Fontu böyüt:
23-26 noyabr tarixlərində “Bakı Ekspo” sərgi mərkəzində informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan “BakuTel 2010” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək.
Sayca 16-cı olan və hər il bütün regionun telekommunikasiya sektorunun peşəkarlarını bir araya toplayan bu sərgi “Beynəlxalq İKT Həftəsi” şüarı altında keçirilir. Bir sıra tədbirləri əhatə edəcək bu sərgi “Iteca Caspian LLC” və “ITE Group PLC” şirkətləri tərəfindən təşkil olunacaq. “İteca Caspian LLC”dən verilən məlumata görə, sərgiyə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək göstərir. Sərgi həmçinin bu sahədə fəaliyyət göstərən Beynəlxalq Telekommunikasiya Birliyi (ITU), İnformasiya və Rabitə Texnologiyaları və İnkişaf üzrə Qlobal İttifaqı (GAID) və Rabitə sahəsində Regional Birlik (РСС) kimi beynəlxalq qurumlar tərəfindən də dəstəklənir.
Bu il ilk dəfə olaraq, “BakuTel” sərgisi yeni “Bakı Ekspo Mərkəzi” sərgi kompleksində təşkil olunacaq. “BakuTel” sərgisi Azərbaycan, İsrail, Çin, Malayziya, BƏƏ, Türkiyə, ABŞ və digər ölkələr daxil olmaqla, dünyanın 15 ölkəsindən 100-dən çox şirkəti bir araya gətirəcək. Yerli şirkətlərin ekspozisiyası sərginin ümumi ərazisinin təxminən 40 faizini tutacaq. Ənənəvi olaraq, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “BakuTel” çərçivəsində layihələr üzrə tərəfdaş şirkətlər ilə birgə “Xalq kompüteri”, “Elektron imza” və “Elektron sənəd” kimi dövlət layihələri üzrə həyata keçirilmiş işlərin nəticələrini təqdim edəcək. Sərgi ərazisinin 40 faizdən çoxu iri “İKT” şirkətləri tərəfindən tutulub və onların əksəriyyəti “BakuTel” sərgisinin daimi iştirakçıları sayılırlar. Onların arasında “Azedunet”, “Azel”, “Azercell Telecom”, “Azerfon-Vodafone”, “AzerTelekom”, “Aztelecom”, “Azqtel”, “B&B TV”, “Bakcell”, “Bakı Telefon Rabitəsi İstehsalat Birliyi” (BTRİB), “Bestcomp”, “Caspel”, “Caspian Navtel”, “Delta Telecom”, “Elsis”, “Gilat”, “Golden Pay”, “Hewlett Packard”, “Huawei Technologies”, “Idrak Technology Transfer”, “Intelsoft”, “Matrix”, “Measat Satellite”, “Microsoft”, “Nar Mobile”, “Nokia Siemens Netoworks”, “Oracle”, “Orbital Sciences Corporation”, “Penkiu Kontinentu Bankines Teknologijos”, “R.I.S.K.”, “Saybernet”, “SINAM”, “Sinerji”, “Softline”, “Teleradio”, “Ultra”, “ZTE” və başqaları var.
Dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin Azərbaycanda Ekologiya İli ilə əlaqədar, bu sərginin xüsusi mövzusu “İKT və qlobal iqlim dəyişikliyi” olacaqdır. 24 noyabr tarixində keçiriləcək İKT konfransı da bu mövzuya həsr olunacaq.
Sərgi çərçivəsində təşkilatçılar tərəfindən yeni İKT məhsulları, texnologiyalar və həll variantları nümayiş etdirən şirkətlərin iştirakı ilə “İnovasiyalar Ərazisi” proqramı keçiriləcək.
Bu il sərginin baş sponsoru “Huawei Technologies” şirkətidir. Sərginin daha bir sponsoru isə “Oracle” şirkəti olacaq. 2010-cu ilin payız sərgilərinin tərəfdaşları qismində “Azerfon-Vodafone”, “Paşa Sığorta”, “Caspel”, “Greenwich Travel Club”, “SIAR” şirkətləri və “Qafqaz Point” mehmanxanası çıxış edirlər.