Bu cür ikili standart nədən qaynaqlanır ? Nə üçün universitetlər məzun günlərində tələbəyə diplom əvəzinə universiteti bitirmək haqqında hansısa bir arayış təqdim etməlidir ?
Nə üçün diplom təqdim edilməsi universitetlərin bir ənənəsinə çevrilmir ?
Bu məsələdə hələ də Elm və Təhsil Nazirliyi universitetlərə güzəştə getmək istəmir. Diplom verilməsi səlahiyyəti ETN əlində cəmləşib. Universitetlər ETN-nin informasiya sistemlərində olan məzun siyahısını yenidən çap edib yenidən ETN-ə verməlidir.
Nazirlik Diplom blanklarını çap edərək uiversitetlərə verir, universitetlər də yay aylarında bu blankları doldurmalıdırlar. Adətən də bu proses xeyli gecikir, diplomlar isə növbəti tədris ilində, fərdi şəkildə, adi qaydada keçmiş məzunlara təqdim edilir.
Diplom blanklarını məzun günləri ərəfəsində ala bilməyən, prosesi başa çatdıra bilməyən universitetlərimiz isə, bu tədbiri ənənəyə və yaddaqalan bir tədbirə çevirmək üçün diplom əvəzinə hansısa bir prototip-arayış hazırlayıb məzunlara təqdim edirlər.
ETN bu məsələdə çox ləngiyir, heç olmasa bu məsələdə universitetlərin muxtariyyatını, müstəqilliyini artıra bilərdi.
Əslində bunun üçün zəmin çoxdan hazırlanıb. ETN-nin əlində nəhəng bir data var. Şagirdlərin birinci sinfindən, hətta bağçadan tutmuş PhD mərhələsinədək bütün proses rəqəmsallaşdırılıb.
Bütün təhsil pillələrində qeydiyyat məsələləri Nazirliyin çox faydalı olan
portal.edu.az resursundan idarə olunur. Yəni Nazirlik bu işi çox effektiv formada təşkil edə bilib.
Bu isə o deməkdir ki artıq hansısa təhsil sənədinin, diplomun saxtalaşadırılması ehtimalı sıfra bərabərdir.
Belə olan halda isə gərək Nazirlik konservatizmi yumşalda, gərək vətəndaşlar, universitetlər də rəqəmsallaşmanın bəhrəsini görsünlər.