Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021 / 11:17

"Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində sektor üzrə ciddi tənzimləmə sənədlərinin hazırlanması sahəsində işlər gedir. Dövlət telekommunikasiya operatorlarının holdinqin idarəetməsinə verilməsindən sonra İKT sektorunda yeni mühit formalaşacaq. Nazirlik və ya onun əsasında formalaşacaq qurum əsasən tənzimləmə ilə məşğul olacaq. Sektorda köklü keyfiyyət və kəmiyyət dəyişiklikləri gözlənilir".

Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, internetin və ümumiyyətlə rabitə xidmətlərinin keyfiyyət parametrləri ilə bağlı yeni yanaşmanın tətbiq edilməsi faydalı olardı:

"İnternetin keyfiyyəti ilə bağlı ciddi problem hələ də qalır. Xatırlayıram ki, Prezident də bu məsələyə diqqət yönəltmişdi. Bu baxımdan fikrimcə, internet xidmətlərinin keyfiyyət parametrlərini qanunvericiliklə müəyyən etmək, keyfiyyətə nəzarət mexanizmlərini hazırlamaq doğru olardı. Bundan sonra isə dərhal keyfiyyətsiz internet xidmətləri ilə bağlı müvafiq cərimələrin tətbiq edilməsi də müvafiq qanunvericilik aktları ilə təmin edilməlidir".

O, kəndlərə internet çəkilişi haqqında da fikir bildirib:

"Ölkəmizdə, rəsmi statistikaya görə əhalinin az qala 50%-nin yaşadığı kəndlərdə universial rabitə xidmətlərinin (poçt, telefon və s.) təminatı ilə bağlı hökumətin bəlli qərarları və dəstəyi var. Bununla bağlı subsidiyalar ayrılır. Düşünürəm ki, kəndlərdə internet xidməti də bu siyahıya daxil edilməlidir. BMT internetə əlçatımlığın təmin edilməsini də dövlətlər üçün əsas, fundamental məsələlər siyahısına daxil edib. Artıq bir sıra ölkələrdə bu tip təcrübə var. Hazırda ölkəmizdə internet təminatı sahəsində ən ciddi problemlərdən biri regionlarda keyfiyyətli internetə əlçatanlıq məsələsidir. Kəndlərdə internet xidməti biznes baxımından cəlbedici olmadığından burada əsas ağırlıq dövlətin üzərinə düşür. Düşünürəm ki, NRYTN-in kəndlərin internet təminatı ilə bağlı dövlət dəstəyini, subsidiya məsələlərini tənzimləyən mexanizmlər hazırlaması da faydalı və doğru olardı".


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə