AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016 / 14:34

AzScienceNet Elm Kompüter Şəbəkəsi (EKŞ) AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli çoxsaylı İnternet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edir, elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirir.

Xeberler.az məlumat verir ki, bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov AzScienceNet EKŞ-nin infrastrukturunun  modernləşdirilməsi və inkişafı haqqında çıxışı zamanı səsləndirib.

AzScienceNet-in internetə qoşulma sürəti isə 1,41 Gbit/s-ə çatdırılıb

Elektron elmin platforması olan AzScienceNet-in  imkanları barədə ətraflı məlumat verən direktor müavini qeyd edib ki, 2016-cı ildə şəbəkənin hesablama gücü 15 TFlops, xarici yaddaşın həcmi 400 Tbayt, internetə qoşulma sürəti isə 1,41 Gbit/s-ə çatdırılıb.

AzScienceNet-in Data Mərkəzində həll olunan məsələləri diqqətə çatdıran R.Ələkbərov Mərkəzdə kriptoqrafik məsələlərin alqoritmlərinin paralelləşdirilməsi, Xəzər dənizində dalğaların vektorşəkilli hərəkətinin təyini, inteqral şərtli yüklənmiş sistemlər üçün optimal idarəetmə məsələsinin ədədi həlli, neftin qərarlaşmamış hərəkət rejimi zamanı magistral neft kəmərində sızma yerləri, həcmlərinin təyin edilməsi və digər işlərin yerinə yetirildiyini bildirib.

AzScienceNet şəbəkəsində yerləşdirilmiş Azərbaycan Milli Eduroam serveri respublika üzrə Milli Operator funksiyasını yerinə yetirir

Məruzəçi AzScienceNet-in göstərdiyi xidmətlər barədə danışaraq AMEA-nın institut və təşkilatlarının Cloud Computing, Cloud Storage, Klaster Hesablama, Hostinq, Eduroam, İP Telefoniya, paylanmış çoxterminallı məlumat xidməti, operativ məlumatlandırma, videokonfrans, e-Kitabxana, distant tədris kimi xidmətlərdən yararlanmaq imkanına malik olduğunu vurğulayıb. Bildirib ki, AzScienceNet şəbəkəsində yerləşdirilmiş Azərbaycan Milli Eduroam serveri respublika üzrə Milli Operator funksiyasını yerinə yetirir.

R.Ələkbərov şəbəkədə  baş verə biləcək informasiya təhlükəsizliyi  təhdidlərinə operativ reaksiya verilməsi, bu təhdidlər haqqında  məlumatların  toplanması, elmi-analitik araşdırmaların aparılması, müvafiq beynəlxalq qurumlarla əlaqələrin təşkili məqsədilə yaradılmış AzScienceCERT xidmətinin üstünlüklərindən söz açıb, bu xidmətin TERENA (Trans-Avropa elmi-tədqiqat və təhsil şəbəkələri assosiasiyası) təşkilatının himayəsində olan “Trusted Introducer” sistemində akkreditasiyadan keçdiyini bildirib.

40 institut və təşkilat fiber optiklə AzScienceNet-ə qoşulub

Alim akademiyanın 40 institut və təşkilatının fiber-optik əlaqə kanalı vasitəsilə AzScienceNet şəbəkəsinə qoşulduğunu qeyd edərək şəbəkənin Təhlükəsizlik Siyasəti barədə məlumat verib. Bildirib ki, bu siyasət informasiya təhlükəsizliyinə olan təhdidlərin AMEA-nın şəbəkələrinə və informasiya resurslarına vura biləcəyi maddi və mənəvi ziyanın minimallaşdırılması, AMEA-nın işgüzar nüfuzunun yüksəldilməsinə xidmət edir. Həmçinin informasiya təhlükəsizliyi sisteminin qurulması üçün vahid prinsiplərin hazırlanması, informasiya təhlükəsizliyi sisteminin yaradılması, fəaliyyəti və inkişafı üçün müvafiq təşkilati-metodiki bazanın formalaşdırılmasını nəzərdə tutur.

İstifadə Siyasəti AzScienceNet şəbəkəsinin bütün istifadəçilərinə şamil edilir

Daha sonra R.Ələkbərov AzScienceNet şəbəkəsinin resurslarının Azərbaycanın elmi qurumlarında həyata keçirilən elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həllində məqsədyönlü və təhlükəsiz istifadəsini təmin etmək məqsədilə hazırlanmış İstifadə Siyasətini təqdim edib. İstifadə Siyasətinin AzScienceNet şəbəkəsinin bütün istifadəçilərinə şamil edildiyini və şəbəkənin nəzarətində olan və təyinatından asılı olmayaraq bütün kompüter, server, kommunikasiya avadanlıqları, proqram təminatı və şəbəkə xidmətlərinə tətbiq edildiyini söyləyib.

Onun sözlərinə görə, AzScienceNet şəbəkəsindən istifadə qaydalarının təmin edilməsi məqsədilə şəbəkədən istifadənin daimi monitorinqi və qeydiyyatı həyata keçirilir.

R.Ələkbərov, həmçinin AzScienceNet-dən istifadə zamanı yolverilməz əməllər və şəbəkədən istifadə qaydalarının təmin edilməsi tədbirləri barədə iclas iştirakçılarını məlumatlandırıb.

AMEA üzrə korporativ e-poçt sistemi qurulub

Korporativ elektron poçt sisteminin xidmət keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışan direktor müavini bu xidmətin AMEA Rəyasət Heyətinin 3 iyul 2013-cü il tarixli qərarına əsasən təsdiq edilmiş “AMEA Rəyasət Heyəti Mərkəzi aparatının informasiyalaşdırılması üzrə Fəaliyyət planı”na uyğun təqdim olunduğunu diqqətə çatdırıb.

“AMEA üzrə korporativ e-poçt sistemi AMEA Rəyasət Heyəti və AMEA-nın elmi bölmələri, elmi müəssisə və təşkilatları üçün rəsmi elektron poçt ünvanları, o cümlədən tövsiyyə olunan istifadəçi adları üzrə qurulub”, – deyə bildirən məruzəçi AzScienceNet şəbəkəsində istifadəçilərin köhnə e-poçt ünvanından yeni e-poçt ünvanına keçid sxemi, şəbəkənin korporativ e-poçt sisteminin statistikası, bu sistemin AMEA-nın bölmələri və AMEA RH-nin nəzdindəki təşkilatlar üzrə statistikasını təqdim edib.

AzScienceNet 40-dan çox ölkə ilə əməkdaşlıq edir

AzScienceNet şəbəkəsinin imkanlarının genişləndirilməsi məqsədilə Avropa Birliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu söyləyən direktor müavini bildirib ki, AzScienceNet 2015-ci ildən Pan-Avropa Elm və təhsil şəbəkəsi olan GEANT Assosiasiyasının (Gigabit European Advanced Network Technology) üzvüdür və bu çərçivədə 40-dan çox ölkə ilə əməkdaşlıq edir.

Alimin sözlərinə görə, Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional internet şəbəkəsinin yaradılması və bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün həyata keçirilən EaPConnect (Eastern Partnership Connect) layihəsində ölkəmizi AzScienceNet EKŞ təmsil edir.

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

O, həmçinin AzScienceNet şəbəkəsinə qoşulan kompüterlərin sayının dinamikası, şəbəkənin monitorinq və təhlükəsizlik xidmətinin strukturu və proqram təminatı, internet üzərindən Online TV yayımı və şəbəkədə vebinarların təşkili ilə bağlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Sonda R.Ələkbərov bu yaxınlarda AMEA-nın Əsas binasında fəaliyyətə başlaması nəzərdə tutulan AzScienceNet İnternet Xidmətləri Mərkəzinin infrastrukturun genişləndirilməsi ilə bağlı görülən işləri təqdim edib.  

 

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə