Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının onlayn iclası keçirilib

21-07-2022 / 10:14

20 iyul 2022-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin baş direktorları, icraçı direktorları və elmi katibləri, Beynəlxalq, Təhsil, İctimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri, eyni zamanda respublikanın ali təhsil və elmi müəssisələrinin müvafiq mütəxəssisləri və Türkiyədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

İclasın əvvəlində Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Eldar Salayevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra AMEA-nın Fizika İnstitutunun Kosmik şüa mənbələrinin fizikası laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Hüseynovun “Kosmik relikt neytrino siqnallarının detektə olunma imkanları və relikt neytrino teleskopunun qurulmasına doğru” mövzusunda elmi məruzəsi iclas iştirakçılarına təqdim olunub.

Məruzəçi diqqətə çatdırıb ki, yaxın və xüsusi ilə də uzaq kosmosun tədqiqi müasir dövrümüzün elmi və ümumbəşəri əhəmiyyət kəsb edən ən mühüm çağırışlarındandır. Neytrinoların maddə ilə qarşılıqlı təsirinin tədqiqi bu çağırışlardan irəli gələn məsələlərin həllində xüsusi əhəmiyyət kəsb edir. Maqnit sahəsi effektinə əsaslanan relikt neytrino detektorunun qurulması və çox yaxın gələcəkdə ondan səmərəli istifadə olunması müxtəlif aidiyyəti elm sahələrini əhatə edən beynəlxalq elmi kollaborasiyanın yaranmasını zəruri edir.

Vəli Hüseynov müvafiq istiqamətdə aparılan tədqiqatlardan söz açıb, əldə edilmiş elmi nəticələrin elmi və praktiki əhəmiyyətini qeyd edib.

Məruzə ilə bağlı aparılan müzakirələrdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA Rəyasət Heyətinin üzvü, akademik Adil Qəribov, Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, Türkiyənin Kocaeli Universitetinin Fizika departamentinin rəhbəri, professor Elşən Vəli və Türkiyənin Orta Doğu Texnik Universitetinin Fizika departamentinin professoru Təhmasib Əliyev çıxış ediblər.

Bölmənin Ümumi yığıncağı məruzədə qoyulan problemin aktuallığını, fundamental elmi əhəmiyyətini nəzərə alaraq, bu sahədə araşdırmaların daha da genişləndirilməsi, kadr hazırlığı işinə diqqətin artırılması barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev çıxış edərək, AR Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncamından irəli gələn vəzifələri diqqətə çatdırıb. O, Tədbirlər Planının icrasını təmin etmək məqsədilə bir sıra məsələlərin həlli ilə bağlı AMEA-nın müvafiq elmi bölmələri qarşısında mühüm vəzifələrin qoyulduğunu bildirib. Akademik Rasim Əliquliyev FRTEB-in elmi müəssisələrini Tədbirlər Planında müəyyənləşdirilmiş vəzifə və tapşırıqların icrasında fəal iştiraka çağırıb.

“İyulun 18-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” çox mühüm tarixi sənəddir. Xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı enerji təhlükəsizliyi məsələlərinin müzakirə edilməsi yaxın gələcəkdə alternativ enerji mənbələrinin əldə olunması və onlardan istifadə üçün müəyyən tədbirlərin görülməsini yenidən gündəmə gətirdi. Bərpaolunan enerji sahəsində nəhəng potensiala malik olan Azərbaycan Qarabağ, Zəngəzur, Xəzər dənizi və digər ərazilərdə alternativ enerji mənbələrindən əldə olunan enerjini idxal etməklə yanaşı, həm də Avropa bazarına ixrac edərək, dünyanın qlobal enerji təhlükəsizliyinə, böyük bir regionun “yaşıl enerji” ilə təminatı məsələsinin həllinə mühüm töhfə verə bilər”, – deyə vitse-prezident bildirib. Akademik Rasim Əliquliyev Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli və etibarlı əməkdaşlığın böyük nailiyyət olduğunu qeyd edib.

Alim ötən ildən başlayaraq, “yaşıl enerji”nin intellektuallaşdırılması, yeni nəsil enerji mənbələrinin idarə olunması və s. istiqamətlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda da elmi tədqiqatların aparıldığını diqqətə çatdırıb. Müvafiq sahədə prioritetlərin müəyyənləşdirilməsi və AMEA-nın elmi-tədqiqat institutlarının bu işə cəlb edilməsinin zəruriliyini qeyd edən Rasim Əliquliyev “yaşıl enerji” sahəsi üzrə beynəlxalq elmi-praktiki konfransın keçirilməsi təklifini irəli sürüb, AMEA-nın alim və mütəxəssislərinin müvafiq sahənin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə fizika üzrə fəlsəfə doktoru, dosent Pakizə İsmayılovanın AMEA-nın Fizika İnstitutunun Kristallofizika laboratoriyasının rəhbəri və kimya elmləri doktoru Xəqani Məmmədovun AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) baş meneceri vəzifələrinə təyin edilmələri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu və AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri vəzifələrinə seçkilərin nəticələri, eləcə də AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının yeni tərkibi və RPİ-nin Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi barədə qərarlar qəbul edilib.

Bundan başqa, İnformasiya Texnologiyaları, İdarəetmə Sistemləri, Radiasiya Problemləri və Biofizika institutlarının əməkdaşlarının attestasiyasının nəticələri müzakirə olauanaraq AMEA Rəyasət Heyətinə təqdim edilməsinə dair qərar qəbul edilib.

İclasda akademik Telman Əliyevin “Noise technology and control systems”, fizika üzrə fəlsəfə doktoru Gülbəstə Ağamirzəyevanın “Keçid elementləri əsaslı xalkogenidlər” və AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi Mobil Kazımovun “A 3 B 5 birləşmələri əsasında alınmış evtetik kompozitlərin xüsusiyyətləri” kitablarının nəşrə tövsiyə edilməsi qərara alınıb.

Ümumi yığıncaqda, həmçinin AMEA-nın müxbir üzvü Ağası Məlikovun 65, fizika elmləri doktoru Mirbaba Babayevin 75, fizika elmləri doktoru İman Əsgərzadənin 60 və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Gülçin Abdullayevanın 75 illik yubileyləri ilə bağlı qərarlar qəbul edilib.

Tədbirdə bir sıra kadr məsələləri müzakirə edilib, müvafiq qərarlar verilib.

Daha sonra BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev çıxış edərək, “Web of Science” (WoS) beynəlxalq elmi bazasının siyahısına daxil edilmiş və yüksək impakt faktora malik Azərbaycan jurnalları haqqında məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb.

Alim bildirib ki, “Tətbiqi riyaziyyat jurnalı” (“Applied and Computational Mathematics”) 2002-ci ildə AMEA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən təsis olunub. Beynəlxalq jurnalın baş redaktorları akademiklər Əli Abbasov və Fikrət Əliyevdir. 2008-ci ildə “WoS” elmi bazasının siyahısına daxil edilib, 2010-cu ildə impakt faktoru alan elmi jurnalın 2021-ci il üçün təsir əmsalı  4.771 olub.

Fikrət Əliyevin sözlərinə görə, impakt faktora malik ilk Azərbaycan jurnalı olan “Applied and Computational Mathematics” dünyada 267 jurnal arasında impakt faktor dərəcəsinə görə 4-cü yerdədir. Hazırda jurnalın dünyanın 20-dən çox elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Elmi nəşrin redaksiya heyətində 20 ölkənin tanınmış alimləri təmsil olunur. 550-dən çox rəyçisi olan jurnala çap olunmaq üçün qəbul edilən məqalələr peşəkar rəydən keçirilir.

“Yüksək impakt faktora malik olan digər elmi nəşr BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda (TRETİ) çap olunan “Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) “Təmiz” və Tətbiqi riyaziyyat jurnalı”dır (“TWMS Journal Pure and Applied Mathematics”).

Bu elmi jurnal 370 beynəlxalq nəşr arasında 17-ci, Avropa jurnalları içərisində 9-cu, Sovet İttifaqı respublikalarının jurnalları arasında isə 1-ci yerdə qərarlaşıb. “Təmiz” və tətbiqi riyaziyyat ixtisasları üzrə Q1 siyahısına daxil edilib”, - deyə alim bildirib.

Ölkəmizin və AMEA-nın uğurlarının beynəlxalq təşkilat və qurumlar tərəfindən birmənalı qəbul edilməsinin sevindirici hal olduğunu deyən akademik Fikrət Əliyev AMEA-nın alim və mütəxəssislərinin müxtəlif elm sahələrinin inkişafına mühüm töhfələr verdiklərini xüsusi qeyd edib.

Sonda həlli vacib olan cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə