“Suni intellekt və rəqəmsal inkişaf istiqamətləri” müzakirə edilib

27-02-2026 / 20:21

Fevralın 27-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Suni intellekt və rəqəmsal inkişaf istiqamətində perspektivlərə gənclərin münasibəti” mövzusunda Dəyirmi masa keçirilib.

Xeberler.az bildirir ki,tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü müasir dövrdə elmi-texniki nailiyyətlərin və rəqəmsal texnologiyaların sürətli inkişafının elmin bütün sahələrində keyfiyyətcə yeni mərhələnin formalaşmasına səbəb olduğunu, bu prosesin tədqiqatların daha operativ, dəqiq və sistemli aparılmasına geniş imkanlar yaratdığını deyib. Süni intellektin elmi tədqiqatların aparılma üsullarını köklü şəkildə dəyişərək məlumatların toplanması, emalı və təhlilini daha sürətləndirəcəyini deyən R.Cümşüdlü tədbirdə iştirak edən gənc alimləri rəqəmsal texnologiyaların imkanlarından fəal şəkildə yararlanmağa çağırıb.

İnstitutun direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev XXI əsrdə internet, sosial şəbəkələr və süni intellekt əsaslı platformaların gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrildiyini rəqəmsal mühitin fərdlərin dünyagörüşünü, davranış modelini və mənəvi orientasiyalarını formalaşdıran əsas amillərdən biri olduğunu deyib. Rəqəmsal mühit və informasiya cəmiyyətinin formalaşmasının bir tərəfdən müsbət cəhətini qeyd edən E.Mustafayev, digər tərəfdən bəşəriyyəti müəyyən təhlükələrlə üz-üzə qoyduğunu bildirib: “Bu mənada çoxşaxəli informasiya vasitələri və bu vasitələrin yaratdığı geniş imkanlar, nəzarətdən çıxmış məlumatlar seli, məqsədli şəkildə yayılan dezinformasiyalar və yekun nəticə olaraq yaranmış xaotik vəziyyət və ideoloji təhdidlər həyəcan təbili çalmağa əsas verir. Bu mənada, rəqəmsal inkişafı yaxından izləmək və dərindən öyrənmək müasir insanın ən böyük vəzifəıərindən biridir”. İnstitutun Cənubi Azərbaycan şöbəsinin kiçik elmi işçisi Nazim Mənsimov çıxış edərək süni intellektin bugün olduqca böyük əhəmiyyət qazanmış bir məsələ olduğunu deyərək, təkcə bizim ölkədə deyil, bütün dünyada diqqət mərkəzində olan bu mövzunun artıq reallığa çevrildiyini, bu reallığın özünün isə bizdən rəqabət tələb etdiyini qeyd edib. O, ölkə başçısı İlham Əliyevin 19 mart 2025-ci il Sərəncamı ilə 2025-2028 ci illər süni intellek strategiyasının təsdiqini xatırladıb və 11 fevral 2026-cı il ildə bu mövzu ilə əlaqədar keçirdiyi müşavirnin, təkcə dövlət orqanlarının rəhbərlərinə deyil, eyni zamanda vətəndaş cəmiyyətinə bu rəqabətə qoşulmağa, dayanıqlılığı təmin etməyə, şəxsi inkişafa səsləyən bir mesaj olduğunu vurğulayıb.

Süni intellektin artıq ölkənin milli inkişaf strategiyası kimi təqdim olunduğunu və bu istiqamətdə gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü deyən N.Mənsimov ölkə başçısının Akademiyanın 80 illik yubileyində də süni intelleklə bağlı çıxışında Azərbaycan alimlərinin rolunun əhəmiyyətindən bəhs etdiyini xatırladıb və bu gün Akademiyada da tədqiqatların beynəlxalq aləmə çatdırılması üçün rəqəmsal platformalar və şöbələr yaradıldığnı, İnstitutda fəaliyyət göstərən Rəqəmsal şərqşünaslıq və süni intellekt şöbəsinin də bu istiqamətdə gənc tədqiqatçılara, ümumilikdə hər bir əməkdaşa köməklik göstərirdiyini vurğulayıb.

Dəyirmi masada süni intellektin elmə inteqrasiyasından danışan Cənubi Azərbaycan şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asim Cənnətov bu gün artıq süni intellektin cəmiyyətin bütün sferalarına, eləcə də elmə sirayət etdiyini bildirib. Süni intellekt proqramlarının dünyanın nüfuzlu elmmetrik bazalarında yerləşən jurnallara da inteqrasiya olunduğunu deyən şərqşünas alim süni intellektin verdiyi imkanlardan düzgün istifadənin bu elm sahəsində əldə olunan ümumi nəticəyə müsbət təsir göstərə biləcəyini qeyd edib. O, Nobel mükafatı laureatı olan ABŞ dövlət xadimi Henri Kissincerin sözlərini xatırladıb: "Gələcək dünyamız insanlar, maşınlar və insanlarla maşınlar arasındakı əməkdaşlıqdan keçir".

Süni intellektdən istifadənin elm sahəsində əhəmiyyətinin vurğulandığı tədbirdə gənclər bu imkanlardan fəal şəkildə yararlanmağa çağırılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə