Fontu böyüt:
Azərbaycan Mətbuat Şurasında Bakıda səfərdə olan Avropa Şurasının ekspertləri Manuel Lukbert və Devid Qoldberqlə görüş keçirilib. Görüşdən məqsəd Avropa Şurasının və Avropa Komissiyasının ifadə, məlumat və media azadlığı ilə bağlı ölkəmizdə reallaşdırdığı proqramlar ətrafında dəyərləndirmələr aparmaqdan ibarət olub.
MŞ sədrinin müavini Umud Rəhimoğlu çıxışında diqqəti Şuranın media-hakimiyyət, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsindəki roluna çəkib. Qurumun mövcud istiqamətdə bir sıra layihələr həyata keçirdiyini deyən U.Rəhimoğlu Şuranın iş prinsiplərinin daha əhatəli fəaliyyətə imkan verdiyini vurğulayıb. «Avropa Şurasının və Avropa Komissiyasının ölkəmizdəki proqramları mütərəqqiliyi ilə seçilir. Sadəcə, onların icrası istiqamətində daha geniş və sistemli iş aparmaq zərurəti duyulmaqdadır. Hesab edirəm ki, məsələ ilə əlaqədar Mətbuat Şurası zəngin təcrübəyə malikdir və bunun nəzərə alınması ümumi işə faydalı olardı. Eyni zamanda Azərbaycan mediası haqqında daha dolğun təsəvvürlər formalaşdırardı», - deyə o bildirib.
Avropalı ekspertlər çıxışlarında həyata keçirdikləri missiya barədə ətraflı məlumat veriblər. Onların sözlərinə görə, səfərləri Avropa Komissiyası ilə Avropa Şurasının Cənubi Qafqaz və Moldovada ifadə, məlumat və media azadlığı mövzusundakı birgə proqramının icrası ilə bağlı dəyərləndirmələr aparmaq məqsədindən irəli gəlir. Qonaqlar gələcəkdə bu ölkələrdə medianın inkişafı üçün görülməsi zəruri olan işlərə dair araşdırmalar apardıqlarını bildiriblər. Həmçinin mövzu ətrafında ölkəmizin hökumət, ictimaiyyət və KİV təmsilçiləri ilə fikir mübadilələrindən söhbət açıblar.
Görüşdə ölkəmizdə söz və mətbuat azadlığının durumu, mövcud çətinliklər və pozitiv cəhətlər ətrafında diskussiyalar da aparılıb.