Fontu böyüt:
«Azərenerji» ASC tərəfindən xidmət göstərilən enerji şəbəkələrində bu günədək 160 mindən artıq abonent smart-kartlı elektrik sayğacları ilə təchiz olunub. «APA-ECONOMICS»in bildirdiyinə görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.
«Hazırda smart-kartlı sayğacların quraşdırıldığı rayonlarda abonentlərlə heç bir problem yoxdur. Ödənişlər də yüksəkdir», - deyə E.Pirverdiyev vurğulayıb.
«Azərenerji» rəhbərinin sözlərinə görə, 5-6 il əvvəl Gəncə şəhəri ən problemli bölgələrdən olduğu halda, smart-kartlı sayğaclar qurulandan sonra yığım səviyyəsinə görə ilk yerlərdə dayanır.
E.Pirverdiyev hazırda ölkəyə 50 min yeni sayğacın gətirildiyini və bu prosesin digər rayonlarda, o cümlədən ötən həftə «Azərenerji» ASC-nin balansına daxil edilmiş Sumqayıt şəhəri üzrə aparılacağını qeyd edib.
«Azərenerji» prezidenti əhali qrupu və bir sıra dövlət qurumları üzrə yığımda problemlərin tədricən aradan qalxdığını vurğulayıb: «Hazırda yalnız «Azərsu» SC və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə müəyyən problemlər var. Bu problemlərin aradan qaldırılması istiqamətində iş aparılır».