Fontu böyüt:
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AzərTAc –a bildirmişlər ki, informasiya təhlükəsizliyi üzrə İsveçrə mütəxəssisləri klaviaturanın düymələri ilə elektromaqnit siqnallarını analiz edən qurğu hazırlamışlar. Həmin qurğunun vasitəsilə kompyuter istifadəçisinin nə yazdığını müəyyən etmək mümkündür.
Siqnalların hesablanması üçün radioantendən istifadə olunmuşdur. Noutbuk da daxil olmaqla, bu üsulla 11 müxtəlif klaviatura testdən keçirilmişdir. Tədqiqatçıların sözlərinə görə, aparılmış dörd təcrübədən biri baş tutmuşdur. Eksperiment nəticəsində 20 metr uzaqlıqda olanların kompyuterdə nə yazdıqlarını təyin etmək mümkün olmuşdur.
İnformasiya oğurluğunun yeni üsulunu Lozannada yerləşən İsveçrə Texniki İnstitutunun aspirantları fikirləşmişlər. Onlar öz hesabatlarında yeni texnologiyanın daha da təkmilləşdirilə biləcəyini söyləmişlər. Çünki təcrübədə nisbətən ucuz texnikadan istifadə olunmuşdur. Tədqiqatçılar belə nəticəyə gəlmişlər ki, vacib informasiyanı alışdığımız klaviatura ilə ötürmək artıq təhlükəlidir. İsveçrəlilərin işi Kembric Universiteti mütəxəssislərinin təcrübəsi əsasında həyata keçirilmişdir. Həmin təcrübə əvvəllər Kembric mütəxəssisləri tərəfindən aparılmışdır.
xeberler.az/Ellada