Sosial medianın sertifikatlaşdırılması tələbi onların ölkəmizdə fəaliyyətinin məhdudlaşdırılmasına xidmət etməməlidir.
Məlumat verdiyimiz kimi, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet messencerlər (Facebook, Viber, WhatsApp, Skype və başqaları) və sosial şəbəkələrin serifikatlaşdırılması tələbini irəli sürüb və bildirilib ki, bu istiqamətdə bir sıra işlər görülür. Artıq aidiyyatı şirkətlərlə danışıqlar başlayıb və onların əksəriyyətinin də bu addımı müsbət qarşıladığı diqqətə çatdırılıb.
Nazirliyin qərarı ictimaiyyətdə birmənalı qarşılanmayıb. Günlərdir mətbuatda, sosial mediada məsələ ilə bağlı ciddi narazılıqlar nəzərə çarpır. Mövzu ətrafında müxtəlif fikirlər paylaşılır.
“Azərbaycan hökuməti bu məsələyə ehtiyatlı yanaşmalıdır. Hələlik Azərbaycanın sosial şəbəkələrlə bağlı atmaq istədiyi addımlar qeyri-müəyyəndir”.
Bunu Xeberler.az-a sertifikatlaşdırma məsələsini şərh edən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.
Ekspert deyir ki, ilk öncə nəzərə alınmalıdır, araşdırılmalıdır ki, bu tip sosial media resurslarına, qlobal şirkətlərə kimin daha çox ehtiyacı var. Bu resursların onların sahiblərinə, yoxsa Azərbaycana daha çox gərəkli olduğu araşdırılmalıdır.
Elə bir müddət öncə uğurla başa çatan Baku2015 Avropa Oyunları göstərdi ki, bu cür resurslara daha çox ehtiyacımız var.
“İlk Avropa Oyunları zamanı Azərbaycanın haqq səsinin dünyaya tanıtmasında sosial media böyük rol oynadı. Oyunlar zamanı informasiya müharibəsində, Azərbaycanın qlobal informasiya blokadasına alınması zamanı məhz sosial medianın gücü ilə qalib gələ bildik”.
“Müharibə labüd olan ölkə, qlobal dünyaya inteqrasiya üçün, innovasiyaların inkişafı baxımından da bu resurslara ehtiyacımız çox böyükdür. Büdcələri Azərbaycan büdcəsindən dəfələrlə çox olan bu resurslarla əməkdaşlıq daha doğru addımlardır”.
Dəfələrlə də qeyd etmişik ki, bazar baxımından, gəlirlilik baxımından Azərbaycan kimi ölkələr bu qlobal şirkətlər üçün hədsiz dərəcədə balacadır”.
Osman Gündüz hesab edir ki, bu gün sosial şəbəkələrin sertifikatlaşdırılması və ya lisenzilayaşdırılması tələbi sosial medianın ölkəmizdə məhdudlaşdırılmasına xidmət etməməlidir. Bunun böyük fəsadları ola bilər:
“Fikrimcə, Azərbaycanın bu istiqamətdəki fəaliyyətini lisenziyalaşdırma, sertifikatlaşdırma, hansısa icazə üzərində qurması düzgün deyil. Daha doğru olardı ki, Azərbaycan bu cür qlobal informasiya resursları ilə biznes yönümlü əməkdaşlıq yaratsın”.
Ekspert maraqlı məqama da toxunub:
“Azərbaycanın qanunvericiliyi araşdırmalıdır ki, xarici informasiya resurslarında olan, istifadəçilərin özlərinin razılığı ilə daxil edilən məlumatlar həqiqətən də fərdi məlumatlardırmı? Bəzən insanlar fərqli məlumatlardan, özləri haqda doğru olmayan informasiyalardan istifadə edərək sosial şəbəkələrdə qeydiyyatda keçir. Yəni, bu xarici sosial şəbəkələrdə həm də anonimlik var. Hökumətin qərarından belə çıxır ki, bu məsələ də hökumət tərəfindən qorunmalıdır. Bu isə mürəkkəb işdir. Hökumət bu sosial şəbəkələrdəki bu cür anonim informasiyaları necə qoruya biləcək?”.
Osman Gündüzün sözlərinə görə , Facebook bu tip iddialarla bağlı Rusiya tərəfinə artıq rəsmi olaraq bildirib ki, onlar öz informasiya rersurslarında olan məlumatları ümumiyyətlə fərdi məlumatlar hesab etmirlər və bu tip məlumatları da Rusiya ərazisində saxlamaqdan imtina ediblər.
Forum rəhbəri Rusiyada olan buna bənzər hadisəni də xatırladıb. Qeyd edib ki, Rusiyanın öz milli sosial şəbəkələri, milli axtarış sistemləri var. Ona görə onların bu istiqamətdə addımları müəyyən mənada anlaşılan ola bilər:
"Azərbaycanda axı bu qlobal resursların alternativləri yoxdur. Qlobal bazara çıxacaq, qlobal ictimai fikrə təsir edə biləcək milli informasiya resurslarımız yoxdur.
Xatırladıram ki, bir neçə illər öncə o zamankı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi milli axtarış sisteminin - YUMROO-nun yaradılmasına başlamışdı. Bu məqsədlə xeyli maliyyə vəsaiti də xərclənmişdi. Təəssüf ki, RYTN-nin layihəsi bu qurumun layihəyə məsul şəxsinin məsuliyyətsizliyi ucbatından iflasa uğradı.
Milli alternativlərin olmadığı bir zamanda bu cür qlobal informasiya xidmətləri göstərən resurslara ehtiyatla yanaşmaq doğru olardı"
"Bu baxımdan Azərbaycan tərəfi sertifikatlaşdırma məsələsini yenidən düşünməli, istiqaməti konkret müəyyənləşdirməldir. Azərbaycanın imici, ölkə başçısının tez -tez vurğuladığı ölkəmizdəki İnternet azadlığı məsələsi diqqətdən qaçırılmamalıdır. Əks təqdirdə bu tip qərarlar ölkəmizdə sosial medianın fəaliyyətinə ciddi şəkildə mənfi təsir edə bilər”.
Osman Gündüz hesab edir ki, bu yanaşma istənilən halda biznes maraqları üzərinə gəlməlidir:
“Yəni, daha doğru addım olardı ki, bu cür sosial media resursların Azərbaycan bazarından əldə etdiyi gəlirlər, xüsusən də reklam gəlirlərindən hansısa bir pay almaq üzərində müzakirə bəlkə bu addımdan daha məntiqli olardı. Əlbəttə, tələblərin biznes müstəvisinə gətirilməsi, onların gəlirlərin pay istənilməsi də asan başa gəlməyəcək. Amma perspektiv yalnız buradadır.
Xüsusilə də, əgər biz bildirsək ki, Azərbaycan tərəfi Facebook-dan, Google-dan və digər sosial media şirkətlərindən əldə olunan reklam gəlirlərindən, məsələn "Google vergisi"ndən ancaq Azərbaycan internetinin, internet medianın inkişafı üçün istifadə edəcəyik, düşünürəm ki, bu istiqamətdə uğur qazanmaq olar”.
Osman Gündüz lisenzilayalaşma və sertifikatlaşmanın qətiyyən doğru olmadığını bildirərək, qlobal informasiya resurslarına qarşı internet reklam sahəsində “Google vergisi” istiqamətində müzakirələr aparılmasının daha perspektivli və uğurlu ola biləcəyini vurğulayıb:
“Azərbaycan tərəfi sürətlə böyük bir DATA mərkəzinin qurulması üzərində də çalışır. Bu DATA mərkəz beynəlxaq standartlara cavab verəcək. Belə olan halda, fikrimcə, Azərbaycan tərəfləri qlobal resurslara öz serverlərini, məlumat bazalarını bu DATA mərkəzində yerləşdirmək təklifi, BULUD xidmətləri təklifini də verə bilər. Düşünürəm ki, bu istiqamətdə də adıçəkilən resurslarla əməkdaşlıq etmək xeyli fayda verə bilərdi. Lisenzilayalaşma və sertifikatlaşma tələbləri isə bu cür müştəriləri, qlobal şirkətləri çəkindirə bilərdi”.
Məsələylə bağlı millət vəkili Azər Badamov Xeberler.az-a açıqlamasında bildirib ki, lisenziyalaşdırma mobil operatorların xeyrinə dəyişməyəcək:
“Azərbaycanda Facebook, Skype, Whatsapp -ın lisenziyalaşdırılması heç də sosial medianın inkişafına mənfi təsir göstərməyəcək və buna müsbət yanaşıram. Qeyd olunana internet şəbəkələri Azərbaycan bazarına daxil olub sərbəst şəkildə fəaliyyət göstərir. Amma hər bir fəaliyyət növü leqallaşdırılmalı, fəaliyyətindən vergi ödəməlidir və bu sahələrin lisenziyalaşdırılması heç də fəaliyyətinə məhdudiyyət qoymaq anlamına gəlmir. Bəzən də fikirlər yarana bilər ki, lisensziyalaşdırma vəziyyəti mobil operatorların xeyrinə dəyişəcək. Amma belə olmayacaq və vətəndaşlar həmişə olduğu kimi bu xidmət sahələrindən sərbəst istifadə edəcəklər. Azərbaycanda sosial medianın inkişafına dövlət dəstəyi var və həmişə də olacaq”.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri