Vətəndaş haqqında bütün məlumatları bir nöqtədən əldə etmək mümkün olacaq- FİN gəlir

09-02-2015 / 13:34

Məlum olduğu kimi hazırda  bir sıra dövlət qurumlarında vətəndaşlarla bağlı müxtəlif məlumat bazaları formalaşıb. Vətəndaşlar dövlət qurumlarına müraciət etdikdə bu məlumat sistemlərində vətəndaş haqqında olan məlumatlardan istifadə edilir. Amma bu məlumat sistemlərindəki məlumatlar bəzən tam və dürüst olmur, müxtəlif dövlət orqanlarının məlumat sistemlərindəki informasiyalarda fərqlər olur, vətəndaşlar yenidən müxtəlif məlumatları təqdim etməli olur, məlumat bazaları arasında təkrarçılığa yol verilir.
 

Vətəndaş haqqında məlumatları birmənalı olaraq müəyyən etmək üçün   ölkə qanunvericiliyində fərdi identifikasiya nömrəsinin tətbiqi nəzərdə tutulub.
Müxtəlif dövlət qurumlarının informasiya  bazalarındakı məlumatların vahid bir sisteminin yaradılması məqsədi ilə Prezident 
“Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə» 2013 cü il 5 fevral tarixli 813 nömrəli Fərman imzalayıb. Bu Fərmanda bütün  mərkəzi icra hakimiyyəti orqanlarına sərəncamlarında olan informasiya sistemlərində və ehtiyatlarında fərdi identifikasiya nömrəsinin tətbiq edilməsi tapşırılıb.

Xeberler.az bu sahədə mövcud vəziyyətə və  görülmüş işlərə, mövcud çətinliklərə nəzər salmaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanovla  müsahibəni təqdim edir:

- Nail müəllim, ümumiyyətlə öncə istərdik ki, Fərdi identifikasiya nömrəsi anlayışına aydınlıq gətirəsiniz. FİN nədir  və hansı qaydada, kim tərəfindən verilir?

-Fərdi identifikasiya nömrəsi- FİN bir hüquqi termin olaraq 2006-cı ildən başlayaraq Azərbaycan Qanunvericiliyində işlənməyə başlayıb. Əhalinin Dövlət Reyestri haqqında  Qanunda  FİN  Dövlət Reyestrinə barəsində məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz koddur. Göründüyü kimi, ilkin təyinatında FİN şəxsin identikləşməsi üçün nəzərdə tutulub. Məlumdur ki, Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanunu 2010-cu ildə qəbul olunub və qanunda FİN haqqında aşağıdakı tərif verilib: 

FİN – fərdi identifikasiya nömrəsi - fərdi məlumatların informasiya sistemlərinə barəsində fərdi məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən (yeddi simvollu hərf və rəqəm kombinasiyasından ibarət olan) vahid təkrarolunmaz (unikal) koddur.
Milli informasiya məkanının fərdi məlumatlar üzrə bölümündə paylanmış ayrı-ayrı informasiya sistemlərində eyni subyekt barədə məlumatların uzlaşdırılmasını, bu sahədə pərakəndəliyin və təkrarlığın qarşısının alınmasını təmin etmək üçün FİN istifadə olunur.
Bu gün Fərdi identifikasiya nömrəsi Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında qanunvericilikdə nəzərdə tutulmuş məlumatlar Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilərkən, qanunvericiliklə müəyyən olunmuş qaydada avtomatlaşdırılmış rejimdə verilir.

- Hazırda  əhalinin dövlət reyestrinin formalaşması ilə bağlı işlər nə yerdədir?

-Ədliyyə Nazirliyi tərəfindən yaşından asılı olmayaraq hər bir vətəndaşımızı əhatə edəcək əhalinin dövlət reyestrinin formalaşdırılması üçün kifayət qədər böyük işlər görülüb. Bu istiqamətdə mən İAMAS-ın əhəmiyyətli rolunu xüsusən qeyd etmək istərdim. Çünki köhnə sovet pasportları yeni milli şəxsiyyət vəsiqələri ilə əvəz olunmağa başlarkən böyük bir informasiya sistemi qurulmuşdu ki, 16 yaşdan yuxarı vətəndaşların hər birinə bu FİN-lərin verilməsi artıq öz həllini tapmışdı. Və əhalinin dövlət reyestri formalaşmağa başladıqda bu fakt nəzərə alındı və artıq verilmiş FİN-lər əsas olaraq qəbul edildi.  Bu proses çox yorucu olsa da həyata keçirilmə mexanizmi var idi, yəni pasportunu dəyişməli olan hər bir şəxs mütləq qaydada DİN pasport stollara müraciət edirdi ki, vətəndaşın məlumatlarının yenidən işlənməsi və yeni şəxsiyyət vəsiqəsinin çapı mütləq qaydada unikal FİN və seriya nömrələrinin verilməsi ilə həllini tapırdı. Çünki pasportlar fiziki olaraq yenisi ilə əvəz edilirdi.

- Bəs pasportu olmayan, 16  yaşdan aşağı olanlarla bağlı vəziyyət necə idi?

16 yaşdan aşağı vətəndaşlara FİN-lərin verilməsi isə daha fərqlidir. Burada artıq verilmiş və verilməkdə olan "Doğum haqda şəhadətnamə"lər informasiya sisteminə paralel işlənir, FİN verilməsi ilə şəhadətnamənin fiziki bağlılığı yoxdur. Bu gün artıq verilmiş şəhadətnamələrin Ədliyyə Nazirliyi tərəfindən böyük bir hissəsi elektronlaşdırılmışdır. Artıq bir sıra dövlət orqanları müvafiq veb servislər vasitəsilə uyğun informasiya sistemindən ilkin məlumatları əldə edə bilirlər. 
Prezident  İlham Əliyevin 2014-cü il 9 sentyabr tarixli fərmanı ilə “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanunun tətbiqi qüvvəyə minib. Şəhadətnamələrin İD kartlarla əvəz olunması istiqamətində işlər aparılır.  FİN ilə şəhadətnamələrin verilməsi prosesi sinxronlaşdıqdan sonra isə daha operativlik əldə edilmiş olacaq. 

- Fərdi identifikasiya nömrələrinin tətbiqi Mərkəzi icra hakimiyyəti orqanlarının özlərinə tapşırılıb. Hansısa bir nəzarətedici quruma həvalə edilməyib. Belə olan halda burada pərakəndəlik, lənglik, məsuliyyətsizlik hallarına yol verilirmi?

Həqiqətən də  sərəncamlarında olan informasiya sistemlərində və ehtiyatlarında FİN-in tətbiqinin təmin edilməsi bilavasitə Mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılıb.

Lakin qeyd etdiyim kimi, RYTN MHM olaraq informasiya sistemlərində apardığımız monitorinqlər, elektron xidmətlərin portala qoşulması zamanı texniki tələblərə riayət edilməsinin yoxlanılması zamanı informasiya sistemlərinin FİN-ə uyğunluğuna xüsusi olaraq diqqət yetirilir. 

“Elektron hökumət” portalının operatoru olaraq bir qurumun informasiya sistemlərindən və ehtiyatlarından digər qurumun portal vasitəsilə istifadə edə bilməsi və dövlət orqanlarının elektron xidmətlərinin portala qoşulmasını təmin etmək üçün zəruri tədbirlər həyata keçiririk.

-Konkret bu məqsədlə hansı tədbirləri həyata keçirirsiniz ?

2013-cü ildən RYTN MHM dövlət informasiya sistemlərinin və fərdi məlumatlar informasiya sistemlərinin reyestrlərini formalaşdırmağa başlayıb. Bu gün artıq reyestrlərdə 230 dan artıq informasiya sistemləri haqda məlumat toplanıb. Əlimizdə müəyyən material toplandıqdan sonra 2014-cü ilin sentyabr ayında biz ilk dəfə olaraq dövlət orqanlarında dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsinin "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının informasiya sisteminin bəyan olunmuş məqsədlərinə uyğunluğunun yoxlanılması və monitorinqinin aparılmasına başladıq.

Az da olsa, bəzi qurumlar tərəfindən mülkiyyətçisi olduqları informasiya sistemlərinin qeydiyyata salınması üçün təşəbbüs göstərilməyib. Bu səbəbdən apardığımız monitorinqlər mövcud olan bütün informasiya sistemlərini tam əhatə etməyib. İnformasiya sistemləri mülkiyyətçilərinin hamısına sərəncamlarında olan informasiya ehtiyatlarının dövlət qeydiyyatına alınması üçün yazılı müraciət olunub. Qeydiyyata alınmış informasiya sistemləri isə elektron hökumət portalında, reyestrlər və aktlar, dövlət reyestrləri bölməsində dərc olunub. İstənilən maraqlanan şəxslər buradan qeydiyyata alınmış informasiya sistemləri haqda məlumatlar əldə edə bilərlər.

- Fərdi indentifikasiya nömrələrinin tətbiqində hansı problemlər var? Müxtəlif informasiya sistemlərinin FİN-ə uyğunlaşdırılması üçün hansı addımlar atılır?

RYTN Məlumat Hesablama Mərkəzi tərəfindən mülkiyyətlərində olan informasiya sistemlərinin FİN-ə uyğunlaşdırılması, yaxud bu prosesin sürətləndirilməsi məqsədilə bir çox dövlət qurumlarına və özəl müəssisələrə əməli köməkliklər göstərilir.

Hazırda “Azərsu” ASC, Azəristiliktəchizat ASC, “Azəriqaz” İB, “Bakıelektrikşəbəkə” ASC-nin mülkiyyətində olan informasiya sistemlərində abunəçilərə dair fərdi məlumatların "Giriş-cıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemindəki məlumatlarla üzləşdirilərək FİN-ə uyğunlaşdırılması istiqamətində müvafiq işlər aparılır.

Analoji proses Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin informasiya sistemi ilə də aparılır. Eyni zamanda Mobil operatorların hər üçün ilə bu sahədə əməkdaşlıq edilir.

Bir daha qeyd etmək istərdim ki, həmişə bəyan etdiyimiz kimi, bu və digər sahələrdə istənilən təşkilatlarla təmənnasız olaraq əməkdaşlıq etməyə hazırıq.  

- Hazırda Sərəncamın icrası ilə bağlı vəziyyət  necədir, hansı işlər görülür? İndiyədək neçə qurumun informasiya sistemində fərdi identifikasiya nömrəsi tətbiq edilib.? Bunlar hansı informasiya sistemləridir?

Biz vaxtaşırı olaraq bülletendə FİN-ə uyğunlaşdırılmayan sistemlərin siyahısını dərc edirik. Xeyli dövlət qurumu artıq sistemlərini FİN-ə uyğunlaşdırıblar. Məsələn, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və s.  təxminən 13 Mərkəzi icra orqanında informasiya sistemləri tam olaraq FİN-ə uyğunlaşdırılıb. 

Amma elə qurumlar var ki, bu istiqamətdə işlər hələ başa çatdırılmayıb və  hazırda bu sahədə işlər davam etdirilir.

-Fərdi identifikasiya nömrələri  müxtəlif informasiya sistemləri və ehtiyatları arasında səmərəli informasiya mübadiləsi üçün hansı imkanları yaradacaq ? Bu nömrələrin tətbiqi vətəndaşa və dövlət qurumuna nə verəcək?

Fərdi identifikasiya nömrəsi infromasiya sistemlərində fərdin şəxsiyyətini müəyyən etməyə imkan verdiyindən, mövcud və yeni yaradılan elektron xidmətlərin istifadəçilərinin rahatlığını təmin edəcək. Müxtəlif informasiya sistemlərini əlaqələndirmək üçün, məlumatın bir mənbədən daxil edilməsinin təmin edilməsi öz həllini tapacaqdır.

Belə ki, əvvəllər hər hansı bir qurumun e-xidmətlərindən istifadə edərkən, orada yalnız həmin qurumun mülkiyyətində olan informasiya sistemlərində mövcud olan məlumatlar sistemdə avtomatik doldurulurdu. Digər zəruri məlumatları istifadəçi ya əllə daxil edir, ya xidmətdən istifadə etdikdən sonra zəruri sənədləri müvafiq idarə və şöbələrə bilavasitə təqdim etməli idi ki, bununla da e-xidmət öz mahiyyətini itirirdi. Ən yaxşı halda isə, əlavə sənədləri skan edilmiş formada e-xidmətdən istifadə zamanı yükləmək olurdu. Bütün hallarda istifadəçi nəticə etibarilə problemlərlə və vaxt itkisi ilə qarşılaşırdı.

FİN-ə uyğunlaşdırılmış informasiya sistemləri portala inteqrasiya edildikdən sonra, artıq bu məsələlər  öz həllini tapmış olacaq. İstifadəçinin fərdi məlumatları, mülkiyyətində olan daşınmaz əmlak, hərbi mükəlləfiyyətliliyi, təhsili, kommunal xidmət borcları və s. haqqında məlumatlar “Elektron hökumət” portalı vasitəsilə müvafiq dövlət orqanının mülkiyyətində olan informasiya sistemlərindən avtomatik şəkildə əldə olunaraq, ödənişli e-xidmətlərin təklif olunmasında öz əksini tapacaqdır. 

-Nə zaman tam inteqrasiya həyata keçiriləcək və bir qurum digər dövlət qurumlarının informasiya sistemlərindən tam istifadə edə biləcək ?


Nazirlər Kabinetinin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 1 may 2014-cü il tarixli 118 nömrəli qərarı var.
Bu qərar inteqrasiya istiqamətində mühüm rol oynayan sənədlərdən biridir.  Məhz bu qərarla  “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı müəyyən edilib. Bu Qərar tam şəkildə icra olunduqdan sonra bir qurum digər qurumun informasiya sistemlərindən və ehtiyatlarından portal üzərindən istifadə edə biləcək və bu da e-xidmətlərin çeşidinin və keyfiyyətinin artmasına gətirib çıxaracaq.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə