“Startap Azərbaycan 2015” müsabiqəsində yarımfinala qədər gələcəyimizi gözləmirdik”.
Xeberler.az informasiya texnologiyaları sahəsində aktiv olan, bu sahədə az da olsa uğurlar əldə edən, İKT yönümlü yarışlarda və olimpiadalarda fərqlənən uşaqlarla bağlı “İKT UŞAQLAR” rubrikasına başlayır.
Rubrikanın əsas məqsədi uşaqların və yeniyetmələrin İKT sahəsindəki həyatı, fəaliyyəti və yaradıcılığı ilə oxucuları yaxından tanış etməkdir.
İlk qonaqlarımız “MyTagram” (MyTagram.az) milli sosial sual şəbəkəsini yaradaraq “Startap Azərbaycan 2015” müsabiqəsinə qatılan gənc startapçılar Həmzə Hüseynli və Altun Həsənlidir.
Həmzə Hüseynli Bakı şəhəri 278 saylı orta məktəbin 10-cu sinif şagirdidir. Altun Həsənli isə Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 7-ci sinif şagirdidir.
Kiçik yaşlarından böyük işlər görən uşaqların Xeberler.az-a verdiyi müsahibəsini təqdim edirik:
-Uşaqlar, neçə yaşınızdan etibarən sizdə texnologiyaya maraq yarandı?
Həmzə: 5 yaşımdan İnternetdən istifadə edirəm, 6 yaşımda artıq texnologiyaya böyük marağım var idi. Youtube video portalında html kodlaşdırmalarla bağlı videolara baxırdım və vaxtımın ən çox hissəsini buna sərf edirdim.
Altun: 3 yaşımdan texnologiyaya qarşı marağım var. Oyunlara nifrət edirdim, indi də xoşlamıram. O vaxt babamgildə kiçik noutbuk var idi, həmişə noutbukda işləyirdim. Microsoft Excel proqramını açırdım və beynimdə şəklini çəkdiyim texnologiyaları proqramda yaradırdım. Başqa uşaqlar oyun oynayanda mən proqramlar yaratmaq üzərində düşünürdüm. İnsanın bir şeyə marağı varsa, həmin marağı məqsəd kimi qarşısına qoyursa, hər şeyə nail ola bilir. Bütün günü “Apple” şirkətinin hazırladığı videolara baxıram. Həyatım ingilis dili ilə keçir. Skype-da çoxlu tanışlarım var və onlarla ingilis dilində danışıram.
-Bəs, başqa uşaqlar kimi, valideynləriniz texnologiyadan çox istifadə ilə bağlı sizə hansısa məhdudiyyətlər qoyurdumu?
Altun: Ailəm məni həmişə dəstəkləyir. Bu işlə məşğul olmağımı istəməsələr də məhdudiyyət qoymurlar. Sadəcə günün 24 saatını kompüterin qabağında keçirməyim onların haqlı narazılığına səbəb olur.
Həmzə: Hazırda elə məhdudiyyət mərhələsindəyəm, çünki gələn il 11-ci sinfi bitirəcəyəm, ali məktəbə qəbul olmalıyam (gülür). Valideynlərim hərbçi olmağımı istəyir və həmişə bununla bağlı məsləhətlər verirlər. Mənə elə gəlir ki, onsuz da hərbçi olacağam, amma həmişə İT sahəsində, sevdiyim sahədə qalacağam.
-Ailənizdə texnologiyaya bu qədər çox maraq göstərən ikinci bir şəxs varmı?
Həmzə: Böyük qardaşım 10 yaşından İT sahəsi ilə məşğul olur və ilk saytı o mənə hədiyyə edib. O, hərbi məktəbdə təhsil aldığı üçün saytlarla özüm məşğul olmağa başladım və daha çox maraqlanmağa, proqramlaşdırma sahəsində öz üzərimdə daha çox işləməyə başladım.
-Texnologiya ilə bağlı məktəbdə hansısa problemlərlə qarşılaşırsınızmı?
Həmzə: Məktəbdəki kompüterlərdə texniki problemlər olanda aradan qaldırılmasına köməyim dəyir. Başqa texnoloji işlərdə də bacardığım qədər kömək etməyə çalışıram.
-Həmzə, necə oldu ki, “MyTagram.az” milli sosial sual şəbəkəsini yaratdınız?
- “Mytag” sözünü mən fikirləşmişdim, “ram” sözünü də dostum təklif etdi və razılaşdıq. 6 ay ərzində saytın üzərində işlədik və Altunla birlikdə MyTagram.az-ı təqdim etdik. Hazırda startap qrupumuz 6 nəfərdən ibarətdir – mən, Altun Həsənli, Tural Rzaxanov, Xosrov Əsgərzadə, Rafael Hüseynov, Nuranə İsmayılova. Saytı çətinliklə ərsəyə gətirsəm də istəyimə nail olmuşdum. Saytı yaratmadan öncə, atam mənə dedi ki, sən bacarmayacaqsan. Amma bilirdim ki, o, bu sözləri məni daha da həvəsləndirmək üçün deyir. “Mytagram” tam fərqli layihə idi, sual göndər, hədiyyə göndər, fikrini bildir və s. Sayta mesajlaşmaq funksiyasını da əlavə edəndən sonra artıq istifadəçilərin daha çox marağını cəlb edə bilmişdik.
Altun: Bir məsələni sizə deyim ki, vaxtımın əksər hissəsini həsr etdiyim “MyTagram.az” mənim gizli layihəm idi. Mənə dərs deyən müəllimlər, eləcə də sinif yoldaşlarım bu haqda bilmirdi. Dərslərimlə yanaşı, saytın üzərində çalışdığımı ailəmdən başqa bilən yox idi. Amma sonradan sinif rəhbərimiz xəbər tutdu və buna çox sevinmişdi. Artıq müəllimlərimlə dostlaşmışdım, hətta Wi-Fi-in kodunu da mənə deyirdilər.
-Komandanı necə bir araya toplamısınız? Ayrı-ayrı bölgələrdən olan insanları bir araya gətirmək çətin oldumu?
Həmzə: Komanda üzvləri ilə “Mail.ru”da tanış oluşam. Belə bir layihəmin olması haqqında onlara məlumat verdim və startapım onlar tərəfindən maraqla qarşılandı. Hazırda komanda üzvləri arasında da heç bir anlaşılmazlıq, problem yoxdur. Komanda üzvləri bir-birinə güvənməlidir, etibar etməlidir. Deyərdim ki, bu sarıdan bəxtimiz gətirib.
-Uşaqlar, gün ərzində neçə saat İnternetdə olursunuz? İşlərinizin dərslərinizə maneçiliyi olurmu ?
Həmzə: Hər gün hazırlığa getdiyim üçün İnternetə girməyə çox imkanım olmur.
Altun: Neçə saat olduğunu dəqiq deyə bilmərəm, amma imkan tapan kimi İnternetə daxil oluram. Hər gün yarım saatımı xəbər saytlarını oxumağa sərf edirəm. Xeberler.az, Bizimyol.info saytını hər gün mütləq oxuyuram.
-Qonşuların Wi-Fİ-ndan istifadə etdiyiniz vaxtlar olubmu?
Altun: Bilirdim ki, evdəkilər mənə İnterneti məhdudlaşdıra bilərlər. Ona görə də hazırlıq görmüşəm, qonşuların şifrələrini almışam və kompüterdə faylların içərisində yaddaşda saxlamışam.
Həmzə: İnternetin 2 illik ödəniş haqqını ödəmişəm, odur ki, qonşuların Wi-Fi-na ehtiyacım olmayıb.
-İnternetin mənfi və müsbət tərəflərini nədə görürsünüz?
Həmzə: İnternetin faydalı tərəfləri çoxdur. Youtube portalı olmasaydı html proqramlaşdırmaları haqqında ya az məlumatlı olacaqdım, ya da çətinliklə öyrənəcəkdim. İnternetin mənfiliklərinə gəldikdə isə insan bunu özü müəyyən edir. İnternetdən müsbət şəkildə faydalanmaq lazımdır.
-MyTagram.az-da işlərin bölgüsünü necə aparmısınız?
Həmzə: “Manads” şirkəti bizim üçün ayrıca otaq ayırıb və mayın 1-dən həmin şirkətin nəzdində fəaliyyət göstərməyə başlamışıq. Amma bəzən ora gedə bilmirik, çünki vaxtımız olmur. Bir qərar vermişəm, bu aydan etibarən hazırlıqlardan imtina edəcəyəm və bu işlə ciddi şəkildə məşğul olacağam.
-Uşaqlar, MyTagram.az-dan nə qədər pul qazanacağınızı gözləyirsiniz?
Həmzə: Səmimi deyim ki, bu saytı yaradanda qazanc barədə fikirləşmədim.
-Qazanc barədə deməsən də, saytı ərsəyə gətirmək üçün çəkdiyin xərcdən danışasınız bəlkə..
Həmzə: Bilirdim ki, mənə ən çox İnternet lazım olacaq. Buna görə də əvvəlcədən hazırlıq işləri görmüşəm. Artıq qeyd etdiyim kimi evdə istifadə etdiyimiz İnternetin pulunu uzun müddət üçün ödəmişəm və “MyTagram” la bağlı bütün domenləri də almışam.
-Saytınızdan istifadə edənlərin şəxsi yazışmaları nə dərəcədə qorunur? Təhlükəsizlik tədbirləri görmüsünüzmü?
Həmzə: “MyTagram”-ın da özünün qayda-qanunları var. Əgər kimsə təhqiramiz söz yazıb göndərsə, həmin sual saytda yayımlanmır. Həmin şəxs və sual barəsində 3 dəfə bildiriş gəldiyi təqdirdə artıq istifadəçi barədə tədbir görürük. Həmin istifadəçininin profilini ya bir günlük dondururuq, ya da blok edirik. İstifadəçilərin şəxsi mesajlarını isə izləmirik, digər sosial şəbəkələr bunu etsə də, belə şeylər bizi maraqlandırmır.
-“Startap Azərbaycan 2015” müsabiqəsində yarımfinala qədər gəlib çıxa bildiniz. Layihənizi necə və haralarda reklam etdiniz?
Həmzə: Sadəcə Facebook-da “MyTagram”la bağlı statuslar paylaşırdıq. Reklamlara gəldikdə isə gənclik bizə hər zaman dəstəkdir.
-Hazırda “MyTagram”dan istifadə edənlərin sayı nə qədərdir?
Altun: 100 mindən çox istifadəçimiz var. İnstagram səhifəmizdə isə 700-800 izləyicimiz var. İstifadəçi sayımız 1 milyonu keçəndə tamam fərqli layihələr üzərində düşünəcəyik. Mənim İT sahəsində başqa bir layihəm də var, Həmzə ilə birlikdə həmin layihəni gücləndirmək qərarına gəlmişik.
-“MyTagram”la bağlı dostlara, tanışlara məlumat verərkən münasibətləri necə olurdu?
Həmzə: “MyTagram”la bağlı fikirlərimi qohumlarımla, qardaşımla, bir də ki 11 illik dostum Elnurla müzakirə edirdim. Hamısı dəstək olurdu.
-Bəs sənə dəstək olanlarla yanaşı ruhdan salanlar da olurdumu?
Həmzə: Hətta valideynlərim məni bu fikirdən daşındıra bilmədi. Heç kim məni ruhdan sala bilməzdi. Mənə “sən bacarmayacaqsan” deyəndə bu, məndə əksinə ruh yüksəkliyi yaradır.
-“Startap Azərbaycan 2015”müsabiqəsindən nə gözləyirsiniz?
Həmzə: Əslində biz yarım finala qədər gəlib çıxacağımızı belə gözləmirdik(gülür). Amma bütün startapçılar kimi qalib olacağımızı düşünürük.
Altun: Qalib olmaq üçün bu müsabiqəyə qatılmışıq.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri