“Asan İmza” Haaqada təqdim ediləcək

13-06-2016 / 13:36

B.EST Solutions şirkəti “Asan İmza” texnologiyasının beynəlxalq miqyasda tanıtımını uğurla davam etdirir.

 Ötən həftə Polşada baş tutmuş Elektron İmzaya dair XVI Avropa Forumunun ardından, Azərbaycanın mobil elektron imza xidməti olan “Asan İmza” 15-16 iyun tarixlərində Niderlandın Haaqa şəhərində keçiriləcək Trust in the Digital World” (TDW)  illik beynəlxalq konfransında təqdim ediləcək.

Xeberler.az-ın məlumatına görə. Avropa Elektron İdentitet və Təhlükəsizlik Assosiasiyasının (EEMA), Trust in Digital Life (TLD) və IDNext qurumlarının birgə təşkilatçılığı ilə baş tutacaq tədbir Avropa Birliyinin Şəbəkə və İnformasiya Təhlükəsizliyi Agentliyi və Avropa Komissiyasının Kommunikasiya Şəbəkələri, Məzmun və Texnologiyalar üzrə Baş Direktoratı tərəfindən dəstəklənir.

Sözügedən konfrans dünyanın müxtəlif yerlərindən nüfuzlu ekspertlərin, innovatorların və qlobal rəqəmsal identitet və elektron təhlükəsizlik sahəsinin əsas iştirakçılarının bir araya gəldiyi müzakirə və təcrübə mübadiləsi məkanıdır. Konfransın əhatə etdiyi mövzulara qlobal elektron cəmiyyətin təşəkkül tapması, çevik bulud həlləri  vasitəsilə informasiya texnologiyalarının transformasiyası, ağıllı şəhərlər və əşyaların interneti, kibertəhlükəsizlik, mobil dünyada uğurlu biznes modelləri və s. daxildir.

Konfransda çıxış edəcək məruzəçilərin sırasında Microsoft, IBM, Deloitte, Barclays, ABNAMRO Bank, Gemalto şirkətlərinin, Twente, Mannheim, Coventry, Saarland universitetlərinin, eləcə də Avropa Birliyi və Avropa Komissiyasının müvafiq strukturlarının nümayəndələrinin yer alacağı gözlənilir.

Konfransda həmçinin B.EST Solutions şirkətinin təsisçisi xanım Yana Krimpenin “Mobil identitet – vətəndaşın mobil pasportu” mövzusunda çıxışı dinləniləcək.

Çıxış ərzində iştirakçılara Azərbaycanda tətbiq edilən mobil elektron imza texnologiyası olan “Asan İmza” xidməti barədə ətraflı məlumat veriləcək, Asan İmzanın bütün dövlət və özəl elektron xidmətlərə məhdudiyyətsiz giriş imkanı verməsi və qanunvericilik baxımından elektron mühitdə ümummilli vətəndaş pasportu ilə bərabər hüquqlar verməsi barədə danışılacaq.

“Asan İmza” xidmətinin fəaliyyəti ilə bağlı statistik icmalın da daxil olacağı çıxışda Azərbaycanın innovativ brendi olan ASAN Xidmət, elektron vergi və gömrük sistemləri, Elektron Hökumət portalı və digər innovasiyalar barədə də söhbət açılacaq.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə