Xeberler.az bildirir ki, hazırda təhsil müəssisələrinin açılması, təhsilin hansı formada keçiriləcəyi gündəmdədir. Məsələ ilə bağlı bir sıra təkliflər planı da hazırlanıb.
Bəs nə üçün məktəblərin açılması, təhsilin təşkili problemə çevrilib ?
İndiki anda TN keyfiyyətli interneti və kompüterləri haradan əldə edə bilər ?
Təhsil Nazirliyi, NRYTN təhsilin təşkili üçün indiki anda hansı addımları ata bilər ?
Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz sadalanan suallara aydınlıq gətirib:
"Ölkələrin bir çoxu artıq bununla bağlı qərarlarını veriblər. Əsasən Distant və Hibrid (Əyani + Distant) formada təhsilin təşkili üzərində dayanıblar. Hər iki halda tədrisin təşkili üçün texnoloji platforma və texniki –texnoloji avadanlıqlar zəruri şərtdir.
Yəni hər iki təhsil forması üçün keyfiyyətli İnternet əlçatan olmalı, təhsil alan və təhsil verənlərin kompüterlərlə təminatı olmalıdır. Əlavə olaraq da rəqəmsal tədris resursları və rəqəmsal bacarıqlar yetərli olmalıdır.
Keyfiyyətli internet və texniki-texnoloji təminatla bağlı bizdə ciddi problemin olmasını hökumət də, Təhsil Nazirliyi də və elə hamı da bilir. Kəndlərin əksəriyyətində keyfiyyətli internetə əlçatanlıq yoxdur. Statistikaya görə əhalinin 50%-i kəndlərdə yaşayır. Ailələrin kompüterlrə təminatı da yetərli deyil.
Düşünürəm ki, məhz bu səbəbdən hökumət və Təhsil Nazirliyi təhsilin təşkilinin forması ilə bağlı çətinliklə üzləşiblər. Anlaşılandır".
Zamanında buraxdığımız səhvlər və imkanlar indi bizi ciddi problemlə üz-üzə qoyub
Nə etməli ?
Ekspert məsələ ilə bağlı bir sıra təkliflər də irəli sürüb:
1. "Keyfiyyətli internet hökumətin ciddi dəstəyi olmadan reallaşan məsələ deyil. Bunu təklikdə nə NRYTN , nə də Təhsil Nazirliyi öhdəsindən gələ bilməz. Statistikadan görmək olar ki ən azı 50 % məktəblərin yerləşdiyi ərazilərdə normal internet yoxdur.
Vaxtilə, 6-7 il öncə bu problemi həll etmək üçün , 0.5 milyard manat büdcəsi olan bir Dövlət Proqramı hazırlanmışdı. Neft Fondundan maliyyələşəçəydi. Bu proqram obyektiv-subyektiv səbəblərdən hökumət tərəfindən dəstəklənmədi və maliyyələşmədi. Amma problem də həll olunmadan qaldı və daha da dərinləşdi.
Düşünürəm ki, NRYTN təcili bu məsələyə yenidən qayıtmalı, Proqramı update etməli, bütün maraqlı tərəfləri, özəl provayderləri cəlb etməli, təkliflər toplanmalı , “Kəndlərə optika” dövlət proqramını hazırlamalı və dəstək üçün Prezidentə mürciət olunmalıdır. Hər bir rayon üzrə genişzolaqlı internet infrastrukturunun qurulması istiqamətində tədbirlər planı hazırlanmalı, özəl provayderlər bu işə cəlb olunmalıdır.
Fikrimcə indiki halda biz ancaq zaman itiririk, təhsilin təşkili məsələsi keyfiyyətli internet infrastrukturu qurulmadan mümkünsüzdür.
Ümumiyyətlə isə, dünyanın gedişatı da bir daha onu göstərir ki , biz təcili olaraq bu sahələrə investisiya ayırmalı və təkcə təhsilin deyil, bütün dövlət xidmətlərinin ölkə üzrə əldə olunmasını həll etmək üçün keyfiyyətli və dayanıqlı internet infrastrukturunu qurmalıyıq.
2. Hazırda məktəblərdə, universitetlərdə və digər təhsil müəssisələrində minlərlə normal vəziyyətdə olan kompüterlər və notbuklar var ki , Covid-19-la bağlı bunlar istifadəsiz qalıb . Düşünürəm ki, bu avadanlıqları müəllimlərə və şagirdlərə müvəqqəti olaraq vermək mümkündür. Vəziyyət normallaşanda kompüterlər geri alına bilərdi.
3. Təhsil Nazirliyi əlavə olaraq yeni kompüter və digər avadanlıqlar alınması üçün təcili hökumətdən kömək istəməli və bu məqsədlə beynəlxalq qurumlara, səfirliklərə da müraciət etmək faydalı olardı.
4. Təhsil Nazirliyi və NRYTN ölkənin İT şirkətləri və mobil operatorları ilə birgə görüş təşkil etməli , güzəştli şərtlərlə İT avadanlıqlar və mobil imetrnet paketləri əldə etmək üçün onlara müraciət olunmalıdır.
5. Fikrimcə təhsilin keyfiyyətli formada təşkili üçün indiki anda maraqlı tərəflərin iştirakı ilə hökumət səviyyəsində toplantının keçirilməsi da faydalı olardı".