmaq və bu verilənləri layihənin iqtisadi xarakteristikalarının proqnozları ilə müntəzəm olaraq müqayisə etmək zəruridir.

Sonda mövzu ətrafında müzakirələr aparıldı, bir sıra təklif və tövsiyyələr səsləndirildi. Məruzənin cari ilin may ayında keçiriləcək “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransına təqdim olunması qərar alınıb.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə