Fontu böyüt:
«PMR» Britaniya-ABŞ birgə analitik şirkətinin proqnozlarına əsasən, 2011-ci ildə MDB ölkələrində telekommunikasiya bazarının gəlirləri 2010-cu ilə nisbətən 2,7% artaraq 39 mlrd. avro təşkil edəcək.
«APA-ECONOMICS»in məlumatına görə, şirkətin hesablamalarına əsasən, 2010-cu ildə MDB məkanında telekommunikasiya bazarının 70%-ni Rusiya formalaşdırıb.
Ötən il regionla sözügedən bazarın gəliri 36,6 mlrd. avro təşkil edib ki, bunun da 25,5 mlrd. avrosu Rusiyanın payına düşüb. Ümumiyyətlə, 2010-cu ildə MDB məkanında telekommunikasiya bazarının həcmi əvvəlki ilə nisbətən 3,9% artıb. Bu il ərzində bazarın həcminin 2,7% artaraq 39 mlrd. avroya çatacağı və bunun da 27 mlrd. avrosunun Rusiyanın payına düşəcəyi proqnozlaşdırılır.
Analitiklərin sözlərinə görə, Rusiyadan sonra MDB ölkələrində telekommunikasiya bazarında aparıcı ölkələr sırasına Ukrayna, Qazaxıstan, Belarus, Özbəkistan və Azərbaycan daxildir.
Rusiyanın sözügedən bazarda hegemonluğuna baxmayaraq, adambaşına düşən investisiyaların həcminə görə region liderləri Qazaxıstan, Belarus və Moldova olub.
Qeyd edək ki, MDB ölkələrinin hamısında telekommunikasiya bazarının ən iri seqmenti mobil rabitə xidməti olub. Provayderlərin internet xidmətlərinin göstərilməsinə gəldikdə isə, bu sahə regionda hələ də inkişaf etməyib. Belə ki, sözügedən seqmentin ümumi telekommunikasiya bazarının gəlirində payı azdır.