Fontu böyüt:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin rəsmi internet informasiya ehtiyatında "Elektron xidmətlər portalı" (www.e-mlspp.gov.az) hazırlanaraq istifadəyə verilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, portalda qurumun “Elektron hökumət” portalı üzərindən göstərilən bütün e-xidmətləri ümumiləşdirilərək “Vətəndaşlar üçün xidmətlər”, “İşəgötürənlər üçün xidmətlər” və “Qeydiyyatsız xidmətlər” bölmələri üzrə əhatə olunub ki, bu da istifadəçilərin öz kateqoriyalarına və müraciətlərinin məzmununa, eləcə də autentifikasiya vasitəsinə malik olub-olmamalarına uyğun olaraq birbaşa hansı bölməyə müraciət etmələri üçün qısa vaxtda seçim etməyə imkan verir.
Bölmələrdəki e-xidmətlərə daxil olduqda “Elektron hökumət” portalına avtomatik keçid təmin olunur. “Vətəndaşlar üçün xidmətlər” və “İşəgötürənlər üçün xidmətlər” bölmələrində əksini tapan e-xidmətlərdən istifadə üçün müvafiq autentifikasiya vasitələri (elektron imza, asan imza və s.) tələb olunduğu halda, vətəndaşlara “Qeydiyyatsız xidmətlər” bölməsindəki e-xidmətlərdən (“İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru” və “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”) hər hansı autentifikasiya vasitəsi olmadan birbaşa istifadə etmək imkanları yaradılıb.
Portaldakı “Məktub” bölməsi isə vətəndaşlara heç bir
autentifikasiya vasitəsi olmadan birbaşa nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar nazirliyə onlayn
müraciət imkanı verir. Bu bölməyə daxil olan hər bir müraciət mövzusuna uyğun
olaraq dərhal aidiyyəti üzrə qurumun aparatının şöbələrinə, nazirlik yanında
xidmətlərə yönəldilir.
Bununla yanaşı, portalda rəy və təkliflər üçün “Fikrinizi bildirin”, nazirliyin e-xidmətlərlə bağlı məlumatları ilə tanış olmaq üçün “xəbərlər”, habelə nazirliyin rəsmi internet saytına və “Elektron Hökumət” portalına keçid etmək üçün müvafiq bölmələr fəaliyyət göstərir.
Mirvari Nəcəf