“4-5 yaşlarımdan Microsoft-un proqramları haqqında məlumatım var idi”

16-06-2015 / 12:12

“İKT UŞAQLAR” rubrikasının növbəti qonağı Microsoft Windows 8.1 əməliyyat sisteminin ən gənc mütəxəssisi, animasiya düzəldərək İnformatika Layihə Olimpiadasında, müsabiqələrdə iştirak edib nailiyyətlər qazanan gənc proqramçı Hüseyn Hacıyevdir.

Bakı Avropa Liseyinin VI sinif şagirdi Hüseyn Hacıyev informasiya texnologiyaları sahəsində nailiyyətlərinə görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Məktəbli uşaqların mükafatlandırılması proqramı çərçivəsində mükafata layiq görülüb.

2013-cü ildə “Microsoft Azerbaijan” şirkətinin təşkil etdiyi müsahibədən uğurla keçən H.Hacıyev “BakuTel-2013” 19-cu Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində “Ən gənc və fəal Windows eksperti” sertifikatına layiq görülüb. O, Bakı Avropa Liseyinin «ICT Masters Organization» təşkilatının “Advanced Master” səviyyəsini qazanmağa nail olub.

H.Hacıyev 2014-cü ildə Bakı Avropa Liseyinin 5 ölkənin iştirakı ilə keçirilən UNESCO-nun LFF layihəsi çərçivəsində «Digital Learning Weeks in Baku European Lyceum» adlı vebinarda iştirakı üçün sertifikat alıb. Eləcə də YUNESKO-nun Qloballab layihəsində fəal iştirak edərək bir neçə layihə üzrə qalib olub. “Qunduz 2014” Məktəblilər üçün İnformatika və Kompüter Bilikləri üzrə Beynəlxalq Müsabiqədə yüksək nəticə göstərib və diplomla təltif edilib. Bal sistemi ilə şagirdlərin qiymətləndirilməsi üzrə liseyin müəllimləri üçün tətbiqi proqram hazırlayan H.Hacıyev, eyni zamanda "Təhsildə proqramlaşdırmanın rolu" mövzusunda elmi layihə üzərində işləyir. O, təsviri incəsənət, musiqi və rəqs ilə də böyük həvəslə məşğul olur.

Qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mükafatı azərbaycanlı məktəbliyə bu ilin avqust ayında təqdim olunacaqdır.

Hüseyn 2015-ci il aprel ayının 8-də ümumtəhsil məktəbləri arasında keçirilən 8-ci İnformatika Layihə Olimpiadasında “Animasiya” kateqoriyası üzrə 2-ci yeri tutub. “Microsoft Azərbaycan” şirkətinin “demo-promouter”i seçilib.

Bu kimi nailiyyətləri olan Hüseyn Hacıyev hazırda Avropa liseyinin 6-cı sinif şagirdidir.

Kiçik yaşlardan böyük işlər görən məktəblinin Xeberler.az-a verdiyi müsahibəsini təqdim edirik:

-Hüseyn, neçə yaşından etibarən səndə texnologiyalara maraq yaranıb?

-Elə uşaqlıqdan texnologiyalarla maraqlanmışam. Kiçik yaşlarımdan texnologiyalardan, müxtəlif kompüter avadanlıqlarından xoşum gəlirdi, hətta onlar mənim oyuncağıma çevrilmişdi. Buna görə də atamın kompüterini tez-tez sındırırdım. Elə balacalıqdan da Microsoftun məhsulları ilə maraqlanırdım, artıq 4-5 yaşlarımda hamısını bilirdim. Deyə bilərəm ki, Microsofta olan marağım texnologiya ilə məşğul olmağıma stimul verirdi, hətta proqramlaşdırma, kompüterin hissələri ilə o qədər maraqlanırdım ki, ibtidai sinifdə oxuyanda müəllimlərimə İKT sahəsində cüzi köməyim dəyirdi.

-İlk dəfə istifadə etdiyin texnoloji vasitə hansı olub?

-İlk dəfə kompüterdən istifadə etmişəm. 10 yaşım olanda mobil telefon aldılar. Amma telefondan daha çox kompüterlə işləyirdim. Microsoftun məhsullarına baxırdım, Bill Qeytsin çıxışlarını izləyirdim.

-Niyə məhz Microsoftla maraqlandın?

-Uşaqlıqdan Bill Qeytsin fanatıyam (gülür). Onun fəaliyyəti çox xoşuma gəlir. Windows əməliyyat sistemini yaradan Bill Qeytsin fəaliyyəti uşaqlıqdan mənə maraqlı olub. Microsoftda məni özünə cəlb edən cəhət həm də onun loqotipi olub. Kompüteri açırdım, loqoya baxırdım, çox xoşuma gəlirdi, maraqlanırdım.

-Bill Qeytsi özünə ideal insan hesab edirsənmi?

-Bəli, o, mənim idealımdır. Bill Qeyts-i özüm üçün ideal insan hesab edirəm. O, Microsoft şirkətinin yaradıcısıdır. Bill Qeytsin fəaliyyətində məni ən çox cəlb edən onun birinci Windows sistemini yaratması olub. Qeyd etdiyim kimi, mən də Windows sistemiylə maraqlanıram. Bill Qeytsin uğur və nailiyyətlərini izləyirəm, onun haqqında yazılan bütün məqalələri oxuyuram.

-Ailən texnologiya ilə bağlı sənə qadağalar tətbiq edirdimi?

-Valideynlərim texnologiya ilə bağlı əvvəllər mənə müəyyən qadağalar qoyurdu. Əsasən də atam kompüterin qarşısında çox oturmağa icazə vermirdi. Kompüterdən istifadəyə yalnız 2-3 saat icazə verirdilər, həmin vaxtımı da proqramlaşdırma videolarına, Microsoft məhsullarına baxmaqla  dəyərləndirirdim. Amma indi kompüterdən qadağasız istifadə edə bilirəm.

-İKT sahəsində uğurların nə vaxtdan başlayıb?

-Liseyimizdə “Kiçik akademiya” var. Burada hər hansı bir mövzu götürüb müzakirə etmək üçün hər cür şərait yaradılıb. 4-cü sinifdə oxuyanda akademiyada “İKT-nin məktəbdə rolu” üzrə mövzu seçdim. Eyni zamanda 3D max proqramını öyrəndim və həndəsi fiqurların açılmasını, kimya fənni üçün molekulların hərəkətini bu proqramda düzəltdim. Layihəm üzrə bunları təqdim etdim, çox bəyənildi. Nəticədə İKT junior seçildim. Daha sonra liseydə göstərdiyim aktivlik, nailiyyətlərim nəticəsində İKT advanced seçildim.

Sonra Microsoft-un Azərbaycanda təşkil etdiyi müsahibədə və müxtəlif yarışmalarda iştirak edib uğurlar qazandım.

Bu il Çində beynəlxalq müsabiqədə iştirak etdim. Animasiya layihəsi ilə Azərbaycanı təmsil etdim. Bu layihəni animo-studio proqramında yaratmışdım. Animasiyanın əsas qəhrəmanı mən idim.  Qəhrəman zaman maşını ilə keçmişə və gələcəyə uçurdu. Layihənin əsas məzmunu odur ki, bir innovasiya ruhu yaratmaq üçün keçmişdəki qurğuların necə yaradıldığını bilmək lazımdır. Tutaq ki, mən özümü gələcəkdə görürəm, deməli, bilməliyəm ki, keçmişi necə tənzimləməliyəm ki, gələcəyə uçum. “Keçmişə nəzər salaraq gələcəyi dəyişək” -şüarım bu idi. Bu animasiyanı  İnformatika Layihə Olimpiadasına təqdim etdim, ikinci yeri tutdum.

-Ailəndə səndən başqa texnologiya ilə maraqlanan varmı?

-Ailəmin demək olar ki, bütün üzvləri İKT ilə məşğul olur. Atam İT mütəxəssisdir. Anam informatika müəlliməsidir. Mən yarışda ikinci yer tutandan sonra qardaşım İKT-yə maraq göstərməyə başladı və bu sahədə özünü sınamağa çalışdı. O da liseyimizdəki “Kiçik akademiya”nın fəaiyyətindən yararlanaraq elə bu yaxınlarda “Uşaqların İnternetdə təhlükəsizliyi” mövzusunu işləmişdi. Beləcə, qardaşım bu sahəyə getdikcə daha çox maraq göstərir.

-İKT sahəsində gördüyün işlərdə ən çox kim sənə kömək edir?

-Evdə ən çox atam kömək edir. Hazırda o mənə Unix sistemi ilə işləməyi öyrədir. Proqramçılıqda ən son istifadə olunan vasitələr haqqında məni məlumatlandırır. Anamın da çox köməkliyi olur. Bəzi hallarda hətta mən anama kömək edirəm (gülür). Ən çox Microsoftda işlədiyim üçün bu sahəyə aid hər şeyi bilirəm. Anama Microsoft proqramında olan əlavə imkanları, xüsusi düymələri, yazılması vacib olan proqramları öyrədirəm.  Windows 8.1-i də anama mən öyrətmişəm. Məktəbdə isə mənə “İKT Masterlər Təşkilatı”nın rəhbəri Rahilə Əliyarzadə həmişə dəstək olur və düzgün yol göstərir.

-Gələcək planlarını Xeberler.az-a açıqlaya bilərsənmi?

-İlk növbədə ali təhsil almaq istəyirəm. Daha sonra isə ən böyük inancım olan Microsofta doğru iri addımlar atmaq, özümü bu sahədə inkişaf etdirməkdir. İstərdim ki, ABŞ-da, Microsoft şirkətində işləyim. İkinci ən böyük arzum isə öz şirkətimi yaratmaqdır. Yaratdığım cizgi filmdə Elensoft kampaniyasi, əslində mənim  arzularımdan biridir.

-Bu layihəni hazırlayarkən hər hansısa bir qazanc haqqında fikirləşmisənmi?

-Doğurdan da bu günə kimi layihəmdən qazanc əldə etmək haqda heç fikirləşməmişəm. Hələ ki qazandığım nailiyyətləri özüm üçün təcrübə kimi qəbul edirəm. Müsabiqələrdə, yarışlarda nailiyyətlər əldə etməyi həm gələcəyim, həm də liseyimizin, ümumilikdə Azərbaycanın adını yüksəklərə qaldırmaq üçün vacib hesab edirəm. Amma bu layihələrim əsasında hər hansı bir işə başlasam qazandığım pulları köməyə ehtiyacı olan adamlara xərcləyərəm.

-Gündə neçə saat İnternetdə olursan? Daha çox hansı məqsədlə istifadə edirsən?

- Əsasən mizostudiyalarda işləməyin yollarını axtarıram. İnternetdən ən çox Microsoftla bağlı məlumatları əldə etmək üçün istifadə edirəm. Artıq dərslər bitib. Proqramçılığımı, Microsoftla bağlı biliklərimi genişləndirmək üçün İnternetdə bundan sonra daha çox olacağam.

-Liseydə İKT sahəsi ilə bağlı hansı problemlərlə qarşılaşmısanmı?

-3 il əvvəl liseyimizdə kompüterlərin sayı çox olsa da indiki kompüterim qədər keyfiyyətli deyildi. Sonralar Azərbaycana yeni texnologiyaların gətirilməsi və məktəblərin, liseylərin texnoloji avadanlıqlarla təchiz olunması bizi çox sevindirdi. Ümumiyyətlə, düşünürəm ki, Azərbaycan İKT sahəsində inkişaf gedir. Çində olarkən bizə verilən kompüterlər zəif idi, Wi-Fi-a qoşulmaq olmurdu. Amma Azərbaycanda keçirilən tədbirlərdə, müsabiqələrdə əhali və əcnəbi qonaqlar kifayət qədər sürətli İnternet və ən son model texnoloji vasitələrlə təchiz olunur.

-Liseyin İnternet təminatından razısanmı?

-Liseyin İnternet təchizindən çox razıyam. İnternet çox sürətlidir. Dərslərdə, tənəffüs vaxtları İnternetdən problemsiz istifadə edə bilirik.  

-Dostlarına İKT ilə bağlı kömək edirsənmi?

-Microsoft üçün animasiyalar toplayanda uşaqlara göstərirdim. Onlara maraqlı gəlirdi. Fiqurların o tərəf, bu tərəfə hərəkət etməsi hamı tərəfindən bəyənilirdi, onlara qeyri-adi gəlirdi. Məsələn, Novruz bayramında xonçaların gətirilməsinə aid animasiyalar düzəltməyi, listlər açmağı dostlarıma başa salırdım, onlar da tətbiq edirdilər və məncə, uğurlu alınırdı.

-Uğurlarından danışarkən necə reaksiyalarla qarşılaşırsan?

-Elə dostlarım, tanışlarım var ki, xoşlarına gəlir, maraqlanırlar, suallar verirlər, sevinirlər, elələri də var ki, qısqanclıq edirlər. Ancaq mən buna heç fikir vermirəm . Onlar da çalışmalı, daha çox işləməli, müsabiqələrdə, yarışlarda iştirak edib nailiyyətlər qazanmalıdırlar. Gərək hərəkət edəsən ki, nələrəsə nail ola biləsən.

-Hansı sosial şəbəkələrdən istifadə edirsən?

-Sosial şəbəkələrdən ən çox Facebook və Twitter-dən istifadə edirəm. Əsasən Facebook-da oluram, bu şəbəkəni əlaqə, ünsiyyət baxımından önəmli hesab edirəm. Facebook-da dostluğumda mənim üçün önəmli olan insanların sayı çoxdur. Onlarla Microsoft-un yarışlarında tanış olmuşam. Məncə, münasibətlərin itməməsi, daha da genişlənməsi üçün Facebook əsas vasitədir. Bu sosial şəbəkədə Microsofta aid paylaşımlar edirəm, qardaşımın və özümün qazandığımız uğurları paylaşıram. Ümumiyyətlə, Facebook-un imkanlarından yetərincə faydalanıram. Proqramçılığımı daha da inkişaf etdirmək üçün istifadə edirəm. Bu şəbəkəni eyni zamanda saver kimi də işlətmək mümkündür. Twitter-də isə yaratdığım layihələri yerləşdirirəm. İnstaqramdan istifadə etmirəm. Yalnız şəkillər çəkdirib paylaşmağı mənasız hesab edirəm.

-Facebook-da dostluğa hansı kriteriyalar əsasında qəbul edirsən?

-Dostluq təklifləri gələndə əvvəlcə həmin istifadəçinin səhifəsinə daxil olub haqqındakı məlumatlarla maraqlanıram. Əsasən nə işlə məşğul olduğuna, şəkillərinə fikir verirəm.

-İnformasiya təhlükəsizliyinin təmin etmək üçün nə kimi tədbirlər görmüsən? Xeberler.az-ın gənc oxucularına nə məsləhət görərdin?

-İnformasiya təhlükəsizliyimi qorumaq üçün hər ay bütün hesablarımın şifrələrini dəyişirəm. Hətta anam mənə deyir ki, necə yadda saxlaya bilirsən? (gülür). Yadımdan çıxmasın və ya qarışdırmayım deyə şifrələrimi kompüterdə saxlayıram. Facebook, Twitter kimi sosisal şəbəkə hesablarıma elə proqram yükləmişəm ki, tanımadığım insanlar məlumatlarımı oxuya bilmirlər.

-Öz şifrəni kiməsə etibar edə bilərsənmi?

-Əgər bizim kampaniyanın saytı olsa şifrəni öz tərəfdaşıma verə bilərəm, amma şəxsi şifrəmi heç kimə verə bilmərəm.

-Bildiyimizə görə, liseyin saytının idarə edilməsində sənin də əməyin var. Nə kimi köməkliklər edirsən lisey heyətinə?

-Liseyimizin saytını texniki cəhətdən mən idarə edirəm. Veb proqramlaşdırmanı bildiyim üçün bu iş mənə həvalə edilib. Saytla bağlı hər hansı bir texniki problemlər olanda, dizayn, saytın quruluşuna özüm nəzarət edirəm.

Həm də indi müəllimlər üçün xüsusi proqram yaratmaqla məşğulam. Yəni köhnə versiya əsasında yeni versiya yaradacağam. Hazırki dərslər kurikulum əsasında təşkil edilib. Müəllimlər üçün bəzi çətinliklər yaranır, siniflərin sayı çoxdur deyə şagirdlərin qiymətinə baxmaq, bonuslarını hesablamaq çox vaxt problem yaradır. Proqramın fəaliyyəti ondan ibarətdir ki, qiymətlər yazıldığı zaman proqram onları avtomatik hesablayır.

-Əsasən hansı saytlardan istifadə edirsən?

-Gün ərzində əsasən microsoft.com saytına daxil oluram, orada tutorlara baxıram. Bu sayt Microsoft proqramçılığı üçün nəzərdə tutulub. Microsofta aid bütün maraqlı məlumatları buradan əldə etmək mümkündür. Youtube-da proqramçılıqla, Microsoftla bağlı videolara baxıram. Facebook-da oluram, müxtəlif portallarda onlayn dərslərlə, testlərlə maraqlanıram.

-Qonşuların Wi-Fi-dan istifadə etdiyin vaxt olubmu ?

- Məlumdur ki, müəyyən proqramlar yükləməklə qonşuların, yaxud yaxınlıqdakı İnternetin şifrəsini sındırmaq mümkündür, mən də bunu bacarıram. Evdə İnternetlə bağlı bəzən problemlər olur və məcbur olub qonşunun İnternetindən bəhrələnmişəm. Amma atam qonşuların Wi-Fi-dan istifadə etməyimə icazə vermir.

-İnternetdə oyun oynayırsanmı?

-İnternetdə çox az hallarda oyun oynayıram. Oyun oynamağı sevmirəm, amma bəzən yorğun, yaxud da boş vaxtım olanda istisna hallarda oyun oynayıram. Onu da deyim ki, İnternetdə yalnız öz yaratdığım oyunları oynayıram.

-Mobil telefonunda hansı tətbiqlərdən istifadə edirsən? Xeberler.az-a mobil tətbiqi ilə bağlı fikirlərin maraqlı olardı.

-İlk telefonum smartfon Microsoft Lumia olub. İndi də həmin modeldən istifadə edirəm. Telefonumu əlimə alan kimi ilk işim Whatsapp yükləmək oldu. Daha sonra Facebook-u, Microsoftun məhsullarını, naviqator tətbiqini yüklədim. Sevə-sevə istifadə etdiyim texnologiyalardan biri də Çində aldığım ağıllı saatdır. Telefonum yanımda olmayanda bu saatla işləmək mümkündür, çünki telefonun bütün funksiyaları saatda mövcuddur. Saat işlətmək daha rahatdır, Bluetooth funksiyası da var. 

-Sənin üçün İnternetin nə kimi mənfi və müsbət tərəfləri var?

İnternetin həm mənfi, həm də müsbət tərəfləri vardır. Müsbət cəhəti odur ki, insanlar bildikləri vacib məlumatları İnternetə yerləşdirirlər və nəticədə digərləri həmin məlumatı oxuya bilir. Mənfi cəhəti isə belə vacib məlumatların çox vaxt pullu olmasıdır, pulsuz göstərilən xidmətlərdən isə razı qalmaq olmur. Sağlamlıqla, idmanla bağlı faydalı məlumatları İnternetdən əldə etmək mümkündür.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə