Erməni trollar sosial şəbəkələrin Azərbaycan seqmentində

05-10-2018 / 17:27

Erməni kəşfiyyatına xidmət edən trollar vətəndaşlarımıza “narazılıq” aşılamağa çalışır. Trollar... aktiv sosial şəbəkə istifadəçiləri bu ada daha tez-tez rast gəlirlər. Azərbaycanda da 1 milyondan artıq istifadəçisi olan feysbuk (facebook) sosial şəbəkəsində elə bir istifadəçi tapılmaz ki, trolların fəaliyyəti ilə hər hansı şəkildə qarşılaşmasın. Diqqətli olmayan istifadəçilər isə onların təsirinə daha tez düşürlər.

Geniş miqyaslı trolluq fəaliyyəti xüsusi mərkəzlər tərəfindən idarə edilir və onların yaydıqları informasiyalar da məqsədli olur. Belə ki, çoxluğu aldatmağa köklənən bu informasiyaların mənbəyi olmur. İnformasiyaya olan güvəni artırmaq üçün mənbə göstərilsə də, bəzi hallarda müəyyən manipulyasiyalar edilir.

Ölkəmizə qarşı məkrli niyyətlərini hər vasitə ilə həyata keçirməyə çalışan düşmən, texnoloji yeniliklərin üstünlüklərindən də mümkün qədər çox faydalanmağa çalışır. Sosial şəbəkələrdə mənbəyi məlum olmayan informasiyalar yayır, bu informasiyaları hiss olunmayacaq şəkildə şüuraltımıza yeritmək istəyirlər.

Erməni trolların caynağına düşən “məşhurlar”

Araşdırmalar göstərir ki, hətta cəmiyyətimizin bəzi tanınmış şəxsləri də erməni trolların təsiri altına düşürlər. Trolların yaydığı saxta informasiyaları dəqiqləşdirmədən, araşdırmadan belə informasiyaları yayır, beləliklə də özləri də bilmədən ölkəmizə qarşı qara piarda iştirak edirlər.

Açığı, belə paylaşımlara gələn “layk”ların, şərhlərin çoxluğu adamda müəyyən qısqanclıq da yaradır. Ancaq araşdırma apararkən məlum olur ki, bu səhifələrin böyük əksəriyyəti bir mərkəzdən idarə olunur. Təbii ki, ölkəmizdə gedən sosial-iqtisadi inkişafı gözü götürməyən qüvvələr var. Onlar hər addımda “demokratik dəyərlər”, “söz azadlığı” və digər əsassız bəhanələrlə çıxış edərək feysbuk özlərinə sərf edən formada “təbliğat”larını qururlar. Təəssüflər olsun ki, bu gün özünü “hüquq müdafiəçisi” kimi təqdim edənlərin də bir çoxu bu təsirə yoluxanlar sırasındadır...

“İnternet üzərindən yayılan xəbərləri dəfələrlə yoxlamaq lazımdır”

Xeberler.az  Aznews-ə istinadən bildirir ki, Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlunun dediklərinə görə, informasiya təhlükəsizliyi bu gün dövlətlərin önəm verdiyi ən prioritet məsələdir. Onun sözlərinə görə, çağdaş internet əsri informasiya azadlığı sahəsində ağlagəlməz sıçrayışlar etməklə yanaşı, bu sahədə zəruri təhlükəsizlik qaydalarının qorunmasını da vacib edib: “Sosial şəbəkələrin inkişafı ilə dünya feyk (saxta) xəbərlər təhlükəsi ilə üz-üzə qalıb. Maraqlı qüvvələr öz nöqtəyi-nəzərini insanlara təqlin etmək üçün feyk xəbərlərə əl atırlar.

Son illər Azərbaycanda onlayn media və sosial şəbəkələr istənilən sahədə ictimai rəyi yönləndirən əsas vasitəyə çevrlilib. Ona görə də burada yayılan istənilən maraqlı xəbər dərhal trendə dönür və cəmiyyətdə qızğın müzakirələrə səbəb olur. Odur ki, internet mediada yayılan xəbərlərin həqiqiliyinə, doğruluğuna əmin olmaq çox vacib məsələdir. Yalan xəbərin yayılmasının əsas səbəblərindən biri xəbəri dəqiqləşdirmək imkanının olmamasıdır. Yəni onlayn media sürətli, çevik iş tələb etdiyindən istənilən xəbərin dərhal aydınlaşdırılması vacibdir. Bu baxımdan həm jurnalist, həm də müvafiq dövlət qurumları məsuliyyətli olmalıdır. Xəbər yayılıbsa, onun aid olduğu dövlət və ya qeyri-dövlət strukturu jurnalistə çevik informasiyanın doğruluğu və ya təkzib edilməsi ilə bağlı dərhal münasibət bildirməyə borcludur. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nda informasiya təhlükəsizliyinin təmin edilməsi əsas məsələ kimi qeyd olunub. Azərbaycan Respublikasının Hərbi Doktrinasında isə əks tərəfin malik olduğu informasiya və radioelektron mübarizə sistemləri dövlətimizə qarşı mümkün hərbi fəaliyyət kimi xarakterizə edilib. Dünya bu problemin aktual olduğunu etiraf edir. Odur ki, yalnız ayıq olmaq, internet üzərindən yayılan xəbərləri dəfələrlə yoxlamaq lazımdır. Belə həssas dönəmdə Azərbaycan cəmiyyətində harmoniyanı və həmrəyliyi qoruyub saxlamaq üçün peşəkar media komandası, məsuliyyətli sosial media menecerləri və doğru informasiya alan cəmiyyət vacib məsələdir”.

“İstifadəçilər diqqətli olmalıdırlar”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, “troll” əslində balıqçılıqla bağlı termindir, ingilis dilində “balıq tutmaq” üçün istifadə olunan tilov (qarmaq), tilovun ucuna taxılan yem mənalarına gəlir: “İnternetdə isə trollar sosial şəbəkələri, bloqları, forumları, xəbər saytlarının şərh bölmələrini məskən seçirlər. İndiki dövrdə manipulyasiya ilə informasiyanı həqiqətə uyğun olmayan formada təqdim edən, saxta ictimai rəy formalaşdıran bu cür təbəqə “trol” adlanır. Belə addımları gerçəkləşdirmək üçün sosial mediada qeydiyyatdan keçmək lazımdır. Son dövrlərdə məlum oldu ki, trollar vasitəsilə daha çox saxta nəticələr əldə etmək mümkündür. Yəni mövcud müsbət ictimai rəyi tamam başqa bir istiqamətdə dəyişmək olar. Sosial şəbəkə rəhbərliyi artıq trolların ciddi fəsadlar törətdiyinin fərqindədirlər. Feysbukda bu tip səhifələrin bloklanması göstərir ki, insanların internet resurslarından mənfi məqsədlər üçün istifadə etməsi sosial şəbəkə rəhbərliyində narahatlıq doğurur. Buna görə də tez-tez sosial şəbəkələrdə aparılan siyasətin sərtləşdiriləcəyi ilə bağlı açıqlamalar verirlər. Artıq bu proses başlayıb. Düşünmürəm ki, bu işlə canlı qüvvə məşğul ola bilsin. Feysbukun 2-3 milyard üzvü varsa, bunu adi qaydada bir-bir profil və səhifələri yoxlamaqla həyata keçirmək mümkün deyil. Trolların müəyyənləşdirilməsi üçün yəqin ki, alqoritmlər hazırlayırlar. Fikrimcə, sosial media resurslarının sahibləri üçün bu, elə də ciddi bir problem yaratmayacaq. Tezliklə bu problemin qarşısını ala biləcəklər”.

O. Gündüz sözügedən problemin Azərbaycanda mövcud olduğunu, lakin bunun o qədər də ciddi səviyyədə olmadığını bildirib: “Azərbaycanın internet məkanında da trolluqla məşğul olan səhifələr və şəxsi profillər fəaliyyət göstərir. Müxtəlif qüvvələr, təşkilatlar sosial şəbəkələrdən biznes, siyasi və ictimai rəyi yönəltmək üçün istifadə edildiyinə dair açıqlamalar verir. İstənilən halda bu, cəmiyyətin, dövlətin, bütövlükdə sosial mediada bizim internet seqmentimizin inkişafına əngəl törədir. Aidiyyəti qurumlar belə halların qarşısını almaq üçün monitorinq keçirməlidirlər. Amma istənilən halda istifadəçilər özləri də diqqətli olmalıdırlar”.

“Sosial şəbəkələrdə maarifləndirmə işləri aparmalıyıq”

İKT üzrə tanınmış ekspert Cahid İsmayıloğlu sosial şəbəkədə bu məsələ ilə bağlı fikirlərini bölüşüb. O, qeyd edib ki, Azərbaycana qarşı feysbukda trolların aktivləşməsi, informasiya müharibəsində süni üstünlüyə nail olmaq məqsədi daşıyır. O, diqqətə çatdırıb ki, süni şəkildə təlimatlandırılmış istifadəçilər hazırlanmış kontekstləri onlarla saxta profillər vasitəsilə yayımlayır: "Azərbaycanda belə fəaliyyətlə məşğul olan qüvvələr kütləvi deyil. Əvvəllər müxalifət partiyaları sosial şəbəkə hesablarındakı sosial bazanı süni şəkildə şişirtmək üçün belə üsullara əl atırdılar. Müxalifət rəhbərlərinin statuslarına, paylaşımlarına yazılan şərhləri oxuduqda aydın olurdu ki, əksəriyyət öyrədilmiş, hazır kontekstlərdir. Təbii olaraq, bu saxta profilləri də konkret şəxslər idarə edirdi. Bu trollar sonradan özünü doğrultmadı, çünki ölkəmizdə feysbuk istifadəçiləri ayıq-sayıqdırlar”.

C.İsmayıloğlu trollara qarşı virtual mübarizənin qurulması üçün təkliflər də verib: "Öncə sosial şəbəkələrdə maarifləndirmə işləri aparmalıyıq. Gənclərimizin potensialından istifadə edərək, informasiya müharibəsində onların trollarla mübarizəsini təşkil edə bilsək, üstünlüyə nail olarıq. Azərbaycanlı gənclər də bu proseslərdə aktivdirlər. Məsələn, Xocalı soyqırımı, 31 Mart qırğını, 20 Yanvar faciəsi və s. hadisələrin ildönümündə istifadəçilərin öz iradəsi ilə paylaşılan informasiyalar üstünlük təşkil edir. Demək olar, hər kəs belə günlərdə şəkillər, videolar, məlumatlar paylaşır. Bu, gənclərimizdəki həssasiyyətin göstəricisidir. Müəyyən haştaqlar yaradılır, bunların üzərində gənclər öz fikirlərini ifadə edir, sosiallaşdırır. Hətta bəzi məqamlarda düşmən tərəfindən yaradılan haştaqlar onun özünə qarşı yönəldilir. Gənclər elə məharətlə virtual hücuma keçirlər ki, düşmən bunları yaratdığına peşman olur. Bir müddət öncə qondarma erməni soyqırımı ilə bağlı ermənilər sosial şəbəkədə haştaq yaratmışdı. Amma həmin haştaq elə boykot edildi ki, informasiyaları açıb oxuduqda, düşmənin əleyhinə məlumatlar qarşımıza çıxırdı. Bütün bunlar azərbaycanlı və türk gənclərin öz iradəsi ilə həyata keçirilib. Əlbəttə, bu, bizim üstünlüyümüzdür. Lakin bununla yanaşı, bir qədər də maarifləndirmə aparmalıyıq ki, istifadəçilər öz işlərini daha effektli şəkildə həyata keçirsinlər. Hətta bunu mərkəzləşdirib, idarə etmək də mümkündür”.

“Heç kim belə cəfəngiyyata inanmır”

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət isə erməni trolları ilə mübarizə məsələsinə toxunub: “Təbii ki, bunun qarşısını almaq mümkündür. Sadəcə, biz cəmiyyət və dövlət olaraq daha ayıq davranmalıyıq. İnsanımıza izah edilməlidir ki, sosial mediada edilən hər paylaşımı mütləq həqiqət kimi qəbul etməsin. Bir xəbər ortaya çıxanda onu alternativ mənbələrdən dəqiqləşdirmədən yaymaq, rəy bildirmək doğru deyil. Azərbaycanda durumun guya Ermənistandan zəif olması haqda nağıllara gəlincə, az-çox bilgisi olan heç kim belə cəfəngiyyata inanmır. Özünü inanmış kimi göstərənlərsə, təbii ki, erməni trolları və onlara züy tutan sapı özümüzdən olan baltalardır”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə